Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-90/2023 15.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Xanlar Rayonu Yeni Zod Bələdiyyəsi) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona məxsus olan Göygöl (Xanlar) rayonu Yeni-Zod kəndində yerləşən 0,04 ha torpaq sahəsinin mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl (Xanlar) rayonu Yeni-Zod kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün Xanlar rayonu Yeni Zod kəndinin bələdiyyəsinə 0,04 ha torpaq sahəsinin ona satılması üçün ərizə ilə müraciət etmişdir.xx.xx.2006-cı il tarixində bələdiyyə müraciət etdiyi ərizəsi əsasında DT və XK-nin Xanlar rayon mütəxəssisi X3 üzvü və 7 (yeddi) nəfər vətəndaşa fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi alqı-satqı yolu ilə satılması haqqında akt tərtib edilərək, Xanlar rayon Yeni-Zod Bələdiyyəsinin ərazisindən yararsız torpaq sahəsindən 0,28 ha torpaq ayrılıb 7 (yeddi) nəfər vətəndaşın hər birinə 0,04 ha olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqısı yolu ilə satılmasını məqsədə uyğun hesab edilməsi bildirilərək imzalar ilə təsdiq edilmişdir. Həmin torpaq sahələri 7 nəfər onlara AR Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 nömrəli qərarına müvafiq olaraq, Xanlar rayon Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 13 saylı qərarına əsasən, 47.78 (qırx yeddi manat yetmiş səkkiz qəpikə) satılmışdır. Hətta Xanlar rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2007-ci il tarixli 444 saylı sərəncamının çıxarışında da göstərilmişdir ki, müraciətlə bağlı araşdırma aparılarkən müəyyən olunmuşdur ki, Xanlar rayon X3 İS хıı 2006-cı il tarixli 13 saylı qərarı ilə 0,04 ha torpaq sahəsi ona, yəni İddiaçı alqı-satqı yolu ilə satılmış və DТ və XK Xanlar rayon Şöbəsi tərəfindən **********2000006 saylı torpaq sahəsinin Kadastr planı ilə təmin edilmiş və həmin torpaq sahəsində cizgidə göstərilmiş sərhəd daxilində fərdi yaşayış evinin tikintisinin aparılmasına icazə verilməsi məqsədəuyğun hesab edilməsi göstərilmişdir. İddiaçı hazırki tələblə cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. O, həmin torpağı alqı-satqı yolu ilə 2006-cı ildə əldə etmişdir. Həmin torpağı Xanlar rayonu Yeni-Zod bələdiyyəsində alqı-satqı ilə əldə edəndə hətta Xanlar rayon İcra Hakimiyyətinin Sərəncamını həmin torpağı alanda torpağın örüş yerinə düşdüyü söhbətlər olmamışdır. Onunla birgə həmin torpaqlara başqa bir 6 nəfər də hər birinə 0,04 ha torpaq sahələri verilmiş, hətta onun torpağı ilə qonşuluqda yaşayan Vüsalə adlı qadına da verilib və həmin qadın öz torpaq sahəsinə belə xx.xx.2011ci il tarixli MA seriyalı 0261508, ********** qeydiyyat nömrəsi olan çıxarış almışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Xanlar Rayonu Yeni Zod Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 15 may 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştiraklarını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********94 nömrəli etirazında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunan sənədlər əsasında qeydiyyata alınmalı olan torpaq sahəsinə müayinə baxışı keçirilmiş, baxış zamanı həmin torpaq sahəsinin Ərazi İdarəsinin elektron xəritə məlumatlarına əsasən, bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş ərazisində yerləşdiyi müəyyən edilmişdir. Bu səbəbdən tərəflərindən ərizənin icrası mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə araşdırmasının predmetini Xanlar rayonu X3 xx.xx.2006-cı il tarixli, 13 nömrəli qərarının təsdiqlənmiş surəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********62 nömrəli bildiriş, Xanlar rayon X3 xx.xx.2007-ci il tarixli aktların surətləri, xx.xx.2006-cı il tarixli 72 nömrəli qəbzin surəti, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiqlənmiş surəti, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 444 saylı sərəncamından çıxarışın surəti, Xanlar rayon X3 xx.xx.2006-cı il tarixli aktının surəti, Xanlar rayon X3 Yerquruluşu planından çıxarışın təsdiqlənmiş surəti, DТ və XK-nin **********2000006 və **********2000008 nömrəli torpaq sahəsinin Kadastr planlarının surətləri, Göygöl rayon X3 xx.xx.2023-cü il tarixli, 32 nömrəli məktubu, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi təşkil etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xanlar rayonu X3 ərazisində yerləşən 0,28 ha torpaq sahəsi Xanlar rayonu X3 19 dekabr 2006-cı il tarixli, 13 saylı qərarı ilə 7 nəfər vətəndaşa bələdiyyə ərazisindəki yararsız torpaq sahəsindən hər birinə 0.04 ha olmaqla fərdi yaşayış evinin tikitisi üçün həyətyanı torpaq sahəsi alqı-satqı yolu ilə satılmış torpaq üçün nəzərdə tutulmuş haqq iddiaçı tərəfindən bələdiyyənin büdcəsinə ödənilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. İnzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi mübahisəli torpaq sahəsinin iddiaçının adına qeydə alınmasından imtina etməsini, qeyd olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş ərazisində yerləşməsi ilə əsaslandırmışdır. İş materiallarında olan: Xanlar rayon X3 xx.xx.2007-ci il tarixli aktı, xx.xx.2006-cı il tarixli 72 nömrəli qəbzin surəti və Xanlar rayonu X3 xx.xx.2006-cı il tarixli, 13 nömrəli qərarının təsdiqlənmiş surətlərindən də görünür ki, Xanlar Rayonu X3 ərazisindən 0,04 ha torpaq sahəsi İddiaçı satılmışdır. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Göygöl (Xanlar) rayon bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 13 nömrəli qərarı ilə İddiaçı satılmış 0.04 ha torpaq sahəsi, həmin torpaq sahəsinə dair tərdib edilmiş **********2000006 nömrəli kadastr planında göstərilən koordinatlar, digər hər hansı üçüncü şəxsə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Göygöl rayonu Yeni Zod kəndində yerləşən 0.04 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir və torpaq sahəsinin kateqoriyası və məqsədli təyinatı müvafiq olaraq yaşayış məntəqələrinin torpaqları və həyətyanı kimi qeyd edilmişdir. Xanlar rayon X3 xx.xx.2006-cı il tarixli aktının surətindən görünür ki, Xanlar rayonu X3 ərazisindəki yararsız torpaq sahəsindən 0.28 ha ayrılıb 7 nəfər vətəndaşa hər birinə 0.04 ha olmaqla fərdi yaşayış evinin tikitisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması məqsədəuyğun hesab edilmişdir. DТ və XK-nin **********2000006 nömrəli torpaq sahəsinin Kadastr planının surətindən görünür ki, iddiaçıya Xanlar rayonu X3 xx.xx.2006-cı il tarixli, 13 nömrəli qərarı ilə xüsusi mülkiyyətə ayrılan fərdi yaşayış evinin tikintisi üçün 0.04 ha torpaq sahəsi satılmışdır. İşin faktiki hallarına və aşağıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan' istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən vətəndaşın mülkiyyətində torpaq sahələri, yaşayış evləri, mənzillər; bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində, sahibkarlıq fəaliyyətinin başqa sahəsində müəssisələr, əmlak kompleksləri, binalar, tiklilər, avadanlıq, nəqliyyat vasitələri və başqa istehsal vasitələri, dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik mülahizələrinə, yaxud beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlakın qanunvericilik aktlarında nəzərdə tutulan ayrı-ayrı növləri istisna olmaqla, istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı hər hansı digər əmlaklar ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət huququ, istifadə hüququ ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericlikdə nəzərdə tutulan hallarda qeyd alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -7.3.1. maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə torpağının alqı-satqı edilməsi nəzərdə tutulmuşdur. Həmçinin bələdiyyələrə məxsus olan daşınmaz əmlaka dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da görünür ki, iddiaçıya 0.04 ha torpaq sahəsinin satılmasını nəzərdə tutan xx.xx.2006-cı il tarixli, 13 saylı qərarla eyni zamanda 7 nəfərə (iddiaçı da daxil olmaqla) fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin satılması qərara alınmış və həmin siyahıda olan şəxslərdən biri də X2r. Sonuncuya satılmış torpaq sahəsi iddiaçıya satılmış torpaq sahəsinə qonşu olmasına baxmayaraq V.V.Məmmədovaya sözügedən qərar əsasında satılmış torpaq sahəsi ilə bağlı verilmiş xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışda Göygöl rayonu Yeni Zod kəndində yerləşən 0.04 ha torpaq sahəsinin kateqoriyası və məqsədli təyinatı müvafiq olaraq yaşayış məntəqələrinin torpaqları və həyətyanı kimi qeyd edilmişdir. Lakin cavabdeh inzibati qurum indiki halda həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş ərazisində yerləşdiyini əsas gətirərək iddiaçının hüquqlarının dövlət qeydiyyatını aparmaqdan və bu barədə müvafiq çıxarışın tərtib edilməsindən imtina edir. Məhkəmə bu faktın inzibati icraatda bərabərlik hüququ prinsipinin pozulması kimi qiymətləndirir. Belə ki, sözügedən prinsipə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir və inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İş materiallarından da görünür ki, iddiaçı bir şəxsə münasibətdə eyni qərarla verilmiş torpaq sahəsinin dövlət qeydiyyatını aparmış, digər şəxsə, yəni iddiaçıya münasibətdə isə qeydiyyat aparmaqdan imtina etmişdir. Qeyd olunanlardan məhkəmə o nəticəyə gəlir ki, sözügedən torpaq sahəsi iddiaçıya satılan zaman alqı-satqı predmeti olan torpaq sahəsi olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Xanlar rayonu X3 xx.xx.2006-cı il tarixli, 13 nömrəli qərarı əsasında alınmış Göygöl (Xanlar) rayonu Yeni-Zod kəndində yerləşən 0.04 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Göygöl (Xanlar) rayonu Yeni-Zod kəndində yerləşən 0.04 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-90/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-90/2023
15.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver