Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-878/2022 16.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3, Üçüncü şəxs Gəncə şəhəri Mənzil Kommunal X1 etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə şəhəri Mənzil Kommunal X4) qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə şəhəri Mənzil Kommunal X4) qarşı onun qanuni istifadəsində olan ünvan 1 ünvanda yerləşən mənzilinin onun adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 mənzil Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli sərəncamı ilə müvəqqəti olaraq ona verilmiş və o, həmin mənzilə pasport qeydiyyatına götürülmüşdür. Başçının xx.xx.2011-ci il tarixli, 361 nömrəli sərəncamı ilə həmin mənzil daimi olaraq onun istifadəsinə verilmişdir. Mənzil 10.4 kv.m yaşayış sahəsi olan bir otaqdan ibarətdir. Mənzildə ondan başqa qeydiyyatda olan şəxs yoxdur. O, yaşadığı mənzilin özəlləşdirilməsi üçün cavabdeh orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə rəsmi olaraq müraciət etmişdir. Cavabdeh təşkilat həmin mənzili özəlləşdirməkdən imtina etmişdir. Cavabdeh orqan imtinada göstərmişdir ki, adı çəkilən sərəncam mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmur. İstifadə etdiyi mənzilə görə order verilməmişdir. Lakin orderi əvəz edən MKTİB-in 2 nömrəli formanı təqdim etmişdir. Cavabdeh təşkilat onun qanuni istifadəsində olan mənzilini özəlləşdirməkdən imtina etməklə hüquqlarını pozmuşdur. İş üzrə şifahi məhkəmə baxışı iclası 16 iyun 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, araşdırma zamanı İddiaçı müraciətinə əlavə edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 361 nömrəli sərəncamı mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmur. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. Eyni zamanda iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 361 nömrəli sərəncamı ilə müvəqqəti olaraq iddiaçının yalnız istifaəsinə verilmiş və həmin sərəncam əsasında o yaşayış yeri üzrə pasport qeydiyyatına düşmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş sərəncam daşınmaz əmlak üzərində istifadə hüququnun qeydə alınması üçün əsas ola bilər. Göründüyü kimi, iddiaçının hazırda mənzilin özəlləşdirilməsi üçün heç bir qanuni əsas yoxdur. Hesab edirlər ki, iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Üçüncü şəxs Gəncə şəhəri Mənzil Kommunal X1 etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirmişdir ki, ünvan 2 mənzil MKTİB-in balansına aiddir. Həmin 84 nömrəli evin İddiaçı adına özəlləşdirilməsinə Birliyin rəhbərliyi etiraz etmir. Odur ki, qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilən: -Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 16 sentyabr 1992-ci il tarixli, 2426 nömrəli sərəncamının təsdiqlənmiş surətindən görünür ki, ünvan 2 mənzilin müvəqqəti olaraq vətəndaş İddiaçı verilməsi və pasport qeydiyyatına alınması barədə sərəncam verilmişdir. -Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 12 dekabr 2011-ci il tarixli, 361 nömrəli sərəncamının surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi 10.4 kv.m olan bir otaqdan ibarət mənzil daimi olaraq İddiaçı istifadəsinə verilmişdir. -07 dekabr 2021-ci il tarixli, 028 nömrəli yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, kirayə verən - Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X4 ünvan 2 mənzili haqqı ödənilməklə, yaşamaq üçün kiraçəyi - İddiaçı sahibliyinə verməyi öhdəsinə götürmüşdür. -İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Evlər üçlüyünün 03 yanvar 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 2 mənzildə qeydiyyatda olmaqla yaşayır. -Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X4 2 nömrəli Xidmət Sahəsinin 28 yanvar 2022-ci il tarixli, 26 nömrəli forma-2 arayışından görünür ki, İddiaçı ünvan 2 mənzildə yaşayır. Yaşadığı mənzil 1 otaqdan ibarətdir və yaşayış sahəsi 10,4 kv.m-dir. Göstərilən mənzil 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir və dövlət mənzil fonduna məxsusdur. -11 fevral 2022-ci il tarixli, **********321 (dövlət) nömrəli şəxsi hesabdan çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, 20 Yanvar küçəsi, 84 ünvanında yerləşən 10,4 kv.m -dən ibarət 1 otaqlı mənzil İddiaçı sahibliyindədir. - Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 05 fevral 2022-ci il tarixli, 10- 117 nömrəli məktubundan görünür ki, ünvan 2 ev MKTİB-in balansındadır. Həmin 84 nömrəli evin İddiaçı adına özəlləşdirilməsinə Birliyin rəhbərliyi etiraz etmir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi). İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, iddiaçı məsələnin həll olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş və imtina cavabı aldıqdan sonra məhkəmədə hazırkı iddianı qaldırmışdır. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iş materiallarında olan sübutları tədqiq edib hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 16 sentyabr 1992-ci il tarixli, 2426 nömrəli sərəncamı ilə ünvan 2 mənzil müvəqqəti olaraq vətəndaş İddiaçı verilmiş və iddiaçı həmin sərəncam əsasında pasport qeydiyyatına alınmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 12 dekabr 2011-ci il tarixli, 361 nömrəli sərəncamı ilə həmin mənzil daimi olaraq İddiaçı istifadəsinə verilmişdir. Bundan sonra Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X4 ilə İddiaçı arasında 07 dekabr 2021-ci il tarixli, 028 nömrəli yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmış və mübahisəli mənzil İddiaçı sahibliyinə verilmişdir. İddiaçı yuxarıda qeyd olunan mənzilin adına özəlləşdirilməsi üçün cavabdeh inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, sonuncu isə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 12 dekabr 2011-ci il tarixli, 361 nömrəli sərəncamının mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmadığını əsas gətirərək, müraciətdən imtina etmişdir. Məhkəmə aşağıda qeyd edilən qanunvericilik normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, inzibati orqanın imtinası qanuni olmamışdır. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun:
1. maddəsinin tələblərinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.
5. maddəsinin tələblərinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
8. maddəsinin tələblərinə əsasən yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil istismar təşkilatı on gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (Forma-2) verməlidir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.
9. maddəsinin birinci hissəsinin tələblərinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Bu konstitusion məqsədlərə nail olmaq üçün qanunverici mülkiyyət münasibətlərinin transformasiyasının hüquqi əsaslarını müəyyən etmişdir. Mənzil münasibətləri sahəsində belə hüquqi əsaslar “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunda nəzərdə tutulmuşdur. Qeyd olunduğu kimi, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Göründüyü kimi Plenum qərarında qeyd edilən hüquqi mövqeyə əsasən həmin evdə yaşamaq huququ olan şəxslərin mənzilə dair hüquqları müdafiə olunmaqla mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılmaması şərtilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 8.0.11. maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulan əsaslardır. Hazırkı iş üzrə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 16 sentyabr 1992-ci il tarixli, 2426 nömrəli və 12 dekabr 2011-ci il tarixli, 361 nömrəli sərəncamları ilə həmin mənzil daimi olaraq İddiaçı istifadəsinə verilmişdir. Bundan sonra Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X4 ilə İddiaçı arasında 07 dekabr 2021-ci il tarixli, 028 nömrəli yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmış və mübahisəli mənzil İddiaçı sahibliyinə verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin ünvan 1 mənzilin İddiaçı adına özəlləşdirilməsindən imtina edilməsi ilə bağlı hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 2 mənzilin İddiaçınun adına özəlləşdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir.
Sədrlik edən: Emin Axundov