Məhkəmə qərarları › İş №2-1(114)-88/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-88/2023

16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-88/2023 16.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Göygöl rayonu Quşqara Bələdiyyəsinə qarşı (üçüncü şəxs X7) qərarın ləğv edilməsi tələbinə dair inzibati işə baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Göygöl rayonu Quşqara Bələdiyyəsinə (üçüncü şəxs X7) qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 20 oktyabr 2011-ci il tarixdə qəbul etmiş olduğu, hal-hazırda mülkiyyətində olan 2,30 ha torpaq sahəsinin üçüncü şəxsin icarəsinə verilməsinə dair 10 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda 3-cü şəxsin icarəsində olan 2.3 ha torpaq sahəsini bələdiyyənin ona borcu olduğu üçün borc əvəzində ona satılmışdır. İddiaçı torpağı alıb adına çıxarış aldıqdan sonra bu torpaq sahəsi iş üzrə üçüncü şəxsin icarəsinə verildiyini bilmişdir. Bunu bildikdən sonra iddiaçı icarəçiyə məktub göndərib yeni icarə müqaviləsi bağlamağını təklif etmiş, ancaq bu şəxs nə ona yaxın gəlmiş, nə də ona icarə müqaviləsi ilə bağlı torpağın mülkiyyətçisi kimi icarə haqqını ödəməmişdir. O, Göygöl rayon Məhkəməsində icarə müqaviləsinin ləğvi ilə bağlı iddia qaldırmış, iddiası təmin edilməmiş və iş üzrə 3-cü şəxsə ona məxsus torpaq sahəsinin icarəyə verilməsinə dair qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Ona görə də iddiaçı Göygöl rayon Quşqara bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 10 nömrəli qərarının ləğv edilməsinə dair iddia qaldırmaq məcburiyyətindədir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1823/2022 nömrəli qərardadı ilə X7 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 27 sentyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Göygöl rayonu Quşqara Bələdiyyəsinə (üçüncü şəxs X7) qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İşin şifahi məhkəmə baxışı iclası 16 mart 2023-cü il tarixə təyin edilmişdir. İddiaçının vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Göygöl rayonu Quşqara Bələdiyyəsinə və üçüncü şəxs X4 hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Göygöl rayonu Quşqara Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli protokolunun 10 nömrəli qərarından çıxarışdan görünür ki, Quşqara Bələdiyyəsinin mülkiyyətində (“alqısatqı predmeti” sözünün üzərindən xətt çəkilmişdir) olan 23000 kv.metr və ya 2.30 ha torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə (“mülkiyyətə” sözünün üzərindən xətt çəkilmişdir) verilməsi məqsədilə açıq hərrac və ya müsabiqə keçirilməsi qərara alınmışdır. - xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl rayonu Quşqara kəndində yerləşən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyalı 2.3 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. - Göygöl rayonu Quşqara Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 103 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 2.3 ha torpaq sahəsinin verilməsi ilə bağlı Göygöl rayonu Quşqara Bələdiyyəsinin heç bir qərarı olmamışdır. - xx.xx.2021-ci il tarixli A 635227 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində Göygöl rayonu Quşqara kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 2.3 hektar torpaq sahəsinin koordinatları göstərilmişdir (həmin sənədin tərtib edilməsinə əsas "xxxx" MMC, Hərracın yekun protokolu, 8, xx.xx.2021 və xx.xx.2011-ci il tarixli, 2(104)-300/2011 nömrəli Gəncə Apellyasiya Məhkəməsinin icra vərəqəsi olmuşdur). - “Hərracın yekunları barədə” 008 nömrəli, xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, tam dəyəri 34500 manat olan Göygöl rayonu Quşqara Bələdiyyəsinə məxsus 2.3 ha torpaq sahəsi qalib (alıcı) İddiaçı satılmışdır. - xx.xx.2012-ci il tarixli, 001 nömrəli Daşınmaz əmlakın icarə müqaviləsindən görünür ki, Göygöl rayonu X6 rayonu Quşqara kəndində yerləşən 2.3 ha torpaq sahəsini X3 (iş üzrə üçüncü şəxs) icarəsinə verir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, araşdırma zamanı, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan 2.30 ha torpaq sahəsinin koordinatları ilə, xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X3 icarəsində olan 2.3 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşdüyü müəyyən olundu. Ekspertiza baxışında cavabdeh və üçüncü şəxs-X7 iştirak etməmişdir. Belə olan təqdirdə araşdırma zamanı, iddiaçı-İddiaçı mübahisəli ərazidə, X3 faktiki istifadə sahəsi olduğunu iddia edərək təqdim etdiyi torpaq sahəsinə əsaslanılmışdır. Qeyd olunanlara əsasən, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış və həmin çıxarışın A 635227 nömrəli plan və ölçü sənədindəki koordinatlara istinadən, İddiaçı mülkiyyətində olan 2.30 ha torpaq sahəsinin 1.67 ha hissəsi, iddiaçının mübahisəli ərazidə, X3 faktiki istifadə sahəsi olduğunu iddia edərək təqdim etdiyi torpaq sahəsi ilə üstüstə düşür. xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış və həmin çıxarışın A 635227 nömrəli Plan və ölçü sənədindəki koordinatlara istinadən, İddiaçı mülkiyyətində olan 2.30 ha torpaq sahəsinin 0.63 ha hissəsi isə, iddiaçının mübahisəli ərazidə, X3 faktiki istifadə sahəsi olduğunu iddia edərək təqdim etdiyi torpaq sahəsində deyil, həmin sahə ilə həmsərhəd ərazidə yerləşməklə üst-üstə düşmür. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış və məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmiş, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixli, 001 nömrəli Daşınmaz əmlakın icarə müqaviləsi ilə cavabdeh Göygöl rayonu Quşqara kəndində yerləşən 2.3 ha torpaq sahəsi üçüncü şəxsin icarəsinə verilmişdir. Sözügedən torpaq sahəsi isə Göygöl rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra vərəqəsi və Göygöl rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli, 06/12 saylı sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən keçirilmiş hərracla iddiaçıya satılmış və sonuncunun qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrə ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. İddiaçı hazırda ona məxsus torpaq sahəsinin başqa şəxsə icarəyə verilməsi ilə bağlı cavabdeh Göygöl rayonu Quşqara bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2011-ci il tarixli 10 nömrəli qərarı mübahisələndirir. İşə əlavə edilmiş mütəxəssis rəyindən də görünür ki, İddiaçı mülkiyyətində olan 2.30 ha torpaq sahəsinin koordinatları ilə X3 icarəsində olan 2.3 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşür. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər (Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri). Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normanın məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Digər tərəfdən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun:- -6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:- -4-cü bəndində qeyd olunmuşdur ki, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -11.1 maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -21.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2 maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1 maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2 maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -61.4 maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. -62.1 maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -67.1 maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2 maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. maddəsinə əsasən Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehə işin obyektiv və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə mübahisəli torpaq sahəsinə dair sənədlərin təqdim edilməsi tələb edilmiş, cavabdeh tərəfindən isə yalnız xx.xx.2012-ci il tarixli, 001 nömrəli Daşınmaz əmlakın icarə müqaviləsinin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Sözügedən müqavilədə torpaq sahəsinin DT və XK-nin Göygöl rayon Torpaq hərrac və müsabiqə Komissiyasının xx.xx.2011-ci il tarixli, 000 004 455 saylı şəhadətnaməsinə əsasən üçüncü şəxsin icarəsinə verilməsi qeyd edilsə də cavabdeh tərəfindən hərrac və müsabiqə sənədləri məhkəməyə təqdim edilməmişdir. Bu faktın özü isə həmin sənədlərin tərtib olunmasını şübhə altına alır. Göründüyü kimi mübahisələndirilən qərarın ləğv edilməməsi iddiaçının mülkiyyət hüququnu pozduğundan məhkəmə hesab edir ki, hazırda mübahisələndirilən inzibati akt- Göygöl rayonu Quşqara Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 10 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 70.1. maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habeləşikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Göygöl rayonu Quşqara Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 10 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar