Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-886/2024 11.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı yaşa görə yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasını yenidən hesablanaraq pensiya hüququ yarandığı xx.xx.2023-cü il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, dövlət qulluğunda son 12 ayda aldığı aylıq əmək haqqına əlavə olaraq ödənilən vəzifə maaşına 1.1 dəfə əlavəni tam 24 aya şamil etməklə dövlət qulluqçqsu kimi yaşa görə əmək pensiyasının xx.xx.2023-cü il tarixdən yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, həmin ərizə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-886/2024 nömrəli qərardadı ilə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01.1958-ci il tarixdə doğulmuş, 65 yaşı tamam olduğu tarixdən xidmət keçdiyi dövlət qulluğu vəzifəsindən azad olunmuş və xx.xx.2023-cü il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası almışdır. Dövlət qulluğunda iş stajı 33 il 5 ay 13 gündür. Hazırda pensiyanın məbləği 867,77 manat hesablanaraq ödənilir. Lakin o, pensiyasının hesablanmasından narazıdır və hesab edir ki, pensiyası düzgün hesablanmamışdır. Belə ki, qulluq keçdiyi vəzifəyə 2022-ci ilin fevral ayından vəzifə maaşına əlavə olaraq 1,1 dəfə əlavə əmək haqqı hesablanmağa başlanmışdır. Pensiya hesablanan zaman da yalnız bu əlavə həmin dövrdən hesablanmış əmək haqqı nəzərə alınmaqla orta aylıq əmək haqqı müəyyən olunmuş, yəni 12 ayın vəzifə maaşına hesablanan 12 dəfəlik əlavə 24 aya bölünməklə orta aylıq əmək haqqının müəyyən olunmasında istifadə olunmuşdur. Cavabdeh onun pensiyasını düzgün hesablamamışdır. O, bununla bağlı cavabdehə bir neçə dəfə müraciət etsə də, hər dəfəsində konkret qaldırdığı sualdan yayınmağa çalışaraq mücərrəd və müraciətini tamamlamayan şablon cavablar vermişdir. Ona görə də, o məhkəməyə müraciət etməli olmuşdur. O hesab edir ki, onun pensiyası xx.xx.2023-cü il tarixdən bu qaydada ödənilməlidir: vəzifə maaşı - 445 manat, qulluq stajına görə əlavə 445 x 30%=113,5 manat, İİ dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsinə görə - 65 manat, mükafatlar - 445 x 700%/24=129,79 manat, vəzifə səlahiyyətinə görə - 445 x 15%=66,75 manat, vəzifə maaşına əlavə - 445 x 1.1=489,50 manat. Ümumi - 1329,54 manat x 80% = 1063,63 manat. İşin üzrə şifahi məhkəmə baxışı iclası 11 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbinə dair məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 311249/2023 nömrəli etirazda qeyd edilmişdir ki, iddiaçıya 3 fevral 2023-cü il tarixdən "Əmək pensiyaları haqqında" Qanunun 20.11.2-ci maddəsinə əsasən 33 il 5 ay 13 gün qulluq stajına uyğun olaraq xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqının 1052,21 manatın 80 faizi, yəni 841,76 manat məbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası müəyyən edilib. İddiaçının təqdim etdiyi müvafiq arayışa əsasən əmək pensiyası yenidən hesablanaraq 841,76 manatdan 867,77 manata artırılmışdır. İddiaçıya ödənilməli olan 102,18 manat fərq məbləği hesablanmışdır. Həmin 102,18 manat pul vəsaiti 2023-cü ilin iyun ayında iddiaçının əmək pensiyasının üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülmüşdür. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq muqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyın normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil dərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadı, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sira səciyyəvi xüsusiyyətlər mövcuddur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; -cavabdeh orqan tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-17- 1/2-A-228626/6/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-182422/2023 və xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-102904/2023 nömrəli məktublar; -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-9794/2023 nömrəli "Əmək pensiyasının yenidən hesablanması haqqında" Qərarın təsdiq edilmiş surəti; -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-7649/2023 nömrəli "Əmək pensiyasının yenidən hesablanması haqqında" Qərarın təsdiq edilmiş surəti; -xx.xx.2023-cü il tarixli xxxxxxx230002 nömrəli müraciət vərəqəsinin təsdiq edilmiş surəti; -iddiaçının əmək pensiyasının yenidən hesablanmasına dair sənədlərin surətləri; -iddiaçıya məxsus xx.xx.1976-cı il tarixli əmək kitabçasının surəti; -X4 Sistemindən çıxarışın təsdiq edilmiş surəti; -xx.xx.2023-cü il tarixli, 88987954 mömrəli müraciət vərəqəsinin təsdiq edilmiş surəti; -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbinə dair məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2-311249/2023 nömrəli etiraz; -cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3- 17-1/2-154371/2024 nömrəli məktub. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırki iddia növü öhdəliyin icrası haqqında iddiadır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi). İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, iddiaçı məsələnin həll olunması üçün cavabdeh inzibati orqana müraciət etdikdən sonra məhkəmədə hazırki iddianı qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. İşin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə iş materiallarında olan sübutları tədqiq edib hüquqi qiymət verərək, mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktiki halları kimi müəyyən etmişdir ki, xx.xx.2023-cü il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 33 il, 5 ay, 13 gün qulluq stajına uyğun olaraq xx.xx.2021 - xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı 1052,21 manatın 80 faizi, yəni 841,76 manat məbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının: -12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. -16-cı maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. -38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun: -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -20.1.7-ci maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. -20.1.8-ci maddəsinə əsasən, dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla) Qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Göründüyü kimi, qanunvericilikdə əmək pensiyaçılarına dövlət qulluğu stajına görə əlavələrin təyin olunması sonuncunun dövlət qulluqçusu statusuna malik olması ilə şərtləndirilmişdir. Məhkəmə qeyd edir ki, dövlət qulluqçusunun statusu ilə bağlı məsələlər "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Eyni zamanda, Qanunun: -20.11-ci maddəsinə əsasən, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. -20.11-1-ci maddəsinə əsasən, dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. -20.12-ci maddəsinə əsasən, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularına əmək pensiyasənən təyin edilməsi üçün dövlət məvacibinin hesablanması" Qaydalarının: -3-cü bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. -9-cu bəndinə əsasən, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) də nəzərə alınır. -10-cu bəndinə əsasən, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış üzrə nəzərə alınır -11-ci bəndinə əsasən, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. -12-ci bəndinə əsasən, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik aktlarının normalarını hazırki işin hallarına uğun tətbiq edərək hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 33 il, 5 ay, 13 gün qulluq stajına uyğun olaraq xx.xx.2021 - xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı 1052,21 manat hesablanmışdır. Cavabdeh orqan orta aylıq əmək haqqını qanunvericiliyin tələblərinə uyğun - iddiaçı tərəfindən təqdim edilmiş əmək haqqı barədə arayışda göstərilən ümumilikdə ödənilmiş 33263,04 manatdan büdcədənkənar pul vəsaitləri hesabına ödənilmiş 8010,00 manat çıxdıqdan sonra qalan pul vəsaitinin, yəni 25253,04 manatın 24-ə olan nisbətinin 80 faizini, yəni 841,76 manatməbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi, cavabdeh orqan pensiyanın hesablanması zamanı həmçinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 20.30-cu maddəsinin tələblərinə riayət edərək, iddiaçının (dövlət qulluqçusunun) əmək pensiyasına qulluq stajına görə əlavəni hesablayarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişləri nəzərə almamışdır. Bununla yanaşı, məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, iddiaçının təqdim etdiyi müvafiq arayışa əsasən onun əmək pensiyası cavabdeh orqan tərəfindən yenidən hesablanaraq 841,76 manatdan 867,77 manata artırılmış, eyni zamanda ona ödənilməli olan 102,18 manat fərq məbləği 2023-cü ilin iyun ayında iddiaçının əmək pensiyasının üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülmüşdür. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qanuni və əsaslı olduğundan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı yaşa görə yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı yaşa görə yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-886/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-886/2024
11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver