Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-891/2022 07.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı vaxtdan təyin edilməsi və ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə 01.02.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 15.11.1978-ci ildə Daşkəsən rayonunda “Evlər idarəsində” çilingər vəzifəsndə işə qəbul edilmiş və 24.04.1979-cu ilə kimi orada işləmişdir. 04.05.1979-cu ildə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılmış və 05.05.1981-ci ildə hərbi xidmətini başa vurmuşdur. Daha sonra 16.09.1981-ci ildə Kirobabad şəhər X1 sexinə işə qəbul edilmiş və 12.06.1989-cu ilə kimi orada çalışmışdır. 15.06.1989-cu ildə Daşkəsən Rayon X3 Kombinatının yükləmə sexinə sex rəisinin müavini vəzifəsinə təyin edilmiş, 14.09.1993-cü ildə vaqon yükləyicisi vəzifəsinə, daha sonra müxtəlif vəzifələrə dəyişdirilmiş və 08.08.2012-ci ilin avqust ayına kimi orada işləmişdir. Həmin tarixdə Daşkəsən rayonu Çovdar kəndi ətrafında yerləşən AİMROK LTD qızıl mədəninə növbə rəisi vəzifəsinə işə qəbul edilmiş, sonra operaror vəzifəsinə dəyişdirilmiş və 29.07.2016-ci il tarixə kimi orada işləmiş və həmin tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. 17.02.2021-ci ildə Daşkəsən rayonu ərazisində Ağ yoxuş adlanan X12 şirkətinə filiz daşıma mədəninə işə düzəlmiş və hazırda da orada işləyir. Hazırda iddiaçının 61 yaşı var və o, 60 yaşından artıq yaşı olduğu üçün güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığından ona pensiya təyin edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin 16.05.2022-ci il tarixli qərardadı ilə iddiaçının « güzəştli şərtlərlə pensiyanın 16.01.2018-ci il tarixdən təyin edilməsi və pensiya məbləğinin ödənilməsi » tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı və onun vəkili X5 məhkəmə iclasında iddianı müdafiə etmişlər. Cavabdehin vəkili və nümayəndəsi X7 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının iddia etdiyi güzəştli şərtlərlə pensiya hüququ üzrə pensiya yaşı 60 yaşdır. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 46320.00 manat hesablanmışdır. İddiaçının isə cəmi pensiya kapitalı 33112,45 manat təşkil edir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 19.07.1982-ci il tarixli Б 690818 nömrəli diplomdan görünür ki, İddiaçı 01.09.1981-ci il tarixdən 19.07.1982-ci il tarixədək Kirovabad şəhər 77 nömrəli OTP məktəbində təhsil almışdır. -surəti işə əlavə edilmiş 15.06.1981-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı 15.12.1978-ci il tarixdən 29.07.2016-cı il tarixədək müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir. -X10 MMC-nin 26.12.2018-ci il tarxili 35 nömrəli arayışından görünür ki, İddiaçı sentyabr 1981-ci ildən iyun 1989-cu ilədək X10 MMC-də işləyərək əmək haqqı almış və o, 01.04.1982-ci il tarixdən 12.06.1989-cu il tarixədək güzəştli şərtlərlə işləmişdir. -"xxxx" ASC-nin 13.01.2021-ci il tarxili 01 nömrəli arayışından görünür ki, İddiaçı 13.09.1993-cü il tarixdən 13.10.2010-cu il tarixədək "xxxx" ASC-də güzəştli şərtlərlə işləmişdir. -ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 11.01.2022-ci il tarixli **********8 nömrəli məktubundan görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyinə görə müvafiq əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -9.1-ci maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən müəyyən olunur ki, onun ümumi iş stajı 25 ildən çoxdur. Yuxarıda göstərilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq İddiaçı pensiya hüququnun yaranması üçün 3 şərt tələb olunur. 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş müvafiq siyahıda göstərilməsi. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. Deməli onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 16.01.2018-ci ildə yaranmışdır. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir və bu hal cavabdeh orqan tərəfindən mübahisələndirilmir. Qeyd edilməlidir ki, iddiaçının 01.04.1982-ci il tarixdən 12.06.1989-cu il tarixədək X10 MMC-də işlədiyi darama aparatlarının təmizləyiciləri-itiləyiciləri peşəsi həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısının XX bölməsinin 10-cu bəndində (2211100a—19586), eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Yüngül sənaye (26-cı) bölməsinin Keçə fabriki və keçə istehsalı (10-cu) bəndində nəzərdə tutulmuşdur. Beləliklə iddiaçının qeyd olunan müddət üzrə 7 il 2 ay 5 gün güzəştli sığorta stajı öz təsdiqini tapmışdır. Eyni zamanda, "xxxx" ASC-nin 13.01.2021-ci il tarxili 01 nömrəli arayışı ilə iddiaçının 13.09.1993-cü il tarixdən 13.10.2010-cu il tarixədək güzəştli şərtlərlə işlədiyi peşənin imtiyazlı pensiya təminatı nəzərdə tutduğu öz təsdiqini tapmışdır. Qeyd olunan müəssisədə iddiaçının güzəştli şərtlərlə işləməsi işin mübahisəsiz halı olmuşdur. Bu əsasla məhkəmə qeyd edir ki, iddiaçının X10 MMC-də işlədiyi 7 il 2 ay 5 gün güzəştli sığorta stajı və "xxxx" ASC-də 1 yanvar 2006-cı il tarixədək olan 12 il 3 ay 18 gün sığorta stajı toplandıqda onun 1 yanvar 2006-cı il tarixədək ümumilkdə 19 il 5 ay 23 gün güzəştli şərtlərlə olması müəyyən olunur. Qeyd olunan güzəştli şərtlərlə sosial sığorta stajının iddiaçının 01.01.2006-cı il tarixədək olan iş stajına daxil olduğunu nəzərə alındıqda onun fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına ehtiyac qalmır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq iddiaçı 12 il 6 ay güzəştli sığorta stajına malik olmuşdur və həmin qanunda pensiya kapitalı tələbi olmamışdır. Beləliklə müəyyən olunur ki, iddiaçı tələb olunan yaş həddində olmaqla, eləcə də tələb olunan sosial sığorta stajına malikdir və qeyd olunan sosial sığorta stajının 12 il 6 aydan çox hissəsi iddiaçının zərərli və ağır peşələrdə olan iş stajına daxildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya hüququ yarandığı 16.01.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququ yarandığı 16.01.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın iddiaçının cavabdehə ilkin müraciəti tarixindən 3 il geriyə tarixdən ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-891/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-891/2022
07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver