Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-875/2023 07.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin 25 sentyabr 1992-ci il tarixli 58-9/510 nömrəli məktubuna əsasən, Xanlar (Göygöl) rayonunun kolxoz və sovxozlarında fəhlə və qulluqçulara həyətyanı torpaq sahəsi verilməsi ilə bağlı Xanlar rayon X8 Rəyasət Heyətinin 28 sentyabr 1992-ci il tarixli Qərarına əsasən, Xanlar (Göygöl) rayonun N.Nərimanov adına sovxozunun 05 yanvar 1993-cü il tarixli 02 saylı əmri ilə ona fərdi evini tikdirmək üçün verilmiş 0.12 ha torpağın onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin 25 sentyabr 1992-ci il tarixli 58-9/510 nömrəli məktubuna əsasən Xanlar rayonunun kolxoz və sovxozlarında fəhlə və qulluqçulara həyətyanı torpaq sahəsi verilməsi ilə bağlı Xanlar rayon X8 Rəyasət Heyətinin 28 sentyabr 1992-ci il tarixli qərarı və həmin tarixli 09 saylı protokoluna əsasən 742 nəfər həmin sahədə çalışan fəhlə və qulluqçulara fərdi yaşayış evi tikdirmək üçün torpaq sahəsi ayrılmışdır. Xanlar rayon X8 Rəyasət Heyətinin 28 sentyabr 1992-ci il tarixli Qərarına əsasən Xanlar rayonunun Nadel kəndi ərazisindəki N.Nərimanov adına qoyunçuluq sovxozunun torpaq sahəsindən iddiaçıya da 0.12 ha torpaq sahəsi ayrılıb verilmişdir. Həmin torpaq sahəsi ona verildikdən sonra həmin torpaq sahəsində heç bir tikinti işləri aparmamışdır. DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş həmin torpaq sahəsinin koordinatları vurulmuş və ona həmin torpağa dair 05 sentyabr 2022-ci il tarixli koordinat arayışı da verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı işə əlavə edilmiş şəhadətnamə ilə müəyyən edilmiş sahədən əlavə X5 qərarı ilə verilmiş sahəni tələb edir və həmin sahələr fərqli yerlərdə yerləşir. Ehtimal olunur ki, iddiaçıya X5 qərarı ilə verilmiş 0,12 ha sahəyə sonradan Aqrar İslahat komissiyasının qərarı ilə şəhadətnamə verilmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, aparılan araşdırma zamanı, Göygöl rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən adınıza "Torpağın mülkiyyətə verilməsinə dair" JN-691F saylı şəhadətnamə hazırlandığı müəyyən edilmişdir. Həmçinin, ərizəyə əlavə edilmiş xx.xx.2011-ci il tarixli, 183 saylı Göygöl rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışında qeyd olunan 0.12 ha torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınaraq "Torpağın mülkiyyətə verilməsinə dair" JN-691F saylı şəhadətnamə verildiyi üçün həmin arxiv arayışı əsasında yenidən qeydiyyat aparılması mümkün olmamışdır. Bu səbəbdən müraciətin icrası tərəfimizdən mümkün olmamış və vətəndaşa xx.xx.2022-ci il tarixli, **********48 nömrəli cavab məktubu ünvanlanmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Göygöl rayon Dövlət Arxivinin xx.xx.2011-ci il tarixli, 183 nömrəli arxiv çıxarışından görünür ki, Xanlar rayon X8 Rəyasət Heyətinin 28 sentyabr 1992-ci il tarixli 09 saylı protokolu ilə Azərbaycan Respublikası kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin 25 sentyabr 1992-ci il tarixli 58-9/ 510 № -li məktubuna əsasən rayonun adları göstərilən kolxoz və sovxozlarında həyətyanı torpaq sahəsinə ehtiyacı olan fəhlə və qulluqçulara 742 nəfərə 69.44 hektar örüş və dinc torpaq sahəsindən ayrılıb fəhlə və qulluqçulara fərdi yaşayış evi tikmək üçün verilməsi qərara alınmışdır. -işə əlavə edilmiş Göygöl rayon Dövlət Arxivinin xx.xx.2011-ci il tarixli, 183 nömrəli arxiv arayışından görünür ki, Xanlar rayon X8 Rəyasət Heyətinin 28 sentyabr 1992-ci il tarixli qərarına əsasən N.Nərimanov adına sovxozun xx.xx.1993-cü il tarixli 02 saylı əmri ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. -surəti işə əlavə edilmiş JN-691F Kod 50806018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 17 saylı qərarına əsasən 0.12 ha torpaq sahəsi İddiaçı və X2 mülkiyyətinə verilmişdir. -surəti işə əlavə edilmiş Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilməsinə dair Koordinat arayışından görünür ki, İddiaçı iddia etdiyi 0.12. ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatı DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin mühəndisləri tərəfindən müəyyən edilmişdir. -işə əlavə edilmiş Göygöl rayon Dövlət Arxivinin xx.xx.2011-ci il tarixli, 183 nömrəli arxiv arayışından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********48 nömrəli bildirişindən görünür ki, İddiaçı müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-8469/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı faktiki istifadəsində olan 0.13 ha torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı məqsədlər üçün nəzərdə tutulan torpaq sahəsidir və üzərində heç bir tikili mövcud deyildir. İddiaçı faktiki istifadəsində olan 0.13 ha torpaq sahəsinin, elektron baza materiallarına istinadən, daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən qeydə alınmış, hər hansı üçüncü şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən Çıxarış sənədi ilə üst-üstə düşmə halı aşkarlanmamışdır. Rəy hazırlanarkən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinad olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Xanlar rayon X8 Rəyasət Heyətinin 28 sentyabr 1992-ci il tarixli Qərarına əsasən, Xanlar (Göygöl) rayonun N.Nərimanov adına sovxozunun 05 yanvar 1993-cü il tarixli 02 saylı əmri ilə iddiaçıya fərdi yaşayış evi tikdirmək üçün 0.12 ha torpaq sahəsi verilmişdir. İddiaçı ona verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasına səbəb isə Xanlar rayon X8 Rəyasət Heyətinin 28 sentyabr 1992-ci il tarixli qərarına əsasən iddiaçıya verilmiş torpaq sahəsinə dair ona "Torpağın mülkiyyətə verilməsinə dair" JN-691F saylı şəhadətnamə verildiyi üçün həmin arxiv arayışı əsasında yenidən qeydiyyatının aparılmasının mümkün olmaması olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. İş materialları ilə müəyyən olunur ki, cavabdeh orqan Xanlar rayon X8 Rəyasət Heyətinin 28 sentyabr 1992-ci il tarixli qərarına əsasən verilmiş torpaq sahəsi ilə Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 17 saylı qərarına əsasən iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin eyni olduğunu iddia etsə də, məhkəmə araşdırması zamanı əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının faktiki istifadəsində olan 0.13 ha torpaq sahəsinin, elektron baza materiallarına istinadən, daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən qeydə alınmış, hər hansı üçüncü şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən Çıxarış sənədi ilə üst-üstə düşmə halı aşkarlanmamışdır. Göründüyü kimi, inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, Xanlar rayon X8 Rəyasət Heyətinin 28 sentyabr 1992-ci il tarixli qərarına əsasən İddiaçı verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Xanlar rayon X8 Rəyasət Heyətinin 28 sentyabr 1992-ci il tarixli qərarına əsasən İddiaçı verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-875/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-875/2023
07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver