Məhkəmə qərarları › İş №2-1(114)-882/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-882/2021

24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-882/2021 24.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Goranboy Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X6) Goranboy Rayon İcra Hakimiyyəti başçısının 10.02.2010-cu il tarixli, 19 nömrəli sərəncamının ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Goranboy Rayon İcra Hakimiyyətinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə 09.12.2019-cu il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Goranboy Rayon İcra Hakimiyyəti başçısının 10.02.2010-cu il tarixli, 19 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 18.12.2019-cu il tarixli, 2- 1(083)-2368/2019 nömrəli qərardad ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 24.12.2019-cu il tarixli, 2- 1(083)-2368/2019 nömrəli qərar ilə iddia tələbi təmin edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 24.12.2019-cu il tarixli, 2-1(083)-2368/2019 nömrəli qərarından cavabdeh Goranboy Rayon İcra Hakimiyyəti Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişdir. X2 da, qeyd edilən qərardan Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişdir. Gəncə Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 16.03.2020-ci il tarixli, 2- 1(104)-327/2020 nömrəli qərardadla apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 24.12.2019-cu il tarixli, 2-1(083)-2368/2019 nömrəli qərarı ləğv edilmiş və iş baxılması üçün Gəncə İnzibati Məhkəməsinə qaytarılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin 16.03.2020-ci il tarixli, 2-1(104)-327/2020 nömrəli qərardadından İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş 17.02.2021-ci il tarixli, 2-1(102)-190/2021 nömrəli qərar ilə Gəncə Apelyasiya Məhkəməsinin 16.03.2020-ci il tarixli, 2-1(104)-327/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 05.04.2021-ci il tarixli, 2-1(114)- 882/2021 nömrəli qərardad ilə X6 (bundan sonra mətndə üçüncü şəxs) inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısının 23.05.2003-cü il tarixli sərəncamı ilə X1 Birliyinin ərazisindən 50.0 ha torpaq sahəsi iddiaçının rəhbərlik etdiyi “Goranboy-Şərab” ATSC-yə 40 il müddətində icarəyə verilmişdir. İddiaçı həmin torpaq sahəsinə çıxarış almaq üçün aidiyyəti quruma müraciət etmiş, lakin ona bildirilmildir ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısının 23.05.2003-cü il tarixli, 66 saylı sərəncamı ləğv edilmişdir. Lakin iddiaçının bu barədə məlumatı olmamışdır və qeyd edilən torpaq sahəsini istifadə edir. Göstərilənlərə əsasən Goranboy Rayon İcra Hakimiyyəti başçısının 10.02.2010-cu il tarixli, 19 nömrəli sərəncamının ləğv edilməli olduğunu hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 24 avqust 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlmiş, iddiaçı və cavabdehin nümayəndəsi isə gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi Nümayəndə iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçıya məxsus AZE seriyalı 17404748 nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Goranboy Rayon İcra Hakimiyyəti başçısının 23.05.2003-cü il tarixli, 66 nömrəli sərəncamının surəti; - Goranboy Rayon İcra Hakimiyyəti başçısının 10.02.2010-cu il tarixli, 19 nömrəli sərəncamının surəti; - JN-3767, KOD 50900001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin surəti; - 09.12.2019-cu il qeydiyyat tarixli, **********44 qeydiyyat nömrəli çıxarışın surəti; - İddiaçı tərəfindən tərtib edilmiş Goranboy Rayon İcra Hakimiyyətinin başçısı N.M.Quliyevə ünvanladığı 04.02.2009-cu il tarixli ərizənin əsli; - 14.07.2021-ci il tarixli, 4/880 nömrəli ekspert rəyi. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq , mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Goranboy Rayon İcra Hakimiyyəti başçısının 10.02.2010-cu il tarixli, 19 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmişdir. Qeyd edilən iddia məhkəmə tərəfindən baxılımış və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 24.12.2019-cu il tarixli, 2-1(083)-2368/2019 nömrəli qərarı ilə təmin edilmişdir. Məhkəmənin qərarı onunla əsaslandırılmışdır ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısının 23.05.2003-cü il tarixli sərəncamı, iddiaçının torpaq sahəsinin dövlət fonduna geri qaytarılmasını xahiş etməsi əsası ilə Goranboy Rayon İcra Hakimiyyəti başçısının 10.02.2010-cu il tarixli, 19 nömrəli sərəncamı ilə ləğv edilmişdir. Qərardan müəyyən olunur ki, məhkəmə tərəfindən qeyd edilən müraciətin, yəni iddiaçının ərizəsinin olub-olmaması barədə cavabdehdən məlumatın tələb edilməsi olsa da, həmin müraciətin mövcudluğu məhkəmə qaydasında öz təsdiqini tapmamışdır. Qeyd edilən əsasla məhkəmə iddiaçının iddiasını təmin etmiş və Goranboy Rayon İcra Hakimiyyəti başçısının 10.02.2010-cu il tarixli, 19 nömrəli sərəncamını ləğv etmişdir. Qeyd edilən qərardan narazı qalan cavabdeh Goranboy Rayon İcra Hakimiyyəti apelyasiya şikayəti vermiş və apelyasiya şikayətinə sərəncamın ləğv olunması üçün əsas olmuş iddiaçı tərəfindən verilmiş ərizəni əlavə etmişdir. Gəncə Apelyasiya Məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmış, birinci isntansiya məhkəməsinin qərarı ləğv edilmiş və iş baxılması üçün Gəncə İnzibati Məhkəməsinə qaytarılmışdır. Məhkəmə mahiyyəti üzrə işə baxan zaman üçüncü şəxs qismində X4 cəlb etmiş və onun iştirakı ilə iddia ərizəsinə baxmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən Goranboy Rayon İcra Hakimiyyəti başçısının 10.02.2010-cu il tarixli, 19 nömrəli sərəncamına əsas “Goranboy-Şərab” ATSC-nin rəhbəri İddiaçı 04.02.2009-cu il tarixli müraciəti təşkil etmişdir. Qeyd edilən sərəncam əsasında Goranboy Rayon İcra Hakimiyyəti başçısının 23.05.2003cü il tarixli, 66 saylı “Goranboy-Şərab” ATSC-nə torpaq sahəsinin icarəyə verilməsi barədə sərəncamı qüvvədən düşmüş hesab edilmiş, cəmiyyətə verilmiş 50 hektar torpaq sahəsi geri qaytarılmış və torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ləğv edilmişdir. Hazırda iddiaçı Goranboy Rayon İcra Hakimiyyəti başçısının 10.02.2010-cu il tarixli, 19 nömrəli sərəncamının ləğv edilməsini xahiş edir. Məhkəmə araşdırması nəticəsində sərəncamda öz əksini tapmış iddiaçı tərəfindən ünvanlanmış ərizə sorğu əsasında əldə edilmiş, həmin ərizə iddiaçıya təqdim edilsə də, iddiaçı bildirmişdir ki, ərizə onun tərəfindən imzalanmamışdır və məhkəməyə ərizə təqdim edərək, məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə “Goranboy-Şərab” ATSC-nin sədri İddiaçı tərəfindən imzalanmış, 04.02.2009-cu iltarixdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı N.M.Quliyevə ünvanlanmış ərizənin əsli tələb etmişdir. Həmin ərizənin məzmunundan görünür ki, “Goranboy-Şərab” ATSC-nə Goranboy Rayon İcra Hakimiyyəti başçısının 23.05.2003-cü il tarixli, 66 Saylı sərəncamı iə X9 Cəmiyyətə 40 il müddətinə icarəyə verilmiş 50 hektar torpaq sahəsini suvarma suyu olmadığına görə istifadə edə bilmədiyi üçün icarəyə verilmiş torpaq sahəsinin icarə müqaviləsinin ləğv edilib, həmin torpaq sahəsinin X10 geri qaytarılmasına dair sərəncam verilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməsini xahiş etmiş və Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 02.06.2021-ci il tarixli, 2-1(114)-882/2021 nömrəli qərardad ilə iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəməyə 04.08.2021-ci il tarixdə daxil olmuş 14.07.2021-ci il tarixli, 4/880 nömrəli məhkəmə-xəttşünaslıq ekspertizasının rəyinin nəticə hissəsindən müəyyən edilmişdir ki, İddiaçı adından olan 04 fevral 2009-cu il tarixli məktubda “B.İsmayılov” soyadı önündəki imza İddiaçı tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.17.3-cü bəndində göstərilmişdir ki, şəhər rayonlarının icra hakimiyyəti başçılarının sərəncam və əmrləri Azərbayan Respublikasının qanunvericiliyinə zidd olduqda onları ləğv etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aiddir. Həmin Əsasnamənin 6.08-ci bəndində göstərilmişdir ki, yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir, qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. “İnzibati icraat haqqında” Qanunun 2.0.10-cu maddəsinə əsasən, əlverişli inzibati akt maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt, 2.0.11-ci maddəsinə əsasən, əlverişsiz (yükləyici) inzibati akt isəəmaraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Bundan başqa məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, 09.12.2019cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Goranboy rayonu, Veyisli ərazi dairəsində yerləşən 43.0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqlar X3 adına qeyd alınmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə də, məhkəmə araşdırmaları zamanı, şifahi məhkəmə baxışı iclasında araşdırılmış sübutlarla və qeyd edilən münasibətlərə tətbiq ediləcək maddi hüquq normalarının tələblərinə əsasən müəyyən olunmuşdur ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısının 23.05.2003-cü il tarixli, 66 nömrəli sərəncamı iddiaçnın 04.02.2009cu il tarixli ərizəsi əsasında ləğv edilmiş və qeyd edilən sərəncamın ləğv edilməsinə dair qəbul edilmiş Goranboy Rayon İcra Hakimiyyəti başçısının 10.02.2010-cu il tarixli, 19 nömrəli sərəncamı qanunamüvafiq olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərmiş olduğu halları sübuta yetirə bilməmiş, məhkəmə iclasında sərəncamın ləğv olunması üçün olmuş əsasları məhkəməyə təqdim edə bilməmişdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqanın hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinin smetasından görünür ki, iş üzrə keçirilmiş ekspertizanın xərci 126 (bir yüz iyirmi altı) manat təşkil etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən (İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır) hesab edir ki, ekspertizanın keçirilməsi ilə bağlı 126 (bir yüz iyirmi altı) manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Goranboy Rayon İcra Hakimiyyətinə qarşı Goranboy Rayon İcra Hakimiyyəti başçısının 10.02.2010-cu il tarixli, 19 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Goranboy Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X6) Goranboy Rayon İcra Hakimiyyəti başçısının 10.02.2010-cu il tarixli, 19 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia təmin edilməsin. Ekspertiza xərci olan 126 (bir yüz iyirmi altı) manat məbləğində pul İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Adı: X5, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22) tutulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar