Məhkəmə qərarları › İş №2-1(114)-879/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-879/2024

16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-879/2024 16.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı tikintiyə icazəyə dair layihə sənədinin razılaşdırılması ilə əlaqədar inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, N.Nərimanov prospekti 29 ünvanda xüsusi mülkiyyət hüququ əsasında ona məxsus 0,7336 ha torpaq sahəsinə dair tikintiyə icazəyə dair layihə sənədinin razılaşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xüsusi mülkiyyətində Gəncə şəhəri, N.Nərimanov prospekti 29 ünvanında 0,7336 ha torpaq sahəsi vardır. Həmin əmlak üzərində əvvəllər 356.7 kv.m qeyri-yaşayış binası olsa da əvvəlki dövrdə Gəncə şəhərinin “X3” seçilməsi ilə bağlı guşə yaradılmış və həmin qeyri-yaşayış binası guşənin yaradılmağı ilə bağlı icazəsiz sökülmüşdür. Hazırda iddiaçı cavabdeh inzibati orqana müraciət edərək xüsusi mülkiyyətində olan Gəncə şəhəri, N.Nərimanov prospekti 29 ünvanında 0,7336 ha torpaq sahəsində tikinti işlərinin aparılmasını xahiş etmişdir. Ancaq cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli 365 nömrəli məktubu ilə tikintiyə icazəyə dair layihə sənədinin razılaşdırılmasından heç bir səbəb olmadan imtina etmişdir. İddiaçının vəkilinin müvafiq ərizəsinə əsasən ilkin iddia tələbi “Gəncə şəhəri, N.Nərimanov prospekti 29 ünvanda xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus 0,7336 ha torpaq sahəsində tikintiyə icazəyə dair layihə sənədinin razılaşdırılması ilə əlaqədar inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçının vəkili Vəkil əvvəlki məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, sahə hazırda boşdur. İddiaçı yenidən tikinti aparmaq üçün layihə sənədi almamışdır, əvvəlki ölçülərə uyğun tikinti aparmaq istəyir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 29 ünvanda yerləşən 0.7336 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 356.7 kv.m olan qeyriyaşayış binası xüsusi mülkiyyət hüququ əsasında X1 adına qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X2 müvafiq çıxarışla mülkiyyətində olan, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 29 ünvanda yerləşən 0.7336 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 356.7 kv.m olan qeyri-yaşayış binasını İddiaçı satmışdır. -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 29 ünvanda yerləşən 0.7336 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 356.7 kv.m olan qeyriyaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin xx.xx.2023-cü tarixli, 365 nömrəli məktubunda bildirilir ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 29 ünvanında Gəncə şəhərinin “X3” seçilməsi şərəfinə guşə yaradıldığı üçün həmin ərazidə hər hansı tikinti işlərinin aparılması məqsədəmüvafiq hesab edilmir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 29 ünvanda 0.7336 ha torpaq sahəsində yerləşən (əvvəllər mövcud olmuş, lakin sonradan sökülmüş) ümumi sahəsi 356.7 kv.m olan əmlakı iddiaçı xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən əldə etmiş və həmin əmlaklara dair mülkiyyət hüququnu xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıraraq müvafiq çıxarış almışdır. İddiaçı hazırki tələblə həmin torpaq sahəsinə dair tikintiyə icazəyə dair layihə sənədinin razılaşdırılması ilə əlaqədar inzibati aktın qəbul edilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin:- -1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. -2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Məcəllədən və digər normativ hüquqi aktlardan ibarətdir. -4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. -5.2-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.3-cü bəndinə əsasən həmin Məcəllənin 4.3-cü, 5.2-ci, 48.3.1-ci (birinci halda) maddələrində, 66.3-cü maddəsinin ikinci cümləsində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. İş materiallarında olan cavabdeh orqanın imtina məktubu ilə müəyyən olunur ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 29 ünvanda Gəncə şəhərinin 2016-cı il üçün “X3” seçilməsi şərəfinə guşə yaradılmış və bu əsasla da bu ünvanda yerləşən əmlak sökülmüşdür. Qeyd olunanlara əsasən bu qənaətə gəlinir ki, iddiaçı mövcud olmayan (sökülmüş) qeyri-yaşayış sahəsini almaq görüntüsü yaratmış, eyni zamanda dövlət ehtiyacları üçün alınmanın təsirinə məruz qalmış torpaq sahəsini də almışdır. Alınmanın təsirinə məruz qalmış şəxs (ilkin mülkiyyətçi) isə iddiaçı deyil, ilkin mülkiyyətçidir. Odur ki, hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsi alınmanın təsirinə məruz qalmış sahədir və həmin sahədə tikinti aparılması ilə bağlı iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı tikintiyə icazəyə dair layihə sənədinin razılaşdırılması ilə əlaqədar inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar