Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-890/2021 26.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı mərhum əri X2 miras qalmış, Şəmkir rayonu, Morul 20 ünvanda yerləşən daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Həsənov Karin Katerina (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı 05.04.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X2 miras qalmış, Şəmkir rayonu, Morul 20 ünvanda yerləşən daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum əri X4 Azərbaycan Respublikası Şəmkir rayonu, Morul 20 ünvanında miras daşınmaz əmlakı vardır, ərinin mirasının vərəsəlik hüququ əsasında ona və övladlarına olan payların Dövlət Reyestrində qeydə alınması və miras əmlak üzərində mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün nümayəndəsi vasitəsi ilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə ərizə ilə müraciət edərək müvafiq sənədləri təqdim etmişdir. Cavabdeh 11 saylı Şəmkir Ərazi İdarəsi 10 mart 2021-ci il tarixli, **********77 saylı məktubla onun hüquqlarının qeydə alınmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, cavabdehə təqdim edilmiş sənədlər, o cümlədən Almaniya Respublikasının Lukenvalde Ərazi Məhkəməsinin qərarı ilə miras əmlak üzərində paylar bölünmüşdür. Lakin həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən tanındıqdan sonra müraciət icra edilə bilər. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, tərəfindən təqdim edilmiş vərəsəlik şəhadətnaməsi Almaniya Respublikası qanunvericiliyinə görə məhkəmə tərəfindən verilir, lakin bu, məhkəmə qərarı olmadığından Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən tanınmalı deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 26 may 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddiaçının mərhum əri X2 miras qalmış, Şəmkir rayonu, Morul 20 ünvanda yerləşən daşınmaz əmlakın X7 üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, Almaniya Respublikası tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsi konsulluq tərəfindən leqallaşdırılmışdır. Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi nümayəndəsinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus Alman dilindən Azərbaycan dilinə tərcümə edilmiş şəxsiyyət vəsiqəsinin surəti; - cavabdehin iddiaçının nümayəndəsinə ünvanladığı 10.03.2021-ci il tarixli, **********77 nömrəli imtina məktubunun əsli; - Lukenvalde Ərazi Məhkəməsinin 22.09.2020-ci il tarixli vərəsəlik şəhadətnaməsinin Alman dilindən Azərbaycan dilinə tərcümə edilmiş surəti; - Potsdam Əyalət Məhkəməsinin 23.09.2020-ci il tarixli vərəsəliyin tanınması haqqında aktın Alman dilindən Azərbaycan dilinə tərcümə edilmiş surəti; - X1 məxsus 02.12.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surəti; - 22.08.2019-cu il tarixli, 2000 nömrəli Apostil və leqallaşdırmanın qısa icmalı sənədinin Alman dilindən Azərbaycan dilinə tərcümə edilmiş surəti; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və norariat baş idarəsinin Şəmkir rayonu 1 saylı notariat ofisinin 04.05.2021-ci il tarixli, 481 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi nin 08.05.2021-ci il tarixli, 05/3498-11 nömrəli cavab məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Çünki iddiaçı məhkəmədən müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materiallarını nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, Lukenvalde Ərazi Məhkəməsinin 22.09.2020-ci il tarixli vərəsəlik şəhadətnaməsi ilə X7 vərəsəliyi tanınmışdır. İddiaçının nümayəndəsi X7 mərhum əri X2 miras qalmış, Şəmkir rayonu, Morul 20 ünvanda yerləşən daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi iddiaçının nümayəndəsinə 10.03.2021-ci il tarixli, **********77 nömrəli imtina məktubu ünvanlayaraq, həmin məktubda qeyd etmişdir ki, X9 əri mərhum X5 və X3 paylı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin miras əmlakının Almaniya Respublikasının Lukenvalde Ərazi Məhkəməsinin qərarı ilə vərəsələr arasında bölünmüşdür. Lakin Almaniya Respublikasının Lukenvalde Ərazi Məhkəməsinin qərarında xarici dövlətin qətnamələri Ali Məhkəmə tərəfindən tanındıqdan sonra icraya yönəldilməsi mümkündür. Məhkəmə cavabdeh orqanın imtinasını əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 464-cü maddəsinə əsasən Xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır. Göründüyü kimi qanunvericiliyin tələbinə görə xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin tanınması Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən həyata keçirilir və yalnız bundan sonra Azərbaycan Respublikasının ərazisində istifadə oluna bilər. Lakin məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş Almaniya Respublikasının məhkəməsi tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsi qərar və ya qətnamə deyil və bu səbəbdən də, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən tanınmalı deyil. Belə ki, cavabdeh orqanın imtina məktubunda qeyd etdiyi Lukenvalde Ərazi Məhkəməsinin vərəsəlik şəhadətnaməsi Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasıdakı Səfirliyinin konsulu S.Z.Hüseynov tərəfindən legallaşdırılmışdır. “Konsul leqallaşdırması haqqında” təlimatın: - 1-ci bəndinə əsasən konsul leqallaşdırması sənədlərdəki və aktlardakı imzaların həqiqiliyini və bu sənəd və aktların konsulluğun yerləşdiyi dövlətin qanunlarına uyğun olmasını müəyyənləşdirmək və təsdiq etməkdən ibarətdir. Leqallaşdırma sənədlərin və aktların beynəlxalq aləmdə hüquqi qüvvəsini təsdiqləyir. - 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Konsul nizamnaməsinin 54-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının konsuluna sənəd və aktların leqallaşdırılması üzrə funksiyalar həvalə edilir. - 3-cü bəndinə əsasən Konsul leqallaşdırması üzrə funksiyalarağıdakılardır: a) xarici ölkələrdə - Azərbaycan Respublikasının konsulluqları b) Azərbaycan Respublikasında - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən həyata keçirilir. - 4-cü bəndinə əsasən xarici dövlətlərin idarələrinə, təşkilatlarına, fiziki və hüquqi şəxslərinə məxsus sənədlər və aktlar, Azərbaycan Respublikasının qanunvericiliyində və ya Azərbaycan Respublikasının və bu sənədləri tərtib edən idarə və təşkilatların mənsub olduğu dövlətin iştirak etdiyi beynəlxalq müqavilələrdə digər hallar nəzərdə tutulmamışdırsa, yalnız konsul leqallaşdırmasından sonra Azərbaycan Respublikasının İdarə və təşkilatları tərəfindən baxılmaq üçün qəbul edilir. Göründüyü kimi Lukenvalde Ərazi Məhkəməsinin vərəsəlik şəhadətnaməsi Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasıdakı Səfirliyinin konsulu S.Z.Hüseynov tərəfindən legallaşdırıldığı üçün Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən baxılmaq üçün qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qanunidir, Lukenvalde Ərazi Məhkəməsinin vərəsəlik şəhadətnaməsi Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasıdakı Səfirliyinin konsulu S.Z.Hüseynov tərəfindən legallaşdırıldığı üçün iddiaçının iddiası təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Həmin Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hazırki iş üzrə sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək iddianın təmin edilməsi qətanətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi təmin olunmalı, iddiaçının mərhum əri X2 miras qalmış, Şəmkir rayonu, Morul 20 ünvanda yerləşən daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı X7 mərhum əri X2 miras qalmış, Şəmkir rayonu, Morul 20 ünvanda yerləşən daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-890/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-890/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver