Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-874/2021 27.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı1, onun vəkili və nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə 31.03.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin səyyar vergi yoxlaması üzrə qəbul edilmiş 26.02.2021-ci il tarixli, **********145021 nömrəli qərarının və onun hüquqi nəticələrinin ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğuldur və fəaliyyət göstərdiyi dövrdə qanunvericiliklə nəzərdə tutulan vergiləri, sosial ödəmələri vaxtlı vaxtında ödəmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi iddiaçı barəsində 26.02.2021-ci il tarixli, **********145021 nömrəli qərar qəbul edilmiş və həmin qərar əsasında iddiaçı vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir. Əsas kimi istinad edilmişdir ki, vergi ödəyicisində keçirilmiş səyyar vergi yoxlaması ilə əhatə olunan dövrdə gəlir vergisinin 2017-ci ildə 457376,28 manat, 2018-ci ildə 1052408,97 manat, 2019-cu ildə 409905,37 manat, ƏDV-nin 2020-ci ildə 593623,10 manat azaldılması müəyyən olunmuş, ümumilikdə isə vergi ödəyicisi tərəfindən büdcəyə çatası vergilərin 2513313,72 manat azaldılması müəyyən olunmuşdur. Vergi ödəyici tərəfindən gəlir vergisinin 1919690,62 manat, ƏDV-nin 593623,10 manat azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50%-i miqdarında, yəni 1256656,86 manat maliyyə sanksiyası, eyni zamanda “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 185190,95 manat və Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən isə 120 manat maliyyə sansiyasının tətbiq edilməsi təklif olunmuşdur. İddiaçı hesab edir ki, səyyar vergi yoxlamasına dair qəbul edilmiş qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, əldə etdiyi məhsulun xarab olan hissəsini ixrac edə bilməmişdir. İddiaçının vəkili X3 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirmişdir ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 27.07.2020-ci il tarixli **********138411 saylı qərarına əsasən fərdi sahibkar İddiaçı1 2017-ci ilin iyun ayından 2020-ci ilin may ayınadək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Aparılmış yoxlamanın nəticəsi 25.01.2021 -ci il tarixli **********138442 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi faktiki olaraq meyvətərəvəzin topdansatışı ilə məşğul olmuşdur. Əlavə vergi hesablamalarının mahiyyəti ilə bağlı qeyd olunmalıdır ki, səyyar vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə əlavə dəyər vergisinin 593623.10 manat, 2017-ci ilin mənfəət vergisinin 457376.28 manat, 2018-ci ilin gəlir vergisinin 1052408.97 manat, 2019-cu ilin gəlir vergisinin isə 409905.37 manat olmaqla ümumilikdə vergilərin 2513313,72 manat azaldılması müəyyən edildiyindən həmin məbləğdə əlavə vergi məbləğləri hesablanmış və Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən azaldılmış məbləğin 50%-i həcmində olmaqla 2513313.72*50%=1256656.86 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa, vergi hesabatını 3 halda Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə təqdim etməməyə görə 40*3=120 manat məbləğində, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinin tələbləri pozulmaqla vergi ödəyicisi olan fərdi sahibkarlardan malların nağd qaydada alınmasına görə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 185190.95 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən 2017-ci ilin iyun ayından 2020-ci ilin may ayınadək olan dövr ərzində təqdim olunmuş ƏDV bəyannamələri yoxlanan zaman 2017-ci il üzrə bəyannamələrdə kənarlaşma aşkar edilməmiş, 2018-ci il tarixdə satışdan gəlirlərin 257105.11 manat, 2020-ci ildə 3297906.13 manat az göstərildiyi, 2019-cu il üzrə isə 45929.99 manat artıq göstərildiyi və beləliklə də bütövlükdə yoxlanılan dövr üzrə gəlirlərinin 3509081.25 manat az göstərildiyi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 02.07.2019-cu il tarixdə 39780 manat dəyərində ixrac olunmuş çiyələk 12.07.2020-ci il tarixdə idxal edildiyi üçün həmin məbləğ dövriyyədən çıxarılmışdır. Nəticədə 2020-ci ili iyul ayı üçün vergi ödəyicisinin bəyan etdiyi 272331.50 manat dövriyyə 39780 manat azaldılaraq 232551.50 manat müəyyən edilmişdir. Vergi ödəyicisinin 2018-ci və 2019-cu illər üzrə alış aktları ilə aldığı məhsulların X4 ilə üzləşdirilməsi zamanı əldə olunmuş məhsulun müəyyən hissəsinin ixrac olunmadığı aşkar olunmuşdur. Belə ki, vergi ödəyicisi tərəfindən 2018-ci ildə alış aktı ilə alınmış 27175673 kq məhsulun 24952405 kiloqramı (o cümlədən ******* kq pomidorun ******* kiloqramı, ******* kq kartofun ******* kiloqramı, ******* kq soğanın ******* kiloqramı, ******* kq narın ******* kiloqramı, 298800 kq yem arpasının 224100 kiloqramı, 11006768 kq xurmanın 10932803 kiloqramı, 236660 kq göyərtinin 196210 kiloqramı, 237090 kq çuğundurun 202910 kiloqramı, 222626 kələmin 198876 kiloqramı, 119682 kq üzüm yarpağının 100382 kiloqramı, 910540 kq gilasın kiloqramı), 2019-cu il üzrə ******* kq kartof məhsulunun ******* kq-ı ixrac edilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2019-cu ilin sonunə təqdim edilmiş gəlir vergi bəyannaməsinin mal qalığı ilə əlaqəli əlavəsində mal qalığı 0 (sıfır) göstərilmişdir. Vergi ödəyicisinin vergi orqanının baza məlumatlarına əsasən qeydiyyatda olan heç bir obyekti (anbar, saxlanc yeri və s.) olmamışdır və bununla əlaqədar heç bir sənəd təqdim etməmişdir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Qeyd edilənləri nəzərə alaraq 2018-ci il üzrə qalan ******* kq və 2019-cu il üzrə qalan 19400 kq məhsul daxili topdan satış kimi qiymətləndirilmişdir. Vergi ödəyicisinə daxili bazarda satış kimi dəyərləndirirmiş məhsulların ekspert tərəfindən təqdim edilmiş qiymətlərinə əsasən 3297906,13 manat satış dövriyyəsi müəyyən olunmuşdur. Müəyyən edilmiş satış dövriyyəsindən 3297906,13*18%=593623,10 manat 2020-ci ilin may ayı üzrə ƏDV-nin azaldılması müəyyən edilmişdir. Yoxlanılan 2017, 2018 və 2019-cu illər üzrə gəlir vergisini birbaşa müəyyən etmək mümkün olmadığından gəlir vergisi Vergi Məcəlləsinin 67 və 89.3-cü maddələrinə əsasən Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli qərarında nəzərdə tutulan qaydada müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisinin meyvə-tərəvəzin alınmasını təsdiq edən xərc sənədləri kimi təqdim etdiyi alış aktları təhlil edilərkən müəyyən edilmişdir ki, malların alış aktları əsasında alındığı 11 fiziki şəxs vergi ödəyicisi kimi vergi orqanında uçotdadır. Malların alış aktı ilə alınması və dəyərinin nağd qaydada ödənilməsi isə yalnız vergi orqanında uçotda olmayan fiziki şəxslərdən özlərinin istehsal etdikləri kənd təsərrüfatı mallarının alınması zamanı xərclərin çəkilməsini təsdiq edən sənəd kimi tərtib ediləb bilər. Bundan başqa alış aktlarının alındığı “xxxx' MMC-yə 28.07.2020-ci il tarixli **********880300 nömrəli məktubla müraciət olunmuş, “xxxx” MMCnin 04.08.2020-ci il tarixli **********643500 nömrəli cavab məktubunda İddiaçı1 tərəfindən 10.04.2018-ci il tarixdə 002151-002200 nömrəli 50 ədəd, 12.10.2018-ci il tarixdə 002751- 003050 nömrəli 300 ədəd, 09.01,2019-cu il tarixdə 003251-003500 nömrəli 250 ədəd, 18.07.2019-cu il tarixdə 004051-004350 nömrəli 300 ədəd, 01.10.2019-cu il tarixdə 004501-004700 nömrəli 200 ədəd və 28.02.2020-ci il tarixdə 005851-006150 nömrəli 300 ədəd alış aktlarının əldə edildiyi bildirilmişdir. Lakin, yoxlamaya təqdim edilmiş alış aktları nəzərdən keçirilən zaman alış aktlarında göstərilmiş malların alış tarixinin həmin alış aktlarının “xxxx” MMC-dən çap edilərək əldə edildiyi tarixdən əvvəlki tarixə olduğu müəyyən edilmişdir ki, bu da öz növbəsində həmin alış aktlarının mallar alınan zaman deyil, sonradan süni şəkildə xərc sənədləri formalaşdırmaq məqsədilə hazırlandığını göstərir (məsələn “xxxx” MMC-dən 12.10.2018-ci il tarixdə əldə olunmuş 002751-003050 nömrəli alış aktları guya 01.01.2018-ci il tarixdən malların alınması barədə tərtib edilmişdir). Göstərilən səbəblərdən də vergi ödəyicisisinin gəlirlərini əlaqəli məlumatlara əsasən müəyyən etmək mümkün olsa da xərclərini müəyyən etmək mümkün olmadığından vergiyə cəlb edilən gəlirini birbaşa müəyyən etmək mümkün olmamışdır. Araşdırma nəticəsində meyvə və tərəvəzin satışı ilə məşğul Vergi Məcəlləsinin 67.2-ci maddəsinin tələbləri olan eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi və fəaliyyət göstərilən ərazi eyni olan analoji vergi ödəyicisi müəyyən edilməmişdir. Belə ki, araşdırma zamanı belə tələblə uyğunluq göstərən iki vergi ödəyicisi müəyyən olunmuşdur. Bununla belə, həmin vergi ödəyicilərinin fəaliyyəti İddiaçı1 fəaliyyəti ilə anolojilik təşkil etmədiyi müəyyən edilmişdir. Belə ki, müəyyən edilmiş ödəyicilərdən biri Bərdə rayonunda fəaliyyət göstərir. Lakin, həmin ödəyicinin satışında məhsul çeşidinin əksər hissəsi yalnız xurmadan ibarətdir ( 95% ). Həmçinin həmin ödəyicinin xurma üzrə ixracında rentabellik göstəricisi 2018-ci il üzrə 76% və 2019-cu il üzrə 94% civarındadır. Məhsul çeşidinin məhdudluğu, həmçinin rentabellik səviyyəsinin yüksək olması səbəbindən bu ödəyicinin anoloji ödəyici kimi nəzərə alınması Vegi Məcəlləsinin tələblərinə uyğun hesab edilməmişdir. Digər vergi ödəyicisi Yevlax rayonunda fəaliyyət göstərir. Fəaliyyət növləri anoloji olsa da fəaliyyət göstərilən məkan fərqi, o cümlədən məhsullar üzrə rentabellik səviyyəsində olan fərqlər (xurma üzrə rentabellik 60%) bu ödəyicinin anoloji ödəyici kimi nəzərə alınmasını mümkünsüz etmişdir. Qeyd edilənlləri nəzərə alaraq Vergi Məcəlləsinin 3.11, 36.2, 67.14, 67.1 və 83.9-cu maddələrinə müvafiq olaraq vergi ödəyicisinin gəlirlərinə (YGB-ixrac məlumatları) əsasən rentabellik 20% götürülməklə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı Qərarının 6.1.2-ci bəndinə əsasən) 2017-ci il üzrə gəlir=********.30/120*20%=2326381.38 manat, 2018-ci il üzrə gəlir=********.98/120*20%=5412044.83 manat və 2019-cu il üzrə gəlir= ********.37/120*20%=2149259.56 manat gəlir vergisi hesablanmışdır. Həmçinin vergi ödəyicisinin bəyan etdiyi gəlir vergisi məbləğləri nəzərə alınmaqla illər üzrə gəlir vergisinin məbləğləri 2017-ci il üzrə gəlir vergisi=********.38*20%-7900=457376,28 manat, 2018-ci il üzrə gəlir vergisi=5412044.83*20% 30000=1052408,97 manat və 2019-cu il üzrə gəlir vergisi=2149259.56*20%-19946.54=409905,37 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən hesab olunur ki, vergi orqanının 26.02.2021-ci il tarixli, **********145021 nömrəli qərarı ilə iddiaçı barədə hesablanmış əlavə vergi məbləğləri və tətbiq edilmiş maliyyə sanksiyaları qanunvericiliyin tələblərinə uyğun olmuşdur, bu səbəbdə də iddia tələbi tamamilə əsassızdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedəninin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 26.02.2021-ci il tarixli **********145021 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı1 əlavə hesablanmış vergilər üzrə 2513313,72 manat, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 1441967.82 manat olmaqla ümumilikdə 3955281,54 manat (üç milyon doqquz yüz əlli beş min iki yüz səksən bir manat, əlli dörd qəpik) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 27.07.2020-ci il tarixli **********138441 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərarına əsasən 01.06.2017-ci il tarixdən 01.05.2020ci il tarixədək olan dövr İddiaçı1 fəaliyyəti üzrə vergi yoxlaması təyin edilmiş və aparılmış səyyar vergi yoxlamasının nəticəsində 25.01.2021-ci il tarixli **********138442 nömrəli “səyyar vergi yoxlaması” aktı tərtib edilmiş, həmin akt əsasında 26.02.2021-ci il tarixli **********145021 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedəninin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə qeyd olunan qərarı, eləcə də onun hüquqi nəticələrini mübahisələndirmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vergi orqanının 27.07.2020ci il tarixli **********138441 nömrəli qərarı ilə iddiaçının fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Əvvəla qeyd edilməlidir ki, Azərbaycan Respublikası Vergi Məcəllənin 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. vergi ödəyicisində aparılan sonuncu vergi yoxlaması vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması və ya qəbul edilmiş qaydalara uyğun olaraq aparılmaması, qanuni ödənilməli olan vergilərin 25 və daha çox faizinin vergidən yayındırılması hallarını aşkar etdikdə; 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, bu Məcəllənin 157.2-ci maddəsinə müvafiq olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyicilərinin vergi hüquqpozmalarına yol verməsi barədə mənbəyi məlum olan məlumatlar olduqda; 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə. Vergi orqanı qeyd olunan qərarda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edərək növbədənkənar səyyar vergi yoxlamasını təyin edilməsini qeyd etsə də, konkret olaraq yoxlamanın keçirilməsinə səbəb olan hallar həmin qərarla əsaslandırılmamışdır. İddiaçının fəaliyyəti üzrə səyyar vergi yoxlaması 27.07.2020-ci il tarixdə başlamış, bundan sonra vergi orqanının 02.09.2020-ci il tarixli qərarı ilə yoxlama 02.09.2020-ci il tarixdən 08.10.2020-ci il tarixədək, 08.10.2020-ci il tarixli qərarı ilə 08.10.2020-ci il tarixdən 08.11.2020-ci il tarixədək müddətə müvəqqəti dayandırılmışdır. Daha sonra vergi orqanının 17.12.2020-ci il tarixli qərarı ilə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi qərara alınmış və və 15.01.2020-ci il tarixdə yoxlama başa çatdırılmışdır. Deməli qeyd olunan 27.07.2020-ci il tarixdən 02.09.2020-ci il tarixədək 34 gün, 08.11.2020-ci il tarixdən 25.01.2020-ci il tarixədək 77 gün olmaqla ümumilikdə 111 gün ərzində yoxlama aparılmışdır, halbuki qanunvericiliklə yoxlama aparılmasının maksimal müddəti 90 gün müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəllənin 38.2-ci maddəsinin 2-ci hissəsinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələblər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Qanunun:- -3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. -3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən əldə edilmiş çıxarışla müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən 27.07.2020-ci il tarixdə imzalanmış sənədə əsasən İddiaçı1 fəaliyyəti üzrə aparılmış vergi yoxlaması üzrə müvafiq qərarlar əsasında yoxlamanın dayandırılması müddətləri qeyd olunsa da, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə 17.12.2020-ci il tarixli qərar vahid məlumat reyestrində qeyd edilməmişdir. Deməli vergi orqanı vahid məlumat reyestrində yoxlama ilə bağlı məlumatları tam formada yerləşdirməmişdir. Qeyd olunan hal öz-özlüyündə yoxlamanın qanunsuz aparıldığını və hüquqi nəticəsinin olmadığını deməyə əsas verir. Bundan başqa, səyyar vergi yoxlamasının nəticələrinə dair Aktda vergi ödəyicisinin aldığı məhsulların bir hissəsini ixrac etmədiyi və 2018-ci il üzrə ******* kq, 2019-cu il üzrə 19400 kq məhsulun daxili topdansatış həyata keçirdiyi, satılmış məhsulların elspert tərəfindən müəyyən edilmiş qiymətlərinə əsasən 3297906.13 manat satış dövriyyəsi olması, həmçinin müəyyən edilmiş satış dövriyyəsindən 593623,10 manat ƏDV-nin azaldıldığının müəyyən edildiyi qeyd edilmişdir. Bu əsasla da vergi ödəyicisi 296811.55 manat maliyyə sansiyasına da məruz qalmışdır. Lakin vergi orqanı gəldiyi nəticəni qeyd edilən həcmdə məhsulun daxildə satılmasını, xüsusilə də topdansatış qaydasında satılmasına dair hər hansı sübutla əsaslandırmamışdır. Qeyd edilməlidir ki, vergi qanunvericiliyi ilə pərakəndə satış və topdansatış ticarət fəaliyyətinin anlayışı verilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -13.2.62-ci maddəsinə görə pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. -13.2.63-cü maddəsinə görə topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesabfaktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Beləliklə, pərakəndə ticarət subyektləri satışı qəbz və ya nəzarət-kassa aparatı ilə aparır, eyni zamanda "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" qaydasında əlavə olaraq POS-terminalların da istifadəsi nəzərdə tutulur. Müştəri tərəfindən xüsusi tələb olduqda isə pərakəndə ticarət subyekti elektron qaimə-faktura və vergi hesab-fakturası təqdim edə bilir. Alıcının məhsulun son istehlakçısı hesab olunduğu nəzərə alınmaqla pərakəndə ticarət subyekti malı həm əhaliyə, həm də vergidə uçotda olan fiziki və hüquqi şəxslərə sata bilir. Topdansatış ticarət fəaliyyəti ilə məşğul olanlar isə malları ancaq alıcının sahibkarlıq fəaliyyəti üçün satırlar və bu zaman elektron qaimə-faktura və ya vergi hesab-fakturası təqdim edirlər. Qeyd edilməlidir ki, mövcud vergi qanunvericiliyi ilə topdansatış və pərakəndə satış ticarət fəaliyyətinin vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydasında fərqlər müəyyən edilsə də, həmin ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi, başqa sözlə hədd meyarı müəyyən edilməmişdir. Belə olan halda vergi orqanı tərəfindən iddiaçının ixrac etmədiyi məhsulların daxili bazarda satması və bu satışın topdansatış kimi qiymətləndirməsi arqumenti əsassız sayılmalıdır. Həmçinin səyyar vergi yoxlamasının nəticələrinə dair Aktın 11-ci və 12-ci vərəqlərində qeyd edilmişdir ki, vergi ödəyicisinin əldə etdiyi məhsullarla bağlı əlaqəli məlumatlar əldə etmək mümkün olmadığından Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiq edilməsi imkanı olmamış, yəni analoji fəaliyyət növü ilə məşğul olan vergi ödəyicisini müəyyən etmək mümkün olmamış, nəticədə gəlir vergisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli qərarına uyğun hesablanmışdır. Qeyd edilməlidir ki, vergi ödəyicisinin fəaliyyət göstərdiyi ərazidə (Bərdə rayonu) iddiaçının alqı-satqı etdiyi məhsulların (pomidor, kartof, soğan, nar, göyərti, yem arpası, çuğundur, kələm, üzüm yarpağı) alqı-satqısı ilə məşğul olan başqa bir vergi ödəyicisinin olmaması, yalnız hansısa vergi ödəyicisinin yalnız xurma satışı ilə məşğul olması ilə bağlı Aktda qeyd edilmiş dəlillər absurd və həqiqətə uyğun olmayan məlumat kimi qəbul edilməlidir. Belə ki, respublikanın istənilən yerində qeyd olunan məhsulların alqı-satqısını həyata keçirən kifayət qədər vergi ödəyiciləri mövcuddur və bu sübuta ehtiyacı olmayan faktdır. Belə olduğu təqdirdə vergi orqanının həmin məhsulların satış dəyərinin əsaslandırılmamış ekspert rəyinə əsasən müəyyən edilməsi qəbul edilməzdir. Digər tərəfdən təqdim edilmiş MBA LTD Konsaltinq və Qiymətləndirmə şirkətinin rəyindən (rəyin 4-cü bəndi və əlavə edilmiş fotoşəkillər) görünür ki, adıçəkilən məhsulların qiymətləri internet səhifələrindən və Dövlət Statistika Komitəsinin rəsmi saytından əldə edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, “Tənzimlənən qiymətlər haqqında” 30 may 2003-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, qanunverici bazar qiyməti dedikdə, ekspert rəyi ilə müəyyən olunan qiyməti deyil, tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunan qiyməti nəzərdə tutur və bazar münasibətləri iştirakçıları yalnız qiymətləri dövlət tərəfindən tənzimlənən malları müəyyən olunan qiymət əsasında realizə edə bilərlər. Qalan hallarda onlar satış qiymətini müəyyən etməkdə sərbəstdirlər. Real bazar qiyməti alıcının təklif etdiyi və satıcıya sərf edən qiymətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2-ci maddəsinə görə, bu maddədə başqa hal nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri birbaşa ekspertiza təyin edilərək ekspert cəlb edilməsini nəzərdə tutmur. Vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi halda, bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli qərarında qeyd edilir ki, Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin edilməklə müəyyən olunmalıdır. Vergi orqanının yuxarıda qeyd olunanlara əməl etməməsi onunla sübut olunur ki, vergi orqanı tərəfindən yoxlama başlanılan tarixdən ekspertizanın təyin edilməsinədək Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə malların bazar dəyərinin müəyyən edilməsi istiqamətində əsaslı tədbir görülməmiş, yalnız analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin olmaması ilə bağlı əsassız qənaətə gəlinmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.6.3-cü maddəsinin tələbinə əsasən, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, digər qiymətləndirmə üsullarından istifadə edilməsi nəzərdə tutulur. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə verilmiş ekspert rəyində ekspert oferta kimi təqdim edilən məlumatlar əsasında rəy verib, vergi orqanı isə həmin rəyi mötəbər sübut kimi qiymətləndirərək iddiaçıya vergi hesablamışdır. Həmçinin rəyin verilməsinə əsas olmuş məlumatlar internet səhifəsində yerləşdirilmiş məlumatlardan istifadə edilməklə verilmiş və tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapması üzrə müqayisə edilməmişdir. Vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. Hər bir halda ekspertin istinad etdiyi məlumatların həqiqətə nə qədər uyğun olub-olmaması araşdırılmadığından, MBA LTD Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən verilmiş ekspert rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində həmin maddədə qeyd olunan qərarlardan birini çıxarır. -49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən 26.02.2021-ci il tarixli **********145021 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedəninin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 26.02.2021-ci il tarixli **********145021 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedəninin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 26.02.2021-ci il tarixli **********145021 nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-874/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-874/2021
27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver