Məhkəmə qərarları › İş №2-1(114)-886/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-886/2025

19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-886/2025 19.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X4 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyin bərpa edilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyin bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə onun əlilliyinin bərpa edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2000-ci ildən 2023-cü ilin dekabr ayına kimi ikinci dərəcə əlil kimi pensiya almışdır. Belə ki, 2017-ci ilə kimi mülki, sonralar isə hərbiçi olaraq pensiya almışdır. Çünki 1993-cü ildə hərbi xidmətə çağırılmış də hərbi xidmət keçən zaman 1994-cü ilin fevral ayında partlama nəticəsində yaralanmışdır. Ona qoyulmuş diaqnoz «odulu silah mərmi partlamasından sonrakı başın sol ənsə qabarı proyeksiyasında bir ədəd, başın sağ alın-gicgah nahiyyəsində bir ədəd, döş qəfəsinin sol arxa səthində kürək xətt üzrə 7-ci döş fəqərəsi səviyyəsində bir ədəd, sağ bel nahiyyəsində bir ədəd köhnə çapıq toxumaları» olmuşdur. Bu barədə Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı vardır. Buna baxmayaraq ona əlillik dərəcəsi verilməsindən imtina edilmişdir. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, yeni göndəriş əsasında ona təyin edilmiş əlillik ilə razı deyil. Çünki tibbi göndərişdə qoyulmuş diaqnoz düzgün deyildir. Əlilliyin səbəbinin ümumi xəstəlik olmasını qəbul etmir. Səbəb Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı olmalı idi. Müayinədən keçən zaman ona bildirilmişdir ki, iddiası təmin olunacağı halda hazırki əlilliyi ləğv ediləcəkdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbi ilə bağlı göstərdi ki, iddiaçıya xx.xx.2025-ci il tarixli göndəriş əsasında xx.xx.2025-ci ildən müddətsiz olaraq ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Göndərişdə əlillik təyinatı üçün əsas ürək çatmamazlığı və əlaqəli xəstəliklər göstərilmişdir. Bir sözlə iddiaçının müraciəti təmin edilmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və hazırkı iş üzrə inzibati mübahisə artıq mövcud olmadığındaniş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının tələbi onun ikinci dərəcə əlilliyinin bərpasından ibarətdir. Hazırda da iddiaçıya ikinci dərəcə müddətsiz olaraq ümumi xəstəlik səbəbi ilə əlillik təyin edilmişdir. Doğrudur ki, iddiaçı bunu qəbul etmir. Çünki əlillik səbəbinin, habelə, tibbi göndəriş əsasında ona qoyulmuş diaqnozun doğru olmadığını iddia edir. Nəzərə almaq lazımdır ki, göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi komissiyaya müraciət edir və komissiya şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayaraq müalicənin nəticələrini araşdırır, zərurət olduqda isə diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxsi ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərməklə, son nəticədə göndəriş verir və ya göndərişin verilməsindən imtina edir. Hazırda iddiaçının özünün müraciəti əsasında ona yeni göndəriş verilmişdir. Məhkəmə göstərir ki, iddiaçı tibbi göndərişdə qoyulmuş diaqnozun düzgün olmamasını iddia edirsə, göndərişi verən orqana qarşı, habelə, səbəbli əlaqənin dəyişdirilməsini istəyirsə cavabdeh quruma qarşı iddia verə bilər. Mövcud durumda isə iddiaçının məqsədi ikinci dərəcə əlilliyin bərpa edilməsindən ibarət olduğundan və cavabdeh orqan da iddiaçıya ikinci dərəcə əlillik təyin etdiyindən məhkəmə tərəflər arasında hazırki iddia üzrə mübahisə qalmaması nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Odur ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə bir nüansı da qeyd edir ki, tələbin dəqiqləşdirilməsi yönündə məhkəmənin hüquqi yardımına müvafiq olaraq iddiaçı dəqiqləşmə barədə ərizə təqdim etmişdir. Lakin iş üzrə icraata mövcud tələbin cavabdeh orqan tərəfindən icra olunması əsası ilə xitam verilməsi nəticəsinə gəlindiyi üçün ərizənin icraata qəbul edilməsinə lüzum görülməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-ProsessualMəcəlləsinin 67, 81.1 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyin bərpa edilməsi» tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar