Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-893/2025 19.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X7 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı «hesaba qoyulmuş məhdudiyyətin aradan qaldırılması» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Cəmiyyətin ƏDV hesabının, yəni depozit hesabının blokdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cəmiyyət qanunla müəyyən edilmiş qaydada rəsmi qeydiyyata alınmış və sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Cavabdeh inzibati orqan tərəfindən Cəmiyyətin depozit hesabı heç bir əsas olmadan bloklanmışdır. Bununla bağlı dəfələrlə cavabdehə müraciət edərək depozit hesabının blokdan çıxarılmasını xahiş etmişlər. Cavabdeh orqan isə edilmiş müraciətlərə cavab olaraq bildirmişdir ki, müraciət araşdırılmış və ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlıq müəyyən edilməmişdir. Eyni zamanda vergi məsələləri ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməsi tövsiyyə edilmişdir. Hesab edilir ki, bu hal cavabdeh tərəfindən Cəmiyyətin fəaliyyətinə qanunsuz müdaxilədir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə göndərərək cavabdehin əsl cavabdeh olan Dövlət Vergi Xidməti ilə əvəz edilməsi və İddiaçı MMC-nin ƏDV depozit hesabına qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadları ilə həm tələbin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həm də, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi əsl cavabdeh olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əvəz edilmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə dair verdiyi etiraz ərizəsində göstərmişdir ki, İddiaçı MMC vergi orqanı tərəfindən ƏDV depozit hesabına məhdudiyyət qoyulması barədə sübut təqdim etməmişdir. Hətta səbəbli əlaqənin mövcudluğu belə iddia ərizəsində göstərilməmişdir. Bundan başqa ƏDV-nin depozit hesabı üzrə vəsaitlərin hərəkəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi» Qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin ƏDV sub-uçot hesabları üzrə vəsaitlərin hərəkəti, ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili, məxarici və bu hesabda uçotun aparılması isə Qaydalarla tənzimlənir. İstər Vergi Məcəlləsində istərsə də Qaydalarda ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020 tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi haqqında Əsasnaməyə müvafiq olaraq Nazirlik Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövtət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. Qeyd olunan Əsasnamədə ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər-hansı məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Bildirilir ki, vergi orqanı tərəfindən hər hansı hərəkət edilməmiş, bu barədə inzibati akt qəbul edilməmişdir. Yəni iddiaçının hüquqları vergi orqanı tərəfindən pozulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası analoji işlə bağlı xx.xx.2019-cu il tarixli qərarında qeyd etmişdir ki, yeni apellyasiya baxışı zamanı iddiaçının sub-uçot hesabdan istifadə edilməsinin qeyri-mümkünlüyünün nədən ibarət olması araşdırılmalı, iddiaçının ƏDV depozit hesabı ilə bağlı cavabdeh tərəfindən hansı hərəkətlərin aparılıb-aparılmadığı müəyyən edilməli, onun vergi öhdəliyi ilə bağlı cavabdeh tərəfindən hər hansı hərəkətlərin aparılması müəyyən edilmədiyi halda, iddiaçının sub-uçot hesabdan istifadə edilməsinin mümkün olmamasının proqram təminatı ilə bağlı olub-olmadığı aydınlaşdırılmalı, nəticəsindən asılı olaraq məsələyə qiymət verilməlidir. Sadalananlara əsasən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 etiraz ərizəsini müdafiə edərək məzmununa uyğun izahat verdi və iddianın mümkün sayılmamasını xahiş etdi. İddiaçı məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyi, habelə, İddiaçı MMC tərəfindən vergi orqanına ünvanlanmış ərizələr və alınmış cavab məktubları təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. İddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının olduğu yer (və ya olduğu yer) üzrə baxılır. İddiaçının qeydiyyatda olduğu yer olan Gəncə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli kommersiya qurumunun dövlət reyestrindən çıxarış əsasında İddiaçı MMC 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qeydiyyata alınmış və təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyətdir. Hüquqi ünvanı Gəncə şəhəri, Kimyaçılar küçəsi ev 3 ünvanı, qanuni təmsilçisi X3r. Hazırda İddiaçı MMC bildirir ki, Cəmiyyətin ƏDV depozit hesabına cavabdeh tərəfindən məhdudiyyət qoyulmuş, cavabdeh inzibati orqan isə hər hansı müdaxilənin olmadığını iddia edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Maddə 24.1.2. Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanının vəzifəsidir. Maddə 65.2.3. Vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına bu Məcəllədə nəzərdə tutulmuş qaydada sərəncam verilə bilər Maddə 175.8. ƏDV ödəyiciləri, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaiməfakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli, 219 saylı qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi» Qaydaları: Bənd 1.1. Bu Qaydalar «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 675 saylı Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi və ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə əməliyyatların aparılması, habelə həmin əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına köçürülməsi qaydalarını müəyyən edir. Bənd.1.2. Əlavə dəyər vergisinin depozit hesabı – ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. ƏDVnin depozit hesabı X1 (bundan sonra – DXA) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir. ƏDV sub-uçot hesabı – ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. Bənd 4.6. Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına yük gömrük bəyannamələrinə uyğun olaraq idxal olunan mallara görə ƏDV ödənişi həyata keçirildiyi halda, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən elektron formatlı ödəniş tapşırığında ödənişi aparan vergi ödəyicilərinin adı, VÖEN-i, dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabının nömrəsi və ödəniş məbləği əks etdirilməklə, bu Qaydaların 3.2-ci bəndində müəyyən edilmiş qaydada təqdim olunur. Bənd 4.7. Vergi ödəyicisi ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin qaytarılması üçün həmin vəsaiti dövlət büdcəsinə köçürməlidir və bu vəsaitlərin qaytarılması vergi qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bənd 4.8. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və DXA arasında ƏDV-nin depozit hesabına mədaxil və məxaric olunmuş vəsaitlər barədə aylıq üzləşmə aktı tərtib edilir. Bənd 4.9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən proqram təminatı vasitəsi ilə bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun formada istənilən iki tarix aralığında ƏDV sub-uçot hesabının hərəkəti barədə məlumata DXA-ya elektron formatda baxış və həmin məlumatın çapı üçün imkan yaradılır. Bu zaman iki tarix aralığı dedikdə, birinci tarixin əvvəli saat 00:00-dan - ikinci tarixin əvvəli saat 00:00-dək olan müddətlər nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, əlavə dəyər vergisinin depozit hesabı ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılması məqsədlərinə, ƏDV sub-uçot hesabı isə ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədlərinə xidmət edir. Əlavə dəyər vergisinin depozit hesabı vahid xəzinə hesabıdır. ƏDV sub-uçot hesabı isə Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmadıqda, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Malları (işləri, xidmətləri) alan şəxs tərəfindən elektron qaimə-fakturalarda göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Alınmış mallara (işlərə, xidmətlərə) görə təqdim edilmiş elektron qaimə-fakturaları üzrə ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisi tərəfindən ƏDV-nin depozit hesabına ödəniş sənədləri əsasında köçürülür. Vergi ödəyicisinin ƏDV sub-uçot hesabına vəsaitlər yuxarıda istinad olunan normalarda göstərilən mənbələrdən və digər ƏDV sub-uçot hesablarından mədaxil edilə bilər. Hazırda iş materiallarından müəyyən edilir ki, iddiaçının şəxsi kabinetində ƏDV depozit hesabında ƏDV məbləğinin sərbəst və maneəsiz hərəkəti, habelə köçürülməsi ilə bağlı əməliyyatlar vergi orqanı tərəfindən tam təmin edilməmişdir. Belə ki, iddiaçıya məxsus şəxsi kabinetdə ƏDV depozit hesabından digər sub uçot hesaba köçürülməyə dair əməliyyat icra olunduqda «Zəhmət olmasa VÖEN-i düzgün göstərin» məzmunlu xəta aşkar edilir. İddiaçının bununla bağlı müraciətinə baxılması barədə cavabdehin iş materiallarına əlavə olunmuş məktubunda, eyni zamanda cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında iddiaçının ƏDV depozit hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlığın müəyyən olunmadığı və hər hansı bir məhdudiyyətin qoyulmadığı bildirilmişdir Halbuki həmin müraciətdən sonra cavabdeh inzibati orqan ən azından iddiaçının qeyd olunan proqram təminatından maneəsiz istifadə imkanının təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görməli idi. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən iddiaçının ƏDV depozit hesabı üzrə vəsaitlərin hərəkətinə hər hansı bir məhdudiyyətin qoyulmadığını bildirməsi yetərli əsas sayıla bilməz. Əksinə iş üzrə alınmış ekspert rəyindən aydın olur ki, sistem üzərində aşkar olunmuş xətanın konkret səbəbini müəyyən etmək mümkün deyil. Çünki, sistemdə yalnız girişə dair qeydiyyat saxlanılır, şəxsi kabinet daxilində aparılmış əməliyyatlara dair isə hər hansı bir qeyd yadda saxlanılmır. Bununla belə iddiaçıya məxsus şəxsi kabinetdə ƏDV depozit hesabından digər sub uçot hesaba köçürülməyə dair əməliyyat icra olunduqda «Zəhmət olmasa VÖEN-i düzgün göstərin» məzmunlu xəta aşkar edilir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının ƏDV depozit hesabına məhdudiyyət qoyulması təsdiqin tapır. Bu məhdudiyyət iddiaçının normal iş fəaliyyətinə, o cümlədən üçüncü şəxslər qarşısında öhdəliklərinin yerinə yetirilməsinə maneçilik törətmiş və iqtisadi maraqlarına ziyan vurma riski yaratmışdır. Ona görə də bu məhdudiyyət aradan qaldırılmalı və iddiaçının pozulmuş hüquqları real olaraq bərpa edilməlidir. Odur ki, iddia tələbi təmin edilməlidir. Eyni zamanda iş materiallarında olan cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli məktubu ilə təsdiq edilir ki, iddiaçı Cəmiyyətin riskli vergi ödəyicisi olmasına dair qərar yoxdur. Habelə, Cəmiyyətin vergi borcu da mövcud deyil. Məhkəmə həmçinin onu da qeyd edir ki, 50 manat ekspertiza xərci cavabdeh orqandan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı MMC-yə məxsus ƏDV depozit hesabına qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulsun. Ekspertiza xərci cavabdehə aid edilməklə, 50 (əlli) manat məbləğdə pul cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən tululub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2-1(114)-893/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-893/2025
19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver