Məhkəmə qərarları › İş №2-1(114)-9/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-9/2021

09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-9/2021 09.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdeh orqan tərəfindən sökülməsi və zəbt edilməsi hərəkətlərin qanunsuz hesab edilməsi, ona məxsus fərdi yaşayış evinin qanunsuz olaraq məhkəmə qərarı olmadan zorakılıqla sökülməsinin, bu söküntü ilə birlikdə ev əşyalarının məhv edilməsi nəticəsində dəymiş maddi zərərin əvəzi kimi 100.000 manat və mənəvi zərər əvəzi kimi 30.000 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhəri texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş 382-18a saylı 9412 nömrəli qeydiyyat vəsiqəsi əsasında Gəncə şəhəri, ünvan 2 ünvanda yaşayırdı. O, bu evi 1996-cı ildə alıb, evin sahəsi 180 kv.metrdir. İddiaçı ailə üzvləri ilə birlikdə göstərilən ünvanda 2012-ci ilin yazına qədər yaşamışlar. İddiaçıya məxsus olan ev məhkəmə qərarı olmadan, kompensasiya ödənilmədən hava limanına gedən yolun genişləndirilməsi məqsədi ilə sökülmüşdür. İddiaçı vəkili Vəkil əvvəlki məhkəmə iclaslarında iddia tələbinə uyğun izahat vermişlər və tələbin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər. Cavabdehə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Göründüyü kimi hazırki iddia inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsi) növünə aiddir. Bu baxımdan, kompensasiyanın ödənilməsi haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır. Qanunda inzibati orqana öncədən müraciət edilməsi şərti yalnız İPM-in 33.1-ci maddəsinə əsasən qaldırılan məcburetmə haqqında iddia üçün nəzərdə tutulsa da, həmin şərt prinsip etibarilə kompensasiyanın ödənilməsi haqqında iddiaya da aiddir, çünki burada söhbət ümumi prinsip olan hüquqların müdafiəsinə ehtiyacın olması prinsipindən gedir. İddiaçı öncədən inzibati orqana müraciət edərək müvəffəqiyyət qazanmağa cəhd etmədən birbaşa məhkəməyə müraciət etməməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 9cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddia ərizəsinə əlavə edilən iddiaçı tərəfindən cavabdeh inzibati orqana ünvanlanan 28.12.2018-ci il tarixli müraciətdə qeyd edilmişdir ki, «İddiaçı məhkəməyə müraciət etməsinə baxmayaraq, məhkəmədən kənar onun pozulmuş hüquqlarının bərpa olunmasına ümid edirəm və bu məqsədlə Sizə müraciət edirəm. Qeyd edilənlərə əsasən Sizdən İddiaçı probleminin həll olunmasına köməklik etməyinizi xahiş edirəm». Məhkəmənin 20.02.2019-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən iddiaçıya yardım edilərək inzibati orqana fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı ilkin müraciətinin göndərilməsini təsdiq edən sənədin təqdim edilməsi təklif olunmuş, bundan sonra iddiaçı tərəfindən poçt qəbzi məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti başçısının aparatının 25.01.2019-cu il tarixli, N-4-152 saylı məktubundan məlum olur ki, hazırki müraciət üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan müraciət baxılmamış saxlanılmışdır. Qeyd olunanlarla əlaqədar olaraq Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən iddiaçıya yenidən real yardım edilərək kompensasiyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl eyni tələblə – 100.000 manat maddi və 30.000 manat mənəvi ziyanın ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməyini təsdiq edən sənədin məhkəməyə təqdim olunması təklif edilmiş, bununla bağlı iddiaçıya və onun vəkilinə 05.08.2021-ci il tarixli sərəncam göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil bildirdi ki, hazırkı tələblə, yəni 100.000 manat maddi və 30.000 manat mənəvi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmədən öncə inzibati orqana müraciət etməmişlər. Beləliklə məhkəmə hesab edir ki, iddianın xüsusi mümkünlük şərtlərinə əməl olunmadığından, yəni iddiaçının ilkin olaraq inzibati orqana hazırkı iddia ərizəsində qeyd edilən tələblə müraciət etməsi barədə sənəd iş materiallarına əlavə olunmadığından iddia tələbi mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar