Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-88/2025 13.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 50 faiz pozuntusuna görə “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” səbəbli əlaqəsi ilə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1983-cü il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. İddiaçı xx.xx.2016-cı il tarixində xidməti vəzifələrini yerinə yetirərkən hərbi hissənin yaxınlığında maşın təmiri üçün qazılmış xəndəyə düşərək çənəsinin xəndəyin beton kənarına dəyməsi nəticəsində travma almışdır. Hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş və xx.xx.2016-cı il tarixdə N nömrəli hərbi hissəyə göndərilmişdir. xx.xx.2016-cı il tarixində əng və çənənin şinalanma əməliyyatı aparılmışdır. xx.xx.2016-cı il tarixdə "Çənəaltı nahiyənin çapılmış infeksiyalaşmış yarası, çənənin sol şaxəsinin yerini dəyişən sınığı" diaqnozu ilə stasionar müalicə almışdır. xx.xx.2016-cı il tarixdə müayinə və müalicə üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmişdir. xx.xx.2016-cı il tarixdə "Çənə sümüyünün sol oynaq çıxıntısının qeyri-düzgün bitişmiş sınığının repozisiyası, internal fiksasiyası" cərrahiyyə əməliyyatı icra olunmuşdur. Çənənin sol oynaq başı və tac çıxıntısının düzgün bitişməyən sınığı, osteomielitlə fəsadlaşmasına görə xx.xx.2016-cı il tarixdə Bakı Klinik Tibbi Mərkəzinə köçürülmüşdür. xx.xx.2016-cı il tarixdə çənənin sol oynaq çıxıntısının, sol tac çıxıntısının və titan lövhələrin çıxarılması" əməliyyatı icra olunmuşdur. Nəticədə iddiaçıya Üzün küt travması (xx.xx.2016) nəticəsində çənə sümüyünün sol oynaq çıxıntısının qeyri-düzgün bitişmiş sınığına görə aparılmış çənə sümüyünün sol oynaq çıxıntısının acıq üsulla repoziyası və internal fiksasiyası (xx.xx.2016), çənənin sol oynaq başı və tac çıxıntısının qeyri-düzgün bitişən sınığı və osteomielitinə görə aparılmış çənənin sol oynaq və tac çıxıntılarının, titan lövhələrinin xaric edilməsi (xx.xx.2016) cərrahi əməliyyatlarından sonrakı sol tac çıxıntısının 24x27mm, oynaq başının 12 mm ölçüdə sümük defekti. Üz-çənə nahiyəsinin kontrakturası, çeynəmə funksiyasının mülayim dərəcədə pozulması diaqnozu qoyulmuşdur. İddiaçı xx.xx.2016-cı ildə aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin təyin olunması ilə əlaqədar olaraq SQ BKH-nın hərbi-həkim komissiyası tərəfindən xx.xx.2016cı il tarixdə şəhadətləndirilmiş və "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır" qərarı verilmişdir. İddiaçının aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi "Travmadır, hərbi xidmət dövründə alınmışdır" kimi təyin edilmişdir. İddiaçıya ilk dəfə xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə “Baş və boyun nahiyəsinin sınıqları, Sol çənə sümüyünün sınığına görə təkrari cərrahi əməliyyatdan sonrakı vəziyyət. İnstrumental fiksasiyadan sonra qeyri-düzgün bitişmiş sınığa görə oynaq başı və tac çıxıntıların, titan lövhələrin çıx-sı əməliyyatından sonrakı vəziyyəti. Sol çənə sümüyünün xroniki osteomieliti çeynəmə və nitqin pozulması. Sol çənə sümüyünün xroniki osteomieliti” diaqnozu üzrə Meyarların 2.5.15-ci (çənənin və ya sərt damağın çeynəməni protez təmin etməyən qüsurları (K10.0-K10.9) bəndinə əsasən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyasının xx.xx.2017-ci il tarixli, 2673 nömrəli qərarı ilə SQ BKH-nın hərbi-həkim komissiyası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 1583 nömrəli xəstəlik haqqında şəhadətnamədə qüvvəsindən düşmüş, iddiaçının aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi təyin edilmişdir. Hal-hazırda Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyasının xx.xx.2017-ci il tarixli, 2673 nömrəli şəhadətnaməsi qüvvədədir (xx.xx.2023-cü il tarixli, 1671 nömrəli məktubuna əsasən) Bundan sonra “T02.0 Baş və boyun nahiyəsinin sınıqları, Sol çənə sümüyünün sınığına görə təkrari cərrahi əməliyyatdan sonrakı vəziyyət.(xx.xx.2016) İnstrumental fiksasiyadan sonra qeyri düzgün bitişmiş sınığa görə oynaq başı və tac çıxıntıların,titan lövhələrin çıx-sı əməliyyatdan sonrakı vəziyyəti (xx.xx.2016).Sol çənə sümüyünün xroniki osteomieliti çeynəmə və nitqin pozulması” əsas diaqnoz, “T02.0 Baş və boyun nahiyəsinin sınıqları” və “K10.2 Çənələrin iltihabi xəstəlikləri, Sol çənə sümüyünün xroniki osteomieliti” ağırlaşmaları ilə Meyarların 2.2.9-cu (qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg) bəndinə əsasən xx.xx.2017-ci il tarixdə iddiaçıya hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 il müddətinə (xx.xx.2022-ci il tarixədək) ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyi xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması – Ekspertiza üçün əhəmiyyətli olan patofunksional pozğunluqlar dəqiqləşdirilməyib səbəbi ilə imtina edilmişdir. İddiaçı həmin qərardan şikayət vermişdir. Həmin şikayət və digər 29 nəfər vətəndaşın müraciəti əsasında onların xx.xx.2022-ci il tarixdə əyani müayinəsi keçirilmiş və Komissiyanın xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarı qəbul edilmişdir. Həmin qərara əsasən iddiaçıya münasibətdə diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçı barəsində sonuncu dəfə Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixdə göndəriş tərtib edilmiş və iddiaçıya aşağıdakı diaqnoz qoyulmuşdur: Əsas diaqnoz: T02.0 - Baş və boyun nahiyəsinin sınıqları, Baş və boyun nahiyəsində sınıqlar. Alt çənənin sol oynaq başının və tac çıxıntısının təkrari cərrahi əməliyyatdan sonrakı vəziyyət. İnstrumental fiksasiyadan sonra qeyri düzgün bitişmiş sınığa görə oynaq başı və tac çıxıntıların,titan lövhələrin çıxarılmassı əməliyyatdan sonrakı vəziyyəti. Çeynəmənin əhəmiyyətli dərəcədə pozulması. Ağırlaşma: M86-Osteomielit, Sol çənə şaxəsində xroniki osteomielit, çeynəmənin və nitqin pozulması. Ağırlaşma: K07.5- Funksional mənşəli çənə-üz anomaliyaları. Ağırlaşma: K07.6- Gicgah-çənə oynağının xəstəlikləri. Yanaşı xəstəlik: F48.0-Nevrasteniya, Asteno-nevrotik sindrom. Ağırlaşma: S02.6-Alt çənənin sınığı, Alt çənənin sol oynaq başının və tac çıxıntısının təkrari cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sol tac çıxıntının 24x27 mm oynaq başının 12 mm ölçüdə defekti. Açıq dişləm sagital yarıq – 1-2 mm kontakt, 7/7, 7\7 çeynəmənin əhəmiyyətli dərəcədə pozulması. Həmin diaqnoz üzrə iddiaçının əlilliyi xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Həmin qiymətləndirmədən narazı qalan iddiaçının müraciətinə əsasən iddiaçı və digər 33 nəfər vətəndaşın xx.xx.2023-cü il tarixdə əyani müayinəsi keçirilmiş və Komissiyanın xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-3394/2023 nömrəli qərarı qəbul edilmişdir. Həmin qərarın 1.24-cü bəndinə əsasən iddiaçıya münasibətdə diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə mübahisəsi: İddiaçı cavabdehə qarşı xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli müayinə ilə bağlı imtinasının əsassız hesab edilərək, ona hərbi vəzifəsini yerinə yetirərkən xəndəyə yıxılaraq travmalar alması ilə bağlı təyin edilmiş 2-ci qrup əlillik dərəcəsinin, dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə iclasında iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 50 faiz pozuntusuna görə “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” səbəbli əlaqəsi ilə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə təqdim etdiyi etirazında iddiaçının müayinə nəticələrini qeyd etmiş və əlavə bildirmişdir ki, verdiyi anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3305/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin T693/2023 nömrəli ekspert rəyinə əsasən iddiaçıya qoyulmuş baş və boyun nahiyəsinin sınıqları, Sol çənə sümüyünün sınığına görə təkrari cərrahi əməliyyatdan sonrakı vəziyyət.(xx.xx.2016) İnstrumental fiksasiyadan sonra qeyri düzgün bitişmiş sınığa görə oynaq başı və tac çıxıntıların,titan lövhələrin çıx-sı əməliyyatdan (xx.xx.2016) sonrakı vəziyyəti...” diaqnoz xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliyi qənaətbəxş olmuşdur. Qeyd edilən diaqnozla əlaqədar iddiaçının hazırda əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-306/2024 nömrəli qərardadı ilə 10 dekabr 2024-cü il tarixədək xx.xx.1983-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) münasibətdə xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən verilmiş tibbi göndərişdə yol verilmiş yanlışlığın aradan qaldırılmasının təmin olunması və bundan sonra iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı məsələ üzrə şəxsin əyani müayinəsini keçirərək müvafiq əsaslar göstərilməklə yekun qərarın (təmin və ya imtina haqqında) qəbul edilməsi “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə həvalə edilmişdir. Həmin qərardad əsasında iddiaçı xx.xx.2024-cü il tarixdə əyani müayinədə olmuş və təqdim edilən tibbi sənədlər və əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddianın mümkünlüyü ilə bağlı o da qeyd olunur ki, iddiaçı xx.xx.2023-cü il tarixli qərardan əvvəl inzibati qaydada şikayət vermiş, onun şikayəti əsasında xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-3394/2023 nömrəli qərarı qəbul edilmişdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir ki, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan iddia müddətini ötürməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçıya ümumi xəstəlik səbəbi ilə xx.xx.2017-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Daha sonra Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyasının xx.xx.2017-ci il tarixli, 2673 nömrəli qərarı ilə şəhadətləndirildikdən sonra ona xx.xx.2017-ci il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Sonuncu müayinə zamanı isə ekspertiza üçün əhəmiyyətli instrumental müayinə nəticələrinin təqdim edilməməsi səbəbilə imtina edilmişdir. Hazırda iddiaçı ona müddətsiz əlilliyin təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qərardadı əsasında iddiaçının yenidən keçirilmiş əyani müayinəsinə dair cavabdeh xx.xx.2024-cü il tarixli qərarında qeyd etmişdir: Anamnestik məlumatlarında 2016-cı ildə çənə sümüyünün qırılmasından sonra titan lövhələrlə əvəz edilmiş, daha sonra lövhələrin uyuşmazlığı səbəbi ilə qanqrena olduğunu bildirmiş, çənədə hərəkət məhdudluğu olduğunu, çeynəmə prosesinin pozulduğunu, düzgün qidalana bilmədiyini ancaq duru qidalar qəbul edə bildiyini söyləmiş, medikomentoz olaraq "İmperium" qəbul etdiyini qeyd etmişdir. Müayinə zamanı dərman fonunda arterial təzyiq 180/120 mm.cv.st, boyu 167 sm, çəkisi 87 kq, BKl=31 müəyyənləşdirilmiş, çəki defisi aşkarlanmamış, bu da qidalanma prosesinin pozulmamasına dəlalət etmişdir. Müayinə zamanı alt çənənin sol tərəfində və sol yanaqda çapıqlar izlənilmiş, təqdim olunmuş rentgen şəklində sümük defekti izlənilməmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023- cü il tarixli 6902 nömrəli Tibbi rəyində diaqnoz "Baş və boyun nahiyyəsində sınıq. Alt çənənin sol oynaq başının tac çıxıntısının təkrari cərrahi əməliyyatdan sonrakı vəziyyət. İnstrumental fiksasiyadan sonrakı qeyri-düzgün bitişən sınığdan sonrakı qeyri-düzgün bitişən sınığına görə oynaq başı və tac çıxıntısının titan lövhələrin çıxarılması əməliyyatından sonrakı vəziyyət. Sol çənə şaxəsində xroniki osteomielit, çeynəmənin və nitqin pozulması. Sol tac çıxıntısının 24x7 mm oynaq basının 12 mm ölçüdə deffekti Ceynəmənin əhəmiyyətli dərəcədə pozulması. Xroniki qastrit" kimi qeyd edilmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. İddiaçıya əlilliyin imtina səbəbi diaqnozun öz təsdiqini tapmaması qeyd edilsə də, həmin hal aydın şəkildə ifadə olunmamış, patofunksional pozuntuların müəyyən edilmədiyi qeyd etmiş, həmin patofunksional pozuntuların nədən ibarət olması, ümumiyyətlə həmin diaqnozun əlilliyin təyini üçün əsas olub-olmaması barədə məlumat göstərilməmişdir. Məhkəməyə təqdim edilmiş icraat materiallarında həmin faktları müəyyən etmək mümkün olmamışdır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh qurum tərəfindən iddiaçı əyani müayinəyə dəvət olunarkən onun adına verilmiş göndərişlərdəki əsas diaqnoz xəstəliyinin olub-olmamasının müəyyən edilməsi məqsədilə müvafiq instrumental həkim müayinələri aparılmamış, tibbi texniki avadanlıqların köməyilə baxışdan keçirilməsi ilə bağlı müvafiq sənədlər tərtib olunmamışdır. Bununla da cavabdeh qurum tərəfindən iddiaçıya tələb etdiyi əlilliyin təyin olunmasından müvafiq araşdırmalar aparılmadan formal imtina etmiş, nəticədə də öz səlahiyyətlərindən irəli gələn vəzifələrini lazımi qaydada icra etməmişdir. Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş göndərişə əsasən iddiaçıya “T02.0 - Baş və boyun nahiyəsinin sınıqları, Baş və boyun nahiyəsində sınıqlar. Alt çənənin sol oynaq başının və tac çıxıntısının təkrari cərrahi əməliyyatdan sonrakı vəziyyət. İnstrumental fiksasiyadan sonra qeyri düzgün bitişmiş sınığa görə oynaq başı və tac çıxıntıların,titan lövhələrin çıxarılmassı əməliyyatdan sonrakı vəziyyəti. Çeynəmənin əhəmiyyətli dərəcədə pozulması” əsas diaqnozu, “Ağırlaşma: M86-Osteomielit, Sol çənə şaxəsində xroniki osteomielit, çeynəmənin və nitqin pozulması”; “Ağırlaşma: K07.5- Funksional mənşəli çənə-üz anomaliyaları.”; “Ağırlaşma: K07.6- Gicgah-çənə oynağının xəstəlikləri.”; “Yanaşı xəstəlik: F48.0-Nevrasteniya, Astenonevrotik sindrom.”; “Ağırlaşma: S02.6-Alt çənənin sınığı, Alt çənənin sol oynaq başının və tac çıxıntısının təkrari cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sol tac çıxıntının 24x27 mm oynaq başının 12 mm ölçüdə defekti. Açıq dişləm sagital yarıq – 1-2 mm kontakt, 7/7, 7\7 çeynəmənin əhəmiyyətli dərəcədə pozulması.” diaqnozları qoyulmuşdur. 2022-ci ilin iyul ayının 1-dən qüvvədə olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın “Ağız boşluğu, ağız suyu vəziləri və çənə xəstəlikləri” adlanan 3.1-ci bəndinin (K07-K10) 3.1.1-ci yarımbəndində “Ağız boşluğu, ağız suyu vəziləri və çənə xəstəlikləri” xəstəliklər öz əksini tapmışdır. Göründüyü kimi, K07.5 və K07.6 diaqnozlu xəstəlik Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.1.1.2-ci bəndinin tələbləri baxımından müddətsiz əlilliyin təyininə əsas verən xəstəliklərdir. Oxşar işlər üzrə formalaşmış Azərbaycan Respublikasının Ali Məhkəməsinin mövqeyinə istinad edilməlidir. Qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməli, əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina etməsi qanunsuz və əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Ona görə də, təyin olunmuş diaqnoz üzrə iddiaçıya əlilliyin təyinatı olmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməli, ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 50 faiz pozuntusuna görə “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” səbəbli əlaqəsi ilə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul olunması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 50 faiz pozuntusuna görə Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır səbəbli əlaqəsi ilə müddətsiz əlillik təyin olunması barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-88/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-88/2025
13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver