Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-897/2021 05.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iddianın mümkülyü məsələsinə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdehə) qarşı 29.03.2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ağstafa rayonunun Neft Bazasında çilingər işləyərkən 03.04.1992-ci il tarixdən 03.06.1992-ci il tarixədək Qazax Rayon Hərbi Komissarlığı tərəfindən 60 günlük təlimi yığıncağa çağrılmış və xidmət keçmək üçün Qazax rayonunda yerləşən N nömrəli hərbi hissədə, əsgər-minamyotçu vəzifəsində xidmət etmişdir. Həmin hərbi hissənin nömrəsi N saylı hərbi hissə olmuşdur. Həmin hərbi hissələrin tərkibində o, Azərbaycan Respublikasının bütövlüyü uğrunda Qazax rayonunun Lələkənd və Fərəhli kəndləri istiqamətində gedən döyüşlərdə iştirak etmiş və 03.06.1992-ci il tarixdə təlimi yığıncağı bitirərək iş yerinə qayıtmışdır. Lakin bu barədə hərbi vəsiqəsində qeyd aparılmamışdır. Onun 01.04.1992-ci il tarixdən hərbi toplanışda olması N saylı hərbi hissənin 1-ci batalyonu komandirinin 05.05.1992-ci il tarixli 9 nömrəli əmrindən çıxarışla təsdiq edilir. Bundan başqa, onun 04.04.1992-ci ildən 03.06.1992-ci ilə kimi N (indiki 707) saylı hərbi hissənin tərkibində xidmət keçməsi faktı Qazax Rayon Məhkəməsinin 2(023)- 1123/2017 saylı 30.05.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün dəfələrlə cavabdehə müraciət etmiş, lakin Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyada barəsində müsbət qərar qəbul edilməmişdir. Ona görə də cavabdehin imtinasını əsassız hesab edərək ona məhkəmə qaydasında müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, “müharibə veteran” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil olunması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (təxris olunması) da şərtdir. İddiaçıya ünvanlanan imtinada qeyd olunmuşdur ki, onun ehtiyata buraxılması barədə məlumat olmadığından müharibə veteran adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İddiaçı həmçinin, iddia müddətini də ötürmüşdür. İddiaçıya 14.09.2017-ci il tarixdə imtina olunsa da, o, 2021-ci ildə məhkəməyə müraciət etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2. maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. iddia inzibati aktın qəbul edilməsindən imtina barədə müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində verilməlidir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 35.1, 38.1 maddələri). Qanunun mənasından göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın ilkin qərarı 14.09.2017-ci il tarixdə qəbul olunduğundan, daha sonra 07.12.2020-ci il tarixdə təkrar imtina cavabı verildiyindən və iddiaçının da həmin inzibati aktı 1 ay müddətində mübahisələndirməyə dair subyektiv hüququnun yaranmasına baxmayaraq o, həmin vaxt məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Belə olan halda iddia üzrə mümkünlük şərtlərindən biri mövcud olmadığından, yəni iddiaçı hüququnun pozulduğu barədə ona məlum olan gündən sonra 1 ay müddətində məhkəmədə iddia qaldırmadığından, iddia müddəti buraxıldığına görə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunuəsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-897/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-897/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver