Məhkəmə qərarları › İş №2-1(114)-881/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-881/2021

01.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-881/2021 01.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı1 və üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxslər X24, X25, X7, X14, X28, X8 və X36) torpaq sahəsinin qeydiyyatıın ləğv edilməsi, həmin torpaq sahəsinin onun və ailə üzvlərinin adına qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı1 (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu, Otuzikilər kəndində yerləşən ona məxsus 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonunda torpaq islahatı aparıldığı zaman Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli qərarına əsasən onlara 3,10 ha torpaq sahəsi verilmişdir. Lakin həmin dövrdə ona və ailə üzvlərinə 3,48 ha torpaq sahəsi verilməli idi. Bərdə rayon Aqrar İslahat Komissiyası Bərdə rayonu, Otuzikilər kəndində yerləşən 0,20 ha torpaq sahəsinin uzun müddət onun istifadəsində olmasını əsas gətirərək, onlara cəmi 3,10 ha torpaq sahəsi vermişdir. Həmin 0,20 ha torpaq sahəsinin plan ölçüsü torpağa mülkiyyət hüququna dair JN-582, KOD 61018018 saylı dövlət aktında öz əksini tapmışdır. Bərdə rayonu, Otuzikilər kəndində yerləşən 0,20 ha torpaq sahəsi 1980-ci ildən onun istifadəsində olmuşdur. Bu faktı Bərdə rayonu, Otuzikilər kənd bələdiyyəsinin keçmiş sədri, hazırki bələdiyyə sədrinin müavini və digər şəxslərdə təsdiq edə bilərlər. Bundan başqa həmin 0,20 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi Bərdə rayon Aqrar İslahat Komissiyasının arxiv sənədlərində qeyd edilmişdir. Lakin həmin sənədləri əldə edə bilmir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə ərazi idarəsinə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə müraciət etmiş, lakin bir nəticəsi olmamışdır. Buna görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin 20.11.2020-ci il tarixli 2-1(114)-1545/2020 nömrəli qərardadı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Bərdə rayonu, Otuzikilər kəndində yerləşən ona məxsus 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamamışdır. Qərardaddan narazı qalan iddiaçı tərəfindən verilən apellyasiya şikayəti əsasında iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 09.03.2021-ci il tarixli 2-1(104)-325/2021 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin 20.11.2020-ci il tarixli 2-1(114)-1545/2020 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin 30.04.2021-ci il və 27.05.2021-ci il tarixli 2-1(114)- 881/2021 nömrəli qərardadları ilə X24, X26, X9, X15, X29, X10 və X36 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. 27.05.2021-ci il tarixdə İddiaçı1 məhkəməyə «iddia tələbinin dəqiqləşdirilməsi barədə» ərizə təqdim edərək, JN-583 nömrəli dövlət aktı ilə X16 və onun ailə üzvlərinə verilmiş 583Z torpaq sahəsinin qeydiyyatının ləğv edilməsi və həmin torpaq sahəsinin onun adına qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Bundan sonra, iddiaçı 01.09.2021-ci il tarixdə məhkəməyə yenidən «iddia tələbinin dəqiqləşdirilməsi barədə» ərizə təqdim edərək, 583Z nömrəli dövlət aktının artıq mövcud olmadığını nəzərə alıb 22.06.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla X24, X7, X26, X28, X15, X10 və X19 birgə mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsinin qeydiyyatının ləğv edilməsi və həmin torpaq sahəsinin onun və ailə üzvləri: X20, X30, X11, X21 və X12 adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X24 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, mübahisəli 20 sot torpaq sahəsi qardaşı İddiaçı1 istifadəsində olmuşdur, lakin həmin 20 sot torpaq sahəsi onun dövlət aktına salındığı üçün aqrar-islahatı vaxtı ona düşən torpaq sahəsinin həcmi azalmışdır. Sözügedən 20 sot torpaq sahəsini İddiaçı1 qaynı Məmmədov İsrafilə bağışlamışdır. O da orada ev tikdirmişdir. 583 nömrəli dövlət aktı ilə verilmiş torpaq sahəsini ailə üzvləri ilə birgə istifadə edir. Cavabdeh məhkəməyə yazılı etiraz göndərərək bildirmişdir ki, ünvan 1ində yerləşən torpaq sahəsinin Dövlət aktının 583 saylı kodunun ləğv edilərək 582 kodunun vurulması ilə əlaqədar iddiaçının 23.06.2020-ci il tarixli ərizəsinə baxılmışdır. Ərizədə qeyd edilənlər nəzərə alınaraq bildirilmişdir ki, Azərbaycan Respublikasında Aqrar islahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni ifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və dövlət Aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Ərizədə qeyd edilənlərdən məlum olmuşdur ki, islahat zamanı iddiaçıya və ailə üzvlərinə 3,48 ha torpaq sahəsi verilməli olmasına baxmayaraq JN-582 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında 3,10 ha mülkiyyətinə verilmişdir. Onlara məxsus ünvan 1ində yerləşən torpağa mülkiyyət hüququna dair JN-582 saylı Dövlət aktı üzrə hansı səbəbdən 3,48 ha əvəzinə 3,10 ha torpaq sahəsinin mülkiyyətinə verilməsi məlum deyildir. Həmin yalnışlığın araşdırılaraq düzəldilməsi, eyni zamanda JN-583 saylı kodun ləğv edilərək JN-582 kimi yazılması 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, digər üçüncü şəxslər isə gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3ci maddəsi). Məhkəmə araşdırmasının predmetini Bərdə rayonu İcra Hakimiyyəti başçısının Otuzikilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17.07.2020-ci il tarixli 196 və 197 saylı arayışları, Bərdə rayonu Otuzikilər bələdiyyəsinin 15.07.2021-ci il tarixli aktı, JN- 582 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı, JN-583 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı, cavabdehin 29.06.2020-ci il tarixli **********09 nömrəli imtina məktubu və 02.09.2020-ci il tarixli **********24 nömrəli etirazı, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18.02.2021-ci il tarixli **********94 nömrəli məktubuna əlavə edilmiş “Otuzikilər, Vəliuşağı və Bayramlı kəndlərindəki tut bağı sahiblərinin siyahısı”, 22.06.2020-ci il tarixli ********** qeydiyyat, **********14 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, A 483432 nömrəli, 22.06.2020-ci il tarixli **********14 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin 13.08.2021-ci il tarixli 1383/2021 nömrəli məktubu və ona əlavə edilmiş 02.05.2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”, 07.04.2018-ci il tarixli ********** qeydiyyat, **********04 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə "İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. İş materiallarına əlavə edilmiş Bərdə rayonu İcra Hakimiyyəti başçısının Otuzikilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17.07.2020-ci il tarixli 197 saylı arayışından görünür ki, Otuzikilər kəndində “Çəkil bağı” adlanan ərazidəki 0,20 ha torpaq sahəsi aqrar islahat dövründən İddiaçı1 istifadəsində olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayonu Otuzikilər bələdiyyəsinin 15.07.2021-ci il tarixli aktından görünür ki, İddiaçı1 adına olan JN-582 nömrəli dövlət aktında olan keçmiş çəkilbağı deyilən ərazidəki 0,20 ha torpaq sahəsi dövlət aktı kodlaşdırılan zaman səhvən 583Z kodu ilə vurulmağına baxmayaraq həqiqətən həmin torpaq sahəsi kolxoz dövründə baramaqurdu saxlamaq üçün İddiaçı1 təhkim edilmiş və torpaq islahatı aparılan zaman isə islahat komissiyasının qərarı ilə İddiaçı1 öhdəsində saxlanılmışdır. İş materiallarına əlavə edilmiş JN-582 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 15.12.1998-ci il tarixli 15 saylı qərarı ilə ünvan 1 sakini İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə 3.10 ha torpaq sahəsi verilmişdir. Həmin akta əlavə edilmiş torpaq sahəsinin planı (cizgisi) sənədinə əsasən 582 nömrəli mülk üzrə 30981,87 kv.m, 583Z nömrəli mülk üzrə 2000 kv.m torpaq sahəsi mövcuddur. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18.02.2021-ci il tarixli **********94 nömrəli məktubuna əlavə edilmiş “Otuzikilər, Vəliuşağı və Bayramlı kəndlərindəki tut bağı sahiblərinin siyahısı”ndan görünür ki, İddiaçı1 sahibliyində 0,20 ha tut bağı sahəsi vardır. İş materiallarına əlavə edilmiş JN-583 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 15.12.1998-ci il tarixli 15 saylı qərarı ilə ünvan 1 sakini X13 və onun ailə üzvlərinin mülkiyyətinə 4.08 ha torpaq sahəsi verilmişdir. Həmin akta əlavə edilmiş torpaq sahəsinin planı (cizgisi) sənədinə əsasən 583 nömrəli mülk üzrə 38772,49 kv.m, 583Z nömrəli mülk üzrə 2000 kv.m torpaq sahəsi mövcuddur. İş materiallarına əlavə edilmiş 07.04.2018-ci il tarixli ********** qeydiyyat, **********04 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1i ərazisində yerləşən 3,877 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə pay üzrə X17, X18, X2, X5, X22, X3 və X27 məxsusdur. İş materiallarına əlavə edilmiş 02.05.2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, hədiyyə verənlər X24, X25, X14 və X1 rayonu Otuzikilər kəndi ünvanında yerləşən ümumi sahəsi 3,877 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsini bütünlüklə X3 bağışlamışlar. İş materiallarına əlavə edilmiş 22.06.2020-ci il tarixli ********** qeydiyyat, **********14 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1i ərazisində yerləşən 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə pay üzrə X17, X18, X4, X5, X23, X3 və X27 məxsusdur. Beləliklə məhkəmədə tədqiq edilmiş sənədlərin məzmunundan müəyyən olunur ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 15.12.1998-ci il tarixli 15 nömrəli qərarı ilə həm iddiaçıya və ailə üzvlərinə, həm də üçüncü şəxslərə ünvan 1i ərazisindən torpaq sahəsi verilmişdir. Hazırda mübahisələndirilən 0,20 ha tut bağı olan torpaq sahəsinin planı (cizgisi) sənədi həm iddiaçı və ailə üzvlərinin adına verilmiş JN-582 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına, həm də üçüncü şəxslərin adına verilmiş JN-583 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əlavə edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlardan da göründüyü kimi 3,877 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üçüncü şəxslərin adına ayrı-ayrılıqda qeydiyyata alınmışdır. Ona görə də, hazırkı iş üzrə mübahisə predmeti 22.06.2020-ci il tarixli ********** qeydiyyat, **********14 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ərazisində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə X24, X25, X7, X14, X28, X8 və X19 adına aparılmış qeydiyyatın ləğvi və həmin qeydiyyatın iddiaçının və ailə üzvlərinin adına aparılmasıdır. Məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq edilmişdir ki, mübahisə predmeti olan ünvan 1i ərazisində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aqrar islahat aparılan tarixdən hal-hazıradək məhz iddiaçının və onun ailə üzvlərinin istifadəsində olmuşdur. İddiaçı mübahisələndirilən 0,20 ha ölçüdə 583Z nömrəli mülkə, yəni tut bağı olan torpaq sahəsinə aid torpaq sahəsinin planı (cizgisi) sənədin onun adına verilmiş JN-582 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əlavə edildiyini bildirərək 583 Z saylı kodun ləğv edilərək 582 saylı koda vurulması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan dövlət aktında yanlışlığın araşdırılaraq düzəldilməsinin səlahiyyətlərinə aid olmadığı üçün müraciətdən imtina etmişdir. 22.06.2020-ci il tarixli ********** qeydiyyat, **********14 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, mübahisəli ünvan 1i ərazisində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə pay üzrə X24, X25, X7, X14, X28, X8 və X19 adına qeydiyyatdan keçmişdir. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının mülkiyyətinə qanunla nəzərdə tutulmuş qaydada 0,20 ha bağ sahəsi verilmiş, həmin torpaq sahəsi fasiləsiz və etirazsız iddiaçının faktiki sahibliyindədir, lakin mübahisəli torpaq sahəsi üzərində dövlət aktlarında olan yanlışlıqla əlaqədar üçüncü şəxslərin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyatdan keçmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 9.1 və 9.2-ci maddələrinə əsasən, Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. 15.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin məhkəmə tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının və ailə üzvlərinin adına verilmiş JN-582 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının sertifikatında 2000,00 kv.m torpaq sahəsi qeyd olunmasa da aktın torpaq sahəsinin planında – cizgisində 2000,00 kv.m torpaq sahəsi göstərilmişdir. Bundan başqa, qeyd edilən torpaq sahəsinin iddiaçının və ailə üzvlərinin hazırkı vaxtadək istifadəsində olması iş üzrə əldə edilmiş təkzibolunmaz sübutlarla, habelə aqrar islahat aparılarkən tut bağı sahiblərinin siyahısında 0,20 ha torpaq sahəsinin iddiaçının qanuni sahibliyində olması da öz təsdiqini tapmışdır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcun olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ nömrəli Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair 13 avqust 2020-ci il tarixli 02 nömrəli qərardadında göstərilmişdir ki, “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqanların publik hüquq sahəsindəki idarəetmə fəaliyyətinin həyata keçirilməsi əsasən iki formada təzahür edir - inzibati akt qəbul edilməsi və faktiki xarakterli fəaliyyət (hərəkətlər). Faktiki xarakterli hərəkətlərin inzibati aktlardan fərqləndirilməsi üçün ən effektiv üsul “istisna yolu”dur. Belə ki, inzibati orqanın publik hüquq sahəsindəki inzibati akta aid edilə bilməyən bütün digər fəaliyyəti faktiki xarakterli hərəkət kimi qəbul edilməlidir. Faktiki xarakterli hərəkətlər özünü ya hər hansı bir inzibati aktın yaxud normativ-hüquqi aktın icrası kimi, ya da heç bir hüquqi akta əsaslanmadan, birbaşa törədilən hərəkətlər kimi göstərə bilər. İnzibati aktda həlledici olan iradə ifadəsinin mövcudluğudur, çünki hüquqi aktlar mütləq iradə ifadəsini əks etdirirlər. Faktiki xarakterli hərəkətlərdə isə hərəkətin iradi və ya qeyri-iradi törədilməsindən asılı olmayaraq ona hüquqi dəyər verən hərəkətin özüdür. Faktiki xarakterli hərəkətlərin aşağıdakı əlamətini fərqjəndirmək mümkündür: a) publik hüquq sahəsində həyata keçirilmə – hüquqi qiymətləndirmə zamanı hərəkətin inzibati hüquqi mənada faktiki xarakterli hərəkət kimi qəbul edilməsi üçün inzibati orqanın həmin fəaliyyətinin məhz publik hüquq sahəsində həyata keçirilməsi vacibdir. Faktiki xarakterli hərəkət həmçinin mülki hüquq sahəsində də həyata keçirilə bilər, amma bu hərəkət “İnzibati icraat haqqında” Qanunun anlamında faktiki xarakterli hərəkətlərlə qarışdırılmamalıdır. Bu zaman, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır (“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 04 nömrəli qərarı) b) faktiki nəticə yaratma – inzibati aktlar bir qayda olaraq hüquqi vəziyyətdə dəyişiklik etmək qabiliyyətinə malik olduqları halda, faktiki xarakterli hərəkətlər daha çox maddi nəticə əldə etməyə yönəlir. Başqa sözlə, inzibati orqan faktiki xarakterli hərəkətlərlə yeni faktiki vəziyyət yaratmağa və ya mövcud faktiki vəziyyəti dəyişdirməyə çalışır və bu hərəkətləri həyata keçirməkdə əsas məqsəd faktiki nəticə əldə etməkdir. Məhz bu cür faktiki hərəkətlərin (onların yaratdığı faktiki nəticələrin) fiziki və ya hüquqi şəxslərə münasibətdə təsirləri olur. Faktiki xarakterli hərəkətlər həmçinin hüquqi nəticələr doğururlar. Bəzən hüquqi nəticənin baş verməsi üçün hərəkətin edilib bitməsi və maddi nəticənin yaranması tələb olunur. Bəzən isə hərəkətsizlik də, yəni xarici aləmdə maddi nəticənin olmaması da hüquqi nəticəyə səbəb ola bilir. Göründüyü kimi, hazırkı iş üzrə mübahisə predmeti olan Bərdə rayonu, Otuzikilər kəndində yerləşən 0,20 ha torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmasına və aqrar islahatı vaxtı həmin torpaq sahəsinin hüquq sahibləri siyahısında iddiaçının adına qeydiyyata alınmağına baxmayaraq cavabdeh inzibati orqan Torpaq İslahatı haqqında Qanunun 9 və 10-cu maddələrinin tələblərinə zidd olaraq sözügedən torpaq sahəsi üzərində üçüncü şəxslərin hüquqlarının qeydiyyata almaqla qüsurlu faktiki hərəkətlərə yol vermişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı 22.06.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla X24, X7, X26, X28, X15, X10 və X19 birgə mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsinin qeydiyyatının ləğv edilməsini və həmin torpaq sahəsinin onun və ailə üzvləri: X20, X30, X11, X21 və X12 adına qeydiyyata alınmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 22.06.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla X24, X7, X26, X28, X15, X10 və X19 birgə mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsinin qeydiyyatı ləğv edilsin və həmin torpaq sahəsinin iddiaçının və onun ailə üzvləri: X20, X30, X11, X21 və X12 adına qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar