Məhkəmə qərarları › İş №2-1(114)-89/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-89/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-89/2023 16.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə (bundan sonra mətndə - cavabdeh) qarşı “insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalar, ürək və ağciyər xəstəlikləri” diaqnozu ilə müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1964-cü il tarixdə Ağdərə rayonun Narıştar kəndində anadan olmuş, hazırda Ağdam rayonun Qalayçılar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayır. İddiaçıya xx.xx.2007-ci il tarixdə AA seriyalı 157928 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. İddiaçıya xx.xx.2009-cu il tarixdə “şəkərli diabet İİ tip insulin tələbli ağır forma. Hipertoniya xəstəliyi ikinci dərəcə” (İV sinif- Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14-Şəkərli diabet=>E10-İnsulindən asılı şəkərli diabet) diaqnozu əsasında 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Həmin diaqnoz əsasında iddiaçıya xx.xx.2014-cü il tarixdə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2009-cu il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2021-ci il tarixdən isə pensiya ödənişi dayandırılmışdır. Lakin xx.xx.2021-ci il tarixdə həmin diaqnoz əsasında iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina olunmuş, imtina əsası kimi göndərişin natamam doldurulması – Səbəb:Hədəf orqanlarındakı ağırlaşmaları göstərən müayinələr qeyd olunsungöstərilmişdir. xx.xx.2021-ci il tarixdəki müayinə zamanı əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsinin səbəbi kimi – Göndərişin natamam doldurulması – Səbəb: Respublika Endokrinologiya Mərkəzində müayinə olunması məsləhətdir.” göstərilmişdir. xx.xx.2021-ci il tarixdəki imtinanın əsası “Göndərişin natamam doldurulması.- Səbəb: Hədəf orqanlarda ağırlaşmaların ağırlıq dərəcəsi dəqiqləşdirilməyib” olmuşdur. xx.xx.2021-ci il tarixdəki imtinanın əsası “Göndərişin natamam doldurulması.- Səbəb: Hədəf orqanlarda olan ağırlaşmalar ixtisaslaşmış tibb müəssisəsində ətraflı müayinə olunaraq dəqiqləşdirilsin” olmuşdur. xx.xx.2022-ci il tarixdəki imtinanın əsası isə “Göndərişin natamam doldurulması.- Səbəb: Hədəf orqanlarda ağırlaşmalar müayinələrlə əsaslandırılsın” olmuşdur. “Ağdam Rayon Mərkəzi Xəstəxana” publik hüquqi şəxs tərəfindən iddiaçı barəsində tərtib olunmuş Forma 88 – 0217003AANFFnömrəli göndərişə əsasən, iddiaçı xx.xx.2015ci il tarixdən göndəriş verən müəssisədə qeydiyyatdadır və TSEK-ə göndəriş zamanı əsas diaqnozu XBT 10 kodu (X1 10-cu baxış) əsasən: a) əsas diaqnoz E10.7– İnsulindən asılı şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla Şəkərli diabet tip 2 insulin tələbli ağır força çoxsaylı ağırlaşmalarla. Diabetik retinopatiya, diabetik polineyropatiya, diabetik nefropatiya, aşağı ətrafların diabetik angiopatiyası; b) ağırlaşmaları - XBT 10-a uyğun olaraq: N08.3* - Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14 Diabetik nefropatiya. Xroniki böyrək çatmamazlığı başlanğıc mərhələ. H36.0*-Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü. 3 işarəsi ilə) OU Preproliferativ diabetik retinopatiya. G63.2* -Diabetik polinevropatiya (E10-E14 ümumi dördüncü. 4 işarəsi ilə) Diabetik polinevropatiya. İ79.2*-Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən angiopatiya. Aşağı ətrafların diabetik angiopatiyası. c) Yanaşı xəstəliklər: K81.1 – Xroniki xolesistit İ10 – Essensial (birinci) hipertenziya İİİ dərəcə çox yüksək risk F48.0 – Nevrasteniya Astenonevrotik sindrom İ25 – Ürəyin xroniki işemik xəstəliyi gərginlik stenokardiyası İİİ f.s. QDÇ- İİ dərəcə. İ67.4 – Hipertenziv ensefalopatiya. Dissirkulyator hipertenziv ensefalopatiya. K29 – Qastrit və duadenit Xr qastrit İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı “insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalar, ürək və ağciyər xəstəlikləri” diaqnozu ilə müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tibbi Sosial Ekspert Komissiyasının 2009-cu cı il tarixli qərarı ilə iddiaçıya "İnisulindən asılı şəkərli diabet" diaqnozu ilə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Dəfələrlə( 8 dəfə) növbəti tibbi komisiya zamanı Tibbi Sosial Ekspert Komisiyasının rəyləri ilə əlilliyi təsdiq edilərək müvafiq müddətlərə uzadılmışdır. Ancaq sonuncu - xx.xx.2021-ci ildə növbəti müayinə zamanı 8 dəfə 2-ci qrup əlillik dərəcəsinii təsdiq etmiş cavabdeh təşkilat tərəfindən iddiaçının əlillik dərəcəsi dayandılmışdır. Tibbi sənədləri yenidən hazırlanıb cavabdehə göndərilmiş və təkrar sənədlərin natamam olması səbəbi ilə imtina verilmişdir. Sonuncu dəfə X2 Komissiyasının 08 aprel 2022-ci il tarixli,TOŞN-088 nömrəli Göndərişi ilə "İnsulindən asılı şəkərli diabet,çoxsaylı ağırlaşmalar" diaqnozu ilə tibbi sənədləri iddiaçıya müddəti bitmiş əlillik dərəcəsi verilməsi məsələsinə yenidən baxılması üçün Azərbaican Respublikası Səhiyyə Nazirliyi "Tibbisosial ekspert komissiyasına göndərilmış və bu barədə olan "Reyestrə" daxil edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli rəyi ilə iddiaçıya əllik dərəcəsinin verilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi Dövlət səhiyyə müəssəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulmaması və hədəf orqanlarında ağırlaşmaların müayinələrlərin əsaslandılmadığı göstərilmişdir. Halbuki, həmin ərizəyə əlavə edilmiş X2 Komissiyasının 08 aprel 2022-ci il tarixli, TOŞN-088 nömrəli, 4 səhifədən ibarət Göndərişinin məzmunu və əsaslandırıcı hissəsi bu imtinanın əsassız olduğunu sübut edir. Belə ki, həmin ərizəyə əlavə edilmiş X2 Komissiyasının 08 aprel 2022-ci il tarixli göndərişin əsaslandıricı hissəsində iddiaçının 2005-ci ildən Ağdam MRX-da Şəkərli diabet tip 2 insulin tələbli, ağır formalı" diaqnozla qeydiyyatda olması, dəfələrlə satasionar və ambulator müalicələr almasına baxmayaraq, vəziyyətində heç bir yaxşılaşmanın müşahidə edilməməsi, tez-tez hiperlikemik və hipertonik vəziyyətllərdə xəstəxanaya müraciət etməsi, inisulin terapiyası alması, xx.xx.2021-ci il tarixdə Respublika Endekronoloji Mərkəzdə müayinə zamanı xəstəlik diaqnozunun təsdiqlənməsi qeyd edilməklə göndəriş ətraflı şəkildə tamamilə əsasalndırılmışdır. Bundan başqa, həmin rəydə iddiaçının əlavə olaraq "Ürək və Ağciyər xəstəliklərindən də ciddi əziyyət çəkdiyi tam surətdə əsaslandırılmışdır. Belə ki, rəyin əsaslandırıcı hissəsindən göründüyü kimi, mövcud xəstəliklərlə bağlı aşağıda adları qeyd edilən xəstəxanalarda stasionar və ambulataor müalicələr almışdır: 1) "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında; 2) Ağdam rayon Mərkəzi xəstəxana"publik hüquqi şəxs; 3) F.Ə.Əfəndiyev adına 4 nömrəli Şəhər Klinik xəstəxanasında. 3)"Respublika Endekronoloji Mərkəzi" publik hüquqi şəxs; 4) Ağdam mərkəzi rayon xəstəxanası"publik hüquqi şəxs 5) "Respublika Endekronoloji Mərkəzi"publik hüquqi şəxsi Bunlar cavabdeh xx.xx.2022-ci il tarixli iddiaçıya əllik dərəcəsindən verilməsinə dair imtinasında göstərilən dəlillərin tamamilə əsassız olduğunu təsdiq edir. Ona görə də cavabdehin imtinasını əsassız hesab edərək iddiaçıya “İnisulindən asılı şəkərli diabet,çoxsaylı ağırlaşmalar" ağırlaşmış ürək və ağ ciyər "xəstəliyi bağlı müvafiq əlillik dərəcəsinin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır . Əvvəlki məhkəmə iclasların iştirak etmiş iddiaçı iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını təqdim etsə də, yalnız iddiaçının müayinə nəticələrini qeyd etmiş və müvafiq normaları sadalamışdır. Cavabdehin nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Tərəflərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ T500/2022 nömrəli ekspert rəyinə əsasən 0217003AANFFnömrəli göndərişdə qeyd olunan diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş Əsasnamənin hər hansı bir maddəsini aid etmək mümkün olmadı. xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin təyini ilə əlaqədar isə tibb müəssisəsindən yeni Forma 88 rəsmiləşdirilməlidir. Qeyd olunan qurumun xx.xx.2023-cü il tarixli, T47/2023 nömrəli ekspert rəyinə əsasən tibb müəssisəsində tərtib edilmiş göndərişdə əks olunan diaqnoz şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Qeyd edilən xəstəlik üçün hədəf orqanların ağırlaşmaları tibbi sənədlərdə ətraflı qeyd edilməmişdir. İddiaçının düçar olduğu xəstəliyin tam müalicəsi hal-hazırda mümkün olmasa da, istənilən vaxr reabilitasion müalicəyə cəlb oluna bilər. Bakı Respublika Endokrinoloji Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 2690004AAZ3M nömrəli göndərişə əsasən iddiaçıya Şəkərli diabet tip2.İnsulintələbli. Ağır forma, Çoxsaylı ağırlaşmalarla E11.7.Diabetik nefropatiya (İİ- İİİ mərhələ.) N18.2, Diabetik polineyropatiya (G63.2) Sol tərəfli radikulopatiya.Aşağı ətrafların mikro və makro angiopatiyası (İ70.2).OU Preproliferativ diabetik retinopatiya H36.0. ÜİX- Gərginlik stenokardiyası İİ mərhələzarbayce f.s120.8. QDÇ - İİ dərəcə.Arterial hipertenziya İİİ dərəcə çox yüksək rişkə inz ilə.Xroniki xolesistit.Nevrasteniya,asteno - nevrotik sindrom. diaqnozu qoyulmuşdur. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçıya xx.xx.2009-cu il tarixdən hazırkı vaxtadək iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas olaraq, “şəkərli diabet İİ tip insulin tələbli ağır forma. Hipertoniya xəstəliyi ikinci dərəcə” (İV sinif- Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14-Şəkərli diabet=>E10-İnsulindən asılı şəkərli diabet) diaqnozu olmuşdur. Hansı ki həmin xəstəliklər həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə və Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə 2-ci dərəcəli əlilliyin təyininə əsas verir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə Əlilliyin müəyyən olunması meyarların 11.2.2.2-ci bəndində iddiaçıya qoyulmuş diaqnoz əks olunmuşdur. Bundan əlavə, iddiaçıya ilk dəfə 2009-cu ildən ikinci dərəcəli əlillik təyin edilmiş və pensiya işi materiallarından görünür ki, 2021-ci il tarixədək fasiləsiz olaraq 10 ildən artıq müddətdə əlillik müddəti uzadılmışdır. Məlum olduğu kimi, iddiaçının müraciət etdiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İddiaçıya ilk dəfə əlillik 2009-cu ildə təyin edilmiş və hər il bir il müddətinə uzadılmış, sonuncu dəfə 2016-cı ildə əlillik 5 il müddətinə təyin edilmişdir. İddiaçıya sonuncu dəfə verilmiş Forma 88 arayışına əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya sonuncu dəfə 2016-cı ildə verilmiş Forma 88 arayışına əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq, əlillik növbəti müddətlə müəyyən olunmuşdur. Sonradan, həmin müddət bitdikdən sonra 2021-ci ildə iddiaçı yenidən müayinələrdən keçmişdir, halbuki iddiaçı 2021-cı ilədək fasiləsiz olaraq 10 ildən çox ikinci dərəcəli əlil olduğundan həmin vaxt qüvvədə olan 30 dekabr 2015-ci il tarixli Əsasnamənin tələbinə görə əlillik müddətsiz müəyyən olunmalı idi. Digər tərəfdən, iş üzrə keçirilmiş ekspert rəylərinə münasibətdə isə məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli ekspert rəyində göndərişdə qeyd olunan diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyi qeyd olunsa da, xx.xx.2023-cü il tarixli, T47/2023 nömrəli ekspert rəyində isə düçar olduğu xəstəliyin tam müalicəsi hal-hazırda mümkün olmaması əks olunmuşdur. Bakı Respublika Endokrinoloji Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 2690004AAZ3M nömrəli göndərişə əsasən Şəkərli diabet tip2.İnsulintələbli. Ağır forma, Çoxsaylı ağırlaşmalarla E11.7.Diabetik nefropatiya (İİ- İİİ mərhələ.) N18.2, Diabetik polineyropatiya (G63.2) Sol tərəfli radikulopatiya.Aşağı ətrafların mikro və makro angiopatiyası (İ70.2).OU Preproliferativ diabetik retinopatiya H36.0. ÜİX- Gərginlik stenokardiyası İİ mərhələzarbayce f.s120.8. QDÇ - İİ dərəcə.Arterial hipertenziya İİİ dərəcə çox yüksək rişkə inz ilə.Xroniki xolesistit.Nevrasteniya,asteno - nevrotik sindrom. diaqnozu qoyulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinin məzmununa əsasən, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24.1 və 24.2-ci maddələrində qeyd olunur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyündən bəhs edən 74-cü maddəsində qeyd edilir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Cavabdehin imtinanın əsası kimi dəfələrlə göndərişin natamam doldurulması göstərilmiş, lakin bu barədə müvafiq inzibati akt qəbul etməmişdir (etmiş olsa da, həmin qərar nə iddiaçıya, nə də məhkəməyə təqdim edilmiş, imtina və etirazda qərarın nömrəsi və tarixi barədə məlumat verilməmişdir). Məhkəmə cavabdehin iddiaçıya münasibətdə diskresion səlahiyyətini düzgün həyata keçirmədiyi nəticəsinə gəlir. Belə ki, cavabdeh qurum da inzibati orqan kimi inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələblərinə uyğun aparılmış icraat nəticəsində qərar qəbul etməyə, həmin qərarın qəbul olunmasına dair əsaslar göstərilməyə və qərarı gücləndirilmiş elektron imza ilə imzalamağa borcludur. Lakin cavabdeh həmin normaların tələbinə əməl etməmiş, formal (məcburi) tələblər təmin olunmamışdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçıya müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi ilə öhdəliyi cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar