Məhkəmə qərarları › İş №2-1(114)-897/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-897/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-897/2025 16.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı, nümayəndəsi-vəkil Nümayəndə2 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1988-1996 və 2006-2021-ci illərdə həqiqətən də "xxxx" ASC-də yükləyici, ekskavator maşinisti köməkçisi və ekskavator maşinisti vəzifələrində işləməyini, həmin illər üzrə iş stajının olmasını və əmək şəraitinin həqiqətən də xüsusilə zərərli və ağır olan işlərin kateqoriyasına aid olunmağını nəzərə alaraq, əlilliyə görə əmək pensiyasının təyin olunması üçün lazım olan müvafiq hərəkətlərin edilməsinin cavabdeh idarənin vəzifəli şəxslərinin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün DSMF-yə müraciət edərək, digər sənədlərlə birlikdə işlədiyi 1988-1996 və 2006-2021-ci illər üzrə iş stajını təsdiq edən arxiv arayışını da təqdim etmişdir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilməməsi barədə məktub verilmiş, maraqlı idarənin vəzifəli şəxsləri tərəfindən tanınmamış və məktubda göstərilən hallarla bağlı narazı olduğu təqdirdə məhkəmə qaydasında müəyyən edilməli olması göstərilmişdir. Həmin illərdə iddiaçı həqiqətən də "xxxx" ASC-də yükləyici, ekskavator maşinisti köməkçisi və ekskavator maşinisti vəzifələrində işləmişdir. Vəzifə təlimatında əmək funksiyası eyni vəzifələrin yerinə yetirilməsi və eyni ASC-də əmək fəaliyyətinin icrasını nəzərdə tutur. Lakin bu maraqlı idarə tərəfindən nəzərə alınmır. Bu səbəbdən də, iddiaçı əmək pensiyası almağı ilə bağlı məsələni başqa cür həll edə bilmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh idarənin vəzifəli şəxsləri iddiaçının bu kateqoriyaya uyğun olmadığını qeyd etməklə imtina etmişlər. Buna görə də o, hesab edir ki, cavabdeh idarənin vəzifəli şəxslərinin bu cür hərəkətləri (hərəkətsizlikləri) onun hüquq və maraqlarının pozulması ilə nəticələnmiş hərəkət kimi qiymətləndirilməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3040/2024 nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş, iddia tələbi “onun barəsində 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-897/2025 nömrəli qərardadı ilə iddia tələbi “ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsinin əsasları kimi 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajı olduğunu iddia etməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Həmin iddia tələbi üzrə iş materiallarından aydın olur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filial tərəfindən inzibati icraatın nəticəsi olaraq iddiaçıya xx.xx.2024-cü il tarixli, 3-17-1/2-8-77430/2024 nömrəli məktub ünvanlanmışdır. Sözügedən məktub ilə iddiaçının güzəştli iş stajı olmadığından onun tələbinin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra iddiaçı xx.xx.1988-xx.xx.1996-cı il və xx.xx.2006-xx.xx.2021-ci il illərdə "xxxx" ASC-də olan əmək fəaliyyətinin güzəştli iş stajı kimi nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmişdir. Mərkəzi Filial hesab edir ki, iş üzrə iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. xx.xx.2024-cü il tarixli, 3-17-1/2-0-77430/2024 nömrəli məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, grafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qranodioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1-2-ci sinif təhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi. Torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri yarımbölməsinin (1.2) açıqda dağ-mədən işləri və yer səthində işlər bəndinin (1.2.1) fəhlələr yarımbəndində (a) qazıntıların və süxurların yüklənməsi və boşaldılması ilə məşğul olan yükləyicilər və ekskavator maşinistləri vəzifələri nəzərdə tutulduğu qeyd edilmişdir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunmuş xx.xx.1988-ci il tarixli əmək kitabçasının surətində xx.xx.1988-xx.xx.1988-ci il tarixlərdə "xxxx" ASC-də yükləyici, xx.xx.1988-xx.xx.1996-cı il və xx.xx.2006-xx.xx.2021-ci il tarixlərdə isə ekskavator maşinisti köməkçisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdə Ə.Kamandarovun işlədiyi yükləyici vəzifəsinin yuxarıda qeyd olunan qazıntıların və süxurların yüklənməsi və boşaldılması ilə məşğul olan yükləyicilərə aid olub-olmaması barədə hər hansı məlumatın göstərilmədiyi bildirilmişdir. Həmçinin, sözügedən məktubda iddiaçının yuxarıda qeyd olunan dövrdə işlədiyi ekskavator maşinisti köməkçisi vəzifəsinin ekskavator maşinistləri vəzifəsinə uyğun olmadığı diqqətə çatdırılmışdır. Beləliklə, müvafiq məktubda yuxarıda qeyd edilən səbəblərdən iddiaçının güzəştli iş stajının olmadığı, bu səbəbdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliklə mümkün olmadığı qeyd edilmişdir. İddiaçı xx.xx.1988-xx.xx.1996-cı il və xx.xx.2006-xx.xx.2021-ci il illərdə "xxxx" ASCdə olan əmək fəaliyyətinin güzəştli iş stajı kimi nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələblərinə ziddir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərindən də aydın olur ki, şəxsə güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün o, qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmalı, 25 il ümumi stajı olmalı, 12 il 6 ay isə güzəştli iş stajı olmalıdır. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ kişilər üçün 60 yaşda yaranır. xx.xx.1961-ci il təvəllüdlü İddiaçı müvafiq yaş həddinə xx.xx.2021-ci ildə çatmışdır. Qanunvericiliklə tələb edilən güzəştli iş stajına münasibətdə İddiaçı güzəştli iş stajı mövcud deyil. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.20-ci bəndinə əsasən, şəxsin yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsi işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən olunmuş arayışa əsasən müəyyən edilir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş amak kitabçasının surətinə əsasən, iddiaçı "xxxx" ASC-də xx.xx.1988-xx.xx.1988-ci il tarixlərdə yükləyici, xx.xx.1988-xx.xx.1996-cı il və xx.xx.2006-xx.xx.2021-ci il tarixlərdə ekskavator maşinisti köməkçisi vəzifələrində çalışmışdır. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdə işlədiyi yükləyici vəzifəsinin Siyahının dağ-mədən işləri bölməsinin (1) açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, grafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik spatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritiarin, fosforitin, apatitlərin, kükürdün. almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların. diabazanın, qranodioritin, bazaltın, qumdaşının, kahrabanın, slyudanın, azbestin, duz və tarkiblərində 1-2-ci sinif təhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlukəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi. Torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri yarımbölməsinin (1.2) açıqda dağ-mədən işləri və yer səthində işlər bəndinin (1.2.1) fəhlələr yarımbəndində (a) qazıntıların və süxurların yüklənməsi və boşaldılması ilə məşğul olan yükləyicilərə aid olub-olmaması barədə hər hansı məlumat mövcud deyil. Bu səbəbdən Ə.Kamandarovun xx.xx.1988-xx.xx.1988-ci il tarixlərdə olan əmək fəaliyyətinin güzəştli iş stajı kimi nəzərə alınması qanunvericiliyin tələblərinə uyğun deyil. Göründüyü kimi, iddiaçının qeyd olunan dövrlər üzrə işlədiyi vəzifələrdəki əmək fəaliyyətinin güzəştli staj kimi nəzərə alınması qanunvericiliyin tələblərinə uyğun deyil. Belə olan halda iddiaçının qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanan güzəştli iş stajı mövcud olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı və nümayəndəsi-vəkil Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İşin halları AA******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. НЗ ******* nömrəli hərbi biletə əsasən, İddiaçı 24 may 1981-ci il tarixdən 2 iyun 1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. 26 aprel 1988-ci il tarixli əmək kitabçasına əsasən, İddiaçı xx.xx.1983-cü ildən başlayaraq əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.1988-xx.xx.1988-ci il tarixlərdə "xxxx" ASC-də yükləyici, xx.xx.1988-xx.xx.1996-cı il və xx.xx.2006-xx.xx.2021-ci il tarixlərdə isə ekskavator maşinist köməkçisi vəzifələrində işləmişdir. Daşkəsən Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Daşkəsən rayon "xxxx" ASC-nin (Azərbaycan Dağmədən "xxxx" Kombinatının) xx.xx.2006-cı il tarixli, 84-k №-li əmri ilə Şimal-Qərb mədəninin ekskavator maşinisti İddiaçı əmək müqaviləsi xx.xx.2006-cı il tarixdən 1 (bir) il müddətinə uzadılmışdır, xx.xx.2011-ci il tarixli, 51-k №-li əmri ilə Şimal-Qərb mədəninin ekskavator maşinisti İddiaçı xx.xx.2011-ci il tarixdən 3 (ay) müddətinə əmək haqqısı saxlanılmaq şərti ilə "xxxx" ASC-nin Saflaşdırıcı Fabrikinə dəyirman maşinisti vəzifəsinə təyin edilmişdir, xx.xx.2021-ci il tarixli, 04-k №-li əmri ilə Şimal-Qərb mədəninin ekskavator maşinisti İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, öz xahişi ilə xitam verilmişdir. Daşkəsən "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli, 84-k №-li əmrindən görünür ki, Şimal-Qərb mədəninin ekskavator maşinisti İddiaçı əmək müqaviləsi xx.xx.2006-cı il tarixdən 1 (bir) il müddətinə uzadılmışdır. Daşkəsən "xxxx" ASC-nin xx.xx.2011-ci il tarixli, 51-k №-li əmrindən görünür ki, Şimal-Qərb mədəninin ekskavator maşinisti İddiaçı xx.xx.2011-ci il tarixdən 3 (ay) müddətinə əmək haqqısı saxlanılmaq şərti ilə "xxxx" ASC-nin Saflaşdırıcı Fabrikinə dəyirman maşinisti vəzifəsinə təyin edilmişdir. Daşkəsən "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 04-k №-li əmrindən görünür ki, Şimal-Qərb mədəninin ekskavator maşinisti İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü hissəsinə əsasən, öz xahişi ilə xitam verilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatından imtina haqqında” məktubda cavabdeh tərəfindən məhkəməyə göndərilmiş etirazda qeyd olunanlar öz əksini tapmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci il tarixdən sonra qüvvədə olan redaksiya). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993‐cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №‐li Siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən sonra qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan normaların tələbinə əsasən, xx.xx.2022-ci il tarixdən sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün kişilər 60 yaşına çatmalı, 25 il ümumi iş stajı, 12 il 6 ay güzəştli iş stajı olmalıdır. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla xx.xx.2021-ci il tarixdə 60 yaşı tamam olmuşdur. İddiaçı НЗ ******* nömrəli hərbi biletə əsasən, 24 may 1981-ci il tarixdən 2 iyun 1983-cü il tarixədək hərbi xidmətdə olmuş, 26 aprel 1988-ci il tarixli əmək kitabçasına əsasən, xx.xx.1983-cü ildən başlayaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixinədək 25 ildən artıq ümumi iş stajına malik olmuşdur. Hazırda cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı mübahisələndirilir. Cavabdeh qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdə onun işlədiyi yükləyici vəzifəsinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında qeyd olunan qazıntıların və süxurların yüklənməsi və boşaldılması ilə məşğul olan yükləyicilərə aid olub-olmaması barədə məlumat yoxdur. Həmçinin, iddiaçının işlədiyi ekskavator maşinisti köməkçisi vəzifəsi ekskavator maşinistləri vəzifəsinə uyğun deyil. Məhkəmə iddiaçının xx.xx.1988-xx.xx.1988-ci il tarixlərdə "xxxx" ASC-də yükləyici, xx.xx.1988-xx.xx.1996-cı il və xx.xx.2006-xx.xx.2006-ci il tarixlərdə ekskavator maşinist köməkçisi işləməsi ilə bağlı cavabdehin mövqeyi il razılaşaraq qeyd edir ki, göstərilən yükləyici vəzifəsi iddiaçının işləməsini təsdiq edən sənədlərdə “dağ-mədən işləri” üzrə konkret hansı yükləyicilərə aid olması göstərilməmiş, ekskavator maşinist köməkçisi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993‐cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №‐li Siyahısında “dağ-mədən işləri” üzrə göstərilən vəzifələr sırasında nəzərdə tutulmamışdır. Lakin qeyd olunmalıdır ki, iddiaçıya məxsus 26 aprel 1988-ci il tarixli əmək kitabçasında onun xx.xx.2006-xx.xx.2021-ci il tarixlərdə ekskavator maşinist köməkçisi vəzifələrində işləməsi göstərilsə də, Daşkəsən Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından, həmçinin Daşkəsən rayon "xxxx" ASC-nin müvafiq əmrlərindən görünür ki, Əhmədov X1 "xxxx" ASC-nin Şimal-Qərb mədənində xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək ekskavator maşinisti vəzifəsində işləmişdir. Həmin iş isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında 1.2.1, a) yarımbəndin 85ci sırasında qeyd olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, göstərilən dövr üzrə iddiaçının 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur. Qeyd olunanlardan görünür ki, iddiaçıya münasibətdə qanunvericilikdə nəzərdə tutulan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün bütün tələblər ödənilmişdir. Ona görə də iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar