Məhkəmə qərarları › İş №2-1(114)-900/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-900/2021

15.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-900/2021 15.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, məhkəmə iclas katibi Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 18 saylı regional ərazi filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiya təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Gəncə şəhəri Nizami rayon filialına (hazırda 18 saylı regional Ərazi filialı adlanır) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1991-1999-cu illərdə Gəncə şəhərində fəaliyyət göstərmiş «xxxx» ASC-nin Gəncə «Gil-Torpaq» X4 Laboratoriya şöbəsində kimyəvi analiz laborantı peşəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə dəqiqləşmə ərizəsi təqdim edərək, xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi «xxxx» ASC-nin Gəncə «Gil-Torpaq» X4 Laboratoriya şöbəsində kimyəvi analiz laborant peşəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-1978/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verilmiş və inzibati iş baxılması üçün şikayətlə birlikdə xx.xx.2021-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin (sədrlik edən və məruzəçi – X8, hakimlər X3 və X1 ibarət tərkibdə) xx.xx.2021-ci il tarixli 2-1(104)-327/2021 nömrəli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməsi, işin mahiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə həmin qərardadında göstərmişdir ki, məhkəməyə müraciət etmək üçün tələb edilən xüsusi mümkünlük şərti, yəni 25 il sığorta stajı təqdim edilmiş sənədlərə əsasən mövcuddur. Yəni, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etməsi üçün subyektiv hüquqa malikdir. Qeydə alınmış ümumi sosial sığorta stajı ilə bağlı hansı illərin qəbul edilib-edilməməsi isə artıq işə məhkəmə tərəfindən mahiyyəti üzrə baxılarkən araşdırılmalıdır. İnzibati iş xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə daxil olmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1991-ci il tarixdən xx.xx.1999- cu il tarixə kimi «xxxx» ASC-nin Gəncə «Gil-Torpaq» X4 Laboratoriya şöbəsində kimyəvi analiz laborant peşəsində işləmişdir. O, yaşa görə əmək pensiyasına çıxması ilə bağlı zəruri sənədləri, eyni zamanda işlədiyi illəri özündə əks etdirən Sumqayıt «Alüminium» İstehsalat sahəsinin xx.xx.2019-cu il tarixli 01-244 nömrəli və «xxxx» ASC-nin xx.xx.2020ci il tarixli 03 nömrəli arayışlarını təqdim etməklə cavabdehə müraciət etmiş, lakin cavabdeh həmin illərin əmək kitabçasında qeyd edilmədiyini əsas gətirərək, sosial sığorta stajına daxil edilməsindən imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, işlədiyi -“xxxx” Açıq Səhmdar Cəmiyyətində sonuncunun verdiyi xx.xx.2020-ci il tarixli 03 nömrəli arayışında göstərilən illərdə ödənişsiz məzuniyyətdə olması ondan asılı olmamışdır. Belə ki, xammal materiallarının olmaması səbəbi ilə işçilər tez-tez ödənişsiz məzuniyyətdə qalmağa məcbur olmuşlar. Ödənişsiz məzuniyyətdə olduğu dövr nəzərə alındığı halda onun 25 ildən çox sığorta stajı olduğu üçün iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbi ilə bağlı iddiaya münasibətdə yazılı etiraz verərək, qeyd etmişdir ki, iddiaçının xx.xx.1990-xx.xx.1999-cu illərə aid iş dövründən (9 il 1 ay 10 gün) 23 ay əmək haqqı ödənilməyən dövrü (1 il 11 ay) əmək pensiyasının təyin edilməsi üçün sığorta stajına daxil edilməsi imkan xaricindədir. xx.xx.2006-cı ilədək ümumi sığorta stajı 23 il 2 ay təşik edir və qüvvədə olan qanunvericiliyə əsasən onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. İş materiallarına əlavə olunmuş: -iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1976xx.xx.1989-cu, xx.xx.1989-xx.xx.1990-cı və xx.xx.1990-xx.xx.1999-cu illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. -“xxxx” Açıq Səhmdar Cəmiyyəti Sumqayıt “Alüminium” İstehsalat sahəsinin xx.xx.2019-cu il tarixli 01-244 nömrəli arayışına əsasən iddiaçı 1991-1994-cü illərdə, 1995ci ilin yanvar-fevral, may-noyabr ayları üzrə, 1996-cı ilin yanvar-iyul, sentyabr-dekabr ayları üzrə, 1997-ci ilin yanvar-may ayları üzrə, 1998-ci ilin yanvar və may ayları üzrə əmək haqları almışdır. -“xxxx” Açıq Səhmdar Cəmiyyəti Sumqayıt “Alüminium” İstehsalat sahəsinin xx.xx.2020-ci il tarixli 03 nömrəli arayışında qeyd olunur ki, İddiaçı xx.xx.1995-xx.xx.1995, xx.xx.1996-xx.xx.1996, xx.xx.1997-xx.xx.1998 və xx.xx.1998-xx.xx.1999-cu illərdə ödənişsiz məzuniyyətdə olmuşdur. -Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(083)-1583/2019 nömrəli qərarına əsasən İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixədək 27 nömrəli orta texniki peşə məktəbində əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Nizami rayon şöbəsinin üzərinə qoyulmuşdur. -Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli **********8 nömrəli imtina məktubuna əsasən, iddiaçının təqdim etdiyi sənədlərə əsasən 23 il 02 ay sığorta stajı olduğu üçün pensiya təyin edilməsindən imtina edilmişdir. -Cavabdeh iddiaya xx.xx.2020-ci il tarixli **********9 nömrəli münasibətində qeyd etmişdir ki, vətəndaşın xx.xx.1990-xx.xx.1999-cu illərə aid iş dövründən (9 il 01 ay 10 gün) 23 ay əmək haqqı ödənilməyən dövrü (1 il 11 ay) əmək pensiyasının təyin edilməsi üçün sığorta stajına daxil edilməsi imkan xaricindədir. Onun xx.xx.2006-cı ilədək ümumi sığorta stajı 23 il 2 ay təşkil edir və qüvvədə olan qanunvericiliyə əsasən yaşa görə əmək pensiyası hüququ yaranmır. . Əsaslandırma hissəsi: Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olsa da, tələb əsassızdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının xx.xx.1958-ci il təvəllüdlü olduğu nəzərə alındıqda, onun 62 yaşının tamam olduğu vaxtdan, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçı tərəfindən sosial sığorta stajı ilə bağlı xx.xx.1976-xx.xx.1989 (12 il 10 ay 3 gün), xx.xx.1989-xx.xx.1990 (11 ay), xx.xx.1990-xx.xx.1999-cu (9 il 01 ay 10 gün) il tarixlərə dair (cəmi 22 il 10 ay 13 gün) əmək kitabçası və xx.xx.1973-xx.xx.1976-cü (2 il 10 ay 24 gün) illərə dair məhkəmə qərarı təqdim edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən yalnız xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrdən 23 ay əmək haqqı ödənilməyən dövrü mübahisələndirilir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti Sumqayıt “Alüminium” İstehsalat sahəsinin xx.xx.2020-ci il tarixli 03 nömrəli arayışında qeyd olunur ki, İddiaçı xx.xx.1995-xx.xx.1995 (02 ay 10 gün), xx.xx.1996-xx.xx.1996 (01 ay 15 gün), xx.xx.1997-xx.xx.1998 (07 ay) və xx.xx.1998-xx.xx.1999-cu (01 il 05 ay 14 gün) illərdə ödənişsiz məzuniyyətdə olmuşdur. xx.xx.1999-cu il tarixədək qüvvədə olmuş “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikasının xx xxxx 1994-cü il tarixli Qanununun 14-cü maddəsinə əsasən bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri əmək stajına daxil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Normaların məzmunundan göründüyü kimi, qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta stajı kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. “Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. Lakin iddia olunan məzmunda ödənişsiz məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsbit olunmamışdır. Göründüyü kimi, həm hazırda qüvvədə olan, həm də iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlərdə qüvvədə olan qanunvericilikdə ödənişsiz məzuniyyət dövrünün sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Ona görə də, iddiaçı xx.xx.1973-xx.xx.1976 (2 il 10 ay 24 gün), xx.xx.1976xx.xx.1989 (12 il 10 ay 3 gün), xx.xx.1989-xx.xx.1990 (11 ay) və xx.xx.1990-xx.xx.1999cu (6 il 09 ay 01 gün) illər üzrə 23 il 04 ay 28 gün sosial sığorta stajı toplamışdır. Beləliklə, iddiaçı pensiya təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajını toplamadığından qanunvericiliyin tələblərinə əsasən, cavabdehin pensiya təyinatından imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 18 saylı regional ərazi filialına qarşı xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi «xxxx» ASC-nin Gəncə «Gil- Torpaq» X4 Laboratoriya şöbəsində kimyəvi analiz laborant peşəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar