Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-90/2025 19.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X16 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçılar İddiaçı və digərlərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (üçüncü şəxslər Tərtər rayonu Qaradağlı bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Tərtər rayon Cəmilli Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 08 nömrəli qərarı ilə ona və ailə üzvülərinə ayrılmış 01 hektar torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 23 iyul 1998-ci il tarixli, 11 saylı qərarı ilə "Tərtər rayonunun Cəmilli kəndindəki pay torpaqlarından təsərrüfat başçısı kimi ona, ailə üzvləri - həyat yoldaşı X6 və qızı X2 0.07 ha torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinin verilməsinə dair Torpağın mülkiyyətə verilməsinə dair 22 oktyabr 1999-cu il tarixli JN-205, KOD 61104038 nömrəli Dövlət aktı da vardır. Pay torpaqları paylanıb qurtardıqdan sonra Tərtər rayon Aqrar İslahat Komissiyasının üzvlərinə bildirmişdir ki, onun ailə üzvülərindən oğlu X7 pay torpaqları verilərkən nəzərə alınmayıbdır. Ona görə də qanuna müvafiq olaraq ona bildirmişlər ki, Tərtər rayon İcra Hakimiyyətinə müraciət etsin. Ona görə də ərizə yazıb, oğlu Mehracın da payını əlavə etməyi xahiş etmişdir. Tərtər rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ümumi şöbəsi onun ərizəsini, aidiyyəti üzrə baxılıb həll edilməsi üçün Tərtər rayon Torpaq şöbəsinə, həmin qurum isə ərizəsinə baxılıb həll edilməsi üçün Tərtər rayonu Cəmilli Bələdiyyəsinə göndərmişdir. Ərizə Tərtər rayon Bələdiyyəsində 23 avqust 2011-ci il tarixdə iclasda baxılıb protokollaşdırılmış və qərara alınmışdır ki, onun ərizəsi nəzərə alınsın, oğlu X1 adam başına düşən orta torpaq payı normasına uyğun olaraq 0,25 hektar pay torpaq payını zəbt yazılıb faizlə çöl pay torpağından çıxılmış 0,68 hektar həyətyanı torpaq sahəsinin əvəzinə və JN-205 saylı Dövlət Aktında yazılmış 0,07 hektar pay torpağı cəmi 1.0 hektar pay torpağı verilsin. İddiaçı özü ilə birlikdə 4 nəfər ailə üzvünə adam başına düşən orta torpaq payı normasına uyğun olaraq verilmiş 1.0 hektar pay torpağına torpağa mülkiyyət hüququna dair Dövlət Aktının verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsindən xahiş edilsin. Qeyd etdikləri Tərtər rayon Cəmilli Bələdiyyəsinin 24 avqust 2011-ci il tarixli 08 saylı protokoldan çıxarışda da öz əksini tapmışdır. Əlavə olaraq bildirir ki, oğlu X3 bələdiyyə tərəfindən həmin pay torpağı 2004-cü ildə verilmiş, 2011-ci ilin avqust ayının 24-də rəsmi qaydada bələdiyyə tərəfindən sənədləşdirilmişdir. Artıq 12 il müddətdir ki, torpaq sahəsi onun faktiki sahibliyindədir və hər hansı mübahisə olmamışdır. Lakin torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmadığı üçün verilən güzəştlərdən istifadə edə bilmir. Hər iki övladı ikinci Qarabağ müharibəsi veteranıdır. Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından ötrü cavabdeh orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir. Cavabdeh orqanın imtinasını qanunsuz hesab etdiyi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə dair verdiyi etiraz ərizəsində göstərmişdir ki, iddiaçının ərizəsi üzrə ilkin araşdırma zamanı müəyyən edilmişdir ki, tərtib edilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanuna dəyişiklik edilməsinə baxmayaraq torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydə alınmadan xx.xx.2011-ci il tarixdə birbaşa sənədlər vətəndaşın adına tərtib edilmişdir. Eyni zamanda torpaq sahəsinin yerləşmə yerini müəyyən edən plan və ölçü sənədi də təqdim olunmamışdır. Daha sonra etiraz ərizəsi «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunlarla əsaslandırılmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması xahiş edilmişdir. Üçüncü şəxslər iddia tələbinə dair məhkəməyə etiraz ünvanlamamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Tərtər rayon Cəmilli bələdiyyəsi, xx.xx.2024-cü il tarixli qərardadı ilə isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində işə baxılmasına cəlb edilmişdir. Daha sonra məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı əsasında Tərtər rayon Cəmilli bələdiyyəsinin üçüncü şəxs qismində iştirakına xitam verilmiş və Tərtər rayon Qaradağlı bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Eyni zamanda məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi hüquqi varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim olunaraq iddiaçılar İddiaçı, X11, X8, X7 və X4 torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin və üçüncü şəxslərin nümayəndələri, habelə, digər iddiaçılar məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubu, Tərtər rayon İcra Hakimiyyəti Başçısının X14 xx.xx.2004-cü il tarixli məktubu, Tərtər rayon Cəmilli Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 08 nömrəli qərarı, mütəxəssis rəyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. İddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşayış yeri olan Tərtər rayonu «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İşdə olan sənədlər əsasında müəyyən edilmişdir ki, Tərtər rayon Cəmilli bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 08 nömrəli qərarı ilə iddiaçılar İddiaçı, X11, X8, X7 və X4 ərizəsi nəzərə alınmaqla onlara pay torpaq sahəsi az verildiyi üçün 01 (bir) hektar torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi hazırki vaxta kimi iddiaçıların faktik sahibliyindədir. İddiaçı tərəfindən qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından ötrü cavabdeh inzibati orqana müraciət edilmiş, lakin onun müraciəti müsbət yöndə həllin tapmamışdır. Cavabdeh inzibati orqan bildirmişdir ki, torpaqayırma sənədləri qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; ........ 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. ........ «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: ........ 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; ........ Maddə 12.1. Kənd təsərrüfatı ehtiyacları üçün verilmiş və ya bu məqsədlər üçün nəzərdə tutulan torpaqlar bələdiyyənin kənd təsərrüfatı təyinatlı torpaqları sayılır. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında» Əsasnamə: Bənd 5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın etiraz ərizəsində qeyd etdiyi dəlillər iddiaçının müraciətini təmin etməkdən imtinaya əsas ola bilməz. Belə ki, mübahisəli torpaq sahəsinin iddiaçılara ayrılma səbəbi torpaq islahatı zamanı onlara adambaşına düşən torpaq sahəsinin verilməməsinə görə olmuşdur. Diqqətə çatdırılır ki, şəxsin dövlət orqanı tərəfindən qəbul olunmuş hər hansı qərarın qanunauyğunluğuna və məzmununa apriori inancı (qərarın qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz. Bu baxımdan səlahiyyətli icra hakimiyyəti orqanının (hazırkı mübahisədə bələdiyyənin) şəxsə torpaq sahəsinin ayrılması barədə qərarını imtinada və şikayətdə istinad edilən əsaslar üzərindən təftiş etməkdə, eləcə də hüquqi qüvvəsini saxlayan və bu baxımdan etibarlı olan həmin sənəd əsasında iddiaçının hüququnu qeydiyyata almaqdan imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Məhkəmənin qənaətinə görə, həmin orqanlar üzərində hər hansı nəzarət səlahiyyəti və funksiyası ilə təchiz olunmayan cavabdeh orqan tərəfindən belə təftişin aparılması həmin orqanların funksional fəaliyyət sferasına və səlahiyyət dairəsinə müdaxilədir. Bundan başqa məhkəmə tərəfindən təyin edilmiş qərardad əsasında alınmış mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının naturada təqdim etdiyi torpaq sahəsinin mülkiyyət növü dövlət, kateqoriyası kənd təsərrüfatı təyinatlı, hüquqi rejimi isə pay torpaqlarıdır. İddiaçının iddia etdiyi və naturada təqdim etdiyi torpaq sahəsinin koordinatları digər hər hansı üçüncü şəxsə verilmiş torpaq sahəsinin koordinatları ilə üstüstə düşmür. Belə olan halda, iddiaçı tərəfindən torpaq sahəsinin naturada yerini müəyyən edən texniki sənədin cavabdeh inzibati orqana təqdim edilməməsi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1-ci maddəsinin tələbləri baxımından iddiaçının ərizəsinin təmin edilməsindən imtina üçün əsas ola bilməz. Həmçinin nəzərə almaq lazımdır ki, sözügedən 01(bir) ha torpaq sahəsi ayrıldığı vaxtdan mübahisəsiz olaraq iddiaçıların faktiki istifadəsindədir. Hazırda da həmin torpaq sahəsinin hər-hansı subyektin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədlərdəki torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamışdır. Göründüyü kimi, iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçı təxminən 15 ilə yaxındır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). Eyni zamanda, cavabdeh orqanın statusu baxımından torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olubolmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olub-olmamasına nəzarəti isə «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbuledən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam... Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Bir məqamı da məhkəmə göstərir ki, mütəxəssis rəyində mübahisəli torpaq sahəsinin dövlət mülkiyyəti olması qeyd olunsa da, məhkəmə sorğusuna əsasən cavabdeh qurumun verdiyi xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Tərtər rayon Cəmilli bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 08 nömrəli qərarı ilə iddiaçılara ayrılmış torpaq sahəsi ilkin torpaq islahatına dair yerquruluşu layihəsinə əsasən xüsusi mülkiyyət kimi göstərilmişdir. Mütəxəssis rəyində torpaq sahəsinin koordinatları digər hər hansı üçüncü şəxsə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi göstərildiyi üçün məhkəmə belə qənaətə gəlir ki, xüsusi mülkiyyət elə məhz yerquruluşu layihəsinə əsasən iddiaçılara məxsus olma deməkdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; Məhkəmə diqqətə çatdırır ki, hazırki iddia üzrə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin xx.xx.2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin Nizamnaməsi: Bənd 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək DƏDKR-in fəaliyyət istiqamətlərindən biridir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Tərtər rayon Cəmilli Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 08 saylı qərarı ilə iddiaçılar İddiaçı, X11, X8, X7 və X5 ayrılmış 01 (bir) hektar torpaq sahəsi üzərində faktiki istifadəyə uyğun onların mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2-1(114)-90/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-90/2025
19.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver