Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-886/2022 23.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergi borcunun ləğv edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n etdi: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə 01.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, vergi borcunun hesablanması barədə qərarların və vergi borcunun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçıya iddianın dəyişdirilməsi və buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermək hüququ və nəticələri barədə 12.04.2022-ci və 13.04.2022-ci il tarixli sərəncamlar göndərilsə də poçt xidməti tərəfindən iddiaçı müəssisənin müvafiq ünvanda yerləşməməsi barədə qeyd aparılaraq sərəncamlar məhkəməyə qaytarılmışdır. Həmçinin iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə AZEMİS vasitəsilə SMS bildiriş göndərilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbi barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi X2 bildirmişdir ki, mübahisələndirilən borc məbləği müvafiq qərarlar əsasında hesablandığından və iddiaçı tərəfindən həmin qərarlar mübahisələndirilmədiyindən iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.1 maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra — məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 20.3 maddəsinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə vermiş hüquqi şəxs yerləşdiyi ünvanı dəqiq göstərmədiyindən ona hüquqi yardım göstərilməsi barədə sərəncamların təqdim edilməsi mümkün olmamış və nəticə etibarilə ərizədə yol verilmiş formal xətalar aradan qaldırılmadığından və buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edilmədiyindən tələbə mahiyyəti üzrə baxılması qeyri-mümkündür. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. -70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. İş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən vergi borcu 22.11.2018-ci il tarixli, 19.04.2019-cu il tarixli, 29.04.2019-cu il tarixli və 27.05.2019-cu il tarixli qərarlar əsasında hesablanmış, lakin iddiaçı həmin qərarları mübahisələndirməmiş, həmçinin qərarların mübahisələndirilməsi üçün prosessual müddəti ötürmüşdür. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-nin 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı : İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergi borcunun ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-886/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-886/2022
23.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver