Məhkəmə qərarları › İş №2-1(114)-882/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-882/2020

19.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-882/2020 19.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi İsgəndərova Aygül Vulqar qızı, iddiaçılar Əmiraslanova Nailə Bəhlul qızının, Əmiraslanov Fariz Mübariz oğlunun, Əmiraslanova Qənirə Ərəbxan qızının, Əsgərov Aydın Bəhlul oğlunun, Mehtiyev Aydın Qurban oğlunun, Əmiraslanov Çingiz Məhərrəm oğlunun, Əmiraslanov İdris Məhərrəm oğlunun və Əmiraslanov Mübariz Məhərrəm oğlunun cavabdeh Ağstafa rayonu Göycəli kənd bələdiyyəsinə (üçüncü şəxs Həsənov Novruz Hüseyn oğlu) qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçılar Əmiraslanova Nailə Bəhlul qızı, Əmiraslanov Fariz Mübariz oğlu, Əmiraslanova Qənirə Ərəbxan qızı, Əsgərov Aydın Bəhlul oğlu, Mehtiyev Aydın Qurban oğlu, Əmiraslanov Çingiz Məhərrəm oğlu, Əmiraslanov İdris Məhərrəm oğlu və Əmiraslanov Mübariz Məhərrəm oğlu cavabdeh Ağstafa rayonu Göycəli kənd bələdiyyəsi (üçüncü şəxs Həsənov Novruz Hüseyn oğlu) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağstafa rayonu Göycəli kənd bələdiyyəsi ilə Həsənov Novruz Hüseyn oğlu arasında Ağstafa rayonu Göycəli kəndində yerləşən torpaq sahəsinə dair bağlanan xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, aqrar islahat aparılan zaman kənd ərazisinin bir qism torpaq sahələri örüş sahəsi kimi qeydə alınmış və vətəndaşların ümumi istifadəsinə verilmişdir. Lakin buna baxmayaraq, Ağstafa rayonu Göycəli kənd bələdiyyəsi örüş sahəsi kimi qeydiyyata alınan torpaq sahəsi bələdiyyə sədri tərəfindən Ağstafa rayonu Göycəli kənd sakini Həsənov Novruz Hüseyn oğluna qanunsuz olaraq icarəyə verilmişdir. Adıçəkilən torpaq sahəsi onların, yəni bütün kənd camaatının ümumi istifadəsində olduğu üçün onların bu iddianı qaldırmağa subyektiv hüquqları var. Halbuki, həmin torpaq sahəsi örüş sahəsi olduğundan icarəyə verilə bilməzdi. Ona görə də hesab edirlər kİ, həmin icarə müqaviləsi ləğv edilməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azəraqrartikinti» Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2017-ci il tarixli Qərarında göstərmişdir ki, iddianın mümkünlüyü məsələsi məhkəmələr tərəfindən işin hər hansı mərhələsində iddianın əsaslılığına hüquqi qiymət verilmədən yoxlanıla bilər. İddianın mümkünlüyünün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün seçilməsi, məhkəmə icraatını aparmaq qabiliyyətinə malik olma kimi formal şərtləri araşdırır. İddianın mümkünlüyünün yoxlanılması mübahisə predmetinə aid olan məsələlərə toxunmamalı və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olub-olmadığını müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin mümkünlük məsələsini yoxlayarkən ilk öncə xx xxxxxx 2017-ci il tarixli icarə müqaviləsinin ümumiyyətlə inzibati icraatın predmeti olan inzibati akt olub-olmaması araşdırılmalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra «İnzibati icraat haqqında» Qanununun) 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. İnzibati hüquqi akt qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. “İnzibati icraat haqqında” Qanununda “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt inzibati orqan tərəfindən qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olması əlamətləri ilə səciyyələnir. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarı). Beləliklə, hazırda mübahisə predmeti olan xx xxxxxx 2017-ci il tarixli icarə müqaviləsi yuxarıda qeyd edilənlərə əsasən inzibati akt üçün nəzərdə tutulan xüsusiyyətlərə malik olmadığından, inzibati akt hesab edilə bilməz. Bununla yanaşı «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarının 6.2. bəndinə əsasən torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Göstərilən hüquq normalarının tələbinə əsasən hesab edirəm ki, hazırkı ərizə üzrə mübahisə publik hüquq münasibətlərini tənzimləyən normalarla deyil, özəl hüquq münasibətlərini tənzimləyən normalar vasitəsilə nizama salınmalıdır. Həmin mübahisələrə isə müvafiq ümumi məhkəmələr tərəfindən baxıldığından, iddiaçılar hazırkı tələblə müvafiq ümumi (rayon) məhkəməyə müraciət etməlidir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar Əmiraslanova Nailə Bəhlul qızının, Əmiraslanov Fariz Mübariz oğlunun, Əmiraslanova Qənirə Ərəbxan qızının, Əsgərov Aydın Bəhlul oğlunun, Mehtiyev Aydın Qurban oğlunun, Əmiraslanov Çingiz Məhərrəm oğlunun, Əmiraslanov İdris Məhərrəm oğlunun və Əmiraslanov Mübariz Məhərrəm oğlunun cavabdeh Ağstafa rayonu Göycəli kənd bələdiyyəsinə (üçüncü şəxs Həsənov Novruz Hüseyn oğlu) qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiaları mümkün sayılmamalı, iddiaçılara hazırki mübahisə üzrə ümumi (rayon) məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Sonda məhkəmə onuda qeyd edir ki, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın mümkün sayılması və inzibati məhkəmə icraatı qaydasında baxılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən icraatda qənaət prinsipi və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar Əmiraslanova Nailə Bəhlul qızının, Əmiraslanov Fariz Mübariz oğlunun, Əmiraslanova Qənirə Ərəbxan qızının, Əsgərov Aydın Bəhlul oğlunun, Mehtiyev Aydın Qurban oğlunun, Əmiraslanov Çingiz Məhərrəm oğlunun, Əmiraslanov İdris Məhərrəm oğlunun və Əmiraslanov Mübariz Məhərrəm oğlunun cavabdeh Ağstafa rayonu Göycəli kənd bələdiyyəsi (üçüncü şəxs Həsənov Novruz Hüseyn oğlu) qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. İddiaçılara hazırkı mübahisə üzrə ümumi (rayon) məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati-İqtisadi Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev pr. 105) vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar