Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-892/2022 19.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 02.02.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, istifadəsində olan Göygöl şəhəri, Aydın Hacıyev küçəsi 73 ünvanda yerləşən ümumi sahəsi 77.9 kv.m-dən ibarət olan 2 otaqlı mənzilə dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 04.06.2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 53.4 kv.m, yaşayış sahəsi 36.5 kv.m, yardımçı sahəsi 16.9 kv.m olan 2 otaqlı mənzili tam mülkiyyət hüququ üzrə X3 notariat qaydasında alqı-satqı edərək satmış, lakin qarşılıqlı razılıq əsasında həmin ünvanda yerləşən və iddiaçıya məxsus olan 77.9 kv.m-dən ibarət olan tövlə sahəsini alıcıya satmamış və həmin tövləni yaşayış sahəsinə çevirərək ailəsi ilə birlikdə həmin sahədə yaşamışdır. Göygöl Rayon İcra Hakimiyyətinin 14.12.2021-ci il tarixli, 209 nömrəli sərəncamı ilə Göygöl şəhəri, Aydın Hacıyev küçəsi 73 saylı ünvanda yerləşən yaşayışa yararlı təmir olunmuş təsərrüfat damı mənzil fonduna keçirilmiş və həmin ünvanda yerləşən 77.9 kv.m yaşayış sahəsinin eskiz layihəsi rayon arxitektoru tərəfindən çəkilərək təsdiq olunmuşdur. İddiaçı həmin sahəyə çıxarış almaq üçün DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən müraciətə əlavə edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, Göygöl Rayon İcra Hakimiyyətinin 14.12.2021-ci il tarixli 209 saylı sərəncamı mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmur, bu səbəbdən də müraciətin icrası mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 04.06.2021-ci il tarixli Daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən mənzili X1. -surəti işə əlavə edilmiş Göygöl Rayon İcra Hakimiyyətinin 14.12.2021-ci il tarixli 209 nömrəli sərəncamından görünür ki, Göygöl şəhəri, Aydın Hacıyev küçəsi 73 ünvanda yaşayan İddiaçı məxsus yaşayışa yararlı təmir olunmuş təsərrüfat damı mənzil fonduna keçirilmişdir. -surəti işə əlavə edilmiş DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 28.12.2021-ci il tarixli, **********20 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin icrasının təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. İş materialları ilə müəyyən olunur ki, iddiaçı Göygöl Rayon İcra Hakimiyyətinin 14.12.2021-ci il tarixli 209 nömrəli sərəncamı ilə mənzil fonduna keçirilmiş təsərrüfat damı üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsindən tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:- -146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. -146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. -146.3-cü maddəsinə əsasən bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. -146.4-cü maddəsinə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2009-cu il tarixli 153 nömrəli Fərmanının 26 avqust 2019-cu il tarixli 818 nömrəli Fərmanla 2.1-ci bəndə edilmiş dəyişikliyə görə Mənzil Məcəlləsinin 146.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti həyata keçirir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. -5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, Göygöl Rayon İcra Hakimiyyətinin 14.12.2021-ci il tarixli 209 nömrəli sərəncamı ilə Göygöl şəhəri, Aydın Hacıyev küçəsi 73 ünvanda yaşayan İddiaçı məxsus yaşayışa yararlı təmir olunmuş təsərrüfat damı mənzil fonduna keçirilmiş və iddiaçı hazırda qeyd olunan sərəncama istinad edərək mənzil fonduna keçirilmiş təsərrüfat damı üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edir. Bununla bağlı nəzərə almaq lazımdır ki, Göygöl şəhəri, Aydın Hacıyev küçəsi 73 ünvanda yerləşən təsərrüfat damının hüquqi qeydiyyatına icazə verilməsi barədə Göygöl Rayon İcra Hakimiyyəti başçısının sərəncamı həmin əmlakın dövlət qeydiyyatına alınması üçün əsas sayıla bilməz. İcra Hakimiyyəti Başçısının daşınmaz əmlakın hüquqi qeydiyyata alınmasına belə icazə vermək səlahiyyəti qüvvədə olan qanunvericiliyə əsaslanmır. Bundan əlavə, sərəncamda istinad olunan “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci bəndi icra hakimiyyəti başçısının belə icazənin verilməsi ilə bağlı səlahiyyətini deyil, onun öz səlahiyyətlərini həyata keçirərkən istifadə edə biləcəyi fəaliyyət formalarını müəyyən edir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün hər hansı qurumdan şəxsin icazə alması və ya hər hansı qurumun əmlakın dövlət qeydiyyatına alınması üçün şəxsə icazə verməsi institutu qanunvericilikdə prinsip olaraq ümumiyyətlə nəzərdə tutulmamışdır. İcra hakimiyyəti orqanlarının funksional səlahiyyət bölgüsü və sərəncamda istinad olunan norma baxımından həmin sərəncamın icrası reyestr xidmətinə belə sərəncam qaydasında həvalə edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, hüquqi təsir baxımından həmin icazə ücüncü şəxslərə münasibətdə bu icazə əsasında qeydiyyatın aparılmasını tələb hüququ, qeydiyyatı aparan dövlət orqanına münasibətdə isə qeydiyyatı aparmaq öhdəliyi yaratmır. Başqa sözlə, qeydiyyat orqanı həmin icazəni nəzərə alaraq və ya həmin icazə əsasında daşınmaz əmlakın qeydiyyatını aparmağa borclu deyil. Eyni zamanda barələrində həmin sərəncamın qəbul edildiyi şəxslər də hüququn qeydiyyatı barədə İcra Hakimiyyəti Başçısından bu məzmunda icazə almağa borclu və məhz həmin icazə əsasında mübahisəli əmlakın onların adına qeydiyyata alınmasını tələb hüququna malik deyildir. Beləliklə, işin faktiki halları və qüvvədə olan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, istinad olunan sərəncam sözügedən mənzilin özəlləşdirilməsi üçün əsas hesab oluna bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-892/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-892/2022
19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver