Məhkəmə qərarları › İş №2-1(114)-899/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-899/2021

12.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-899/2021 12.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hərbi biletdə və arxiv arayışında ata adına düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 05.04.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Müdafiə Nazirliyi tərəfindən verilmiş hərbi biletdə və arxiv arayışında düzəliş edilməklə ata adının “Şəpələk” kimi yazılaraq müvafiq düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində ata adı “Şəpələk” kimi qeyd olunsa da, hərbi biletində, eləcə də Müdafiə Nazirliyinin arxiv idarəsi tərəfindən verilmiş arxiv arayışında ata adı “Şahpələng” kimi yazılmışdır. İddiaçı qeyd olunan texniki səhvin düzəldilməsi məqsədilə Müdafiə Nazirliyinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 02.03.2021-ci il tarixli, 1/A-5121 nömrəli məktubundan görünür ki, İddiaçı şəxsiyyət vəsiqəsində və hərbi biletində ata adı arxiv arayışında hərbi hissə komandirinin əmrlərində olan ata adı ilə ziddiyət təşkil etdiyinə görə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 06.06.2016-cı il tarixli, 9/2-5045 nömrəli arxiv arayışında N nömrəli hərbi hissə komandirinin 07.11.1994-cü il tarixli 191 nömrəli və 12.10.1997-ci il tarixli 272 nömrəli əmrlərində soyadı “Əliyev” atasının adı “Şahpələng” kimi yazıldığından əmrlərin İddiaçı aid olmasının təsdiq edilməsinin mümkün olmadığı bildirilmişdir. -sürəti işə əlavə edilmiş 06.12.2004-cü il tarixli AO ******* nömrəli hərbi biletin 22-ci səhifəsində hərbi biletin aid olduğu şəxsin soyadı, adı və ata adının İddiaçı kimi oxunması qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iddia ərizəsinin məzmunu ilə müəyyən edilmişdir ki, iddiaçı ona məxsus şəxsiyyət vəsiqəsində ata adının “Şəpələk” kimi qeyd olunmasına baxmayaraq, ona məxsus hərbi biletdə, eləcə də Müdafiə Nazirliyinin arxiv idarəsi tərəfindən verilmiş arxiv arayışında ata adının “Şahpələng” kimi yazıldığını iddia edərək, qeyd olunan texniki səhvin düzəldilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır. Belə ki, iddia tələbi ilə bağlı ilk öncə qeyd edilməlidir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivi ona verilmiş hüquq və səlahiyyətlər çərçivəsində daxil olmuş müvafiq sənədlərin komplektləşdirilməsi və mühafizəsinin təmin edir, eləcə də müvafiq arayışlar verərkən həmin sənədlərə istinad edir. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 06.06.2016-cı il tarixli, 9/2-5045 nömrəli arxiv arayışından da görünür ki, N nömrəli hərbi hissə komandirinin 07.11.1994-cü il tarixli 191 nömrəli və 12.10.1997-ci il tarixli 272 nömrəli əmrlərində iddiaçının soyadı “Əliyev” atasının adı “Şahpələng” kimi yazılmışdır. Deməli düzəliş edilməsi tələb edilən sənəddə əks olunmuş məlumatlar arxivə daxil olmuş hərbi hissə komandirinin müvafiq əmrləri və digər sənədlər əsasında yazılmışdır. Bu səbəbdən də tələbin “arxiv arayışında ata adına düzəliş edilməsi” hissəsi əsaslı sayıla bilməz. Həmçinin iddianın “hərbi biletdə ata adına düzəliş edilməsi” hissəsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçıya məxsus hərbi biletin 22-ci səhifəsində iddiaçının soyadı, adı və ata adının “İddiaçı” kimi oxunması qeyd edilmiş və müvafiq qurumun möhürü ilə təsdiq edilmişdir. Deməli tələb qeyd olunan hissədə də əsaslı hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hərbi biletdə və arxiv arayışında ata adına düzəliş edilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar