Məhkəmə qərarları › İş №2-1(114)-902/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-902/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-902/2024 25.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli **********8827 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023cü il tarixli **********8827 nömrəli Qərarı ilə İddiaçı 8 nəfər şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı aşağıda göstərilənlərə əsasən hesab edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********8827 nömrəli qərarı tam əsassızdır və qanunun pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən "X33" MMC-də operativ vergi nəzarəti tədbirləri həyata keçirmiş və həmin tarixdə akt tərtib etmişdir. Tərtib olunmuş akta görə müəssisədə 15 nəfər şəxsin işə cəlb olunması, onlardan 8 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi qeyd olunmuşdur. Bundan sonra, xx.xx.2023-cü il tarixdə iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı ilə materiallara birgə baxılmışdır. Araşdırma zamanı iddiaçının səlahiyyətli nümayəndəsinin təqdim etdiyi əsaslı sənədlərə baxmayaraq, yekunda qeyd edilən maliyyə sanksiyası tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Halbuki, araşdırma zamanı cavabdeh orqana təqdim olunmuş "X28 Mərkəzi" publik hüquqi şəxslə "X33" MMC arasında bağlanmış 22 iyun 2023-cü il tarixli "Birgə fəaliyyət haqqında” müqavilədən görünür ki, müqavilənin əsas predmetini məşğulluq Strategiyası və Məşğulluğa dəstək layihəsi çərçivəsində işsiz, işaxtaran, əlilliyi olan, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları, həssas təbəqədən olan vətəndaşların "Ofisiant" və "Otel xadiməsi (təmizlik işləri)" peşə ixtisası üzrə qısamüddətli peşə azırlığına cəlbi, təlim proqramına uyğun təcrübə saatları həcmində nəzərdə tutulmuş zəruri peşə kvalifikasiyalarına yiyələnməsi, müasir səriştələrin, bacarıqların bilavasitə istehsalat müəssisəsində (əmək bazarı iştirakçılarının yanında) həyata keçirilməsi üçün birgə fəaliyyət göstərilməsini təşkil edir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin əsas məqsədi işsiz, işaxtaran, əlilliyi olan, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları, həssas təbəqədən olan vətəndaşların peşə ixtisası üzrə qısamüddətli peşə hazırlığına cəlb olunması, onların təcrübə keçməsi və gələcəkdə iş yerləri ilə təmin olunmaqdan ibarət olmuşdur. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçının fəaliyyət göstərdiyi müəssisəyə 7 nəfər "Ofisiant", 6 nəfər "Otel xadiməsi" peşələri üzrə 2 aylıq hazırlıq kurslarına cəlb edilmiş, xx.xx.2023-cü il tarixdə "Ofisiant" peşəsi üzrə 6 nəfər, "Otel xadiməsi" peşəsi üzrə 4 nəfər hazırlıq kurslarını bitirmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemi"nin "X25” vasitəsilə vakansiyaya göndəriş göndərilməklə, həmin şəxslərin işə qəbul olunması xahiş olunmuşdur. Bundan sonra, göndəriş əsasında həmin şəxslərlə əmək müqaviləsi bağlanmış və 8 nəfər işçi işə qəbul edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi cavabdeh orqan 8 nəfər şəxsin əmək müqaviləsi olmadan işə cəlb olunmasına əsaslanaraq, sözügedən əsassız qərarı qəbul etmişdir. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə görə Mərkəz təminat verir ki, hazırki müqavilə çərçivəsində bilavasitə istehsalat müəssisəsində təcrübəyə cəlb edilmiş şəxslər Müəssisə tərəfindən müəyyən edilmiş yerlərdə təcrübə keçməyə səlahiyyətlidirlər, bununla bağlı qanunverciliklə tələb olunan bütün hərəkətlər Mərkəz tərəfindən həyata keçiriləcəkdir. Bu normanın pozuntusu ilə bağlı hər hansı dövlət və ya qeyri-dövlət orqanı, eləcə də üçüncü şəxslər tərəfindən Müəssisəyə irəli sürülən hər hansı iradlar Mərkəzə yönəldiriləcəkdir. Göründüyü kimi, cavabdeh orqan 8 nəfər şəxsin işə qəbul edilməsi ilə məsələləri bir başa Mərkəzdən tələb etməli olduğu halda, iddiaçının fəaliyyət göstərdiyi müəssisədə yoxlama aparmaqla kifayətlənmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, operativ vergi yoxlanması xx.xx.2023-cü il tarixdə həyata keçirilən zaman həmin 8 nəfər şəxs işə qəbul olunmaq üçün iddaçının obyektinə gəlmiş, işə başlamağa hazırlıq üçün müvafiq geyimlərlə təmin edilmiş, həmin gün də onlarla əmək müqaviləsi bağlanmış və günün sonunda müqavilələr müvafiq sistemə yerləşdirilmişdir. Onların say çoxluğu, müvafiq müqavilələrin tərtibatı və iddiaçının işinin çoxluğu baxımından müqavilələr iş gününün sonuna yaxın, təqribən 17:00 radələrində sistemə yerləşdirilmişdir. Həmin şəxslər ondan əvvəlki tarixlərdə də 2 ay ərzində iddiaçının obyektində təcrübə keçmişlər, ona görə də onların müqaviləsiz orada işə cəlb edilməsi iddiaçının marağında olmamışdır. Cavabdehin nümayəndəsi X17 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi vergi orqanlarına verilmiş hüquqi səlahiyyət çərçivəsində iddiaçının ünvan 1 ünvanda sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektində operativ vergi nəzarəti tədbiri həyata keçirmişdir. Operativ vergi nəzarəti tədbiri KY231960256 nömrəli "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmışdır. Həyata keçirilmiş yoxlama nəticəsində 8 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərə cəlb edilməsi faktı aşkar edilmiş və yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı həmçinin o da müəyyən edilmişdir ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən cəlb edilmiş işçilər- X24, X18, X11, X7, X16, X8, X12, X3 müxtəlif vəzifələrdə işə cəlb edilmişlər. İddiaçının iddia ərizəsində göstərdiyi dəlillərin heç birinin mötəbərliyi təsdiqlənmədiyindən qərarın ləğvi üçün əsaslar mövcud deyildir. Belə ki, X28 Mərkəzi" Publik hüquqi şəxslə "X33" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli "Birgə fəaliyyət haqqında" müqavilənin icrası ilə bağlı X5 məktubundan görünür ki, ofisiant və otel xadiməsi peşəsi üzrə "təlim kursları"nın müddəti 2 ay olmuş və xx.xx.2023-cü il tarixdə "ofisiant" peşəsi üzrə 6 nəfər, "otel xadiməsi" peşəsi üzrə 4 nəfər hazırlıq kurslarını bitirmişdir. xx.xx.2023-cü il tarixli 001908 nömrəli aktdan isə görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektində operativ vergi nəzarəti tədbiri keçirilərək, 8 nəfər işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərə cəlb edildiyı aşkar olunmuşdur. Hər iki sənədi müqayisəli təhlil edərək belə qənaətə galmək olur ki, operativ vergi nəzarətinin həyata keçirildiyi vaxtda, yəni xx.xx.2023-cü il tarixdə 001908 nömrəli aktda qeyd olunmuş şəxslər "müvafiq kursu" bitirmişlər, bu baxımdan həmin tarixdə onların hələ də peşə hazırlığına cəlb edilməsi ilə bağlı iddiaçının dəlili əsaslı qəbul edilməməlidir. Belə ki, operativ vergi nəzarəti zamanı həmin şəxslər təqdim etdiyi izahatlarında göstərdikləri əmək fəaliyyəti müqabilində 345 manat məbləğində aylıq əmək haqqı aldıqlarını, eləcə də onlar barəsində iş saatı tətbiq edildiyini, iş saatının saat 12:00-dan 20-00-a kimi davam etdiyini qeyd etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyun 2017-ci il tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydaları"nın 3.2-ci bəndinə əsasən peşə hazırlığının maliyyələşdirilməsi bu məqsədlər üçün ayrılmış vəsaitlər çərçivəsində adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən ayrı-ayrı ixtisaslar üzrə hər bir müdavimə düşən peşə hazırlığı xərclərinin miqdarı Nazirlik tərəfindən təsdiq edilir. 3.4-cü bəndinə görə nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi Agentlik tərəfindən peşə hazırlığı müəssisəsinə tərəflər arasında bağlanılmış müqavilələr və ödəniş sənədləri əsasında həyata keçirilir. 3.5-ci bəndinə əsasən bir müdavimə müəyyən edilmiş xərclər peşə hazırlığı müəssisəsinə təqdim etdiyi rəsmi ödəniş sənədləri və hesab-fakturalar (invoyslar) əsasında tərəflər arasında bağlanılmış müqaviləyə uyğun olaraq. Agentlik tərəfindən vəsaitin birbaşa müəssisənin xəzinədəki (bankdakı) müvafiq hesabına köçürülməsi yolu ilə aylar üzrə ödənilir. Həmçinin xx.xx.2023-cü il tarixli müqavilədə də İddiaçı aktda adları göstərilmiş şəxslərə hər hansı ödəniş etməsi ilə bağlı öhdəliyi nəzərdə tutulmamışdır. Əksinə NK-nın 07 İyun 2017-ci il tarixli 261 nömrəli Qərarına əsasən peşə hazırlığı ilə bağlı bütün xərcləri X10 çəkir. Qaydaların 2.5-ci bəndinə əsasən peşə hazırlığına cəlb olunmuş işsiz, "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərə təhsil aldıqları dövrdə "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir. Beləliklə həm NK-nın qərarından, həm də xx.xx.2023-cü il tarixli müqavilədən görsənir ki, iddiaçının "peşə hazırlığına" cəlb edilmiş işçilərə hər hansı ödəniş verməklə bağlı hüquqi öhdəliyi olmamışdır. Aktda istinad edilmiş şəxslərə iddiaçı tərəindən aylıq əmək haqqının verilməsi, eləcə də onlar barəsində iş saatının tətbiq edilməsi xüsusatları onu deməyə əsas verir ki, operativ vergi nəzarəti nəticəsində aşkar edilmiş işçilər İddiaçılə əmək münasibətlərində olmuş və müvafiq işlərə əmək müqaviləsi olmadan cəlb edilmişlər. Vergi qanunvericiliyinin tələblərinə əməl edilərək yoxlama zamanı foto çəkilişdən istifadə edilmişdir. Sözügedən şəxslərin iddiaçı tərəfindən müxtəlif işlərə cəlb edildiyi fotolarla da sübut olunur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********9490 nömrəli qərarından görünür ki, İddiaçı məxsus obyektdə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqınada” xx.xx.2023-cü il tarixli, **********8827 nömrəli qərarından görünür ki, İddiaçı Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi qərar alınmışdır. -surəti işə əlavə edilmiş ƏƏSMN-in “X1 Sistemi”nin “X25”nin vakansiya göndərişlərindən görünür ki, X18, X16, X7, X8, X9, X12, X20 və X2 Tural Bəndər oğluna məxsus obyektdə işaxtaran kimi qeydiyyatdan keçirilmişdir. -surəti işə əlavə edilmiş ƏƏSMN tabeliyində X5 məktubundan görünür ki, X28 Mərkəzi ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə “ofisiant” və “otel xadiməsi” peşələri üzrə kursların birgə təşkili ilə bağlı müqavilə bağlanılmış, əməkdaşlıq çərçivəsində xx.xx.2023-cü il tarixdə 7 nəfər “ofisiant”, 6 nəfər “otel xadiməsi” peşələri üzrə 2 aylıq hazırlıq kurslarına cəlb olunmuş və xx.xx.2023-cü il tarixdə “ofisiant” peşəsi üzrə 6 nəfər, “otel xadiməsi” peşəsi üzrə 4 nəfər hazırlıq kurslarını bitirmişdir. -surəti işə əlavə edilmiş Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, X20, X4, X12, X16, X18, X8, X7, X11 ilə işəgötürən İddiaçı arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********9490 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarına əsasən İddiaçı məxsus obyektə xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Yoxlama zamanı vergi ödəyicisi İddiaçı məxsus obyektdə keçirilən operativ vergi nəzarəti nəticəsində xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və sözügedən akt əsasında İddiaçı vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********3345 nömrəli qərarı ilə 16000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırda qeyd olunan qərarı mübahisələndirir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş qeyd edilən qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. -50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. -58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, işin faktiki hallarından da göründüyü kimi “X28 Mərkəzi” publik hüquqi şəxsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Birgə fəaliyyət haqqında” müqavilə ilə Məşğulluq Strategiyası və Məşğulluğa dəstək layihəsi çərçivəsində işsiz və işaxtaran vətəndaşların "Ofisiant" , "Otel xadiməsi (təmizlik işləri)" peşə ixtisası üzrə qısamüddətli peşə hazırlığına cəlbi, təlim proqramına uyğun təcrübə saatları həcmində nəzərdə tutulmuş zəruri peşə kvalifikasiyalarına yiyələnməsi, mülasir səriştələrin, bacarıqların bilavasitə istehsalat müəssisəsində (əmək bazarı iştirakçılarının yanında) həyata keçirilməsi üçün birgə fəaliyyət göstərilməsi barədə razılığa gəlinmişdir. Əməkdaşlıq çərçivəsində xx.xx.2023-cü il tarixdə 7 nəfər “ofisiant”, 6 nəfər “otel xadiməsi” peşələri üzrə 2 aylıq hazırlıq kurslarına cəlb olunmuş və xx.xx.2023-cü il tarixdə “ofisiant” peşəsi üzrə 6 nəfər, “otel xadiməsi” peşəsi üzrə 4 nəfər hazırlıq kurslarını bitirmişdir. Bundan əlavə, hazırlıq kurslarını bitimiş şəxslərdən X20, X4, X12, X16, X18, X8, X7, X11 ilə işəgötürən İddiaçı arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Göründüyü kimi, hazırlıq kurslarına cəlb olunmuş şəxslər xx.xx.2023-cü il tarixdə hazırlıq kurslarını başa vurmuş və növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə onlarla əmək müqaviləsi bağlanmış, günün sonunda isə müqavilələr müvafiq sistemə yerləşdirilmişdir. Odur ki, məhkəmə iddiaçının işinin çoxluğu, eyni zamanda işçilərin say çoxluğu və müvafiq müqavilələrin tərtibatı üçün vaxt məhdudiyyəti və bu baxımdan müqavilələrin iş gününün sonunda müvafiq bazaya işlənməsi ilə bağlı dəlillərini inandırıcı hesab edir. Həmçinin qeyd edilməlidir ki, mövcud qanunvericilikdə bağlanmış əmək müqavilələrinin iş günün hər-hansı saatında müvafiq bazaya işlənməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Hazırlıq kurslarını bitirmiş şəxslərin məhz kursun bitməsi günündən sonrakı gün həmin müəssisəyə gələrək işə başlamaları onların müqaviləsiz işə cəlb edilmələri ilə bağlı cavabdehin dəlillərinin əsassız olmasını deməyə əsas verir. Başqa sözlə həmin şəxslərin iddiaçıya məxsus obyektdə hazırlıq kursları keçmələri onların gələcəkdə məhz həmin müəssisədə işləmək niyyətlərindən xəbər verir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqınada” xx.xx.2023-cü il tarixli, **********8827 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 12 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********8827 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar