Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-903/2021 08.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə1, üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, “Mənzilin özəlləşdirilməsi və mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: 01.08.1978-ci il tarixli, 23 nömrəli protokola əsasən ünvan 1 ünvanda yerləşən mənzil X1 verilmişdir. Daha sonra Kirovabad şəhər Zəhmətkeş deputatları Sovetinin 01.08.1978-ci il tarixli 59 nömrəli orderi ilə mənzil X10 verilmişdir. Gəncə şəhər Mənzil Təmir İstismar trestinin 1 nömrəli MİS üzrə 1991-ci il tarixli şəxsi hesab kitabında Əli Bayramov küçəsi, 75 nömrəli evin 17 nömrəli mənzilində yaşayan X5 adına 453 nömrəli şəxsi hesab vərəqəsi açılmışdır. Ailə tərkibi 7 nəfərdən ibarətdir: 1)Aulin Savel; 2)Aulin Pyotr; 3)Aulina Qalina; 4)İddiaçı; 5)Aulina Larisa; 6)Aulina Marina; 7) Aulin Tomas Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21.01.2013-cü il tarixli 01 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 75 nömrəli binanın ümumi sahəsi 45,0 kv.m, o cümlədən mətbəx 7,0 kv.m, dəhliz 11,8 kv.m, hamam 3,4 kv.m, tualet 1,4 kv.m və yaşayış sahəsi 21,4 kv.m olan 17 nömrəli mənzilin bir otağının kirayəçisi X8 ölümü ilə əlaqədar mənzilin kirayəçisi oğlu İddiaçı Savelyeviç hesab edilmişdir. İddiaçı ilə Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal İstehsalat Birliyi arasında Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 75 nömrəli evdə 17 nömrəli mənzilə dair 02.03.2021-ci il tarixli, 010 nömrəli Yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi 3 saylı Mənzil istismar sahəsinin 02.12.2020-ci il tarixli 149 nömrəli arayışına əsasən İddiaçı həqiqətən Gəncə şəhəri, Həsən Əliyev küçəsi, bina 75, mənzil 17 ünvanda yaşayır və ailə üzvləri 1)X6 (1948 təvəllüdlü qardaşı); 2)X4 (1950 təvəllüdlü bacısı); 3)X2 (1955 təvəllüdlü həyat yoldaşı); 4)X3 (1980 təvəllüdlü qızı); 5) X7 (1981 təvəlldlü oğlu). Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 08.06.2021-ci il tarixli 10-199 nömrəli məktubuna əsasən MKTİB-nin rəhbərliyi Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 75 nömrəli binanın 17 nömrəli mənzilinin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 16 mart 2021-ci il tarixli, **********44 nömrəli imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı mənzil sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş orderin və ya mənzil kirayə müqaviləsinin iddiaçının müraciətinə əlavə edilmədiyi müəyyən olunmuş və bu səbəbdən də iddiaçının müraciətindən imtina edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi və Gəncə şəhər İcra Hakimiyyəti) iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Həsən Əliyev küçəsi, bina 75, mənzil 17 ünvanda yerləşən evin onun adına özəlləşdirilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mənzilin özəlləşdirilməsinə və mülkiyyət hüququnun qeydə alınmasına dair öhdəliyin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 04.05.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Mənzil Təmir İstismar Trestiin arxiv fondunun sənədlərində 1 nömrəli MİS üzrə 1991-ci il tarixində Əli Bayramov (indiki Həsən Əliyev) küçəsi, 75 nömrəli evin 17 nömrəli mənzilin 453 nömrəli şəxsi hesab vərəqəsi mərhum atası X9 adına açılmışdır. Mənzilin yaşayış sahəsi 21,4 kv.m-dir. Ailə üzvümüz 7 nəfərdən ibarətdir. Həsən Əliyev küçəsi 75 nömrəli evin 19,6 kv.m yaşayış sahəsi 17 nömrəli mənzilin bir otağında erməni millətindən olan Qriqoryan Maniya yaşamışdır. Məlum məsələlərə görə o, həmişəlik yaşamaq üçün Ermənistan Respublikasına getmişdir. Həmin qarışıq mənzil ailə üzvləri çox olduğuna görə Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-nın 01 nömrəli 21 yanvar 2013-cü il tarixli sərəncamı ilə iddiaçı və onun ailə üzvlərinin istifadəsinə verilmişdir. Bu mənzilə dair iddiaçı kirayə müqaviləsi bağlanmışdır, bütün kommunal xərclərin 1991-ci ildən iddiaçı ödəyir. İddiaçı və ailənin bu iki otaqlı mənzildən başqa yaşayış yeri yoxdur. İddiaçı mənzilin özəlləşdirilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu mənzilin özəlləşdirilməsindən imtina etmişdir. Yaşadığı mənzilin özəlləşdirilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulmasını qanunamüvafiq hesab edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, 02.03.2021-ci il tarixli, 010 nömrəli Yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən mənzilin ona verildiyini, illərdir orada yaşadığını, əvvəl şəxsi hesab vərəqəsinin atasının adına olsa da onun adına dəyişdirildiyini bildirdi və bağlanmış kirayə müqaviləsinin nəzərə alınaraq mənzilin adına özəlləşdirilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etdi. Cavabdehin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, aparılan araşdırma zamanı mənzil sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş orderin və ya mənzil kirayə müqaviləsinin iddiaçının müraciətinə əlavə edilmədiyi müəyyən edilmişdir. Şəxsi hesab vərəqəsinin açılması və 02.03.2021-ci il tarixli, 010 nömrəli Yaşayış sahəsinin kirayə müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək, yəni 01.10.2009-cu il tarixədək dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı order və ya mənzil kirayəsi müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunur. Hazırda qüvvədə olan mənzil qanunvericilyində adıçəkilən müqavilə üzrə mənzilin özəlləşdirilməsi mümkün deyildir.. Qeyd olunanları nəzərə alaraq iddiaçının müraciətinin icrası mümkün olmamışdır. Lakin həmin mənzilin illərdir iddiaçının istifadəsində olması nəzəə alınmaqla tərəflərindən həmin mənzilə dair iddiaçının istifadə hüququnun qeydə alınması mümkündür. Üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında bildirmişdir ki, iddia tələbinə etiraz etmir. İddiaçı ilə aralarında Əli Bayramov (indiki Həsən Əliyev) küçəsi, 75 nömrəli evin 17 nömrəli mənzilə dair 02.03.2021-ci il tarixli, 010 nömrəli Yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Mənzildəki hər iki otaq illərdir və hazırda da iddiaçı və onun ailə üzvlərinin istifadəsindədir. Odur ki, qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İşin faktiki hallarından görünür ki, Kirovabad şəhər Zəhmətkeş deputatları Sovetinin 01.08.1978-ci il tarixli 59 nömrəli orderlə mənzil X11 adlı şəxsə verilmişdir. Gəncə şəhər Mənzil Təmir İstismar trestinin 1 nömrəli MİS üzrə 1991-ci il tarixli şəxsi hesab kitabında Əli Bayramov (hazırda Həsən Əliyev) küçəsi, 75 nömrəlıi evin 17 nömrəli mənzilində yaşayan X5 adına 453 nömrəli şəxsi hesab vərəqəsi açılmışdır (ailə tərkibi 7 nəfərdən ibarətdir: 1)Aulin Savel; 2)Aulin Pyotr; 3)Aulina Qalina; 4)İddiaçı; 5)Aulina Larisa; 6)Aulina Marina; 7) Aulin Tomas). Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21.01.2013-cü il tarixli 01 nömrəli sərəncamı ilə mübahisəli mənzilin bir otağının kirayəçisi X8 ölümü ilə əlaqədar mənzilin kirayəçisi İddiaçı Savelyeviç hesab edilmiş və həmin ünvanda Qriqoryan Maniyanın adına olmuş yaşayış sahəsi 19,6 kv.m olan boş qarışıq mənzil də onun istifadəsinə verilərək və hər iki otağın şəxsi hesab vərəqələri birləşdirilərək iddiaçının adına şəxsi hesab vərəqəsi açılmışdır. Bundan sonra iddiaçı ilə Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal İstehsalat Birliyi arasında Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 75 nömrəli evdə 17 nömrəli mənzilə dair 02.03.2021ci il tarixli 010 nömrəli yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Hazırki tələbində iddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal İstehsalat Birliyi ilə Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 75 nömrəli evdə 17 nömrəli mənzilə dair bağlanılmış 02.03.2021-ci il tarixli 010 nömrəli yaşayış sahəsinin kirayə müqaviləsinə istinad edərək cavabdehdən həmin ünvanda yerləşən iki otaqlı mənzilin onun adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmasını və bu barədə ona çıxarış verilməsini arzu etmişdir. Lakin cavabdeh orqan mənzilə dair orderin və ya mənzil kirayə müqaviləsinin təqdim edilməməsini əsas gətirərək imtina cavabı vermişdir. Bu səbəbdən hazırkı mübahisə yaranmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir. Hazırkı işdə isə iddiaçı ilə MKTB arasında kirayə müqaviləsi 02 mart 2021- ci il tarixdə, yeni Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra bağlanmışdır. Bu səbəbdən də, qeyd olunan Məcəllənin müddəaları tətbiq olunmalıdır. Belə ki, 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Yekun müddəalarına əsasən: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Göründüyü kimi, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin tələblərinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər mənzilin özəlləşdirilməsini tələb edə bilər. Bu səbəbdən də iddiaçının həmin hüquqa malik olub-olmamasına qiymət verilməlidir. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı 1991-ci ildən həmin mənzildə yaşayır və həmin mənzilin 453 nömrəli şəxsi hesab vərəqəsi atası X5 adına açılmış, mənzil Kirovabad şəhər Zəhmətkeş deputatları Sovetinin 01.08.1978-ci il tarixli 59 nömrəli order ilə başqa şəxsin adına verilmişdir. Belə ki, nə iddiaçının, nə də atasının adına order verilməmiş, 01.10.2009-cu il tarixədək sosial kirayə müqaviləsi bağlanmamışdır. 1991-cı ildə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs deyildir. Bununla yanaşı, Məcəllənin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunu vətəndaşlara 1 oktyabr 2009-cu il tarixdən sonra verilən dövlət mənzil fondunun yaşayış sahələrinə münasibətdə şamil olunmur. Belə yaşayış sahələrinin özəlləşdirilməsi yalnız qanunla nəzərdə tutulduğu hallarda mümkün ola bilər. Bu baxımdan, konkret halda, iddiaçının mənzili “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1, 5 və 8-ci maddələrinə əsaslanaraq 02.03.2021-ci il tarixli, 010 nömrəli Yaşayış sahəsinin kirayə müqaviləsi əsasında özəlləşdirmək hüququ yoxdur. Bununla yanaşı, iddiaçının mənzilin kirayəçisi hesab edilməsi haqqında 21.03.2013-cü il tarixli sərəncamında onun mənzilin kirayəçisi hesab edilməsi və şəxsi hesab vərəqəsinin iddiaçının adına açılması halı da mübahisəli mənzilin iddiaçının adına özəlləşdirilməsinə əsas vermir. Belə ki, 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Digər tərəfdən, 26 yanvar 1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin qeyd olunan tələblərində də, məhz, mənzilin mülkiyyət hüququ ilə qeydə alınması üçün əsas olan sənədlər sadalanmışdır. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinin tələbindən də görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin reyestrdə qeydə alınmasına əsas verən sənədlər sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə əsasən iddiaçının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna istinadla özəlləşdirmə qaydasında mənzilə mülkiyyət hüququna dair çıxarış almaq hüququ olmağından iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi və ünvan 2 ünvanda yerləşən evin onun adına özəlləşdirilməsi və mülkiyyət hüququnun qeydə alınmasına dair öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-903/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-903/2021
08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver