Məhkəmə qərarları › İş №2-1(114)-901/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-901/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-901/2021 28.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına qarşı yaşa əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Gəncə şəhər Nizami rayon filialına qarşı iddia ərizəsi ilə 01.09.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 27.03.1955-ci il tarixdə anadan olmuş, 13.02.1973-cü il tarixdən 02.05.1973-cü il tarixədək X2, 28.08.1975-ci il tarixdən 25.12.2000-ci il tarixə kimi isə X6 Zavodunda işləmiş, eləcə də qeyd olunan müddət aralığında 03.05.1973-cü il tarixdən 06.05.1975-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçı 25 ildən artıq sığorta stajı olduğuna görə ona aşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə DSMF publik hüquqi şəxsin Gəncə şəhər Nizami rayon şöbəsinə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına (əvvəlki Gəncə şəhər Nizami rayon filialına) müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə bağlı inzibati icraatı apararkən iddiaçının “xxxx” ASCdə işlədiyini iddia etdiyi illərlə bağlı yerində qarşılıqlı yoxlama keçirilmiş və onun 1994- 2000-ci illərdə həmin müəssisədən ümumiyyətlə əmək haqqı almadığı müəyyən olunmuşdur. Bu səbəbdən də ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -İddiaçı məxsus 30.06.1975-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, sonuncu 13.02.1973-cü il tarixdən 02.05.1973-cü il tarixədək X2 və 28.08.1975-ci il tarixdən 25.12.2000-ci il tarixədək X6 Zavodunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. -İddiaçı məxsus НЗ ******* nömrəli 26.04.1973-cü il tarixli hərbi biletin surətindən görünür ki, sonuncu 03.05.1973-cü il tarixdən 06.05.1975-ci il tarixədək hərbi xidmətdə olmuşdur. -AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Gəncə şəhər Nizami rayon filialının 13.08.2020-ci il tarixli, **********2 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il sığorta stajı və ya 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabında pensiya kapitalı olmadığı üçün ona pensiyası təyin olunmasından imtina edilmişdir. -X5 filialının 26.11.2020-ci il tarixli 1044/3 nömrəli məktubunun surətindən görünür ki, “xxxx” ASC-nin arxiv sənədləri X5 filialına təhvil verilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı 13.02.1973-cü il tarixdən 02.05.1973-cü il tarixədək X2, 28.08.1975-ci il tarixdən 25.12.2000-ci il tarixə kimi isə X6 Zavodunda işlədiyini, eləcə də qeyd olunan müddət aralığında 03.05.1973-cü il tarixdən 06.05.1975-ci il tarixədək hərbi xidmətdə olduğunu iddia edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının tələb edilən 25 il sığorta stajı və ya 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabında pensiya kapitalı olmadığı üçün ona pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; - 3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. - 21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının:- -3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının “xxxx” ASC-də işlədiyini iddia etdiyi illərlə bağlı yerində qarşılıqlı yoxlama keçirilmiş və onun 1994-2000-ci illərdə əmək haqqı almadığı müəyyən olunmuşdur. Həmçinin məhkəmənin 10.12.2020-ci il tarixli iclasında iddiaçı 1994-2000-ci illərdə həmin müəssisədən əmək haqqı alıb-amadığını xatırlamadığını bildirmişdir. Bundan əlavə iddiaçının qeyd olunan dövrlərdə işləməsi ilə bağlı arxiv məlumatlarını əldə etmək mümkün olmamışdır. Göründüyü kimi iddiaçıya məxsus əmək kitabçasında onun 28.08.1975-ci il tarixdən 25.12.2000-ci il tarixədək X6 Zavodunda işləməsi qeyd olunsa da, həmin illərlə bağlı yerində qarşılıqlı yoxlama zamanı onun yalnız 28.08.1975-ci il tarixdən 01.04.1994-cü il tarixədək əmək haqqı alması öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, 01.04.1994-cü il tarixdən 25.12.2000ci il tarixədək olan müddət iddiaçının sosial sığorta stajı kimi nəzərə alına bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Beləliklə iddiaçının sığorta stajını təsdiq edən sənədlərə əsasən müəyyən edilir ki, onun 13.02.1973-cü il tarixdən 02.05.1973-cü il tarixədək 2 ay 19 gün, 03.05.1973-cü il tarixdən 06.05.1975-ci il tarixədək 2 il 3 gün və 28.08.1975-ci il tarixdən 01.04.1994-cü il tarixədək 18 il 7 ay 2 gün olmaqla ümumilikdə 20 il 9 ay 24 gün sığorta stajı var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan qanunvericiliyin tələblərinə əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı və ya azı 25 il sığorta stajı tələb olunur. Göründüyü kimi iddiaçının tələb olunan 25 il sığorta stajı yoxdur, həmçinin onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona pensiya təminatına imkan vermir. Beləliklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçıya yaşaa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sosial sığorta stajı tələb olunduğuna və iddiaçı həmin tələbi ödəmədiyinə, eləcə də onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona pensiya təminatına imkan vermədiyinə görə onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın ona pensiya təyin etməklə bağlı imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına qarşı yaşa əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar