Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-899/2025 04.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh Cavabdeh ASC-yə qarşı siyahıya alınmış əmlakın satılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh ASC-yə qarşı siyahıya alınmış əmlakın satılması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Cavabdeh ASC-yə xx.xx.2005-ci il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə, vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmışdır.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.4112 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 726.90 kv.m olan qeyri-yaşayış binası üzərində Cavabdeh ASC-nin xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Vergi ödəyicisi olan cavabdeh müəyyən edilmiş müddətdə öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə xx.xx.2023-cü il tarixə 20.072,56 manat, o cümlədən vergilər üzrə 14.854,86 manat, faizlər üzrə 5.217,70 manat məbləğində borcu yaranmış və həmin borcun 5 gün müddətində ödənilməsi tələbi ilə cavabdehə bildiriş göndərilmişdir.
4. Yaranmış borcun tam şəkildə və vaxtında ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən öhdəliklərin təmini üsulu kimi vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2024-cü il tarixli **********9 nömrəli qərar qəbul edilmiş və həmin qərar əsasında xx.xx.2024-cü il tarixli **********9 nömrəli protokolla cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən ümumilikdə 72.690 manat dəyərində (1 kv.m 100 manat dəyərində) 726,90 kv.m qeyri-yaşayış binası siyahıya alınmışdır.
5. İddiaçı vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehə daşınmaz əmlakın siyahıya almaya təqdim edilməsi barədə xəbərdarlıq məktubu göndərilmiş, lakin o, siyahıya almadan iştirak etməkdən və protokolu, müvafiq aktı imzalamaqdan imtina etmişdir.
6. Cavabdehin yaranmış borcundan xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə 20.078,62 manat ödənilməmiş borcu qalmışdır.
7. Məhkəmənin sorğusuna Azərbaycan Respulikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Bərdə rayon Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 349 nömrəli cavab məktubundan və həmin məktuba əlavə edilmiş Cavabdeh ASC-nin bina və tikililərində məskunlaşan məcburi köçkünlər haqqında məlumatdan görünür ki, Cavabdeh ASC-nin qeyri-yaşayış binalarında hal-hazırda müxtəlif rayonlardan 52 nəfər 13 keçmiş məcburi köçkün ailəsi məskunlaşmışdır. II. Məhkəmədə icraat
8. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2024-cü il tarixdə Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 20.078,62 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 72.690 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Lakin görülən tədbirlərə baxmayaraq, qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir. Vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmış, həmin qərar əsasında cavabdehin dövlət büdcəsinə yaranan borcuna görə əmlakı siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol tərtib edilmişdir.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.
12. Belə ki, Vergi Məcəlləsinə müddəalarına müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının vəzifələrinə aid edildiyindən və cavabdeh vergi ödəyicisi kimi Bakı şəhəri 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olduğundan iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
13. Siyahıya alınmış daşınmaz əmlakın (qeyri-yaşayış binasının) yerləşdiyi Bərdə rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
16. İddiaçı orqanın hüquqi ünvanına və cavabdehin iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmişdir. Bu səbəbdən, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş hesab olunmuşlar.
17. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsalar da, nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.
18. Məhkəmə İPM-in 62.3-cü maddəsinə müvafiq olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
19. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
20. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildiriş; - Əmlakın siyahıya alınması haqqında xx.xx.2024-cü il tarixli **********9 nömrəli qərar və xx.xx.2024-cü il tarixli **********9 nömrəli protokol; - Cavabdehin şəxsi hesab vərəqəsi; - Vergi ödəyicisi haqqında məlumat; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli cavab məktubları və onlara əlavə edilmiş sənədlər; - Məhkəmənin sorğusuna Azərbaycan Respulikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Bərdə rayon Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 349 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər. Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
22. Belə ki, iş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Vergi ödəyicisi olan cavabdeh müəyyən edilmiş müddətdə öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə xx.xx.2023-cü il tarixə 20.072,56 manat, o cümlədən vergilər üzrə 14.854,86 manat, faizlər üzrə 5.217,70 manat məbləğində borcu yaranmış və həmin borcun 5 gün müddətində ödənilməsi tələbi ilə cavabdehə bildiriş göndərilmişdir. Yaranmış borcun tam şəkildə və vaxtında ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən öhdəliklərin təmini üsulu kimi vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2024-cü il tarixli **********9 nömrəli qərar qəbul edilmiş və həmin qərar əsasında xx.xx.2024-cü il tarixli **********9 nömrəli protokolla cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən ümumilikdə 72.690 manat dəyərində (1 kv.m 100 manat dəyərində) 726,90 kv.m qeyri-yaşayış binası siyahıya alınmış və həmin əmlakın satılması tələbi ilə iddiaçı orqan hazırda məhkəməyə müraciət etmişdir.
23. Lakin məhkəmə hesab edir ki, siyahıya alınmış əmlakın dəyəri ilə cavabdehin dövlət büdcəsinə yaranmış vergi borcu arasında kifayət qədər uyğunsuzluq vardır. Başqa sözlə, vergi ödəyicisinin dövlət büdcəsinə olan borcu ilə siyahıya alınmış əmlakı vergitutmanın adekvatlılıq prinsipi və qərarın icrasının təmin olunması baxımdan məqsədəmüvafiq deyildir.
24. Belə ki, cavabdehin cəmi 20.078,62 manat borcuna görə vergi orqanı tərəfindən onun 72.690 manat dəyərində (1 kv.m 100 manat dəyərində) 726,90 kv.m qeyri-yaşayış binası siyahıya alınmışdır ki, bu da siyahıya alınmanın Vergi Məcəlləsinin 89.5-ci maddəsinin tələblərinin pozulmaqla aparılmasına dəlalət edir. Çünki, vergi orqanı tərəfindən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi üçün zəruri və kifayət olan həcmdə əmlak siyahıya alına və həmin əmlakın satılması üçün məhkəməyə müraciət edilə bilər.
25. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə: Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır.
26. Digər tərəfdən isə, cavabdeh orqanın məhkəməyə ünvanlandığı məlumatda qeyd edilmişdir ki, Cavabdeh ASC-nin siyahıya alınmış əmlakında məcburi köçkün ailələr məskunlaşmışdır. Məcburi köçkün ailələr Birinci Qarabağ müharibəsi dövründə məskunlaşaraq bugünədək həmin tikililərdə öz ailə üzvləri ilə birlikdə yaşayırlar. Ümumi Cavabdeh ASC-nin binalarında 93 məcburi köçkün siyahıya alınmışdır. Buna görə də, həmin bina Cəmiyyət tərəfindən ümumiyyətlə istifadə edilə bilmir. Həmin məlumata əlavə edilmiş cədvəldə 24 ailənin üzvləri olan 93 nəfərin siyahısı qeyd edilmişdir.
27. Həmin məlumatda qeyd edilənlərin həqiqiliyi məhkəmə tərəfindən araşdırılmış və məhkəmə sorğusuna Azərbaycan Respulikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Bərdə rayon Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 349 nömrəli cavab məktubunda Cavabdeh ASC-nin qeyri-yaşayış binalarında hal-hazırda müxtəlif rayonlardan 52 nəfər 13 keçmiş məcburi köçkün ailəsinin məskunlaşdığı qeyd edilərək, həmin məcburi köçkünlərin haqqında siyahı məktuba əlavə edilmişdir.
28. Həmin siyahıdan görünür ki, Cavabdeh ASC-yə məxsus inzibati binada məskunlaşmış məcburi köçkünlər Ağdam və Laçın rayonlarından, Şuşa şəhərindən məcburi köçkün düşmüşlər.
29. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən 2022-2026-cı illər aralığında Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34500 mənzilin və fərdi yaşayış evinin inşası nəzərdə tutulmuşdur.
30. Göründüyü kimi, hazırda mübahisə predmeti olan binada məcburi köçkünlər məskunlaşmışdır və nə qədər ki onlar “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı” üzrə öz rayonlarında yaşayış yeri ilə təmin edilməmişlər, bu halda onların məskunlaşdıqları binanın satılması onların legitim hüquqlarının pozulmasına səbəb olacaqdır.
31. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə:
33. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva