Məhkəmə qərarları › İş №2-1(114)-88/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-88/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-88/2022 28.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə 16.06.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 14 saylı Ərazi Vergilər İdarəsinin 02.06.2021-ci il tarixli **********147271 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 14 saylı Ərazi Vergilər İdarəsinin 22.02.2021 tarixli **********144768 saylı qərarına əsasən "xxxx" MMC-də 2018-ci il yanvar-2020-ci il dekabr ayı üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticələrinə dair 15.04.2021-ci il tarixli **********145813 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmiş və 02.06.2021-ci il tarixli **********147271 nömrəli ‘Vergi ödəyicinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərar çıxarılmışdır. Səyyar vergi yoxlaması aktı ilə "xxxx" MMC-də 2018-ci il üzrə 108303,09 manat və 2019cu il üzrə 26598,20 manat mənfəət vergisinin azaldıldığı aşkar edilmiş, müvafiq dövrlərə vergilərin və maliyyə sanksiyalarının hesablanması təklif edilmişdir, yoxlamanın nəticələrinə dair tərtib edilmiş 15.04.2021-ci il tarixli **********145813 nömrəli səyyar vergi yoxlaması aktında gəlirlərin əldə edilməsini təsdiq edən sənədlərin yoxlamaya tam təqdim edilmədiyi qeyd olunsa da, həmin gəlirlərin hansı hissəsinin təsdiq edilmədiyinə aydınlıq gətirilməmişdir. Halbuki, gəlirlərin böyük hissəsi bank sənədləri və kassa çekləri ilə təsdiq olunur. Yoxlama zamanı vergi ödəyicisinin gəlirləri barədə rəsmi məlumatlar əlaqəli məlumat hesab olunduğu halda yoxlama zamanı əlaqəli məlumat kimi nəzərə alınmamışdır. Belə ki, "xxxx" MMC tərəfindən 2018-2019-cu illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrinə əlavə edilmiş nağdsız qaydada satış sənədləri ilə təsdiq edilmiş gəlirlərin məbləği 2018-ci il üzrə 819843,63 manat olmaqla həmin il üzrə ümumi gəlirlərin 32 faizini, 2019-cu il üzrə 329765,2 manat olmaqla ümumi gəlirlərin 49,5 faizini təşkil etdiyi halda qeyd olunan rəsmi məlumatlar əlaqəli məlumat kimi nəzərə alınmamışdır. Vergi orqanının Vergi Məcəlləsinin 67.2-ci və 67.4-cü maddələrinin tətbiqi zamanı da obyektiv araşdırma aparmamışdır, həmin fəaliyyətlə məşğul olan analoji vergi ödəyiciləri olduğu halda 19 mart 2021-ci il tarixli, **********710300 nömrəli məktubla vergi orqanında olan uçot baza məlumatlarına əsasən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicinin olmadığı bildirilmişdir. Bununla da əsassız olaraq vergilərin Vergi Məcəlləsinin 83.9-cu maddəsi əsasən şərti rentabellik norması tətbiq edilərək hesablanmalı olduğu qənaətinə gəlinmişdir. "xxxx" MMC-nin vergiləri ödəməkdən yayınmaq niyyəti olmamışdır. Belə ki, nağd qaydada formalaşan gəlirlər üzrə bəyan edilən ticarət əlavəsi müvafiq e-vhf əsasında təsdiq edilən gəlirlər üzrə bəyan edilən ticarət əlavəsindən daha çoxdur. Lakin, vergi orqanı qeyd olunan halları nəzərə almayaraq, "xxxx" MMC-nin 20 faiz rentabelliklə işlədiyi qənaətinə gəlmiş və bunu əsassız olaraq bütün dövriyyəyə, yəni rəsmi sənədlərlə (təqdim olunmuş e-vhf əsasən) təsdiq olunan gəlir məbləğlərinə münasibətdə də tətbiq etmişdir. Halbuki, 2019-cu il üzrə gəlirin nağdsız qaydada formalaşan 49.5% (2018-ci il üzrə 39.2%) hissəsini təsdiq edən sənədlər əsasında müəssisənin hansı rentabelliklə işlədiyini müəyyənləşdirmək və həmin əlaqəli məlumatı gəlirin nağd qaydada formalaşan hissəsinə tətbiq etməklə real mənfəəti hesablamaq mümkündür. Həmçinin yoxlanılan dövr üzrə "xxxx" MMC tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrinə əsasən də müəssisənin dövriyyəsini müəyyən etmək mümkündür. Belə ki, həmin bəyannamələrdə ay ərzində təqdim edilmiş malların dəyərinə uyğun olaraq ƏDV hesablanmışdır. Lakin vergi orqanı ƏDV bəyannamələrinə münasibətdə müəssisənin gəlirlərində kənarlaşma aşkar etməmişdir. Halbuki, aylar üzrə təqdim edilmiş ƏDV bəyannamələr ilə bəyan edilmiş gəlir dövriyyəsinin cəmi mənfəət vergisi bəyannaməsi ilə bəyan edilmiş gəlirin məbləği ilə eynidir. Vergi orqanı ƏDV bəyannamələrinə münasibətdə "xxxx" MMC-nin gəlirləri ilə razılaşmış həmin tədiyyələr üzrə əlavə hesablama aparmamışdır. Lakin mənfəət vergisinə münasibətdə isə Vergi Məcəlləsinin tətbiqində səhvə yol vermiş və bununla da müəssisənin 20 faiz rentabelliklə işləməsi ilə bağlı əsassız və qanunsuz nəticəyə gəlmişdir. Yoxlamanın nəticələrinə dair tərtib edilmiş 15.04.2021-ci il tarixli **********145813 nömrəli səyyar vergi yoxlaması aktında gəlirlərin əldə edilməsini təsdiq edən sənədlərin yoxlamaya tam təqdim edilmədiyi qeyd olunsa da, həmin gəlirlərin hansı hissəsinin təsdiq edilmədiyinə aydınlıq gətirilməmişdir. 02.06.2021-ci il tarixli **********147271 nömrəli “Vergi ödəyicinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarda prosessual pozuntulara yol verilmişdir. Belə ki, yoxlamanın nəticələri üzrə tərtib edilmiş akta dair vergi ödəyicisi tərəfindən dəlillər təqdim edilsə də, qərarda həmin dəlillərə münasibət bildirilməmişdir. Qərarda “aşağıda göstərilən səbəblərə görə” qərarın çıxarıldığı qeyd olunsa da həmin səbəblərin nədən ibarət olduğu göstərilməmişdir. İddiaçının vəkili Vəkil əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, 14 saylı Ərazi Vergilər İdarəsinin 22 fevral 2021-ci il tarixli, **********144768 nömrəli Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə 01 yanvar 2018-ci il tarixdən 01 yanvar 2021-ci il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması aparılmış və aparılmış yoxlamanın nəticələri 15 aprel 2021-ci il tarixli, **********145813 nömrəli Səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi yoxlaması vergi ödəyicisi tərəfindən təqdim olunmuş yük gömrük bəyannamələri, bank çıxarışları və elektron qaimə-fakturalar, vergi ödəyicisinin qarşılıqlı əməliyyatları barədə məlumatlar, vergi ödəyicisinin vergi orqanının məlumat bazasında olan elektron qaimə- fakturalar barədə məlumatlar, depozit hesabından çıxarışlar və idxal-ixrac əməliyyatları barədə məlumatlar əsasında aparılmışdır. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə 23 fevral 2021-ci il tarixli, **********144882 nömrəli Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə təqdim edilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən gəlirləin əldə edilməsi ilə bağlı sənədlər, yəni gəlirlərin əldə edilməsini təsdiq edən sənədlər yoxlamaya tam təqdim edilməmiş və vergi ödəyicisinin rəhbəri tərəfindən sənədlərin tam təqdim edilməməsinə görə izahat verilmişdir. Bununla bağlı yoxlayıcılar tərəfindən 16 mart 2021-ci il tarixdə imtina aktı tərtib edilmiş, tərtib edilmiş imtina aktı vergi ödəyicisinin rəhbəri tərəfindən imzalanmış və aktın bir nüsxəsi vergi ödəyicisi tərəfindən götürülmüşdür. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin bank hesabları açılmış olduğu "xxxx" Açıq Səhmdar Cəmiyyətin Şəmkir filialına 22 fevral 2021-ci il tarixli, **********373900 nömrəli məktubla, "xxxx" Açıq Səhmdar Cəmiyyətin Şəmkir filialına 22 fevral 2021-ci il tarixli, **********372200 nömrəli məktubla və "xxxx" Qapalı Səhmdar Cəmiyyətin Binəqədi filialına 22 fevral 2021-ci il tarixli, **********371500 nömrəli məktubla “Hüquqi şəxsin və ya fərdi sahibkarın bank hesabı və əməliyyatları barədə məlumatların verilməsi haqqında” bildiriş göndərilmişdir. “Rabitəbank" Açıq Səhmdar Cəmiyyət tərəfindən 11 mart 2021-ci il tarixli, **********376500 nömrəli məktubla, "xxxx" Açıq Səhmdar Cəmiyyət tərəfindən 18 mart 2021-ci il tarixli, **********571500 nömrəli məktubla və "xxxx" Qapalı Səhmdar Cəmiyyət tərəfindən 23 fevral 2021-ci il tarixli, **********605100 nömrəli məktubla cəmiyyətin bank əməliyyatları barədə məlumatlar təqdim edilmişdir. Vergi orqanının məlumat bazasında yoxlama ilə əhatə olunan dövr üzrə cəmiyyətin qarşılıqlı əlaqələri ilə bağlı məlumat aşkar edilməmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, iş üzrə ekspert rəyi verilərkən ekspert tədqiqat zamanı bazar qiymətlərini əsas götürmüşdür, ona görə də rəylə razı deyil. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 14 saylı Ərazi Vergilər İdarəsinin 22.02.2021-ci il tarixli **********144768 nömrəli qərarından görünür ki, "xxxx" MMC üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə yanvar 2018-dekabr 2020 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. -surəti işə əlavə edilmiş 14 saylı Ərazi Vergilər İdarəsinin 15.04.2021-ci il tarixli **********145813 nömrəli Səyyar vergi yoxlaması aktından görünür ki, "xxxx" MMC-də aparılmış vergi yoxlaması nəticəsində vergi ödəyicisi tərəfindən ümumilikdə 134901.29 manat məbləğində mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. -surəti işə əlavə edilmiş 14 saylı Ərazi Vergilər İdarəsinin 02.06.2021-ci il tarixli **********147271 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, "xxxx" MMC əlavə hesablanmış vergilər üzrə 134901.29 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 67450.65 manat olmaqla, ümumilikdə 202351.94 manat (iki yüz iki min üç yüz əlli bir manat doxsan dörd qəpik) manat məbləğində məsuliyyətə cəlb edilmişdir. -Məhkəmə Ekspertizası Mərkəzinin 31.03.2022-ci il tarixli, 9/115-9/137 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC tərəfindən 2018-ci il üçün 35340.48 manat və 2019-cu il üzrə 8445.16 manat, cəmi dövlət büdcəsinə çatası mənfəət vergisinin 43.785,64 manat məbləğində az hesablanması müəyyən edilmiş və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2018-ci il və 2019-cu il ümumilikdə 43.785,64 manat az hesablanmasına görə, az hesablanmış vergi məbləğinin 50%-i miqdarında 21.892,82 manat maliyyə sanksiyası tətbiq edilməlidir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından qismən əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh orqan tərəfindən "xxxx" MMC-nin 01 yanvar 2018-ci il tarixdən 01 yanvar 2021-ci il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, müəssisə tərəfindən gəlirlərinin və ya vergitutma obyektinin azaldılması nəticəsində 134901.29 manat məbləğində mənfəət vergisinin azaldılması və həmin yoxlamanın nəticələrinə əsasən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02.06.2021-ci il tarixli **********147271 nömrəli qərara əsasən iddiaçı müəssisənin 134901.29 manat vergidən yayınması müəyyən edilmiş və müvafiq olaraq 67450.65 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə qeyd olunan qərarı mübahisələndirir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materialları ilə müəyyən olunur ki, səyyar vergi yoxlaması zamanı vergi orqanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş müvafiq vergi bəyannamələrin düzgünlüyünü yoxlayarkən cəmiyyət tərəfindən 2018-2019-cu il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 2018-ci il üzrə xərclərin 2721894,36 manat, 2019-cu il üzrə 664954,89 manat olduğu müəyyən edilmiş, lakin aktda qeyd edildiyi kimi gəlirlərin əldə edilməsi ilə bağlı sənədlər, yəni gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədlər yoxlamaya təqdim edilməmişdir. Buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli və 04 aprel 2003-cü il tarixli, 42 nömrəli Qərarlarına müvafiq olaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin 2018-2019cu illər üzrə mənfəət məbləğinə şərti rentabellik göstəricisi tətbiq edilməklə 2018-ci il üzrə 108303,09 manat və 2019-cu il üzrə 26598,20 manat mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. Qeyd edilməlidir ki, mövcud vergi qanunvericiliyinin tələblərinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Bunun üçün Azərbaycan Respublikası Vergi Məcəllənin 67.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: Vergi Məcəlləsinin 67.14-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələbinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır, yəni yalnız bu halda yoxlanılan dövr üçün mənfəətin (gəlirin) hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. İş üzrə ekspert rəyindən görünür ki, "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə təqdim edilmiş iş materiallarında 2018-2019-cu illərə dair gömrük bəyənnamələri və elektron qaimə məlumatları öz əksini tapmışdır ki, həmin sənədlər, eyni zamanda taxta materialların topdan satışı ilə bağlı məhkəmə-əmtəəşunas ekspertin müəyyən etdiyi qiymətlər nəzərə alınmaqla müəssisə tərəfindən 2018-ci il üzrə 35340,48 manat və 2019cu il üzrə 8445,16 manat məbləğində mənfəət vergisinin az hesablanması müəyyən olunmuşdur. Göründüyü kimi, vergi yoxlaması nəticəsində azaldılmış hesab edilmiş mənfəət vergisi məbləği ilə, ekspertiza zamanı ekspert tərəfindən müəyyən edilmiş məbləğ arasında ciddi fərq mövcuddur. Bu səbəbdən də məhkəmə ekspertin müvafiq rəyini vergi yoxlamasının nəticəsindən daha əsaslı və mötəbər hesab edir. Məhkəmə ekspertin rəyi ilə razılaşır və bu yanaşmanı onunla əsaslandırır ki, vergi yoxlaması zamanı müvafiq sahə üzrə eksperta aparılmamış, mütəxəssis dəvət edilməmiş, nəticə etibarilə azaldılması iddia olunan vergi məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablanmışdır. Məhkəmə araşdırması zamanı isə iş materialları ekspertə təqdim edilmiş və ekspert tərəfindən aparılmış tədqiqat və hesablama respublikada yerləşən ticarət məntəqələrində, inşaat materialları satışı mağazalarında və internet saytlarında mövcud olan qiymətlərdən, eyni zamanda tədqiqat aparan qurumda olan digər məlumatlardan istifadə edilməklə həyata keçirildiyindən həmin nəticə vergi yoxlamasının nəticəsindən daha əsaslı və mötəbər hesab edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, vergi orqanının mübahisələndirilən qərarında mənfəət vergisi 134901,29 manat hesablanmış, eləcə də həmin məbləğin 50%-i həcmində, yəni 67450,65 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi ödəyicisinin ümumi öhdəliyi 202351,94 manat müəyyən edilmiş, ekspert tərəfindən isə vergi ödəyicisinin mənfəət vergisi 43785,64 manat hesablanmış, eləcə də həmin məbləğin 50%-i həcmində, yəni 21892,82 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi ödəyicisinin ümumi öhdəliyi 65678,46 manat müəyyən edilmişdir. Odur ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02.06.2021-ci il tarixli **********147271 nömrəli qərarı qismən, yəni 91115,65 manat əsas borc, 45557,83 manat maliyyə sanksiyası hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, 300 (üç yüz) manat dəyərində məhkəmə xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02.06.2021-ci il tarixli **********147271 nömrəli qərarı qismən, yəni 91115,65 manat əsas borc, 45557,83 manat maliyyə sanksiyası hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. 31.03.2022-ci il tarixli, 9/115-9/137 nömrəli ekspert rəyi üzrə 300 (üç yüz) manat ekspertiza xərci cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsindən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar