Məhkəmə qərarları › İş №2-1(114)-884/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-884/2024

24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-884/2024 24.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyadan tutulmuş məbləğin qaytarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixli qeydə əsasən xx.xx.2021-ci il tarixdən ailə başçısını itirməyə görə bərpa edilmiş əmək pensiyasının ötən dövr üçün hesablanmış 2496.48 manat məbləğin ona artıq ödəmə kimi müəyyən olunmuş 5958.82 manat məbləğdən çıxılmaqla əvəzləşdirilməsi barədə və ailə başçısını itirməyə görə təyin olunmuş əmək pensiyasından 2022-ci ilin iyun ayından 2023-cü ilin noyabr ayınadək tutulma aparılması barədə cavabdeh orqanın faktiki hərəkətlərinin qanunsuz hesab edilməsi və 2022-ci ilin iyun ayından 2023-cü ilin noyabr ayınadək 1096.11 manat və əvəzləşdirilmiş 2496.48 manat məbləğin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.2014-cü il tarixində İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir.

2. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 19 saylı regional ərazi filialının Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə ünvanlandığı xx.xx.2021-ci il tarixli **********4 nömrəli xidməti məktubunda 19 saylı regional ərazi filialının (Gədəbəy rayonu üzrə) 01 oktyabr 2018-ci il tarixdən 01 dekabr 2020-ci il tarixədək olan dövrün araşdırılması zamanı adları qeyd edilən pensiyaçıların əmək pensiya hüququ ləğv olunduğu üçün həmin pensiya işlərinin dayandırılması xahiş edilmişdir. Məktuba əlavə edilmiş siyahıda İddiaçı adı 25-ci sırada qeyd edilmişdir.

3. İddiaçı pensiya təyinatı məlumatları üzrə sistemdən çıxarışla müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə aydınlaşma səbəbi ilə İddiaçı pensiyası dayandırılmışdır.

4. İddiaçının xx.xx.2022-ci il tarixli müraciəti əsasında xx.xx.2022-ci il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası xx.xx.2021-ci il tarixindən 348.19 manat məbləğində olmaqla bərpa edilmişdir.

5. İddiaçı pensiyasından 2022-ci ilin iyun ayından 2023-cü ilin noyabr ayları üzrə cəmi 1096.11 manat məbləğində pul tutulmuşdur.

6. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın Sosial müavinət təyinatı üzrə xx.xx.2022-ci il tarixli 23905 nömrəli qərarı ilə İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2020ci il tarixədək ikinci dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş və 5061.66 manat məbləğində əskik vermə məbləği müəyyən edilmişdir. Həmin qərarın “Qeyd” hissəsində göstərilmişdir ki, İddiaçı rəsmi məlumat verilməklə ödənilməmiş müavinət artıq ödənilmiş əlilliyə görə əmək pensiyası ilə əvəzləşdirilsin.

7. Sosial Ödənişlərin Təyinatı üzrə X9 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərarının “Qeyd” hissəsində göstərilmişdir ki, **********4 saylı məktuba əsasən xx.xx.2021-ci il tarixdən ödənişi dayandırılmışdır. ABİ-yə görə əmək pensiyası hüququ olduğu üçün xx.xx.2024-cü il tarixindən xx.xx.2020-ci il tarixinədək 2-ci qrup əlilliyə görə alacağı sosial müavinət nəzərə alınaraq 5958.82 manat artıq ödənilmiş məbləğ müəyyən olunmuşdur. İ və İİ rübün maddi yardımını qeyd etmək.

8. Sosial Ödənişlərin Təyinatı üzrə X9 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı xx.xx.2020-ci il tarixdə 432.05 manat məbləğində ailə başçısını itiməyə görə əmək pensiyası təyin edilmişdir. Həmin qərarın “Qeyd” hissəsində göstərilmişdir ki, **********8 saylı məktuba əsasən İddiaçı sığorta stajı düzgün təyin edilmədiyindən İİ qrup əlilliyə görə əmək pensiyası ləğv edildiyindən, xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixinədək 11020.48 manat artıqvermə müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixində ABİ pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi tətbiq edildikdən sonra 6212.12 manat artıqvermə müəyyən edilmişdir.

9. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının ata, ana, ər, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya əri X4 vəfatı ilə əlaqədar xx.xx.2020-ci il tarixindən 312.56 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bildirilir ki, xx.xx.2014-cü il tarixindən iddiaçıya təyin olunmuş İİ dərəcə əlilliyə görə əmək pensiyası hüquqununun araşdırılması ilə əlaqədar olaraq ailə başçısını itirməyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının qanunvericiliklə tələb olunan 14 il 4 ay sığorta stajı olmadığı halda ona 12 il 6 ay sosial sığorta stajı əsasında texniki səhv səbəbindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Nəticədə əlilliyə görə əmək pensiyasının məbləğində xx.xx.2014-cü il tarixindən xx.xx.2020-ci il tarixinədək 11020.48 manat artıq ödəmə müəyyən olunmuşdur. İddiaçının xx.xx.2022-ci il tarixli müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası xx.xx.2021-ci il tarixindən 348.19 manat məbləğində olmaqla bərpa edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixindən 360.02 manata çatdırılmışdır.

10. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-220299/2023 nömrəli məktubda bildirilmişdir ki, iddiaçıya mərhum əri X3 vəfatı ilə əlaqədar xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2014-cü il tarixindən iddiaçıya təyin olunmuş İİ dərəcə əlilliyə görə əmək pensiyasının araşdırılması zaman məlum olmuşdur ki, iddiaçının qanunvericiliklə tələb olunan 14 il 4 ay sığorta stajı olmadığı halda ona 12 il 6 ay sosial sığorta stajı əsasında İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən əlilliyə görə iddiaçının əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılmış və xx.xx.2014-cü il tarixindən xx.xx.2020-ci il tarixinədək əsassız ödənilmiş məbləğ müəyyən olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bu səbəbdən sözügedən maddənin tətbiqi ilə əlaqədar əlilliyə görə əmək pensiyasında xx.xx.2017-ci il tarixindən (Fondun keçmiş Gədəbəy rayon şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından əvvəlki 3 il nəzərə alınmaqla) xx.xx.2020-ci il tarixinədək olan dövrlər üzrə ödəmə müəyyən edilmişdir.

11. Məhkəmə sorğusuna Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-281708/2023 nömrəli cavab məktubundan görünür ki, Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-1- 101247/2023 nömrəli xidməti məktubuna əsasən, X8 əldə edilmiş məlumatlara əsasən İddiaçı (İş № 062199, Gədəbəy rayonu) ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olduğu üçün xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək 2-ci qrup əlilliyə görə alacağı sosial müavinət nəzərə alınaraq 5958.82 (beş min doqquz yüz əlli səkkiz manat səksən iki qəpik) manat məbləğində artıq ödənilmiş vəsait müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli qeydə əsasən 5958.82 manat məbləğində yaranmış borcun 2496.48 (iki min dörd yüz doxsan altı manat qırx səkkiz qəpik) manatı alınmamış pensiya ilə əvəzləşdirilmiş, qalıq borc 3462.34 (üç min dörd yüz altmış iki manat otuz dörd qəpik) manat hər ay pensiyanın 20% həddində tutularaq xx.xx.2026-ci ilədək aparılacağı nəzərdə tutulmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə edilən dəyişikliyə əsasən İddiaçı əlilliyə görə pensiya işi ləğv edildiyindən yaranmış artıqvermə xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək tətbiq edilərək İİ qrup əlilliyə görə sosial müavinətlə əvəzləşdirildikdən sonra 2973.64 (iki min doqquz yüz yetmiş üş manat altmış dörd qəpik) manat təşkil etmişdir. Əlavə olaraq, X8 əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsində edilən dəyişikliyə əsasən İddiaçı əlilliyə görə pensiya işi ləğv edildiyindən yaranmış artıqvermə xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək tətbiq edilərək 6212.12 (altı min iki yüz on iki manat on iki qəpik) manat təşkil etmişdir.

12. Məhkəmənin sorğusuna Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-39647/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Nazirlik tərəfindən aparılmış xidməti yoxlama nəticəsində İddiaçı sığorta stajının düzgün müəyyən edilmədiyi və əlilliyə görə əmək pensiyası hüququnun olmadığı aşkar edilmişdir. X5 xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının əlilliyə görə əmək pensiyasında xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək 6212.12 manat artıq ödəmə müəyyən edilmişdir. İddiaçının pensiya işinə dair sənədlərdə əmək pensiyasından tutulmanın aparılmasına dair razılıq ərizəsi aşkar edilməmişdir. II. Məhkəmədə icraat

13. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə onun pensiyasından tutmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin qaytarılması öhdəliyi qoyulması haqqında qərar çıxarılmasını xahiş etmişdir.

14. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü ildə iddiaçıya 2-ci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. O, xx.xx.2020-ci il tarixdən "Əmək pensiyaları haqqında" Qanunun 14.1.2-ci maddəsinə əsasən İİ qrup əlil kimi ailə başçısını itirməyə görə 312.56 manat miqdarında pensiya almışdır. Cavabdeh Mərkəzi Filial onun xx.xx.2014-cü ildə 2-ci dərəcə əlilliyə görə aldığı pensiyanı əsassız sayıb ailə başçısını itirməyə görə əmək pensiyasının ödənişini xx.xx.2021-ci il tarixdən dayandırmışdır. Cavabdeh Mərkəzi Filial hesab edir ki, tələb edilən 14 il 4 ay iddiaçının sığorta stajı olmadığı halda ona 12 il 6 ay sosial sığorta stajı əsasında texniki səhv səbəbindən İİ dərəcə əlilliyə görə pensiya təyin edilmişdir. Nəticədə əlilliyə görə əmək pensiyasının məbləğində ona xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci ilədək 11020.48 manat artıq ödənilmişdir. Onun ərizəsi əsasında ailə başçısını itirməyə görə əmək pensiyası xx.xx.2021-ci il tarixdən 348.19 manat müəyyən edilmişdir. Bu məbləğ indeksləşdirmə ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdən 360.02 manata çatdırılmışdır. 11020.48 manat artıq ödəmə məbləği xx.xx.2014-cü ildən 2-ci dərəcə əlilliyə görə ödənilməli olan sosial müavinət üzrə hesablanmış 5061.66 manat fərq məbləği və xx.xx.2021-ci il tarixdən bərpa edilmiş ailə başçını itirməyə görə onun əmək pesiyasının ötən dövrü üzrə hesablanmış 2496.48 manat fərq məbləği ilə əvəzləşdirilərək 3462.34 manat müəyyən edilmişdir. 3462.34 manat artıq ödənilən məbləğ bölünərək 2022-ci ilin iyun ayında onun aylıq əmək pensiyasından tutulmaqla DSMF-nin hesabına bərpa olunmaqdadır. Cavabdeh filial onun xx.xx.1998-ci ildə X6 işə girib, 2002-ci ilə kimi işləyib, sosial fonda vergi ödəməyini nəzərə almamışdır. Bu zavod ləğv olunanda onun sənədləri, deyilənə görə, arxivə verilməmişdir, ona görə də, əmək kitabçasında iddiaçının işdən çıxmağı barədə qeyd olmadığından cavabdeh Mərkəzi Filial iddiaçının həmin iş stajını nəzərə almır. Sənədlərin itməsi, yaxud Milli Arxiv İdarəsinə təhvil verilməməsi onun günahı deyil, aidiyyəti təşkilat və müəssisələrin günahıdır. Dövlət sosial sığorta şəhadətnaməsində onun 3 il stajı var, lakin Mərkəzi Filial bunu nəzərə almır. O, ağır xəstədir, böyrəyinin biri bürüşdüyündən, işləmir, dalağı çıxarılmışdır, şəkərin ağır formasına mübtəladır, təzyiqi yüksəkdir, qara ciyəri bərkimişdir, ödündə daş var. Onunla belə haqsız rəftar haqsızlıq, ədalətsizlikdir və o, dövlətdən artıq pul almamışdır, nə almışdırsa qanuni olmuşdur.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

16. İddiaçı məhkəmənin xx.xx.2024-cü il tarixli iclası zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixli qeydə əsasən xx.xx.2021-ci il tarixdən ailə başçısını itirməyə görə bərpa edilmiş əmək pensiyasının ötən dövr üçün hesablanmış 2496.48 manat məbləğin ona artıq ödənmiş kimi müəyyən olunmuş 5958.82 manat məbləğdən çıxılmaqla əvəzləşdirilməsi barədə və ailə başçısını itirməyə görə təyin olunmuş əmək pensiyasından 2022-ci ilin iyun ayından 2023-cü ilin noyabr ayınadək tutulma aparılması barədə cavabdeh orqanın faktiki hərəkətlərinin qanunsuz hesab edilməsi və 2022-ci ilin iyun ayından 2023-cü ilin noyabr ayınadək 1096.11 manat və əvəzləşdirilmiş 2496.48 manat məbləğin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin eyni tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

17. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

18. Hazırkı iddia tələbi İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);

19. İPM-ə görə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.

20. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

21. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan iddia ərizəsi iddiaçının yaşayış yeri üzrə (Gəncə şəhəri) verilmişdir və Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

22. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış ünvanını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmişdir, hazırkı işə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

23. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

24. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.

25. Tərəflər məhkəmə iclasında iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

26. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti ilə əlaqədar onun qanunvericiliklə tələb olunan 14 il 4 ay sığorta stajı olmadığı halda ona 12 il 6 ay sosial sığorta stajı əsasında texniki səhv səbəbindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, nəticədə onun əlilliyə görə əmək pensiyasının məbləğində xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixinədək artıq ödəmə müəyyən olunmuş və tutulmalar aparıldığı bildirilmişdir. İddiaçının məhkəməyə müraciəti ilə əlaqədar bildirilir ki, xx.xx.2014-cü il tarixindən ona təyin olunmuş İİ dərəcə əlilliyə görə əmək pensiyasının araşdırılması zamanı məlum olmuşdur ki, onun qanunvericiliklə tələb olunan 14 il 4 ay sığorta stajı olmadığı halda iddiaçıya 12 il 6 ay sosial sığorta stajı əsasında İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixindən dayandırlmış və xx.xx.2014-cü il tarixindən xx.xx.2020-ci il tarixinədək əssasız ödənilmiş məbləğ müəyyən olunmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının ata, ana, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı əri X4 vəfatı ilə əlaqədar xx.xx.2020-ci il tarixindən 312.56 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunur ki, X8 əldə edilmiş xx.xx.2023cü il tarixli qeydə əsasən Qanununun 39.1-ci maddəsində edilən dəyişikliyə əsasən İddiaçı əlilliyə görə pensiya işi ləğv edildiyindən yaranmış artıqvermə xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək tətbiq edilərək 6212.12 (altı min iki yüz on iki manat on iki qəpik) manat təşkil etmişdir. Əlavə olaraq bildirilir ki, X8 əldə edilmiş məlumatlara əsasən İddiaçı (iş № 062199, Gədəbəy rayonu) ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olduğu üçün xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək 2-ci qrup əlilliyə görə alacağı sosial müavinət nəzərə alınaraq 5958.82 (beş min doqquz yüz əlli səkkiz manat səksən iki qəpik) manat məbləğində artıq ödənilmiş vəsait müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli qeydə əsasən 5958.82 manat məbləğində yaranmış borcun 2496.48 (iki min dörd yüz doxsan altı manat qırx səkkiz qəpik) manatı alınmamış pensiya ilə əvəzləşdirilmiş, qalıq borc 3462.34 (üç min dörd yüz altmış iki manat otuz dörd qəpik) manat hər ay pensiyanın 20% həddində tutularaq xx.xx.2026-ci ilədək aparılacağı nəzərdə tutulmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə edilən dəyişikliyə əsasən İddiaçı əlilliyə görə pensiya işi ləğv edildiyindən yaranmış artıqvermə xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək tətbiq edilərək İİ qrup əlilliyə görə sosial müavinətlə əvəzləşdirildikdən sonra 2973.64 (iki min doqquz yüz yetmiş üç manat altmış dörd qəpik) manat təşkil etmişdir.

27. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

28. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

29. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 19 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli **********4 nömrəli xidməti məktubu; - Pensiya təyinatı məlumatları üzrə sistemdən çıxarış; - Sosial müavinət təyinatı üzrə xx.xx.2022-ci il tarixli 23905 nömrəli qərar; - Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərarı; - Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarı; - Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubu; - Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2- A-220299/2023 nömrəli məktubu; - Məhkəmə sorğusuna Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-281708/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-39647/2024 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

30. Məhkəmə proses iştirakçılarılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

31. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçıya xx.xx.2014-cü il tarixində İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və ödənilmişdir. Daha sonra iddiaçıya əri X4 vəfatı ilə əlaqədar xx.xx.2020-ci il tarixindən 312.56 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və ödənilmişdir. İddiaçıya təyin olunmuş İİ dərəcə əlilliyə görə əmək pensiyası hüquqununun araşdırılması ilə əlaqədar olaraq ailə başçısını itirməyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır.

32. Cavabdeh orqan araşdırma nəticəsində iddiaçının 14 il 4 ay sığorta stajı olmadığı halda ona 12 il 6 ay sosial sığorta stajı əsasında texniki səhv səbəbindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edildiyini müəyyən edərək, xx.xx.2014-cü il tarixindən xx.xx.2020-ci il tarixinədək iddiaçıya İİ dərəcəli əlilliyə görə ödənilmiş 11020.48 manat məbləğində pensiyanı artıq ödəmə kimi müəyyən etmişdir.

33. Daha sonra cavabdeh orqanın Sosial müavinət təyinatı üzrə xx.xx.2022-ci il tarixli 23905 nömrəli qərarı ilə İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək ikinci dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş və 5061.66 manat məbləğində əskik vermə məbləği müəyyən edilmiş və həmin 5061.66 manat məbləğində əskik vermə məbləği iddiaçıya İİ dərəcəli əlilliyə görə ödənilmiş 11020.48 manat məbləğində artıq ödəmə məbləğindən çıxılaraq əvəzləşdirilmiş (11020.48 manat-5061.66 manat) və artıq ödəmənin məbləği 5958.82 manat məbləğində müəyyən edilmişdir.

34. İddiaçının xx.xx.2022-ci il tarixli müraciəti əsasında xx.xx.2022-ci il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası xx.xx.2021-ci il tarixindən 348.19 manat məbləğində olmaqla bərpa edilmiş və ona həmin dövr (ödənişin dayandırıldığı) üçün 2496.48 manat məbləğində əmək pensiyasının ödənilməli olması müəyyən edilmişdir.

35. Bundan sonra həmin 5958.82 manat məbləğində artıq ödəmə kimi müəyyən edilmiş vəsaitdən 2496.48 manat alınmamış pensiya məbləği çıxılmaqla əvəzləşdirilmiş və qalıq borc 3462.34 manat məbləğində müəyyən edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə edilən dəyişikliyə əsasən İddiaçı əlilliyə görə pensiya işi ləğv edildiyindən yaranmış artıqvermə məbləği yalnız son 3 il üçün - xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək tətbiq edilmiş və artıq ödəmənin məbləği yekunda 2973.64 manat təşkil etmişdir.

36. Həmin 2973.64 manat məbləğində vəsaitin 1096.11 manatı İddiaçı pensiyasından 2022-ci ilin iyun ayından 2023-cü ilin noyabr ayları ərzində tutulmuşdur.

37. Yəni, işin hallarını ümumiləşdirdikdə belə müəyyən olunur ki, Nazirlik tərəfindən aparılmış xidməti yoxlama nəticəsində İddiaçı sığorta stajının düzgün müəyyən edilmədiyi və əlilliyə görə əmək pensiyası hüququnun olmadığı aşkar edilmiş, əlilliyə görə ödənilmiş pensiya məbləği artıq ödəmə kimi müəyyən edilərək iddiaçının həmin dövrə alacağı sosial müavinət məbləği həmin artıq ödəmədən çıxılmışdır. Eyni zamanda, iddiaçıya əlilliyə görə pensiya təyin edildiyi dövr araşdırıldığı üçün ona sonradan təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılmış və sonradan bərpa edilmişdir. İddiaçıya ailə başçısını itirməyə görə pensiya ödənişinin dayandırıldığı dövr üzrə əskik vermə məbləği də artıq ödəmə məbləğindən çıxılmış, yerdə qalan cəmi 3462.34 manata "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsi tətbiq edilərək, yekunda 2973.64 manat artıq ödəmə müəyyən edilərək, onun 1096.11 manatı iddiaçının pensiyasından tutulmuşdur.

38. Lakin bu halların heç birində əmək pensiyaçısı olan iddiaçının razılığını almamış və tutulma barədə məhkəmə qərarı olmamışdır.

39. “Əmək pensiyaları haqqında” Qanununa görə: Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na görə: Bənd 6.6. Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir.

41. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

42. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi.

43. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir.

44. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır.

45. Hazırkı iş üzrə də cavabdeh orqan tərəfindən iddiaçının əlilliyə görə əmək pensiyasında artıq ödəmə, sosial müavinətində əskik ödəmə halları müəyyən edərkən, inzibati icraat aparmamış, bununla bağlı hər hansı inzibati akt qəbul etməmiş, aryıq ödəmə məbləğindən əskik ödəmə məbləğini əvəzləşdirərkən və iddiaçının pensiyasından tutulma apararkən onun yazılı razılığını almamışdır.

46. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

47. Sadalanan normlardan göründüyü kimi, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Lakin hazırkı işdə inzibati orqanın iddiaçının barəsində qərar qəbul edən zaman inzibati icraatı düzgün aparmamış və icraatla bağlı hüquq pozuntularına yol verilmişdir.

48. Beləliklə, inzibati orqanın əmək pensiyaçısının razılığı və məbləğin tutulması barədə məhkəmə qərarı olmadan öz araşdırması nəticəsində iddiaçıya artıq ödənilmiş məbləğ müəyyən edərək, onun əmək pensiyasından tutma və əvəzləşdirmə aparmışdır ki, bununla da həmin artıq ödəmə iddiaçının təqsirli davranışı ilə bağlı olmadığı halda ona ödənilməli olan məbləğdə azalma baş vermişdir ki, bu da qanunsuz və əsassız olmuşdur.

49. Ona görə də, iddia təmin edilməlidir.

50. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

51. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

52. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli qeydə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən ailə başçısını itirməyə görə bərpa edilmiş əmək pensiyasının ötən dövr üçün hesablanmış 2496.48 manat məbləğin ona artıq ödəmə kimi müəyyən olunmuş 5958.82 manat məbləğdən çıxılmaqla əvəzləşdirilməsi barədə və ailə başçısını itirməyə görə təyin olunmuş əmək pensiyasından 2022-ci ilin iyun ayından 2023cü ilin noyabr ayınadək tutulma aparılması barədə cavabdeh orqanın faktiki hərəkətləri qanunsuz hesab edilsin. İddiaçı pensiyasından 2022-ci ilin iyun ayından 2023-cü ilin noyabr ayınadək tutulmuş 1096.11 manat və əvəzləşdirilmiş 2496.48 manat məbləğin ona ödənilməsi öhdəliyi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar