Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-88/2021 24.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Goranboy rayonu Xanqərvənd bələdiyyəsinin nümayəndəsi Cəlilov Rövşən Alı oğlunun, üçüncü şəxslər X1 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Goranboy rayonu Xanqərvənd bələdiyyəsinə (üçüncü şəxslər Cəlilov Rövşən Alı oğlu, X3, X6, X8, Heydarlı Qaragöz Valeh qızı, X4, X7, X9 və X13) qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Cavabdeh xx xxxxx 2020-ci il tarixli, 05 saylı protokol-qərarı ilə bələdiyyə sədri İddiaçı fəaliyyətsizliyinin nəzərə alınması, Xanqərvənd bələdiyyəsinin sədri İddiaçı sədrlikdən azad edilməsi, bələdiyyə üzvü X2 və bələdiyyə üzvlərinin təklifi nəzər alınaraq Cəlilov Rövşən Alı oğlunun Xanqərvənd bələdiyyəsinin sədri seçilməsi qərara alınmışdır. Qeyd edilən qərarla razılaşmayan İddiaçı cavabdeh Goranboy rayonu Xanqərvənd bələdiyyəsinə (üçüncü şəxslər Cəlilov Rövşən Alı oğlu, X3, X6, X8, Heydarlı Qaragöz Valeh qızı, X4, X7, X9 və X13) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Goranboy rayonu Xanqərvənd bələdiyyəsinin xx xxxxx 2020-ci il tarixli, 05 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixli qərarı ilə bələdiyyə sədri vəzifəsindən azad edilmişdir. Həmin qərarla razı deyil, qərarı əsassız və qərəzli hesab edir. Bələdiyyə üzvləri iclasının keçirilməsi qaydası və qərar “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun deyildir. Həmin iclas onu bələdiyyə sədri vəzifəsindən azad etmək üçün müavin Rövşən Cəlilov və onun qohumu kənd icra nümayəndəsi X5 tərəfindən təşkil edilmişdir. Belə ki, xx.xx.1991-ci ildə Goranboy rayonu Xanqərvənd kəndində anadan olmuş və hal-hazıra kimi həmin kənddə yaşayır, ali təhsillidir. 2019-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri zamanı Cavabdeh üzvü seçilmiş, bələdiyyə üzvlərinin xx.xx.2020-ci ildə keçirilən birinci iclasında üzvlər yekdilliklə onu sədr, Cəlilov Rövşən Alı oğlunu isə sədr müavini seçmişlər. Sədr kimi fəaliyyətə başlayandan sonra ilk növbədə kənd qəbirstanlığının yolunu kol-kosdan təmizlədib abadlaşdırmış, kənd sakinlərinin həyətyanı təsərrüfatlarında istifadə etdikləri su arxını təmizlətmiş, bələdiyyə binasında təmir işləri gördürmüş, vergi ödənişləri üçün sakinlərin bir qisminə bildirişlər göndərilmişdir. Sonra isə koronavirus pandemiyası səbəbindən elan olunmuş karantin rejiminə əməl olunması üçün sakinlər arasında təbliğat və maarifləndirmə işləri ilə məşğul olmağa başlanılmışdır. İclas protokolundan görünür ki, bələdiyyə üzvləri çıxış ediblər ki, guya bələdiyyə tam fəaliyyətsizdir. Həmin iclas onu bələdiyyə sədri vəzifəsindən azad etmək və müavin Rövşən Cəlilovu sədr seçmək üçün onunla qohumu kənd icra nümayəndəsi tərəfindən təşkil olunmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixdə İlqar Tağıyev qeyri-ciddi tərzdə ona bildirmişdir ki, rayon İcra Hakimiyyətindən tapşırıblar ki, təcili bələdiyyənin iclası keçirilməlidir. İlqar Tağıyevə demişdir ki, əgər rayon İcra Hakimiyyətindən deyilibsə, əlbəttə iclas olmalıdır, ancaq rayon İcra Hakimiyyətindən iclasın nə ilə bağlı olduğunu və göstərişi kimin verdiyini öyrənəcəyini bildirmişdir. Həmin gün aradan az müddət keçmiş Rövşən Cəlilov bələdiyyə üzvlərinin məktublarını ona verib demişdir ki, bələdiyyə üzvləri özləri iclas keçirməyi tələb edirlər, o da indi bildiriş yazıb iclasın vaxtını onlara bildirməlidir. Rövşən Cəlilova xüsusi karantin rejimində iclas keçirməyin mümkün olmadığını demiş, sonuncu harasa getmiş və tez də qayıdıb demişdir ki, İlqar Tağıyev deyir ki, rayon İcra Hakimiyyətindən ona deyiblər ki, karantin rejimi aprelin 21-də qurtarır, iclası ayın 23-də keçirsinlər. Aprelin 23-də iclas keçirilməsi barədə bildirişləri hazırlamış, Rövşən Cəlilov demişdir ki, bildirişləri özü çatdıracaq. Sonra məlum olmuşdur ki, xüsusi karantin rejiminin vaxtı uzadılıb. Ondan sonra iclasın təxirə salınması barədə bildirişlər hazırlayıb bələdiyyənin işçisi Eldar Kazımova vermişdir ki, bələdiyyə üzvlərinə paylasın. Bundan sonra Rövşən Cəlilovla aralarında ciddi mübahisə olmuş və ona demişdir ki, ölkə başçısının operativ qərargahın əleyhinə çıxa bilməz, heç bir iclas keçirə bilməz. O isə bildirmişdir ki, iclas keçirilməlidir və iclas olacaqdır. Rövşən Cəlilova bir daha xatırlatmışdır ki, xüsusi karantin rejimində iclas keçirmək olmaz, bələdiyyə sədri kimi məsuliyyətdən qorxur. Ondan sonra Rövşən Cəlilov ona demişdir ki, bələdiyyənin bu tərkibini İlqar Tağıyev onun üçün formalaşdırmışdır. Həqiqətən də bələdiyyə üzvlərinin 5 nəfəri Rövşən Cəlilovun və İlqar Tağıyevin yaxın qohumlarıdırlar. Bir neçə üzvü Rövşən Cəlilovun bacısının direktor işlədiyi məktəbin müəllimləridirlər, 4 üzvü Rövşən Cəlilovun yaxın qonşularıdırlar, onlardan ikisi bir evdə yaşayan gəlin-qayınanadırlar. Bunlara görə iclasın təxirə salınması barədə bildirişləri Rövşən Cəlilov bələdiyyənin işçisi Eldar Kazımovdan alaraq paylamasına imkan verməmiş, aprelin 22-də rayon İcra Hakimiyyəti Başçısına və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəhbərliyinə teleqramlar vuraraq bu qanunazidd hərəkətin qarşısının alınmasını xahiş etmişdir. Ancaq buna baxmayaraq aprelin 23-də bələdiyyə üzvlərinin birinin evinə yığışaraq həmin iclası keçirilmiş, iclasın aparılması qaydası və qərarı “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmamışdır. Bundan başqa qərar həmin Qanunun bələdiyyə sədrinin vaxtından əvvəl vəzifədən azad edilməsindən bəhs edən 19-cu maddəsinin 3-cü bəndinin tələblərinə uyğun deyildir. Hesab edir ki, həmin qərar əsassız, qanunsuz və qərəzli olduğundan ləğv edilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, bələdiyyə sədri seçildiyi ilk gündən hərəkətsizlik etməmiş, qanunla üzərinə qoyulmuş öhdəliklərini daim yerinə yetirmişdir. Belə ki, tərəfindən bələdiyyənin binasını əsaslı təmir olunmuş, vergilərin yığılması və əmək haqqların vaxtında ödənilməsi ilə bağlı işlər görülmüşdür. Bələdiyyə sədri kimi fəaliyyətinin üçüncü ayı tamam olan gün, yəni xx.xx.2020-ci il tarixdə bir neçə bələdiyyə üzvü ona rəsmi müraciət edərək 21-25 aprel tarixində iclas təyin edilməsini xahiş etmiş və o, da müraciəti nəzərə alaraq xx.xx.2020-ci il tarixə iclas təyin etmişdir. Lakin ölkədə olan xüsusi karantin rejimi uzadıldığından yenidən bildiriş tərtib edilərək bələdiyyə üzvlərinə həmin iclasın keçirilməyəcəyi barədə məlumat verilmiş, həmçinin bələdiyyənin giriş qapısına da iclasın keçirilməməsinə dair bildiriş yerləşdirmişdir. Lakin sonradan məlum olmuşdur ki, hazırki sədr R.Cəlilov həmin gün iclasın təxirə salınmasına dair bildirişin paylanmasına və ölkədə xüsusi karantin rejiminin tətbiqinə baxmayaraq bələdiyyə üzvü Əzizə Abbasovanın həyətində iclas təşkil etmiş, həmin iclas barədə ona rəsmi və ya şifahi formada məlumat verilməmiş, onun bələdiyyə sədri vəzifəsindən azad edilməsinə dair qərar qəbul olunmuşdur. Həmin iclasda qeyd etdiyi kimi onun iştirakı təmin edilməmiş, karantin qaydaları pozulmaqla onun hüquqlarına toxunan qərar qəbul olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Goranboy rayonu Xanqərvənd bələdiyyəsinin nümayəndəsi Cəlilov Rövşən Alı oğlu iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, bələdiyyə sədri seçilən zaman, bütün bələdiyyə üzvləri səslərini onun lehinə vermişlər. O, isə öz əvəzindən İddiaçı bələdiyyə sədri seçilməsini xahiş etmişdir. Bələdiyyə üzvləri bu hala etiraz etsələr də, o, israr etmiş və bələdiyyə üzvləri razılıq vermişlər. Lakin İddiaçı bələdiyyə sədri olaraq özünü doğrultmamış, vəzifələrini icra etməmiş, sədrlik etdiyi dövrdə bələdiyyə üzvlərinin iclasını çağırmamışdır. Bələdiyyə üzvləri dəfələrlə tələb etdikdən sonra iclas barədə bildiriş göndərmiş, elə həmin gün də iclasın ləğv edildiyini elan etmişdir. Onlar iclasla bağlı bildirişi aldıqdan sonra karantin qaydalarına və sosial məsafəyə riayət etməklə, açıq havada iclas keçirmişlər. xx.xx.2020-ci il tarixli iclasda İddiaçı iştirak etməmiş, iclasla bağlı sonuncuya şifahi məlumat verilmişdir. Bələdiyyə binasından kənar iclasın keçirilməsinə səbəb həmin gün bələdiyyə qapısının bağlı olması olmuş, bu səbəbdən iclas karantin qaydaları gözlənilməklə bələdiyyə üzvlərindən birinin həyətində keçirilmişdir. Üçüncü şəxs X8 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, hazırda bələdiyyə sədrinin müavini vəzifəsini icra edir. İddiaçı tərəfindən vəzifəsi tam icra olunmamış, bu səbəbdən bələdiyyə üzvləri R.Cəlilovun sədr seçilməsini qərar almışlar. xx.xx.2020-ci il tarixli bələdiyyə iclasının keçirilməsi ilə bağlı üzvlərə yazılı bildiriş verilmiş, lakin sonradan iclasın keçirilməməsinə dair məlumat almışlar. Buna baxmayaraq onlar iclasın keçirilməsini qərar aldıqlarından ona məxsus evin həyətində karantin qaydalarına uyğun olaraq iclas təşkil edilmiş və həmin iclasda hazırda mübahisələndirilən qərar qəbul olunmuşdur. Həmin iclasda iddiaçı iştirak etməmiş, sonuncuya iclasın vaxtı və yeri barədə məlumat verilib-verilməməsini bilməmişdir. Üçüncü şəxs X6 cavabdehin nümayəndəsi ilə eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Ə.Abbasovanın evində keçirilən bələdiyyə iclasında iştirak etmiş və həmin iclasın katibi olmaqla protokol tərəfindən əlyazması ilə tərtib edilmişdir. Daha sonra protokol kompyuter vasitəsilə R.Cəlilov tərəfindən tərtib edilərək üzvlər tərəfindən imzalanmışdır. Həmin iclasda iddiaçı iştirak etməmiş, sonuncuya iclasın vaxtı və yeri barədə məlumat verilib-verilməməsini bilməmişdir. Məhkəmə iclasında iştirak edən digər üçüncü şəxslər X7, X13, Heydarlı Qaragöz Valeh qızı, X4 və X6 məhkəmə iclasında cavabdehin nümayəndəsi ilə eyni məzmunlu analoji izahatlar vermişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış və məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, iddia İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Hazırkı mübahisə predmeti olan Cavabdeh xx.xx.2020-ci il tarixli 05 nömrəli protokol-qərarından məlum olur ki, bələdiyyənin 9 üzvünün iştirakı ilə iclas keçirilmiş və qərar alınmışdır ki, bələdiyyə sədri İddiaçı fəaliyyətsizliyi nəzərə alınsın, Xanqərvənd bələdiyyəsinin sədri İddiaçı sədrlikdən azad edilsin, bələdiyyə üzvlərinin təklifi nəzərə alınsın, Cəlilov Rövşən Alı oğlu Xanqərvənd bələdiyyəsinin sədri seçilsin. İşdə olan xx.xx.2020-ci il tarixli, 21 saylı müraciətdən məlum olur ki, bələdiyyənin on üzvü tərəfindən Cavabdeh sədrinə müraciət edilərək «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən aprel ayının 21-dən 25dək iclas çağırılması xahiş olunmuşdur. xx.xx.2020-ci il tarixli bələdiyyə üzvlərinə ünvanlanan bildirişlərdən məlum olur ki, xx.xx.2020-ci il tarixdə Cavabdehndə bələdiyyə üzvlərinin iclasının keçiriləcəyi bildirilmiş və iclasda iştirak etmələri xahiş olunmuşdur. xx.xx.2020-ci il tarixli bələdiyyə üzvlərinə ünvanlanan bildirişlərdən məlum olur ki, ölkədə xüsusi karantin rejiminin tətbiqi müddətinin uzadılması ilə əlaqədar Xanqərvənd bələdiyyə üzvlərinin xx.xx.2020-ci il tarixdə keçirilməsi nəzərdə tutulan iclasının təxirə salındığı və gələcəkdə iclas keçrilməsi barədə əlavə məlumat veriləcəyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati akt inzibati icraat haqqında hüquq normalarının pozulması, eyni zamanda düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında deyilir ki, “Bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir”. Həmin Qanunun 1.1-ci maddəsinə müvafiq olaraq bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Beləliklə, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsasları, prinsipləri və prosedur qaydaları “İnzibati icraat haqqında” Qanunla müəyyən edilir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə adıçəkilən qanunun tələbləri çərçivəsində hərəkət etməlidirlər. Lakin iddiaçının mübahisələndirdiyi inzibati akt-qərar cavabdeh tərəfindən qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Qanun ilə müəyyən edilmiş əsaslara, prinsiplərə və prosedur qaydalara riayət olunmamış, bunun nəticəsində iş üzrə qanuna uyğun olmayan və əsassız qərar qəbul edilmişdir. İlkin olaraq qeyd edilir ki, “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə görə Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə müvafiq olaraq inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 16.1 maddəsinə əsasən bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən bələdiyyənin iclası bələdiyyənin sədri, sədr olmadıqda isə onun müavini tərəfindən aparılır. İclasın katibi bələdiyyə üzvləri sırasından seçilir. Bələdiyyə sədri, sədr olmadıqda isə onun müavini bələdiyyə üzvlərinin və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasa sədrlik etməkdən boyun qaçırdığı halda iclasın sədri iclasda iştirak edən bələdiyyə üzvləri tərəfindən bələdiyyə üzvləri sırasından seçilir. Göründüyü kimi həm «İnzibati icraat haqqında», həm də «Bələdiyyələrin statusu haqqında» qanunda icraatın aparılması, bələdiyyə iclasının təyin edilməsi əsasları, iclasın aparılması qaydası və iclas barədə rəsmi məlumatın verilməsi və onun müddəti imperativ qaydada nəzərdə tutulmuş, lakin hazırkı iclas zamanı iddiaçıya məlumat verilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmiş, inzibati orqanın nümayəndəsi də izahatında belə bir sübütun olmadığını, iddiaçıya yalnız şifahi formada məlumat verildiyini bildirmişdir. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci maddəsinə əsasən Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən yazılı inzibati aktda inzibati aktı qəbul etmiş orqanın adı, inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı, inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi, inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası, həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat, inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü əks olunmalıdır: Qeyd edilən tələblərin inzibati aktda qeyd edilməsi qanunda imperativ qaydada nəzərdə tutulmaqla məcburi olsa da, hazırda mübahisələndirilən bələdiyyə qərarında inzibati aktın rekvizit tələblərinə riayət olunmamış, qərara qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmamışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur. Həmin Qanunun 19.3-cü maddəsinə əsasən bələdiyyənin sədri və onun müavinləri aşağıdakı hallarda bu maddənin 1-ci və 2-ci bəndlərində göstərilən qaydada vaxtından əvvəl vəzifədən azad edilə bilərlər: 1) öz arzusu ilə vəzifədən çıxmaq barədə yazılı müraciət etdikdə; 2) bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına sərəncam verdikdə; 3) bələdiyyə qərarlarının icrasını təmin etmədikdə (qanunvericiliyə zidd olan və həlli imkan səlahiyyətlərindən kənar qərarlar istisna olmaqla); 4) əmək qabiliyyətinin fasiləsiz olaraq, 6 aydan çox müddətdə tam itirməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə; 5) qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri 3 ay müddətində yerinə yetirmədikdə; 5-1) “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən qaydada yerli büdcənin müzakirəsini və təsdiqini təşkil etmədikdə; 6) qanunvericilikdə və bələdiyyənin nizamnaməsində nəzərdə tutulmuş digər hallarda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. - 61.3-cü maddəsinə müvafiq olaraq inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Hazırkı iş üzrə inzibati aktın diskresion səlahiyyətlər daxilində qəbul edilməsi müəyyən edilsə də, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmamış, bələdiyyə sədrinin fəaliyyətində qeyd edilən nöqsanların olması və bələdiyyə sədrinin vaxtından əvvəl vəzifədən azad edilməsinə əsas olan sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, hazırkı iş üzrə Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli qərar qəbul edilən zaman yuxarıda sadalanan normaların tələblərinə əməl olunmamış, iddiaçının və ya onun nümayəndəsinin inzibati icraatda iştirakı təmin edilməmiş, onların mülahizələri dinlənilməmiş, qəbul edilən qərar əsaslandırılmamış, qərarda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməmiş, sadəcə bələdiyyə üzvlərinin çıxışları dinlənilməklə İddiaçı Cavabdeh sədri vəzifəsindən azad edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habeləşikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Goranboy rayonu Xanqərvənd bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 05 saylı qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-88/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-88/2021
24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver