Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-892/2023 06.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın qismən ləğv edilməsi və ödənilməmiş təqaüd məbləğinin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli 2543/**********0 nömrəli qərarının təqaüd işi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ona ödənilməmiş 2700 manat fərqin əvəzləşdirilmə hissəsinin ləğv edilməsi və ödənilməli olan 2700 manat müavinət məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Fərmanının 2.1-ci yarımbəndinə müvafiq olaraq iddiaçıya Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid X3 dul arvadı olduğuna görə təqaüd təsis edilmişdir. Lakin, cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3 ay ərzində 2700 manat şəxsi əmlakı olan müavinət kəsilmiş və verilməmişdir. Onlar bunu mərhum İlham Əliyevin anası sağ olduğu üçün aparılmış əvəzləşmə ilə əsaslandırsalar da hansı qanunvericiliyə əsasən ona düşən hissənin kəsildiyini əsaslandıra bilməmişdirlər. Ona görə də hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli 2543/**********0 saylı qərarının təqaüd işi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ona ödənilməmiş 2700 manat fərqin məbləğlə əvəzləşdirilmə hissəsi məhkəmə tərəfindən ləğv edilməli və ödənilməli olan 2700 manat müavinət məbləğinin ona ödənilməsi barədə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə öhdəlik qoyulmalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X6 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2005-ci il tarixli, 258 nömrəli fərmanına uyğun olaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 650 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 750 manat, xx.xx.2021-ci il tarixdən 900 manat məbləğində müddətsiz təqaüd təyin edilmişdir. Lakin Fərmana 03 may 2017-ci il tarixində müvafiq dəyişiklik edildikdən sonra iddiaçının mərhum həyat yoldaşı milli X1 anası X2 olmasına baxmayaraq təqaüd ödənişi ailə üzvlərinin sayına uyğun olaraq bərabər məbləğdə bölünməmiş və iddiaçıya tam məbləğdə ödənilmişdir. Nəticədə iddiaçıya xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr üzrə ödənilmiş təqaüd məbləği millli qəhrəmanın digər ailə üzvünə bölüşdürülmədiyi üçün Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, 2543/**********0 nömrəli qərarına əsasən 41858,06 manat artıq ödəmə müəyyən edilmişdir. İddiaçıya ünvanlanmış imtina məktubunda qeyd edilmişdir ki, artıq alınmış məbləğ onun təqaüd işi üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ödənilməmiş 2700,00 manat fərq məbləğlə əvəzləşdirildikdən sonra qalıq 39158,06 manat, 2022-ci ilin mart ayından hər ay 20 faiz olmaqla 180 manat məbləğində qanunamüvafiq qaydada tutulacaqdır. Odur ki, qeyd olunanlardan aydın olduğu kimi iddia tələbi əsassızdır. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etməmiş, eyni zamanda bildirmişdir ki, iddiaçının razılıq ərizəsi inzibati iş materiallarında yoxdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə-Daşkəsən Regional filialının xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, İddiaçı (FİN OU9H2XS) qızına müddətsiz Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir, audit yoxlaması zamanı aşkar edilmişdir ki, 03 may 2017-ci il tarixli 1366 nömrəli fərmana əsasən ailə üzvlərində X3 anası X2 olmasına baxmayaraq heç bir sənəd təqdim edilməmiş və təqaüd bütövlükdə İddiaçı ödənilmişdir, bunun nəticəsində artıq ödəmə yaranmış və təqaüd işi xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. -surəti əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli 2543/**********0 nömrəli “Təqaüd təyinatı üzrə” qərarından görünür ki, xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək İddiaçı artıq ödənilmiş vəsaitin tutulması qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddianın müddətlə bağlı mümkünlük şərti ilə bağlı qeyd olur ki, mübahisələndirilən qərarın özündə şikayət vermə müddəti göstərilməmişdir. Bu halda iddiaçının İnzibati İcraat haqqında Qanunun 73-cü maddəsinə əsasən sözügedən qərarı 6 ay ərzində mübahisələndirmək hüququ olmuşdur. Mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixdə verilmiş, iddiaçıya isə cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş müddəti ötürməmişdir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2005-ci il tarixli, 258 nömrəli fərmanına uyğun olaraq iddiaçıya Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid X3 dul arvadı olduğuna görə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 650 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 750 manat, xx.xx.2021-ci il tarixdən 900 manat məbləğində müddətsiz təqaüd təyin edilmişdir. Daha sonra audit yoxlaması zamanı aşkar edilmişdir ki, iddiaçının mərhum həyat yoldaşı X3 anası X2 olmasına baxmayaraq təqaüd ödənişi ailə üzvlərinin sayına uyğun olaraq bərabər məbləğdə bölünməmiş və tam həcmdə iddiaçıya ödənilmişdir. Nəticədə iddiaçıya xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr üzrə ödənilmiş təqaüd məbləği millli qəhrəmanın digər ailə üzvünə bölüşdürülmədiyi üçün Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, 2543/**********0 nömrəli qərarına əsasən 41858,06 manat artıq ödəmə müəyyən edilmiş və artıq ödənilmiş vəsaitin tutulması qərara alınmışdır. Həmçinin, artıq alınmış məbləğ onun təqaüd işi üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ödənilməmiş 2700,00 manat fərq məbləğlə əvəzləşdirildikdən sonra qalıq 39158,06 manat, 2022-ci ilin mart ayından hər ay 20 faiz olmaqla 180 manat məbləğində tutulmuşdur. İddiaçı isə hazırda cavabdehin sözügedən qərarınıvə onun nəticələrini mübahisələndirir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən hərəkətlərinin qanuni olub-olmadığını müəyyənləşdirmək üçün sosial təminat sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, sosial təminat sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq müvafiq ödənişlərin yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, ödənişi almaq hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və ödəniş məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə xalqımızın cəsarətli oğul və qızları ağır sınaqlardan şərəflə keçərək müasir tariximizin canlı qəhrəmanlıq salnaməsini yaratmışdır. Xalqımızın mərd övladları bu çətin yolda yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərmiş, onların bir qismi müstəsna xidmətlərinə və igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Həmin şəxslərin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilir, onların maddi və mənəvi ehtiyaclarının ödənilməsi üçün müntəzəm tədbirlər həyata keçirilir. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə və onların ailə üzvlərinə dövlət qayğısını artırmaq məqsədilə “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2005-ci il tarixli, 258 nömrəli fərmanına əsasən Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə və onların ailə üzvlərinə dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Həmin Fərmanın:- -1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün ayda 1800 (min səkkiz yüz) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin. -2-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycanın Milli Qəhrəmanı adı ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü həmin şəxslərin aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir: 2.1. dul arvadına (ərinə), valideynlərinə; 2.1-1. 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 2.1-2. birinci növbədən digər qohumları olmayan baba və nənələrinə. -3-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına verilir. -4-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın icrasının təmin edilməsi ilə əlaqədar lazım olan məsələləri həll etsin. Qeyd edilməlidir ki, 3 may 2017-ci il tarixli 1366 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2.1-ci bənd hazırki redaksiyada verilmişdir. Əvvəlki redaksiyada isə deyilirdi: 2.1. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxsin dul arvadına və 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı uşaqlarına; Göründüyü kimi, Qeyd olunan Fərmana 03 may 2017-ci il tarixində müvafiq dəyişiklik edildikdən sonra iddiaçının mərhum həyat yoldaşı Milli X1 anası X2 olmasına baxmayaraq təqaüd ödənişi ailə üzvlərinin sayına uyğun olaraq bərabər məbləğdə bölünməmiş və İddiaçı tam məbləğdə ödənilmişdir. Qeyd olunan normaların məzmununa və iş materiallarına istinadən nəzərə alınmalıdır ki, iddiaçıya müvafiq təqaüd bu sahədə səlahiyyətli qurum tərəfindən təyin edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək ona müvafiq ödəniş edilmişdir. Başqa sözlə iddiaçıya təqaüd üzrə ödəniş bu sahədə səlahiyyətli olan qurumun onun üçün müəyyən etdiyi statusa görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi və digər qanunvericilik aktları ilə artıq ödənilmiş məbləğin tutulması müəyyən olunsa da, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçıya təqaüd məbləğinin ödənilməsi bu sahədə səlahiyyətli qurumun qərarına əsasən həyata keçirildiyinə, eləcə də təqaüd ödənişinin həyata keçirilməsinin əsasında iddiaçının qüsurlu hərəkətləri dayanmadığına görə ona verilmiş ödənişin geri qaytarılması məqsədəmüvafiq hesab edilə bilməz. Belə ki, ilkin təyinat zamanı sözügedən Fərmanın qüvvədə olan redaksiyasında təqaüd ödənilməli olan ailə üzvləri sırasında Milli Qəhrəman adı verilmiş şəxsin valideynləri olmamışdır, həmin Fərmana edilmiş sonrakı dəyişiklikdə isə təqaüd ödənilməli olan ailə üzvlərinin sayında olan dəyişikliyə görə iddiaçı məlumat vermək vəzifəsi daşımamışdır. Başqa sözlə həmin Fərmanda olan dəyişiklikdən irəli gələn məsələlərin həlli aidiyyəti dövlət orqanlarının vəzifəsi olmuşdur. Bu səbəbdən də, qanunvericiliyin müvafiq tələbləri şəxsin əvvəllər mövcud olan vəziyyətinə (sosial statusu və s.) görə verilmiş ödənişin geri qaytarılmasını ehtiva etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Hazırki işin hallarından göründüyü kimi cavabdeh orqan qanunvericiliyin qeyd olunan tələblərinə əməl etmədən iddiaçının təqaüdünə müvafiq məbləğdə tutma yönəltmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2022-ci il tarixli 2543/**********0 nömrəli qərarının artıq ödəmənin müəyyən edilməsi və artıq ödənilmiş vəsaitin tutulması, eləcə də xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçıya ödənilməmiş 2700 manat fərqin məbləğlə əvəzləşdirilmə hissəsinin ləğv edilməsi və həmin müddət üzrə ödənilməli olan 2700 manat müavinət məbləğinin ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli 2543/**********0 nömrəli qərarı artıq ödəmənin müəyyən edilməsi və artıq ödənilmiş vəsaitin tutulması, eləcə də xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçıya ödənilməmiş 2700 manat fərqin məbləğlə əvəzləşdirilmə hissəsində ləğv edilsin. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı təyin edilmiş təqaüddən tutulmuş 2700 manat məbləğin ona ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-892/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-892/2023
06.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver