Məhkəmə qərarları › İş №2-1(114)-893/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-893/2023

20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-893/2023 20.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı övladının soyadının qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə doğulmuş oğlan övladının soyadının “Zabirli” kimi qeydə alınmasına və həmin qeydə almanı cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1982-ci il təvəllüdlüdür və Qarayeva (Abbasova) Zərif Nəriman qızı ilə ailə həyatı qurmuşdur. xx.xx.2011-ci il tarixdə nikahları qeydiyyata alınmış və birgəyaşayış dövründə 3 övladları doğulmuşdur: xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4. Üçüncü övladı isə xx.xx.2022-ci il tarixdə doğulmuş və hal-hazırda da sağlamdır. Doğum haqqında şəhadətnamə verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, ancaq ona uşağın soyadının “Qarayev” kimi qeyd edilməli olması bildirilmişdir. Onun iki övladının soyadı “Zabirli” kimi qeyd edilmişdir. İddiaçı ailədə uşaqlarının vahid soyadları olmasını, yəni yeni doğulmuş oğlunun soyadını da “Zabirli” kimi qeydə alınmasını arzu edir. İddiaçı hazırki tələblə cavabdehə müraciət etsə də müraciətinin təmin edilməsindən imtina edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər və üçüncü şəxslər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.2011-ci il tarixli, AZ-İ 648104 nömrəli “Nikah haqqında” şəhadətnamədən görünür ki, İddiaçı ilə X2 arasında nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2011-ci ilin may ayının 05 günündə 05 nömrə ilə qeyd edilmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.2011-ci il tarixli, AZ-İİ 714603 nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki, X5 xx.xx.2011-ci il tarixdə doğulmuş, ata qrafasında İddiaçı, ana qrafasında isə X3 qeyd edilmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.2014-ci il tarixli, AZ-İİİ 261785 nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə doğulmuş, ata qrafasında İddiaçı, ana qrafasında isə X3 qeyd edilmişdir. -surəti işə əlavə edilmiş «Doğum haqqında» tibbi şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixli kişi cinsli uşağın soyad qrafasında «Qarayev», ata haqqında məlumat qrafasında İddiaçı, ana haqqında məlumat qrafasında isə X3 qeyd edilmişdir. -xx.xx.2023-cü il tarixli X1 notarial qaydada verilmiş ərizəsinin məzmunundan görünür ki, İddiaçı iddiasının təmin edilməsini xahiş edir. -Cavabdeh xx.xx.2022-ci il tarixli, 674-05/15 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçılar İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərinin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Həmin Məcəllənin 53.3-cü maddəsinin tələblərinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Göstərilən Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verilə bilər. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 saylı Qərarının maddəsinin 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. Həmin Qərarın 1.4-cü maddəsinə əsasən Uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinin tələblərinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanında (qeydiyyat şöbələrində) qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 168.1-ci maddəsinin doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 1.5-ci maddəsinə əsasən adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız hesab edilməklə iddiaçının yeni doğulmuş uşağının soyadının “Zabirli” kimi qeydə alıması öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixdə anadan olmuş uşağın soyadının «Zabirli» kimi qeydə alınması öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar