Məhkəmə qərarları › İş №2-1(114)-883/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-883/2021

30.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-883/2021 30.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, 29.12.2019-cu il tarixli, **********023100 nömrəli və 25.06.2020-ci il tarixli, **********492500 nömrəli qərarların ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq iclasında baxaraq müəyyən e t d i: “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 dekabr 2019-cu il tarixli, **********023100 nömrəli qərarı ilə İddiaçı 2018-ci ilin 4-cü rübü üzrə vergi orqanı tərəfindən aparılan kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı kimi 3854,94 manat hesablanmışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 iyun 2020-ci il tarixli, **********492500 nömrəli qərarı ilə İddiaçı 2019-cu il üzrə vergi orqanı tərəfindən bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 513,88 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 6412,37 manat hesablanmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra 12 saylı Ərazi Vergilər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində qəbul edilmiş “tələbin icraya yönəldilməsi haqqında” 09.03.2021-ci il tarixli qərarın, həmin qərarın aid olduğu 25.06.2020-ci il tarixli **********492500 nömrəli, 29.12.2019-cu il tarixli **********023100 nömrəli, 03.06.2019-cu il tarixli **********884500 nömrəli qərarların ləğv edilməsi, mükəlləfiyyətini qanuna uyğun əvvəlki “sadələşdirilmiş vergi ödəyicisi” vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “tələbin icraya yönəldilməsi haqqında” 09.03.2021-ci il tarixli qərarı ilə vergi ödəyicisi olaraq onun tərəfindən 4.458,15 manat əsas, 2.172,55 manat faiz, 100 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 6.730,70 manat məbləği qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 25.06.2020-ci il tarixli **********492500 nömrəli, 29.12.2019-cu il tarixli **********023100 nömrəli və 03.06.2019-cu il tarixli **********884500 nömrəli qərarlarının 09.03.2021-ci il tarixdən icraya yönəldilməsi qərara alınmışdır. Qərarın məzmunundan göründüyü kimi icraya yönəldilməsi qeyd olunan vergi, ona hesablanmış faizlər və maliyyə sanksiyası cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 03.06.2019-cu il, 29.12.2019-cu il və 25.06.2020-ci il tarixlərdə qəbul edilmiş, müvafiq olaraq **********884500, **********023100 və **********492500 nömrəli qərarlardan irəli gəlmişdir. Lakin adı çəkilən üç qərardan heç birindən xəbəri olmamışdır. Ona göndərilmiş icraya yönəltmə ilə bağlı 09.03.2021-ci il tarixli qərarı alandan sonra həmin qərarlar barəsində xəbər tutmuşdur. Həmçinin aydın olmuşdur ki, adıçəkilən və hazırkı iddia ilə mübahisələndirilən cavabdeh tərəfindən qəbul edilmiş 03.06.2019-cu il tarixli **********884500 nömrəli, 29.12.2019-cu il tarixli **********023100 nömrəli və 25.06.2020-ci il tarixli **********492500 nömrəli qərarlarına əsasən üzərinə qanunsuz olaraq əlavə vergi öhdəlikləri, faizlər və maliyyə sanksiyalarının ödənilməsi qoyulmuşdur. Mübahisəli qərarların qəbul edilməsinə əsas cavabdeh 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən “vergi ödəyicisi olaraq fəaliyyətimlə bağlı” düzgün olmayan bir sıra dəlilləri qəsdən qeyd etməklə, yanlış olaraq mükəlləfiyyətini dəyişməsi olmuşdur. Əslində isə cavabdehin fəaliyyəti barəsində qeyd etdiyi dəlillər yanlış olmaqla, nəticəsində tərtib edilmiş mübahisələndirilən qərarların qəbul edilməsi qanunsuz həyata keçirilmişdir. Bu səbəbdən də ləğvinə əsaslı dəlillər və hüquqi əsaslar göstərilməklə, qərarların ləğv edilməsi, yol verilmiş aşkar pozuntuların aradan qaldırılması barədə cavabdehə müraciət olunmuşdur. Cavabdeh vergi ödəyicisinin gətirdiyi dəlillərdə haqlı olduğunu bildiyi təqdirdə, vəzifəsini yerinə yetirməmiş, hərəkətsizlikdə davam etmişdir. Bu səbəbdən də məsələnin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 25.06.2020-ci il tarixli **********492500 nömrəli, 29.12.2019-cu il tarixli **********023100 nömrəli və 03.06.2019cu il tarixli **********884500 nömrəli qərarların ləğv edilməsini xahiş etmiş, ərizə inzibati icraata qəbul edilmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında ərizə təqdim edərək iddia tələbinin 03.06.2019-cu il tarixli **********884500 nömrəli qərara münasibətdə olan hissəsindən imtina etdiklərini, iddianın həmin hissədə baxılmamış saxlanılmasını xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin 30.04.2021-ci il tarixli 2-1(114)-883/2021 nömrəli qərardadı ilə ərizə təmin edilərək İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin 03.06.2019-cu il tarixli **********884500 nömrəli qərarın mübahisələndirilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir. İddiaçı məhkəməyə həmçinin Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisələndirilən 25.06.2020-ci il tarixli **********92500 nömrəli, 29.12.2019-cu il tarixli **********023100 nömrəli və 03.06.2019-cu il tarixli **********884500 nömrəli qərarlar ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada verilməmiş, elektron kargüzarlıq vasitəsi ilə həmin qərarlar vergi orqanı tərəfindən rəsmi qaydada təqdim edilməmişdir. Əgər elektron kargüzarlıq qaydasında göndərilmiş olsa belə və o sahibkar olsa da, elektron kargüzarlıq vasitələrindən kifayət qədər məlumatlı deyil və həmin elektron vasitələrin istifadəsindən, sənədlərin qəbul olunması və baxılmasından tam məlumatsızdır. Belə ki, özünə məxsus elektron poçt ünvanı olmamaqla yanaşı ümumiyyətlə kompüter vasitələrindən istifadə etmək bacarığı yoxdur. Bundan başqa rəsmi poçt vasitəsi ilə ona heç bir qərar, xəbərdarləq və bildiriş göndərilməmiş, sözügedən qərarlardan məlumatsız olmuşdur. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinə və prosessual müddətin bərpa edilməsinə dair ərizəyə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, qərarlar rəsmi qaydada iddiaçıya təqdim olunmadığından tərəfindən iddia müddəti ötürülməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən 29.12.2019-cu il tarixli **********023100 nömrəli və 25.06.2020-ci il tarixli **********492500 nömrəli qərarlarının ləğvi ilə bağlı iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən 29.12.2019-cu il tarixli **********023100 nömrəli qərar 29.12.2019-cu il tarixdə göndərilmiş, iddiaçı tərəfindən 15.01.2020-ci il tarixdə saat 15:50:58-də qəbul edilmiş, 25.06.2020-ci il tarixli **********492500 nömrəli qərar 25.06.2020-ci il tarixdə göndərilmiş, iddiaçı tərəfindən 26.06.2020-ci il tarixdə saat 10:45:06-da qəbul edilmişdir. Beləliklə, iş üzrə iddiaçı internet vergi idarəsində ona aid olan elektron kabinetinə göndərilmiş qərarları qəbul etməklə, 29.12.2019-cu il tarixli **********023100 nömrəli qərara münasibətdə həmin qərarın təqdim olunma tarixi 09.01.2020-ci il, 25.06.2020-ci il tarixli **********492500 nömrəli qərara münasibətdə isə həmin qərarın təqdim olunma tarixi 01.07.2020-ci il tarixi olmuşdur. İddiaçı tərəfindən həmin qərardan yuxarı vergi orqanına şikayət verilməmişdir. Belə olan halda vergi orqanının 29.12.2019-cu il tarixli **********023100 nömrəli qərarına münasibətdə həmin qərarın mübahisələndirilməsi üçün son gün 08.02.2020-ci il tarixi, 25.06.2020-ci il tarixli **********492500 nömrəli qərara münasibətdə isə 31.07.2020-ci il tarixi olmuşdur. Həmin qərarlar iddiaçı tərəfindən məhkəmə qaydasında qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməklə 31 mart 2021-ci il tarixli iddia ərizəsi ilə mübahisələndirilmişdir. Odur ki, məhkəmədən yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən 25.06.2020-ci il tarixli **********492500 nömrəli və 29.12.2019-cu il tarixli **********023100 nömrəli qərarlar – inzibati aktlar qanunvericilikdə nəzərdə tutulan müddətdə mübahisələndirilməmişdir. Prosessual müddətin bərpasını tələb edən iddiaçı ərizəsində tələbini qərarların ona rəsmi qaydada təqdim edilməməsi ilə əsaslandırmışdır. Azərbaycan Respuğlikası Vergi Məcəlləsinin: - 70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. - 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. - 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: - 70.2-1.3-cü elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Vergi qanunvericiliyinin qeyd olunan normalarında elektron üsulla elektron kabinetə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə lazımi qaydada çatdırılmış hesab olunur. Bundan başqa, iş materiallarında olan “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”dan məlum olur ki, 29.12.2019-cu il tarixli **********023100 nömrəli qərar 15.01.2020-ci il tarixdə, 25.06.2020-ci il tarixli **********492500 nömrəli qərar isə 26.06.2020-ci il tarixdə İddiaçı tərəfindən oxunmuşdur. Beləliklə, iş üzrə iddiaçının İnternet Vergi İdarəsində ona aid olan elektron kabinetinə 29.12.2019-cu il tarixdə, saat 18:16-da göndərilmiş 29.12.2019-cu il tarixli **********023100 nömrəli qərar 3 iş günü keçdikdən sonra çatdırılmış hesab edilməklə, həmin inzibati aktın-qərarın təqdim olunma tarixi 08.01.2020-ci il tarix olmuş, “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”da isə oxunma tarixi 15.01.2020-ci il olmuşdur. İddiaçı tərəfindən həmin qərardan Vergilər Nazirliyinə Apellyasiya Şurasına şikayət verilməmişdir. Belə olan halda vergi orqanının qərarının mübahisələndirilməsi üçün son gün çatdırılmış hesab edildiyi günə münasibətdə 07.02.2020-ci il, İddiaçı tərəfindən oxunduğu tarixə münasibətdə 14.02.2020-ci il olmuşdur. Eləcə də, iş üzrə iddiaçının İnternet Vergi İdarəsində ona aid olan elektron kabinetinə 25.06.2020-ci il tarixdə, saat 11:36-da göndərilmiş 25.06.2020-ci il tarixli **********492500 nömrəli qərar 3 iş günü keçdikdən sonra çatdırılmış hesab edilməklə, həmin inzibati aktın-qərarın təqdim olunma tarixi 01.07.2020-ci il tarix olmuş, “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”da isə oxunma tarixi 26.06.2020-ci il olmuşdur. İddiaçı tərəfindən həmin qərardan Vergilər Nazirliyinə Apellyasiya Şurasına şikayət verilməmişdir. Belə olan halda vergi orqanının qərarının mübahisələndirilməsi üçün son gün çatdırılmış hesab edildiyi günə münasibətdə 31.07.2020-ci il, İddiaçı tərəfindən oxunduğu tarixə münasibətdə 25.07.2020-ci il olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Göründüyü kimi, iddiaçı sözügedən qərarları – inzibati aktları qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosessual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Məhkəmə hesab edir ki, prosessual müddətin ötürülməsinə dair əsaslar, bununla bağlı hər hansı bir sənəd iddiaçı tərəfindən təqdim edilmədiyindən iş üzrə prosessual müddətin bərpa edilməsi üçün heç bir qanuni əsas yoxdur və iddiaçı sözügedən qərarlarıinzibati aktları qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 29.12.2019-cu il tarixli, **********023100 nömrəli və 25.06.2020-ci il tarixli, **********492500 nömrəli qərarların ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar