Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-880/2023 17.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının hüququnun yarandığı tarixdən təyin edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1973-cü il tarixdən 1998-ci il tarixədək Yenikənd tinglik sovxozunda, 2000-ci ildən xx.xx.2004-cü il tarixədək “Yol İstismar” idarəsində və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının hüququnun yarandığı tarixdən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş, 1973-cü ildən 1998-ci ilə kimi Yenikənd tinglik savxozunda müxtəlif vəzifələrdə işləmiş, 2000-ci ildən xx.xx.2004-cü il tarixə kimi Yol İstismar İdarəsində buldozerçi vəzifəsində, xx.xx.2021-xx.xx.2022-ci illərdə isə CP İmişli Cotton MMC Cəmiyyətinin Samux əkinçilik təsərrüfatında traktorçu vəzifəsində işləmişdir, qeyd olunan fakt ona məxsus əmək kitabçası və arxiv arayışları ilə öz təsdini tapır. Pensiya yaşına çatdığı üçün ona yaşa görə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, “xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixdək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.2003cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının hüququnun yarandığı tarixdən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmişdir. İddiaçı və vəkili X6 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrlərin mötəbərliyinə əsaslı şübhələr olduğuna görə cavabdeh tərəfindən araşdırılması zərurəti yaranmışdır. X7 filialının xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən iddiaçının əmək kitabçasında qeyd edilmiş “Yol İstismar” idarəsində xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan əmək fəaliyyəti zamanı 2003-cü il tarixdə 3 ay əmək haqqı hesablanmış, 2004-cü il üzrə isə əmək haqqı cədvəlləri arxivə təhvil verilməmişdir. Samux rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arayışında iddiaçının “Yenikənd tinglik” sovxozunda xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan əmək fəaliyyəti zamanı 1994-cü ildə 6 ay əmək haqqı, hesablanması, 1995-ci il tarixdən 1997-ci il tarixədək əmək haqqı hesablanmaması bildirilmişdir. Həmçinin sözügedən arayışa əsasən iddiaçı xx.xx.1994-cü il tarixli əmrlə süd maşınında işləmək üçün sürücü vəzifəsinə qəbul edilmişdir. İddiaçının əmək kitabçasındakı qeyddə isə xx.xx.1993-cü il tarixdə işə qəbul edilməsi göstərilmişdir. Qeyd olunan uyğunsuzluqlar iddiaçının əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr yaratmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 154 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. -surəti işə əlavə edilmiş ИТ-İ ******* nömrəli, xx.xx.1981-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ayrıayrı vaxtlarda müxtəlif işlərdə əmək funksiyasını yerinə yetirmişdir. -X7 Filialının xx.xx.2022-ci il tarixli 671(460)/4 nömrəli arxiv arayışından görünür ki, “Yolnəqliyyatservis” Departamenti 20 (5, 18) saylı Yol İstismar idarəsi arxiv fondunun sənədlərinə əsasən fəhlə və qulluqçuların əmək haqqı cədvəllərində İddiaçı oktyabr 2000ci il tarixdən avqust 2003-cü il tarixədək əmək haqqı aldığı müəyyən olunmuşdur. -Samux Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 390 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixli 53 saylı əmrlə Yenikənd tingçilik sovxozunda 1 nömrəli şöbəyə müvəqqəti olaraq fəhlə qəbul edilmiş, xx.xx.1974-cü il tarixli 23 saylı əmrlə xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixə öz ərizəsinə əsasən məzuniyyətə buraxılmış, xx.xx.1975-ci il tarixli 18 saylı əmrlə briqadaya təhkim edilmiş, xx.xx.1994-cü il tarixli 14 saylı əmrlə süd maşınında işləmək üçün sürücü qəbul edilmiş, xx.xx.1995-ci il tarixli 50 saylı əmrlə QAZ-53 markalı süd maşını yararsız olduğu üçün MTZ-82 markalı traktora sürücü keçirilmiş, xx.xx.1997-ci il tarixli 18 saylı əmrlə islahatla əlaqədar olaraq öz ərizəsinə əsasən işdən azad edilmişdir. -Samux Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 265 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Yenikənd tingçilik sovxozunda 1994-cü ilin mart-avqust ayları üzrə əmək haqqı almış, 1995-1997-ci illər üzrə isə əmək haqqı kitabında adına rast gəlinməmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı ümumilikdə 25 ildən artıq sığorta stajı olduğunu iddia edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Bundan başqa, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin xx.xx.1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları"nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi mərkəzi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizəsi işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şübhə altına alınması məntiqə uyğun deyildir. Qeyd edilməlidir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən sığorta stajı ümumilikdə 22 il 6 ay təşkil etmişdir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən staj dövrü isə onun xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixdək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi müddətlərdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan əmək kitabçası və müvafiq arxiv arayışları ilə təsdiq olunur ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Yenikənd tingçilik sovxozunda, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək “Yolnəqliyyatservis” Departamenti 20 (5, 18) saylı Yol İstismar idarəsində işləmişdir. Bu baxımdan da məhkəmə hesab edir ki, Yenikənd tingçilik sovxozunun əmək haqqı kitablarında iddiaçının adının qeyd edilməməsi, həmçinin “Yolnəqliyyatservis” Departamenti 20 (5, 18) saylı Yol İstismar idarəsinin əmək haqqı cədvəllərinin arxivə təhvi verilməməsi onun ziyanına şərh edilə bilməz. Çünki iddiaçının xx.xx.1994-cü il tarixli 14 saylı əmrlə Yenikənd tingçilik sovxozuna sürücü qəbul edilməsi, xx.xx.1995-ci il tarixli 50 saylı əmrlə traktora sürücü keçirilməsi və xx.xx.1997-ci il tarixli 18 saylı əmrlə islahatla əlaqədar olaraq öz ərizəsinə əsasən işdən azad edilməsi müvafiq arxiv arayışı və əmək kitabçası ilə, həmçinin xx.xx.2000-ci il tarixdə 129 nömrəli əmrlə işə qəbul edilməsi və xx.xx.2004-cü il tarixdə 120 nömrəli əmrlə işdən azad edilməsi əmək kitabçası ilə təsdiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bu səbəbdən də məhkəmə cavabdeh tərəfindən mübahisələndirilən dövlərin də iddiaçının sosial sığorta stajına daxil edilməsini məqsədəmüvafiq hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunması üçün iki şərt ödənilməlidir, yəni şəxs müəyyən olunmuş yaş həddində olmalı və müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) malik olmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla xx.xx.2022-ci il tarixdə artıq tələb olunan yaş (65 yaş) həddində olmuşdur. Deməli iddiaçının xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Beləliklə müəyyən olunur ki, iddiaçının cavabdeh tərəfindən qəbul edilən sığorta stajı (22 il 6 ay) və məhkəmə tərəfindən müəyyən edilən sığorta stajı da (xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixdək (4 ay 11 gün), xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək (3 il 2 ay) və xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək (1 il 1 ay) müddət üzrə- ümumilkidə 4 il 7 ay 11 gün) nəzərə alındıqda onun ümumi stajı tələb olunan (25 il) sosial sığorta stajından çoxdur. Beləliklə görünür ki, iddiaçı tələb olunan pensiya yaşına çatmaqla yanaşı, həm də tələb olunan sığorta stajına malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixdək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixdək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-880/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-880/2023
17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver