Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-879/2021 02.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi İsgəndərova Aygül Vulqar qızı, İddiaçı cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində keçirdiyi mənəvi iztiraba görə 10.000 manat mənəvi zərərin ödənilməsinə və qanun pozuntusuna yol vermiş cavabdeh barəsində xüsusi qərar çıxarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə ailəsi ilə birlikdə müvafiq karantin qaydalarına uyğun olaraq Gəncə şəhəri, Kolxoz bazarı istiqaməti ilə avtomobilində hərəkət edərkən ağ rəngli «Tukson» markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən DYPnin əməkdaşı, adını sonradan Gəncə şəhər Nizami rayon Polis İdarəsində bildiyi Mürşid Abıyev onun avtomobilini əsassız olaraq saxlamış və özünü təqdim etməyərək ona qayda pozduğunu bildirmişdir. O, polis əməkdaşına heç bir qaydanı pozmadığını bildirmişdir. Bu an DYP-nin əməkdaşının ona qarşı ailəsinin yanında nalayiq ifadələr işlətməsi ilə bağlı etirazını bildirdikdə polis əməkdaşı nalayiq ifadələrini ailəsinin yanında davam edərək ona demədiyini söyləmişdir. Həmin anda polis əməkdaşı onu təhdid etmişdir. Onlara qarşı heç bir tabesizlik etməmiş və avtomobilini aparacaqlarını dedikdə evakuator gətirilərək avtomobilin aparılmasına heç bir etiraz etməmişdir. Lakin DYP-nin əməkdaşı Mürşid Abıyev onun hüquqlarını izah etməsi ilə bağlı ona etirazını bildirərkən guya ona tabesizlik etməyi ilə bağlı Gəncə şəhər Nizami rayon Polis şöbəsindən əməkdaşları dəvət etmiş və o da buna heç bir etiraz etməmişdir. Həmin vaxtı onun avtomobilində olan həyat yoldaşı və körpə uşağı təlaş içərisində olmuşlar. O, DYP-nin Mürşid Abıyev adlı əməkdaşına və Gəncə şəhər Nizami rayon Polis şöbəsinin əməkdaşlarına ailəsini taksi ilə evə aparmağını və avtomobili isə aparmalarını bildirmiş və Gəncə şəhər Nizami rayon Polis şöbəsinə gəlmişdir. Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gətirildikdən sonra DYP-nin əməkdaşlarına tabesizlik etmədiyi və Mürşüd Abıyevin nalayiq ifadələr etməsini bildirsə də, ona heç bir videogörüntü və səs yazıları təqdim edilməmişdir. Onun avtomobilində olan ailə üzvləri də 8103 nömrəsinə SMS etməklə qeydiyyatdan keçmişdilər. Ümumiyyətlə, onun və ailə üzvlərinin qeydiyyatdan keçib-keçməmələri yoxlanılmamışdır. Onun avtomobilində artıq şəxsin olması və karantin qaydalarının pozulması işdə olan heç bir sübutla təsdiq edilmir və bu əməli o etməmişdir. Polis Şöbəsində yazılan yazılar isə onu aldadılmaqla tərtib edilmişdir. DYP-nin əməkdaşından şikayətçi olduğundan həmin şöbədə ona demişlər ki, “barışdız, sən ondan şikayətçi olma, Mürşüd isə etdikləri hərəkətinə görə səndən üzr istəyəcəkdir”. Ona isə izahatlara qol çəkdirmişlər. Onun özünün, ailə üzvlərinin narahatçılığı, qanunsuz olaraq polisdə iki gün saxlanmağı, bununla azadlığının məhdudlaşdırılması və sahibliyində olan avtomobilin üzərində olan hüquqlarının, o cümlədən mülkiyyət hüququnun kobud şəkildə pozulması nəticəsində bu hüquqlarının kompensasiya edilməsi zəruridir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(044)-185/2020 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 221-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Həmin qərarda qeyd edilir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2020-ci il tarixli, 3(104)-155/2020-ci il tarixli qərarı ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(044)-185/2020 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında material yenidən baxılması üçün Gəncə şəhər Nizami Rayon Məhkəməsinə qaytarılmışdır. İşin sənədlərindən və iddiaçının iddia ərizəsinin məzmunundan müəyyən edilir ki, İddiaçı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış, həmin icraatın nəticəsi olaraq iddiaçı inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati tənbeh tətbiq edilmişdir. Lakin müəyyən prosessual hərəkətlər olunduqdan sonra, inzibati xəta haqqında protokol əsasında açılmış inzibati xəta haqqında işə məhkəmə tərəfindən xitam verilmişdir. İddiaçı hazırda hüquqlarının pozulduğuna əsaslanaraq, Gəncə şəhəri X2 İdarəsindən 10000 (on min) manat mənəvi ziyan tutularaq ödənilməsini, orqanın hərəkətlərinin qanunsuz hesab edilməsini və qanun pozuntusuna yol vermiş cavabdeh barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, hazırki işin mübahisələndirilən halları cavabdeh tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolun və onun əsasında açılmış inzibat xəta haqqında işin əsasında aparılmış hərərkətlər və dəymiş mənəvi ziyanın tutulması ilə bağlıdır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 saylı Qərarının 5.1-ci maddələrinə əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri, inzibati orqanlar təsnifatına aid edilmişdir. İşin hallarından və iddia ərizəsinin məzmunundan aydın olunur ki, iddiaçının hazırki iddia ərizəsində cavabdeh qismində göstərilən orqan, yəni Gəncə şəhəri X2 İdarəsi təsnifat baxımından inzibati orqan hesab edilsə də, həmin cavabdehin inzibati orqan olması, iddianın mahiyyəti baxımından baxılmasının məhz inzibati məhkəmənin səlahiyyətində olması kimi qiymətləndirilməməlidir. Belə ki, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsipləri və qaydaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların dəqiq siyahısı müəyyən edilmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, inzibati xətalar ilə əlaqədar münasibətlər repressiv xarakterli olduğundan “İnzibati icraat haqqında” Qanunla tənzimlənən münasibətlərdən fərqlidir. “İnzibati icraat haqqında” Qanunun 3.2.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. “Məhkəmələr və hakimlər haqqında” Qanuna görə inzibati xətalara dair işlərə birinci instansiya qismində baxmaq səlahiyyəti rayon (şəhər) məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 36.7-ci maddəsinə əsasən qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. Göründüyü kimi inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi inzibati məhkəmə icraatı qaydasında deyil, inzibati xətalara dair işlər üzrə icraatda həyata keçirilir və bu münasibətlər ümumi (publik) normalarla deyil, xüsusi normalarla tənzimlənir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində təsbit edilmişdir ki, işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Bundan başqa, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin, ictimai və dövlət mənafelərinin pozulması hallarının vaxtında aşkar edilməsi, qarşısının alınması və aradan qaldırılması məqsədilə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında qanunvericiliyin eyni cür və dürüst icrası dövlət tərəfindən qanunla nəzərdə tutulmuş qaydada təmin edilir. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 3-cü abzasında göstərilənlərə əsasən, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyi haqqında Əsasnamənin 4.1.2-ci maddəsinə əsasən, Daxili İşlər Nazirliyi əməliyyat-axtarış, təhqiqat, ibtidai istintaq və kriminalistik tədqiqat fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hüquqları həyata keçirir. Sadalanan normalardan da göründüyü kimi inzibati xəta haqqında işə xitam verildikdə, fiziki şəxsin təhqiqat orqanı tərəfindən vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ yaranır. Həmin növ mübahisələrə baxılması isə mülki qanunvericiliyin tələbləri əsasında həyata keçirilir. Belə olan halda məhkəmə hesab edir ki, Gəncə şəhər Baş Polis İdarəsinin X1 İdarəsi təhqiqat orqan kimi qəbul edildiyindən və hazırki iddianın əsasında duran inzibati xəta haqqında işə xitam verildiyindən, iddiaçıya vurulmuş zərərin dövlət tərəfindən ödənilməsinə baxılması müvafiq olaraq qanunvericiliyin tələbləri baxımından ümumi məhkəmənin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli 4 №-li Qərarının 15.3-cü bəndində, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 №-li qərarın 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında hazırki məhkəmə tərəfindən baxılmalı olmadığından iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyəcək lüzümsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. - 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən q ə r a r a a l d ı: İddiaçı cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-879/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-879/2021
02.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver