Məhkəmə qərarları › İş №2-1(114)-886/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-886/2021

06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-886/2021 06.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı əmlakın qeydə alınaraq mülkiyyət hüququnun tanınması və hüquqverici sənədlərlə təmin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq, M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Gəncə şəhəri, Tomris (keçmiş Məmmədyarov) küçəsi, 83 saylı fərdi yaşayış evi barədə arayışın və arxiv sənədlərinin surətlərinin verilməsinə dair xx.xx.2020-ci il tarixli 1119 saylı məktubuna baxılmışdır. Cavab olaraq bildirilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Tomris küçəsi, 83 saylı fərdi yaşayış evində 1974-cü ildə aparılmış inventarlaşdırma zamanı mülkün hüquqverici sənədlər olmadan X1 istifadəsində olduğu göstərilmişdir. Bu mülk daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bu əmlakın arxiv işində torpaq ayırma və digər hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Gəncə şəhəri, Tomris (keçmiş Məmmədyarov) küçəsi, 83 saylı fərdi yaşayış evinin onun adına qeydə alınaraq mülkiyyət hüququnun tanınması və hüquqverici sənədlərlə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeydiyyatda olaraq yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu Tomris (Məmmədyarov) küçəsi, 83 nömrəli ev mərhum atası X2 tərəfindən 1950-1960-cı illərdə tikilmişdir. Lakin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətə cavab olaraq bildirilmişdir ki, həmin əmlak barədə 1974-cü ildə aparılmış inventarlaşdırma zamanı mülkün hüquqverici sənədləri olmadan X1 istifadəsində olduğu göstərilmişdir. Mərhum atası yaşadığı əmlaka faktiki mülkiyyət hüququ ilə uzun illər vicdanla sahiblik etsə də, daşınmaz əmlakın dövlət reyestri qeydiyyatına alınmamışdır. Atası bildirirmiş ki, indiki evləri yeri boş istifadəsiz sahələr olmuşdur. Şifahi razılıqlarla ehtiyacı olan ailələr burada fərdi yaşayış evləri tikmişlər, o da istifadəsiz bu torpağı yararlı vəziyyətə salıb ağaclar əkib yaşayış evi tikmiş, ailə qurub yaşamağa başlamış, kommunal şərait yaradılmış, polis idarəsindən qeydiyyata alınaraq ev dəftəri almış və qeydiyyata salınmışlar. Bütün bunlara baxmayaraq maddi çətinlik olduğundan savadının olmamasından evi rəsmiləşdirə bilməmişdir. Beləliklə, atası evi rəsmiləşdirmədən 2005-ci ildə rəhmətə getmişdir. Atasından sonra təsərrüfatı o özü idarə edərək ailəsi ilə birlikdə yaşayır. Kommunal xərclər tərəfindən ödənilir, sahibsiz əmlaka münasibəti doğma olmaqla vicdanla sahiblik edir, əmlaka etdiyi qayğı qonşular və şəhər ictimaiyyəti tərəfindən bəyənilir. Bütün bunlara baxmayaraq istifadə hüququ olsa da, əmlakın sahibsiz olması bir çox problemlər yaradır. Odur ki, mülkiyyət hüququ əldə etmək üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən mümkün sayılmamalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddia üzrə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Məhkəmə iddia növünün müəyyən edilməsi ilə bağlı qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddiadır və iddiaçı inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətin- qeydin aparılmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-nin 2.2.3, 34.1, 35.1. maddələri). Qanunda inzibati orqana öncədən müraciət edilməsi şərti yalnız İPM-in 33.1-ci maddəsinə əsasən qaldırılan məcburetmə haqqında iddia üçün nəzərdə tutulsa da, həmin şərt prinsip etibarilə İPM-in 34-cü maddəsinə müvafiq olaraq qaldırılan öhdəliyin icrası haqqında iddiaya da aiddir, çünki burada söhbət ümumi prinsip olan hüquqların müdafiəsinə ehtiyacın olması prinsipindən gedir. İddiaçı öncədən inzibati orqana müraciət edərək müvəffəqiyyət qazanmağa cəhd etmədən birbaşa məhkəməyə müraciət etməməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən məlum olduğu kimi iddiaçının inzibati orqana ilkin müraciəti ilə hazırki iddia tələbi eynilik təşkil etmir. Belə ki, ərizənin icrası ilə bağlı cavabdeh orqanın xx.xx.2020-ci il tarixli məktubundan məlum olur ki, iddiaçı Gəncə şəhəri, Tomris (keçmiş Məmmədyarov) küçəsi, 83 saylı fərdi yaşayış evi barədə arayışın və arxiv sənədlərinin surətlərinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, cavabdeh də məhz həmin müraciətə uyğun əmlakın arxiv işində torpaqayırma və digər hüquqmüəyyənedici sənədlərin aşkar edilmədiyini qeyd etmişdir. Hazırki iddia tələbi isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi xüsusi mümkünlük şərti mövcud olmadığından mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddia mümkün sayılmasın. Qərardaddan tərəflər təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar