Məhkəmə qərarları › İş №2-1(114)-880/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-880/2021

02.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-880/2021 02.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızı, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı dəymiş maddi və mənəvi zərərə, əldən çıxmış faydaya görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4 ədəd qaz boru xətlərinin onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və 14 ildə ona dəymiş 142 408 (bir yüz qırx iki min dörd yüz səkkiz) manat maddi zərərin, 122 000 (bir yüz iyirmi iki min) manat əldən çıxmış faydanın və 60 000 (altmış min) manat mənəvi zərərin ödənməsi barədə qərarın çıxarılmasını, əgər qaz boru xətlərinin və qaz paylayıcı qurğunun onun mülkiyyətindən çıxarmaları əngəldirsə, yaxud X1 üçün lazımdırsa, vacibdirsə, torpağa ehtiyacları varsa və sair təqdirdə onun mülkiyyətində olan torpaq sahəsinin hər bir sotuna 1150 manatdan (bir min yüz əlli ) hesablayaraq 57 sot torpağa 65 550 manat (altmış beş min beş yüz əlli ) pul verib özgələşdirilməsi, həmçinin, istifadə etdikləri dövrdən yəni 14 ildə dəymiş maddi zərərə görə 142.408 (bir yüz qırx iki min dörd yüz səkkiz) manat, əldən çıxmış faydaya görə 122.000 (bir yüz iyirmi iki min) manat və mənəvi zərərə görə 60.000 (altmış min) manat ödənilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İlkin olaraq məhkəmə qeyd edir ki, publik (ümumi) hüquq və xüsusi hüquq sahələrinin fərqləndirilməsi zamanı ilk müəyyən edilməli məsələ hüquqi mübahisə iştirakçılarının kim olmasıdır. İştirakçılar qismində fiziki şəxslər və ya mülki hüququn hüquqi şəxsləri çıxış edərlərsə, bu zaman söhbət müvafiq olaraq mülki-hüquqi mübahisədən gedəcəkdir. Fiziki və hüquqi şəxslər yalnız müstəsna hallarda publikhüquqi qaydada, yəni inzibati orqan kimi fəaliyyət göstərmək üçün (qanuni) səlahiyyətə malik olurlar. Başqa sözlə, inzibati mübahisələrdə tərəflərdən biri qismində “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan iştirak etməlidir. Lakin bu heç də bütün bu kimi hallarda söhbətin mütləq olaraq inzibati-hüquq münasibətindən getməsi anlamına gəlmir. Çünki inzibati orqanlar da mülki-hüquqi müqavilələr bağlaya, yəni mülki hüquq müstəvisində fəaliyyət göstərə bilərlər. “İnzibati icraat haqqında” Qanunun 3.1. maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların” təsnifatında qeyd edilmişdir. Hazırki iddia tələbində cavabdeh qismində göstərilmiş “Azəriqaz” İstehsalat Birliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların” təsnifatında inzibati orqanların siyahısında inzibati orqan kimi qeyd edilməmişdir. Bununla belə, inzibati orqanlar qanuna əsasən xüsusi səlahiyyətlərə malik olduğu üçün onlarda hakimiyyət daşıyıcısı olmaq xüsusiyyəti mövcuddur. Prinsip etibarilə, bərabər səviyyədə bir-biriləri ilə hər hansı bir münasibətə daxil olan mülki hüququn şəxslərindən fərqli olaraq, inzibati orqanlar birtərəfli qaydada sərəncam qəbul edə, əmrlər verə, nəyisə qadağan edə, eləcə də sadalanan bütün bu hərəkətləri özləri icra edə bilərlər. İnzibati orqanın bu cür hakimiyyət ünsürlərinə malik qaydalar müəyyən etdiyi hallarda söhbət həmişə publik (ümumi) hüquqdan və bununla da inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işdən gedir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətətə təbiq edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli, 4 nömrəli qərarının 13-cü bəndində qeyd edilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarının 14-cü bəndində qeyd edilmişdir ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona məxsus torpaq sahəsindən qaz boru xətlərinin keçməsi ilə bağlı ona dəymiş zərərin ödənilməsinə və ya torpaq sahəsinin alqı-satqı yolu ilə cavabdehə satılmasına dair dəfələrlə cavabdehin tabe olduğu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) müraciət etsə də, hazırki tələblə cavabdehə müraciətini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddia mümkün sayılmasın. Qərardaddan tərəflər təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar