Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-885/2021 26.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs Qazax rayonu X3 və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) qarşı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Qazax rayonu X1 26.12.2005-ci il tarixli 21 nömrəli qərarından məlum olur ki, Az. RDT və XK Qazax rayon şöbəsinin hazırladığı sənədlərə əsasən Birinci Şıxlı kənd sakini İddiaçı həyətyanı məqsədilə 0,10 ha torpaq sahəsinin satılması qərara alınmışdır. “Torpaqların alqı-satqısına dair” 30.12.2005-ci il tarixli 3A/910 nömrəli aktdan görünür ki, Qazax rayonu X3 ilə İddiaçı arasında 0,10 ha torpaq sahəsinin satılmasına dair akt tərtib edilmişdir. Qazax Rayon İcra Hakimiyyəti Dövlət Arxivinin 09.06.2020-ci il tarixli, 86 nömrəli arxiv arayışından görünür ki, Qazax rayonu X1 26.12.2005-ci il tarixli 21 nömrəli qərarı ilə fərdi yaşayış evi tikdirmək məqsədi ilə 0.10 ha torpaq sahəsi satılmışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 14.01.2021-ci il tarixli İ-3/16-278 nömrəli məktubundan görünür ki, İddiaçı təqdim etdiyi sənədlərə baxılan zaman müəyyən olmuşdur ki, torpaq sahəsinə aid sənədlər ilkin torpaqayırma sənədləridir və həmin sənədlərə əsasən qeyd olunan torpaq sahəsinin tikinti altına düşüb-düşməməsinin, eyni zamanda həmin torpaq sahəsinə dəymiş ziyanın dəqiqləşdirilməsi qeyri-mümkündür. Ərizədə qeyd edilən torpaq sahəsinə dəymiş ziyanın müəyyən edilməsi üçün həmin torpaq sahəsi üzərində mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri Agentliyə təqdim edildikdən sonra baxıla bilər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin daşınmaz əmlak üzərində hüquqların Dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 15.03.2021-ci il tarixli, **********95 bildirişindən məlum olur ki, torpaq sahəsi Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağının genişləndirilməsi lahiyəsinə düşür. Bu səbəbdən hüquqların qeydiyyatı bir ay müddətinə dayandırılaraq məsələyə münasibət bildirilməsi üçün **********69 və **********4 nömrəli məktublarla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 12.03.2021-ci i! tarixdə Ərazi idarəsinə daxil olan məktubuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq təşkilatı tərəfindən hazırlanmış yerqurluşu və kadastr planlarına əsasən yolun tikinti altına düşən hissəsi üzərində hər hansı əməliyyatın aparılması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qeyri-mümkün hesab edilmişdir. Göstərilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qazax rayonu X1 26.12.2005-ci il tarixli 21 nömrəli qərarına əsasən ona satılmış və Qazax rayonu X3 ilə aralarında bağlanmış 30 dekabr 2005-ci il tarixli torpaqların alqı-satqısına dair aktın predmeti olan, Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatının aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qazax rayonu X1 26.12.2005-ci il tarixli 21 nömrəli qərarına əsasən həmin Bələdiyyənin ehtiyat torpaq fondunun alqı-satqı predmeti olan, Birinci Şıxlı kəndinin prespektiv inkişafı üçün ayrılmış torpaq sahəsindən fərdi yaşayış evi tikdirməyi məqsədi ilə iddiaçıya 0.10 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. Qazax rayonu X3 ilə arasında bağlanmış 30 dekabr 2005-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən həmin torpaq sahəsi göstərilən vaxt dövriyyədə olan pulla 440.000 (dörd yüz qırx min) manata ona satılmışdır. Həmin məbləğdə pullar tərəfindən Qazax rayonu X1 “Kapital Bank”ın Qazax filialındakı hesabına tam ödənilmişdir. Həmin torpaq sahəsinin əldə edərkən qanunvericiliyin hər hansı tələbləri pozulmamışdır. Qeyd olunan tarixdən etibarən hazırkı vaxtadək sözügedən torpaq sahəsindən istifadə etməklə, sahibliyi həyata keçirmişdir. Həmin torpaq sahəsində çoxillik meyvə ağacları əkmiş və onlara qulluq edərək böyütmüşdür. Bu ağaclar da bir neçə ildir ki, bar verir. 2020ci ilin yanvar ayında göstərilən torpaq sahəsi üzərində hüquqların Dövlət qeydiyyatının aparılması məqsədi ilə cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin orqan tərəfindən qeyd olunan torpaq sahəsi üzərində hüquqların Dövlət qeydiyyatının aparılmasından əsassız olaraq imtina edilmişdir. İmtinanın əsası kimi isə torpaq sahəsinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağının genişləndirilməsi layihəsinə düşür, bununla əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Agentliyinə ünvanlanmış sorğuya cavab olaraq yolun tikinti altına düşən hissəsi üzərində hər hansı əməliyyatın aparılmasının Agentlik tərəfindən qeyri-mümkün hesab edildiyi göstərilmişdir. Halbuki, 2021-ci ilin yanvar ayının əvvəlində Azərbaycan Avtomobil Yolları Agentliyinə ünvanladığı müraciətinə cavab olaraq Agentliyin 14 yanvar 2021-ci il tarixli İ-3/16-278 nömrəli məktubunda, qeyd olunan torpaq sahəsinə aid sənədlərin ilkin torpaqayırma sənədləri olduğu və həmin sənədlərə əsasən həmin torpaq sahəsinin tikinti altına düşüb-düşməməsinin, eyni zamanda bu torpaq sahəsinə dəymiş ziyanın dəqiqləşdirilməsinin qeyri-mümkün olduğu, torpaq sahəsinə dəymiş ziyanın müəyyən edilməsi üçün həmin torpaq sahəsi üzərində qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqlarımı təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqverici sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərini Agentliyə təqdim etməli olduğu göstərilmişdir Gəncə İnzibati Məhkəməsinin 06.04.2021-ci il tarixli 2-1(114)-885/2021 nömrəli qərardadı ilə Qazax rayonu X3 və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil da əvvəlki məhkəmə iclasında iddiaçı ilə analoji izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxslərə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İş üzrə cavabdeh və üçüncü şəxslərin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəfin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarından göründüyü kimi iddiaçı Qazax rayonu, Birinci Şıxlı kəndində yerləşən 0.10 ha torpaq sahəsində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu isə öz növbəsində iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağının genişləndirilməsi lahiyəsinə düşməsini əsas götürərək müraciətdən imtina etmişdir. Həmin imtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək Qazax rayonu, Birinci Şıxlı kəndində yerləşən 0.10 ha torpaq sahəsində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 17.09.2021-ci il tarixli 15/m-116 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı Qazax rayonu X1 26.12.2005-ci il tarixli 21 nömrəli qərarına əsasən satılmış torpaq sahəsi Birinci Şıxlı kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir və kəndin perspektiv inkişafı üçün ayrılmış torpaq sahəsinin daxilində yerləşir. İddiaçı təqdim etdiyi torpaq sahəsinin 758 kv.m-ə qədər hissəsi elektron baza məlumatına əsasən X2 Dövlət Agentliyinin yol layihəsi ilə üst-üstə düşür. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 23.1-ci maddəsində göstərilir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Qanunun 32.2-ci maddəsinə müvafiq olaraq isə ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. “İnzibati icraat haqqında” Qanunun qeyd olunan normalarından görünür ki, inzibati orqan hər bir müraciəti hərtərəfli, tam və obyektiv araşdırmalı, formal səbəblərə görə müvafiq qərarın qəbul olunmasından imtina etməməli və maraqlı şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etməklə yardım göstərməli, eləcə də inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməlidir. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. Mülki Məcəllənin 139-cu maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 238.1-ci maddəsinə görə, torpaq daşınmaz əmlak kimi mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. Yuxarıda qeyd olunan normalardan məlum olduğu kimi Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Məhkəmə hesab edir ki, İddiaçı iddia etdiyi 0,10 ha torpaq sahəsinin 758 kv.m-ə qədər hissəsi Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağının genişləndirilməsi lahiyəsi ilə üst-üstə düşdüyündən cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs Qazax rayonu X3 və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) qarşı həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs Qazax rayonu X3 və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) qarşı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-885/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-885/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver