Məhkəmə qərarları › İş №2-1(114)-884/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-884/2020

18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-884/2020 18.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı ölüm akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Şəmkir rayon Zəyəm Cırdaxan kənd icra nümayəndəsinin xx.xx.1999-cu il tarixli 06 saylı ölüm akt qeydində düzəliş edilərək mərhum anası Savad Alı qızının soyadının “İbrahimova” kimi qeyd edilməsi öhdəliyinin Kəpəz rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının “Şəmkir rayon Zəyəm Cırdaxan kənd icra nümayəndəsinin xx.xx.1999-cu il tarixli 06 saylı ölüm akt qeydində düzəliş edilərək mərhum anası Savad Alı qızının soyadının “İbrahimova” kimi qeyd edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması”na dair iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının anası X9 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Şəmkir rayon Zəyəm Cırdaxan kənd icra nümayəndəliyində xx.xx.1999-cu il tarixdə tərtib edilmiş 06 saylı ölüm akt qeydində mərhumun soyadı səhvən “İsmayılova” yazılmışdır. Digər sənədlərdə isə anasının soyadı “İbrahimova” yazılmışdır. Qeyd edilən səhvin düzəldilməsi ilə bağlı iddiaçı Cavabdehnə müraciət etsə də sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Cavabdeh xx.xx.2019-cu il tarixli, 1895 nömrəli məktubunun surətindən görünür ki, Şəmkir rayon Zəyəm Cırdaxan kənd icra nümayəndəsinin xx.xx.1999-cu il tarixli 06 saylı ölüm akt qeydində düzəliş edilərək mərhum Savad Alı qızının soyadının “İbrahimova” kimi qeyd edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. -Dövlət X6 xx.xx.2019-cu il tarixli, k-1-44 nömrəli arxiv arayışından görünür ki, arxivdə mühafizə olunan Zəyəm-Cırdaxan kənd İƏD üzrə təsərrüfatbaşına kitabında 1996- 2000-ci illərdə X4 adına 1225 nömrəli təsərrüfat qeyd edilmiş və ailə üzvləri sırasında qaynanası X9 qeyd olunmuşdur. -“Torpağa mülkiyyət hüququna dair” JN-11xx xxx 50400048 nömrəli Dövlət aktından görünür ki, Şəmkir rayon X3 xx.xx.1998-ci il tarixli 51 saylı qərarına əsasən X2 və onun ailə üzvləri- X7 və digərlərinə 2.00 ha torpaq sahəsi verilmişdir. -xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, İddiaçı anası X8r. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının mərhum anası X9 barəsində Şəmkir rayon Zəyəm Cırdaxan kənd icra nümayəndəliyində xx.xx.1999-cu il tarixdə tərtib edilmiş 06 saylı ölüm akt qeydində mərhumun soyadı səhvən “İsmayılova” yazılmışdır. Halbuki 1996-2000-ci illərdə təsərrüfatbaşına kitabında, eləcə də Şəmkir rayon X3 xx.xx.1998-ci il tarixli 51 saylı qərarında, habelə övladının (iddiaçı) doğum haqqında akt qeydində onun soyadı “İbrahimova” kimi qeyd edilmişdir. Məhkəmə qeyd olunan səhvin düzəldilməsi ilə bağlı yetərli əsasın olduğu qənaətinə gələrək cavabdeh orqanın imtinasını əsassız hesab edir və bunu aşağıdakı normalarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının:- -1.4-cü bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. -1.17-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması və ya bu akt qeydlərinə dəyişiklik edilməsi nəticəsində Azərbaycan Respublikası vətəndaşının soyadı, adı, atasının adı, ailə vəziyyəti dəyişildikdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bu barədə onların yaşadığı yerin daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəli şəxs və ya çağırışçı barəsində isə eyni zamanda onların hərbi qeydiyyat yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə, doğumu Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış və daimi yaşayan vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 7 gün müddətində məlumat verməlidir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndində “vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatların göstərilməsi” vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər edilməsinə səbəb olan hallardan biri kimi müəyyən olunmuşdur. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Şəmkir rayon Zəyəm Cırdaxan kənd icra nümayəndəsinin xx.xx.1999-cu il tarixli 06 saylı ölüm akt qeydində düzəliş edilərək iddiaçının mərhum anası Savad Alı qızının soyadının “İbrahimova” kimi qeyd edilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1 maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəmkir rayon Zəyəm Cırdaxan kənd icra nümayəndəsinin xx.xx.1999-cu il tarixli 06 saylı ölüm akt qeydində X1 düzəliş edilərək “İbrahimova” kimi qeyd edilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar