Məhkəmə qərarları › İş №2-1(114)-892/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-892/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-892/2025 08.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X11 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X8 və Gəncə şəhəri Nizami bələdiyyəsi) qarşı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən 589.6 kv.m torpaq sahəsinin faktiki istifadədə olan koordinatlarına uyğun “Torpaq sahəsinin planı və ölçüsü” barədə sənədin tərtib olunaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2008-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Xanlar (indiki Göygöl) rayonu, Hacıməlik qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərində X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Həmin torpaq sahəsinə dair X4 adına xx.xx.2008-ci il tarixli AA002239 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.

3. xx.xx.2008-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X9 ona məxsus Xanlar (indiki Göygöl) rayonu, Hacıməlik qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsini İddiaçı satmışdır.

4. Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2010-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

5. İddiaçı cavabdeh orqana müraciət edərək, mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsini xahiş etmiş, cavabdeh orqan isə xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-4337/2024 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi arasında 226 metr məsafə olduğu, belə ki, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (örüş) əraziyə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

6. Məhkəmə qərardadı ilə əldə edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki: 1) Xanlar rayonu (indiki Göygöl) Hacıməlik bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 30 saylı qərarı ilə Xanlar rayonu Hacıməlik kəndində X6 fərdi yaşayış evinin tikintisi üçün satılmış 0.06 ha torpaq sahəsinə dair X4 xüsusi mülkiyyət hüququnu təsdiq edən, MH Seriyalı ******* nömrəli Çıxarışın AA-002239 nömrəli planında göstərilən torpaq sahəsinin yerləşdiyi ərazi, Xanlar rayonu (indiki Göygöl) Hacıməlik kəndində aparılmış torpaq islahatı əsasında tərtib olumuş 2004-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsi və Xanlar rayonu (indiki Göygöl) Hacıməlik bələdəyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların 2005-ci il tarixli yerquruluşu sxemində, bələdiyyə mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı, örüş sahəsi olaraq göstərilmişdir. Həmin 0.06 ha torpaq sahəsinin yerləşdiyi ərazi, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD) Gəncə şəhəri Nizami bələdiyyəsinin mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, digər təyinatlı torpaq sahəsi olaraq göstərilmişdir. Qeyd edək ki, həmin 0.06 ha torpaq sahəsi, xx.xx.2008-ci il tarixli AN- İ№0162410 saylı alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmışdır. İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.06 ha (600.0 kv.m) torpaq sahəsi, Xanlar rayonu (indiki Göygöl) Hacıməlik kəndində aparılmış torpaq islahatı əsasında tərtib olumuş 2004cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsi və Xanlar rayonu (indiki Göygöl) Hacıməlik bələdəyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların 2005-ci il tarixli yerquruluşu sxemində, bələdiyyə mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı, daşlı örüş sahəsi olaraq göstərilmişdir. İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsinin yerləşdiyi ərazi, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD) Gəncə şəhəri Nizami bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı torpaq sahəsi kimi göstərilmişdir. Qeyd edək ki, iddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.06 ha (600.0 kv.m) torpaq sahəsinin 11.4 kv.m hissəsi, elektron kadastr məlumat bazasına əsasən **********94-10301 reyestr nömrəli Çıxarış ilə X3 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcuddur. Lakin, **********94- 10301 reyestr nömrəli Çıxarışın texniki pasport səndində qeyd olunan tikili, torpaq sahəsi və ölçülərə istinadən həmin **********94- 10301 reyestr nömrəli Çıxarışda göstərilən tkili və torpaq sahəsinin naturada faktiki yerləşmə vəziyyəti ilə, İddiaçı naturada təqdim etdiyi 0.06 ha faktiki istifadə sahəsinin üst-üstə düşmədiyi müəyyən olundu. 2) 2-ci və 3-cü saulların araşdırılması nəticəsində aşağıda qeyd olunanlar müəyyən olundu. xx.xx.2010-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən torpaq sahəsinin planı və ölçüsü sənədi, daxil olmuş iş materialları və arxiv sənədlərində aşkarlanmadı. İddiaçı faktiki istifadə sahəsinin koordinatları ilə, xx.xx.2006-cı il tarixdə 112 nömrə ilə uçota alınmış **********2000030 kadastr nömrəli planda göstərilən koordinatlar uyğunluq təşkil etmir. Eyni zamanda, X4 xüsusi mülkiyyət hüququnu təsdiq edən, MH Seriyalı ******* nömrəli Çıxarışın AA-002239 nömrəli planında göstərilən koordinatlarla, faktiki istifadə sahəsinin koordinatları və **********2000030 kadastr nömrəli planda göstərilən torpaq sahəsinin koordinatları uyğunsuzluq təşkil edir. X4 adına xüsusi mülkiyyət hüququnu təsdiq edən, MH Seriyalı ******* nömrəli Çıxarışın AA-002239 nömrəli planında göstərilən koordinatlarla, **********2000030 kadastr nömrəli planda göstərilən torpaq sahəsinin koordinatları uyğunsuzluq təşkil edir.

7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 13114/2024 nömrəli cavab məktubunda göstərilmişdir ki, İddiaçı naturada təqdim etdiyi 0.06 ha torpaq sahəsi “Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli 518-İVQ nömrəli Qanunu ilə Göygöl rayonu ərazisindən (Hacıməlik kəndi) Gəncə şəhərinin (Nizami rayonu) ərazisinə keçən ərazi olmuşdur. Hal-hazırda Gəncə şəhəri Nizami bələdiyyəsinin ərazisidir.

8. Həmin məktuba əlavə edilmiş:

9. Göygöl rayonu Hacıməlik bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 30 nömrəli qərarı əsasında Hacıməlik bələdiyyəsinin Qırmızı kənd ərazisindəki yararsız torpaq sahəsindən ayrılıb 3 nəfər vətəndaşın hər birinə, o cümlədən X5 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.

10. 18.08.2006-cı il tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi və digər idarələrin nümayəndələri bələdiyyənin torpaq sahəsindən həmin 0.06 həyətyanı torpaq sahəsinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişlər.

11. Eyni zamanda DT və XK-nin Göygöl rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması barədə rəy vermişdir.

12. Bələdiyyə ilə vətəndaş arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 103-65 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2006-cü il tarixdə 751 nömrə ilə qeydiyyata alınmışdır.

13. Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2008-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Xanlar (indiki Göygöl) rayonu, Hacıməlik qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərində X3 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

14. Həmin torpaq sahəsinə dair X3 adına xx.xx.2008-ci il tarixli AA 007755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.

15. Göygöl Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 09 nömrəli sərəncamı ilə X5 məxsus Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində tikdirdiyi ümumi sahəsi 124,8 kv.m dəhliz, o cümlədən 52,5 kv.m, 3 (üç) yaşayış otağı, 31,5 kv.m ümumi otaq, 20,3 kv.m dəhliz, 14,8 kv.m mətbəx, 5,7 kv.m sanitar qovşağı, 16,5 kv.m zirzəmidən ibarət fərdi yaşayış evi onun adına rəsmiləşdirilməsi qərara alınmışdır.

16. Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2011-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Xanlar (indiki Göygöl) rayonu, Hacıməlik qəsəbəsində yerləşən ümumi sahəsi 114,1 kv.m olan fərdi yaşayış evi üzərində X3 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. II. Məhkəmədə icraat

17. İddiaçı xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən onun faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsinə faktiki ölçüsünə uyğun qeydiyyata alınmaqla, “Torpaq sahəsinin planı və ölçüsü” barədə müvafiq sənədin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Tələb onunla əsaslandırılmışdır ki, ona ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyətinə verilmişdir. Onun sənəd üzrə torpaq sahəsi faktiki istifadəsində olan torpaq sahəsi ilə aralarında müəyyən məsafə yaranmışdır. Bununla əlaqədar o, cavabehə müraciət edərək faktiki istifadəsində olan torpaq sahəsinə aid "Torpaq sahəsinin planı və ölçüsü" sənədini tərtib edib ona verilməsi ilə bağlı müraciət etmişdir. Lakin, cavabdehin 03 may 2024-cü il tarixli məktubu ilə müraciəti imtina olunmuşdur. Göründüyü kimi ondan aslı olmayan səbəbdən onun mülkiyyətçi olaraq hüquqları pozulmuşdur. Cavabdeh təşkilat tərəfindən tərtib etdiyi çıxarış üzrə koordinatlar düzgün olmadığından onun faktiki istifadəsində olan torpağa sənəd almaq mümkünsüz olub. Odur ki, məcbur qalıb faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarını müəyyən etmək üçün və həmin torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədini tərtib edilməsini cavabdehin üzərinə öhdəlik qoyulması ilə bağlı məhkəməyə müraciət edir.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.

20. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən 589.6 kv.m torpaq sahəsinin faktiki istifadədə olan koordinatlarına uyğun “Torpaq sahəsinin planı və ölçüsü” barədə sənədin tərtib olunaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

21. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

22. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

23. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

24. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

25. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

26. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

27. Məhkəmənin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ilə X8 və Göygöl rayonu Hacıməlik bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, xx.xx.2025-ci il tarixli qərardadla Göygöl rayonu Hacıməlik bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir.

28. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Gəncə şəhəri Nizami bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

29. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

30. İddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər, üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

31. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 5-ci bəndi).

32. İddiaçının nümayəndəsi X11 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

33. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, atası İddiaçı həmin torpaq sahəsini satın aldığı vaxtdan bugünədək hazırkı sahə və konfiqurasiya üzrə istifadə edir. Qonşu torpaq sahələri ilə naturada heç bir mübahisələri yoxdur, hərə özünə məxsus torpaq sahəsindən mübahisəsiz istifadə edir.

34. Cavabdeh orqanın nümayəndəsi X7 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, orqanın iddiaçının müraciətini ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlilə istinadla iddianın rədd olunmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

35. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2008-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - xx.xx.2008-ci il tarixli AA002239 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi; - xx.xx.2008-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi; - Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2010-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-4337/2024 nömrəli məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 13114/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Mütəxəssis rəyi;

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

36. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

37. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2008-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Xanlar (indiki Göygöl) rayonu, Hacıməlik qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərində X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair X4 adına xx.xx.2008-ci il tarixli AA002239 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. xx.xx.2008ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X9 ona məxsus Xanlar (indiki Göygöl) rayonu, Hacıməlik qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsini İddiaçı satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2010-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək, mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsini xahiş etmiş, cavabdeh orqan isə xx.xx.2024-cü il tarixli 3-21- 3-33/2-4337/2024 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi arasında 226 metr məsafə olduğu, belə ki, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (örüş) əraziyə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

38. Cavabdeh orqanın iddiaya qarşı dəlili ondan ibarət olmuşdur ki, faktiki torpaq sahəsi Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (örüş) əraziyə düşür.

39. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.

40. Belə ki, əvvəla, cavabdeh tərəfindən verilmiş xx.xx.2010-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığından və həmin qeydiyyatın qanuniliyi və mötəbərliyini istisna edən hansısa hal müəyyən edilmədiyindən, eyni zamanda həmin qeydin həqiqiliyi mübahisələndirilmədiyindən sözügedən torpaq sahəsinə dair torpaq sahəsinin planının və ölçüsünün tərtib edilərək iddiaçıya təqdim edilməsi birbaşa cavabdeh inzibati orqanın xidməti vəzifəsinə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

41. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir.

42. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3.-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir.

43. Digər tərəfdən, məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, Xanlar rayonu (indiki Göygöl) Hacıməlik bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 30 saylı qərarı ilə Xanlar rayonu Hacıməlik kəndində X6 fərdi yaşayış evinin tikintisi üçün satılmış 0.06 ha torpaq sahəsinə dair X4 xüsusi mülkiyyət hüququnu təsdiq edən, MH Seriyalı ******* nömrəli Çıxarışın AA-002239 nömrəli planında göstərilən torpaq sahəsinin yerləşdiyi ərazi, Xanlar rayonu (indiki Göygöl) Hacıməlik kəndində aparılmış torpaq islahatı əsasında tərtib olumuş 2004-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsi və Xanlar rayonu (indiki Göygöl) Hacıməlik bələdəyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların 2005-ci il tarixli yerquruluşu sxemində, bələdiyyə mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı, örüş sahəsi olaraq göstərilmişdir.

44. X1 fərdi yaşayış evinin tikintisi üçün satılmış 0.06 ha torpaq sahəsinə dair kadastr planı qüsurlu tərtib edilmiş və faktiki torpaq sahəsindən kənarda yerləşir. Həmin rəyə əlavə edilmiş ortofotogörüntüdə də X4 adına tərtib edilmiş **********2000030 ömrəli kadastr planında əks olunmuş sahənin örüş sahəsinə düşdüyü, lakin iddiaçının naturada təqdim etdiyi sahənin həmin sahədən kənarda, yaşayış evlərinin əhatəsində yerləşdiyi görünür.

45. Mütəxəssis rəyində də iddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsinin yerləşdiyi ərazinin torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD) Gəncə şəhəri Nizami bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı torpaq sahəsi kimi göstərildiyi qeyd olunmuşdur.

46. Məhkəmə torpaq sahəsinə dair əvvəllər tərtib edilmiş texniki sənədlərin qüsurlu işlənilməsi qənaətinə gəlir ki, X4 adına X4 xüsusi mülkiyyət hüququnu təsdiq edən, MH Seriyalı ******* nömrəli Çıxarışın AA-002239 nömrəli planında göstərilən koordinatlarla da həmin şəxsin adına daha əvvəl tərtib edilmiş **********2000030 kadastr nömrəli planda göstərilən koordinatlar da uyğunsuzluq təşkil edir (bax ortofotogörüntü).

47. Mütəxəssis rəyi ilə aşkar edilmiş digər hal isə iddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.06 ha (600.0 kv.m) torpaq sahəsinin 11.4 kv.m hissəsinin elektron kadastr məlumat bazasına əsasən **********94-10301 reyestr nömrəli Çıxarış ilə X3 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halıdır.

48. İddiaçı da tələbində 589.6 kv.m torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsini xahiş etmişdir.

49. Bu səbəbdən, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının adına torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz.

50. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qərara alınmışdır ki:

1. “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin;...

1. Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına görə: Bənd 6.1. Sistemə torpaqlara dair aşağıdakı məlumatlar daxil edilir: Bənd 6.1.1. Azərbaycan Respublikasının, ərazi vahidinin və inzibati ərazi dairəsinin, bələdiyyənin adı, onun ərazisinin sərhədləri və döngə nöqtələrinin koordinatları, ölçüsü, döngə nöqtələri və onların koordinatları göstərilməklə hər bir torpaq sahəsinin sərhədləri, kateqoriyası və məqsədli istifadə növü, mülkiyyət növü, torpaq sahəsi kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) - əkin, çoxillik əkmələrin altında olan torpaqlara, dincə qoyulmuş torpaqlara, biçənəklərə, örüşlərə və otlaqlara aid edildiyi hallarda isə, əlavə olaraq, onun keyfiyyət göstəricilərini xarakterizə edən məlumatlar, torpaq sahəsinə və onun üzərində yerləşən daşınmaz əmlaka (belə əmlak olduğu halda) verilmiş kadastr nömrəsi, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsinin reyestr nömrəsi;...

51. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən 589.6 kv.m torpaq sahəsinin faktiki istifadədə olan koordinatlarına uyğun “Torpaq sahəsinin planı və ölçüsü” barədə sənədin tərtib olunaraq verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

52. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

53. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən 589.6 kv.m torpaq sahəsinin faktiki istifadədə olan koordinatlarına uyğun “Torpaq sahəsinin planı və ölçüsü” barədə sənədin tərtib olunaraq verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar