Məhkəmə qərarları › İş №2-1(114)-902/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-902/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-902/2021 04.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 06.04.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, DTXK-nin Xanlar rayon şöbəsinin 07.11.2005-ci il tarixli plan və ölçü sənədində göstərilən və ona məxsus Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0.12 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar rayonu Aşıqlı bələdiyyəsinin 18.08.2005-ci il tarixli, 24 nömrəli qərarı 0.12 ha torpaq sahəsi alıqı-satqı əsasında iddiaçıya satılması qərara alınmış, torpaqların alqı-satqısına dair akt 10 sentyabr 2005ci ildə 414 nömrə ilə qeydiyyata alınmışıdır. Həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-690A, KOD ******* olan şəhadətnamə verilmiş, 05.09.2005-ci il tarixli, 611 nömrəli rəy ilə torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü 690A kimi qeyd edilərək şəhadətnamədə öz əksini tapmışdır. 17 avqust 2006-cı il tarixli akt əsasında 0.12 ha torpaq sahəsi yerində ölçülüb iddiaçıya təhvil verilmişdir. Xanlar Rayon İcra Hakimiyyəti başçısının 18 avqust 2006-cı il tarixli sərəncamı əsasında iddiaçıya satılmış 0.12 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparılmasına dair icazə verilmişdir. İddiaçı DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək qeyd olunan torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etsə də cavabdeh bundan imtina etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməmiş və bildirmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə olan ölçülər arasında uyğunsuzluq olduğu müəyyən edilmiş, bu səbəbdən də iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -18.08.2005-ci il tarixli aktın surətindən görünür ki, Xanlar rayonu Aşıqlı bələdiyyəsinin perspektiv inkişaf fond torpağından fərdi yaşayış evinin tikintisi üçün 0.12 torpaq sahəsinin ayrılıb alqı-satqı yolu ilə İddiaçı satılması Xanlar rayon Aşıqlı Bələdiyyəsi və DT və XK-nin Xanlar rayon şöbəsi tərəfindən məqsədə uyğun hesab edilmişdir. -Xanlar rayonu Aşıqlı bələdiyyəsinin 18.08.2005-ci il tarixli, 24 nömrəli qərarının surətindən görünür ki, İddiaçı Xanlar rayonu Aşıqlı bələdiyyəsinin perspektiv inkişaf fond torpağından 0.12 hektar ayrılıb fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması qərara alınmışdır. -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin 05.09.2005-ci il tarixli, 611 nömrəli rəyinin surətindən görünür ki, İddiaçı satlması nəzərdə tutulan 0.12 ha torpaq sahəsi Aşıqlı bələdiyyəsinin mülkiyyətinə aiddir, alqı-satqı predmetidir və satılması qanunamüvafiqdir. -10.09.2005-ci il tarixli Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, 18.08.2005-ci il tarixli 24 nömrəli qərarla Aşıqlı bələdiyyəsi ərazisindən 0.12 ha torpaq sahəsi İddiaçı satılmış, sonuncu tərəfindən bunun müqabilində 518232 manat pul ödənilmişdir. -16.09.2005-ci il tarixli, 5 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən alqı-satqı edilmiş torpaq sahəsinə görə 518250 (beş yüz on səkkiz min iki yüz əlli) manat pul Aşıqlı bələdiyyəsinin hesabına ödənilmişdir. -11.11.2005-ci il tarixli, ESJ 029454 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən bələdiyyədən alqı-satqı edilmiş torpaq sahəsinə görə X4 Qeydiyyatı Mərkəzinə 64000 (altmış dörd min) manat ödənilmişdir. -Xanlar rayon Torpaq şöbəsinin 17.08.2006-cı il tarixli aktının surətindən görünür ki, Xanlar rayon Aşıqlı Bələdiyyəsinin 18.08.2005-ci il tarixli 24 nömrəli qərarı ilə İddiaçı satılmış 0.12 ha torpaq sahəsi yerində ölçülüb sonuncuya təhvil verilmişdir. -JN-690A KOD 50803018 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Xanlar rayonu Aşıqlı bələdiyyəsinin 18.08.2005-ci il tarixli, 24 nömrəli qərarı ilə 0.12 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə verilib. -Xanlar Rayon İcra Hakimiyyəti başçısının 18.08.2006-cı il tarixli, 175 nömrəli sərəncamından çıxarışın surətindən görünür ki, İddiaçı Aşıqlı kəndində satılmış 0.12 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparılmasına icazə verilmişdir. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 03.03.2021-ci il tarixli, **********29 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Xanlar rayonu Aşıqlı bələdiyyəsinin 18.08.2005-ci il tarixli, 24 nömrəli qərarı ilə perspektiv inkişaf fond torpağından fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı 0.12 ha torpaq sahəsi satılmış, torpaq üçün nəzərdə tutulmuş haqq sonuncu tərəfindən bələdiyənin büdcəsinə ödənilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair keçmiş DTXK-nin Xanlar rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin yerquruluşu planı, sahəseçmə aktı, alqı-satqı aktı, müvafiq şəhadətnamə əldə edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə olan ölçülər arasında uyğunsuzluq olduğuna görə iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən cavabdeh orqanın imtinasını əsassız hesab edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, hazırda mübahisə predmeti olan torpaq sahəsi bələdiyyənin müvafiq iclas qərarı ilə iddiaçıya satılmışdır və torpağın dəyəri iddiaçı tərəfindən bələdiyyənin müvafiq hesabına ödənilmişdir, yəni sözügedən torpaq sahəsi alqı-satqı qaydasında iddiaçıya verilmiş və sonuncu tərəfindən həmin torpaq sahəsi təyinatı üzrə istifadə edilir. Cavabdehin imtinasının əsası kimi torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə olan ölçülər arasında uyğunsuzluq olması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin faktiki olaraq başqa(qonşu) torpaq sahəsindən istifadə etməsi və yaxud sənəd üzrə ölçülərdən kənara çıxması ona şəhadətnamə əsasında verilmiş sahənin həmin şəhadətnamədə göstərilən koordinatlara və konfiqurasiyaya uyğun Dövlət reyestrində qeydə alınmasına mane olan hal hesab edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativhüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır -8.0.1-ci və 8.0.5-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin 2, 34,68,69, 73,75,78,81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Xanlar rayonu Aşıqlı bələdiyyəsinin 18.08.2005-ci il tarixli, 24 nömrəli qərarı ilə İddiaçı satılmış Göygöl rayonu Aşıqlı kəndində yerləşən 0.12 ha torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində onun adına qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar