Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-890/2020 09.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı Əhmədova Yasəmən Telman qızının nümayəndəsi Tağıyev Telman Abbas oğlunun iştirakı ilə İddiaçı Əhmədova Yasəmən Telman qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə qarşı torpaq sahəsində təsərrüfat işləri ilə məşğul olduğu illərin sosial sığorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin (bundan sonra Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsi) xx xxxxxx 2018-ci il tarixli məktubu ilə Şəmkir rayonu ərazisində yaşamasına baxmayaraq təqdim etdiyi Torpağa mülkiyyət hüququna dair Dövlət aktında kənd təsərrüfatına yararlı torpaq sahəsinin Tovuz rayonu Sarıtala kənd ərazisində yerləşdiyindən SUN nömrəsinin verilməsi və 2012-2016-cı illərdə ödənilən məbləğin MDSS haqqları kimi qəbul edilməsinin mümkün olmaması bildmirilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə qarşı 2012- 2016-cı illərdə ona və ailə üzvlərinə məxsus torpaq sahəsində təsərrüfat işləri ilə məşğul olduğu illərin sosial sığorta stajına daxil edilməsi və ona 2-ci qrup əlilliyə görə xx.xx.2017-ci il tarixdən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xəstə olmaqla 2-ci qrup əlildir. Buna baxmayaraq o, 2012-ci ildən 2016-cı ilədək Tovuz rayonu, Sarıtala kəndində yerləşən ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsində təsərrüfat işləri ilə məşğul olmuşdur. Bununla bağlı isə Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə məcburi dövlət sosial sığorta haqları üzrə hər il ödəmələr etmişdir. Həmin illərin sosial sığorta stajına daxil edilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan isə xx.xx.2018-ci il tarixli, 82/609 nömrəli cavab məktubu ilə bundan imtina etmişdir. O, bu günədək əmək pensiyası ala bilmir. Onun isə buna çox ehtiyacı var. İddiaçının nümayəndəsi Tağıyev Telman Abbas oğlu məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi əlavə olaraq bildirdi ki, iddiaçı əvvəllər də hazırkı tələblə eyni olan iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi təmin edilsə də, apellyasiya instansiya məhkəməsində qərar ləğv edilmiş, hazırkı tələblə yenidən müraciət etdiyi digər iş üzrə də ərizəsinin geri qaytarılmasını xahiş etdiyini və ərizəsinin təmin edildiyini, lakin yenidən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirdi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri, həmçinin 2- 1(83)1603/2018 və 2-1(83)719/2019 saylı inzibati işlər üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İşdə materiallarında olan; - Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(83)- 1603/2018 nömrəli qərarı ilə iddiaçı Tağıyeva Yasəmən Telman qızının cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə qarşı 2012-2016-cı illərdə Şəmkir rayonunda yerləşən ona və ailə üzvlərinə məxsus torpaq sahəsində təsərrüfat işləri ilə məşğul olduğu illərin sosial sığorta stajına daxil edilməsinə dair iddia tələbi təmin edilmiş, iddiaçı Tağıyeva Yasəmən Telman qızının 2012-2016-cı illərdə ona və ailə üzvlərinə məxsus torpaq sahəsində təsərrüfat işləri ilə məşğul olduğu illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması qərara alınmışdır. -Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(104)- 114/2019 nömrəli qərarı ilə Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin apelyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(83)-1603/2018 nömrəli qərarı ləğv olunmuş, iddia tələbi təmin edilməmiş və həmin qərar qanuni qüvvəsini almışdır. - Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(83)- 719/2019 nömrəli qərardadı ilə iddiaçı 2012-2016-cı illərdə ona və ailə üzvlərinə məxsus torpaq sahəsində təsərrüfat işləri ilə məşğul olduğu illərin sosial sığorta stajına daxil edilməsi və 2-ci qrup əlilliyə görə xx.xx.2017-ci il tarixdən ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkünsüz sayılmış, qərardaddan apelyasiya şikayəti verilməmiş və həmin qərardad qanuni qüvvəsini almışdır. Göründüyü kimi iddiaçı Tağıyeva Yasəmən Telman qızı ilk dəfə xx.xx.2018-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə qarşı 2012-2016-cı illərdə Şəmkir rayonunda yerləşən ona və ailə üzvlərinə məxsus torpaq sahəsində təsərrüfat işləri ilə məşğul olduğu illərin sosial sığorta stajına daxil edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(104)-114/2019 nömrəli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş və apellyasiya instansiya məhkəməsinin qərarı qanuni qüvvəsini almışdır. Bundan sonra, iddiaçı xx.xx.2019-cu il tarixdə yenidən 2012-2016-cı illərdə ona və ailə üzvlərinə məxsus torpaq sahəsində təsərrüfat işləri ilə məşğul olduğu illərin sosial sığorta stajına daxil ediləməsi və ona 2-ci qrup əlilliyə görə xx.xx.2017-ci il tarixdən ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin sonradan nümayəndəsinin ərizəsi əsasında Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(83)-719/2019 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Daha sonra iddiaçının nümayəndəsinin xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən 2- 1(83)-1603/2018 saylı inzibati iş üzrə toplanmış sənədlər xx.xx.2020-ci il tarixli məktubla nümayəndəyə qaytarılmış, iddiaçı xx xxxxxx 2020-ci il tarixdə növbəti dəfə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hazırki tələbdə iddiaçı 2012-2016-cı illərdə ona və ailə üzvlərinə məxsus torpaq sahəsində təsərrüfat işləri ilə məşğul olduğu illərin sosial sığorta stajına daxil edilməsi və 2-ci qrup əlilliyə görə xx.xx.2017-ci il tarixdən ona əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin tələbin əsasını təşkil edən - 2012-2016-cı illərdə ona və ailə üzvlərinə məxsus torpaq sahəsində təsərrüfat işləri ilə məşğul olduğu illərin sosial sığorta stajına daxil edilməsi, yəni pensiya hüququnun yaranmasına əsas olacaq iddia tələbi ilə artıq məhkəməyə müraciət etmiş və bununla bağlı məhkəmə qərarları (Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(83)1603/2018 nömrəli və Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(104)- 114/2019 nömrəli qərarı) qəbul edilərək qanuni qüvvəsini almışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair işlə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan, hazırkı iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 78. maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Yəni, maddi-hüquqi baxımdan qanuni qüvvəyə minmiş məhkəmə qərarları proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Faktiki olaraq bu məcburilik məhkəməyə də şamil olunur. Çünki məhkəmə tərəflərin və mübahisənin eyni olduğu hallarda mahiyyəti üzrə yeni qərar qəbul edə bilməz. Əksinə məhkəmə artıq bir qərarın mövcud olması və buna görə də yeni qərarın qəbul edilə bilməməsi vəziyyətinə riayət etməlidir. Yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı hüquqi mübahisə üzrə iddiaçı və cavabdeh, eləcə də zəruri prosessual həmiştirakçılar üçün məcburidir. Başqa sözlə eyni tərəflər arasında olan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir inzibati icraatda təkrar mübahisələndirilə bilmək imkanını itirmiş olur. Yalnız o halda bu cür iddia mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni iddia predmeti yaranmış olsun. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, işin faktiki və hüquqi əsasları dəyişməmiş, iddiaçı məhkəmə qərarları ilə hüquqi qiymət verilmiş iddianı yenidən mübahisələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Əhmədova Yasəmən Telman qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə qarşı torpaq sahəsində təsərrüfat işləri ilə məşğul olduğu illərin sosial sığorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-890/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-890/2020
09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver