Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-898/2025 20.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı qərarın ləğvi, İİ dərəcə əlilliyin bərpa edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı cavabdeh orqanın 15 may 2024-cü il tarixli 3-17-4/3-3-3585/2024 saylı qərarının ona aid hissədə ləğv edilməsi və əlilliyinin ləğv edildiyi (dayandırıldığı) tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik haqqında xx.xx.1992-ci il tarixli 155 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Qapalı kəllə beyin travması, asteno-nevrotik forma, funksiyasının yüngül pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
2. İddiaçı əlillik vəziyyəti xx.xx.2008-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır.
3. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdə əyani müayinədə olmuş və Tam reabilitasiya olması, Ümumi xəstəlik ilə əlaqədar Müalicənin davam etdirilməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir.
4. Nəticədə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3- 3585/2024 nömrəli qərarı ilə xüsusi səbəbdən tam reabilitasiya olunması və ümumi xəstəliklə əlaqədar müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir.
5. Respublika Əlillərin Bərpa Mərkəzinin 435 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri, asteno-nevrotik ensefalopatiya” kimi qeyd edilmişdir.
6. Respublika Veteranlar Xəstəxanasının xəstəlik tarixindən xx.xx.2021-ci il tarixli çıxarışında diaqnoz “Y36.2 Mina partlaması nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, sağ dirsək və baldır nahiyələrinin yumuşaq toxumalarının qəlpə yaralanmasından sonrakı vəziyyəti, M42. Onurğanın, döş bel fəqərələrinin osteoxondrozu, daimi xarakterli ağrılarla” kimi qeyd edilmişdir.
7. Qazax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli Komputer Tomoqrafiya müayinə protokolunda müayinənin nəticəsi kimi qeyd edilmişdir ki, Müayinə zamanı sağ tərəfli əng sümüyü preksiyada sümüküstü yerləşən 2 ədəd (0,8x0,6. 0,4x0,3sm) ölçülərdə, boyun nahiyyəsində C5 fəqərə proeksiyasında 1x0,45sm ölçüdə yad cismlər izlənir Qəlpə). Orbital strukturalarında patoloji dəyişikliklər aşkar olunmur. Hər iki tərəfdə göz almalarında, retrobulbar nahiyyələrdə, görmə sinirlərində, göz əzələlərində patoloji həcm, struktur dəyişiklikləri təyin edilmir. Kəllə sümüklərində sınıq və ya destruksiya izlənilmir. Paranazal sinusların, mastoid hüceyrələrin pnevmatizasiyası adidir. İntrakranial: Arxa kəllə çuxuru - uzunsov beyin, və beyin kötüyü anatomik strukturalarında patoloji həcm, struktur dəyişikliyi aşkar edilmir. simmetrikdirlər. İV-cü mədəciyin forması adidir. Körpü-beyincik bucağları Türk yəhərinin ölçüləri norma daxilindədir. İntra- və parasellər nahiyyələrində patoloji dəyişiklik təyin olunmur. Bazal qanqliyalar adidir. Yan və İİİ-cü mədəciklər genişlənməmişdir. Subaraxnoidal sahələr və beyin sulkusları atrofiya hesabına az dərəcədə genişlənmişlər. Hər iki tərəfdə daxili yuxu arteriyalarında aterosklerotik dəyişikliklər aşkar olunur.
8. Qazax Rayon Mərkəzi X2 şöbəsinin xx.xx.2024-cü il tarixli tibbi rəyində diaqnoz “Posttravmatik ensefalopatiya, daim baş ağrıları, insomniya, asteno-nevrotik sindromu və yaddaş zəifliyi” kimi qeyd edilmişdir.
9. Qazax Rayon Poliklinikasının xəstəlik tarixindən xx.xx.2024-cü il tarixli çıxarışında diaqnoz “Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələrin (xx.xx.1992) nəticələri” kimi qeyd edilmişdir.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 1097 nömrəli cavab məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş vətəndaşların bütün sənədləri MN X14 təhvil verilmişdir. “Xəstəlik haqqında şəhadətnamə”nin verilməsinə əsas olmuş sənədlərin tələb olunması üçün MN X12 rəisinə müraciət olunmalıdır.
11. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-32357/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2008-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. “Vətəndaşların müraciətləri haqqında“ Azərbaycan Respublikası Qanununun tələbləri çərçivəsində Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən vətəndaşların müraciətlərinin araşdırılması zamanı bir sıra vətəndaşların əlillik vəziyyətlərinin əsassız olması ilə bağlı şübhələr yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Belə ki, vətəndaş X9 tərəfindən İddiaçı əlillik təyinatının saxta olması ilə əlaqədar Agentliyə xx.xx.2024-cü il tarixli, 3-17-4/1-Ə-7093/2024 nömrəli müraciət ərizəsi daxil olmuşdur. Həmin ərizə əsasında Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən aparılan araşdırmadan sonra vətəndaşa dair mövcud əlilliyin saxta ola biləcəyinə dair müəyyən şübhələr yaranmışdır. Bundan irəli gələrək, əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində İddiaçı xx.xx.2024-cü il tarixli 3-17-4/2-Q-8771/2024 nömrəli bildiriş məktubu əsasında xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olumuş və müayinədə iştirak etmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xüsusi səbəbdən tam reabilitasiya olması qərarı, ümumi xəstəlik səbəbindən isə müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat
12. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2 təyin edilmiş əlilliyin ləğvinə dair cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı bədəninin bir çox yerlərindən, başından, sağ ayağından və sağ qolundan qəlpə yaraları almışdır. Həmin zaman 6 ay hərbi hospitalda yatmışdır. Hərbi hospitaldan çıxdıqdan sonra ona İİ dərəcəli ömürlük pensiya təyin edilmişdir. Həmin dövrdən etibarən o, İİ dərəcəli əlil kimi pensiya almışdır. xx.xx.2024-cü il tarixdə onu növbədən kənar yenidən müayinəyə dəvət etdilər. Həmin zaman nə tibbi sənədlərə, nə də onun canlı müayinəsini həyata keçirmədilər. May ayının 15-də may ayı üçün nəzərdə tutulan pensiyanı almışdır. 27 may 2024-cü il tarixdə sistemdə ona təyin edilmiş pensiyanın tam reabilitasiya olunması səbəbindən imtina edildiyi barədə məlumat yerləşdirildi. Həmin məlumatın tartixi xx.xx.2024-cü il tarix göstərilmiş olsa da, lakin 27 may 2024-cü il tarixdə yerləşdirilməsi, həmçinin may ayı üçün pensiya almağı təsdiq edir ki, o, şikayət vermə müddətini ötürməmişdir. Əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumatda göstərilib: imtina edilib. Səbəb: Tam reabilitasiya olması. Ətraflı: xüsusi səbəbdən tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik ilə əlaqədar müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh orqanın hərəkətlərini qanunsuz hesab edir. Əgər ona təyin edilmiş diaqnoz dəyişməmişdirsə, necə ola bilər ki, ona hazırda əlilli dərəcəsi düşmür. Həmçinin, əlilliyinin müddətsiz təyin edildiyi, reabilitasiya müddətinin mümkün olmaması müəyyən edildiyi halda cavabdeh orqan onu 33 ildən sonra qəflətən "müayinə"yə çağırmaqla, lakin heç bir canlı müayinə etmədən və tibbi sənədlərə baxış həyata keçirmədən tam reabilitasiya olunmağı qərarına gəlinmişdir. Əgər onun reabilitasiya olunmağının mümkün olması halı mövcud idisə, o zaman müddətsiz deyil, müddətli əlillik təyin edilməli idi. Deməli, ona əlillik dərəcəsi verilən zaman onun reabilitasiya olunmağının mümkün olmaması məlum idi.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
15. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “cavabdeh orqanın 15 may 2024-cü il tarixli, 3-17-4/3-3-3585/2024 saylı qərarının ona aid hissədə ləğv edilməsi və əlilliyinin ləğv edildiyi (dayandırıldığı) tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
17. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.
18. İPM-ə görə: - 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
19. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Goranboy rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
20. Hazırkı işdə iddianın mübahisələndirmə haqqnda iddia növünə aid olan hissəsi ilə bağlı xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarın ləğvinə dair iddia ilə iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyi üçün iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.
21. Məhkəmə iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
22. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
23. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
24. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
25. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.
26. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı əlilliyi xx.xx.2022-cü il tarixində əyani müayinədə Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. “Diaqnozun mətni: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S00 - Başın səthi travması => S00.8 - Başın digər hissələrinin səthi travmas... Üzvi mənşəli şəxsiyyət pоzuntusu. Posttravmatik stress pozuntusu.Qayıdan depressiv pozuntu Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş etmişdir.
27. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
28. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, X9 adlı şəxsi tanımır, onun həmin adlı hər hansı qohumu, tanışı, ümumiyyətlə ədavət olan hər hansı şəxs yoxdur.
29. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
30. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, X9 adlı şəxsdən daxil olan müraciət əsasında iddiaçının əlillik təyinatı barədə qərarın əsaslılığının yoxlanılması üçün icraat başlanılmışdır. İcraat materiallarına əlavə edilmiş ərizədən başqa heç bir ərizə mövcud deyildir. Həmin ərizəni yazan (müraciət edən) şəxsin ad və soyadı ərizədə qeyd edilməsə də, ərizənin ünvanlandığı poçt zərfinin üstündə X9, ünvanı kimi isə ünvan 2 bir şəxsin mövcudluğu və s. kimi hallar icraat çərçivəsində müəyyənləşdirilməmişdir. Ona görə də, həmin şəxsin şahid kimi icraata cəlb olunub dindirilməsi barədə vəsatət ünvanlamışıq ki, məhkəmə araşdırsın. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
31. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik haqqında xx.xx.1992-ci il tarixli 155 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə); - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-3585/2024 nömrəli qərarı; - Respublika Əlillərin Bərpa Mərkəzinin 435 nömrəli xəstəlik tarixindən çıxarışı; - Respublika Veteranlar Xəstəxanasının xəstəlik tarixindən xx.xx.2021-ci il tarixli çıxarışı; - Qazax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli Komputer Tomoqrafiya müayinə protokolu; - Qazax Rayon Mərkəzi X2 şöbəsinin xx.xx.2024-cü il tarixli tibbi rəyi; - Qazax Rayon Poliklinikasının xəstəlik tarixindən xx.xx.2024-cü il tarixli çıxarışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 1097 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-32357/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
32. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
33. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik haqqında xx.xx.1992-ci il tarixli 155 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Qapalı kəllə beyin travması, asteno-nevrotik forma, funksiyasının yüngül pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçı əlillik vəziyyəti xx.xx.2008-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır.
34. Cavabdeh orqan “X9” adlı şəxs tərəfindən müraciət daxil olmasını əsas götürərək, inzibati icraat başlanmış və iddiaçını xx.xx.2024-cü il tarixdə əyani müayinəyə dəvət etmiş, müayinə nəticəsində İddiaçı xüsusi səbəbdən tam reabilitasiya olunması və ümumi xəstəliklə əlaqədar müalicənin davam etdirilməsi barədə xx.xx.2024-cü il tarixli 3- 17-4/3-3-3585/2024 nömrəli qərar qəbul edilmişdir.
35. Məhkəmə cavabdeh orqanın həmin hərəkətlərini qanunsuz sayır və aşağıdakıları qeyd edir.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
37. Göründüyü kimi, şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na uyğun həyata keçirilir və həmin Qaydaların 3.7-ci bəndində təsbit edilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir.
38. Hazırkı işdə məhkəmə cavabdeh orqanın hərəkətinin qanunauyğunluğunun müəyyən edilməsi istiqamətində araşdırma apararaq, cavabdeh orqana iddiaçıya xx.xx.2008-ci il tarixdə müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsinə dair cavabdeh orqanın düzgünlüyünü şübhə altına alan əsasların nədən ibarət olması, yəni iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsinə və yenidən müayinəyə cəlb edilməsinə zərurətin haradan yaranması barədə ətraflı məlumat və bu barədə sənədlərin təqdim edilməsi barədə sorğu verilmişdir.
39. Cavabdeh orqan sorğuya xx.xx.2024-cü il tarixli 3-17-4/2-32357/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş X9 tərəfindən İddiaçı əlillik təyinatının saxta olması ilə əlaqədar Agentliyə xx.xx.2024-cü il tarixli, 3-17-4/1-Ə-7093/2024 nömrəli müraciət ərizəsi daxil olmuşdur. Həmin ərizə əsasında Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən aparılan araşdırmadan sonra vətəndaşa dair mövcud əlilliyin saxta ola biləcəyinə dair müəyyən şübhələr yaranmışdır. Bundan irəli gələrək, əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində İddiaçı xx.xx.2024-cü il tarixli 3-17-4/2-Q-8771/2024 nömrəli bildiriş məktubu əsasında xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olumuş və müayinədə iştirak etmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xüsusi səbəbdən tam reabilitasiya olması qərarı, ümumi xəstəlik səbəbindən isə müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir.
40. Cavabdeh orqanın TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut qismində qəbul etdiyi ərizədə həmin ərizəni (müraciəti) ünvanlayan şəxsin rekvizitləri (ad, soyad, ata adı, fərdi identikiasiya kodu, yaşayış ünvanı və s.) mövcud olmamış, konkret halda iddiaçıya əlillik təyinatı barədə qərarın əsaslılığını şübhə altına alan əsaslara istinad olmamış, ərizə hər hansı şəxs tərəfindən imzalanmamışdır.
41. Ərizənin məzmunu isə bu şəkildə olmuşdur: Bu aşağıda adları qeyd olunan şəxsləri müayinədən keçirməyiniz xahiş olunur:
1. X6
2. İddiaçı – Alpot kəndi
3. X4 – Aşağı Əskipara
4. X11 – Aşağı Əskipara
5. X7 – Quşçu Ayrım
42. Məhkəmə tərəfindən cavabdeh orqana təkrar sorğu verilərək, X5 ərizəsi tələb edilsə də, cavabdehin nümayəndəsi iclas zamanı icraat materiallarına əlavə edilmiş ərizədən başqa heç bir ərizənin mövcud olmadığını, həmin ərizəni yazan (müraciət edən) şəxsin ad və soyadı ərizədə qeyd edilməsə də, ərizənin ünvanlandığı poçt zərfinin üstündə X9, ünvanı kimi isə Qazax şəhəri, H.Əliyev pr., bina 130, mənzil 34 qeyd edildiyi bildirmişdir.
43. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Maddə 1.2. Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. Maddə 6.3. Yazılı müraciətdə aşağıdakılar göstərilir: 6.3.1. müraciətə baxan subyektin adı və ya onun vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi (vəzifəli şəxsin elektron ünvanına göndərilən müraciətlər istisna olmaqla); 6.3.2. müraciət edən fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı (yaxud işlədiyi yer), hüquqi şəxsin adı və hüquqi ünvanı; 6.3.3. müraciət nümayəndə vasitəsilə təqdim edildikdə, nümayəndənin adı, soyadı, atasının adı və ünvanı. Maddə 6.4. Müraciət hüquqi şəxslərin firma rekvizitləri olan blankda göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallar istisna olmaqla, bu Qanunun 6.3-cü maddəsinin tələblərinə cavab vermədikdə anonim sayılır. Anonim müraciətlər müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmir və onlara baxılmır. Maddə 6.5. Kağız üzərində yazılı müraciəti fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi imzalamalı və tarix qoymalıdır. Maddə 7.4. Vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur.
44. Bundan başqa, cavabdehin nümayəndəsi həqiqətən belə bir şəxsin mövcudluğu və s. kimi halların inzibati icraat çərçivəsində müəyyənləşdirilmədiyini, bu halın məhkəmənin aydınlaşdırması üçün həmin şəxsin şahid kimi icraata cəlb olunub dindirilməsi barədə vəsatət ünvanlandığını qeyd etmişdir.
45. Məhkəmə bununla bağlı qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.
46. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı.
47. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
48. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.
49. İkinci tərəfdən isə, məhkəmə tərəfindən “X8” adlı şəxsin şəxsiyyət vəsiqəsi məlumatları Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə sorğu edilmiş və bu barədə hər hansı məlumat aşkar edilməmişdir.
50. Məhkəmə xüsusilə qeyd edir ki, hər hansı müraciət (ərizə) yaxud sənəd TSEKin əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər ki, iddiaçının əlilliyi ilə bağlı hallara aid şübhəli məsələni ortaya çıxarmış olsun. Yəni həmin hal iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır.
51. Lakin cavabdeh orqan yazılı müarciət tələblərinə riayət edilmədən verilmiş, yəni kim tərəfindən ünvanlandığı bəlli olmayan hər hansı müraciət əsasında iddiaçını əyani müayinəyə dəvət etmiş və nəticədə hazırda mübahisələndirilən qərarı qəbul etmişdir.
52. Digər tərəfdən, qanunvericilik şəxsə əlilliyin təyin olunmasını birmənalı olaraq bu barədə səlahiyyətli orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, inzibati orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi barəsində əlillik təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir.
53. Hazırkı işin halları ilə bağlı isə qeyd olunan yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlillik təyin olunması barədə Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.
54. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
55. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
56. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
57. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
58. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin Tibbi-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-3585/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcə müddətsiz əlilliyinin ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva