Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-903/2022 25.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi Arzumanlı Rəna Elçin qızının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialına qarşı 03.02.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun barəsində cavabdeh orqanın 14.09.2021-ci il tarixli, **********4 nömrəli qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, aztəminatlı ailə kimi ünvanlı sosial yardım alınması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) alt sistemi vasitəsi ilə elektron qaydada müraciət ünvanlamış və 01.02.2020-ci il tarixdən ehtiyac meyarları nəzərə alınaraq 5 nəfər ailə üzvlərinə-qaynatası X4, həyat yoldaşı X6, oğlanları- X9, X5 və özünə 01.02.2022-ci il tarixdən ünvanlı sosial yardım təyin olunmuşdur. Ailə tərkibi kimi qaynatası da nəzərə alınmışdır. X8 pensiya alırdı və sosial müavinət təyin edildikdən 5 ay sonra, yəni 16 iyul 2021-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı və özü sosial yardım alarkən də və hal-hazırda da işləmirlər. Uşaqlar azyaşlıdırlar. Ailənin yeganə qazanc mənbəyi qaynatanın pensiyası olub və onun vəfatı ilə ailənin gəliri tamamilə kəsilmişdir. Göygöl rayon İcra və Probasiya şöbəsi tərəfindən 12.11.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının tələbin icraya yönəldilməsi haqqında 14.09.2021-ci il tarixli, **********4 nömrəli qərarı göndərilmişdir. Həmin qərardan Göygöl rayon İcra və Probasiya şöbəsi tərəfindən göndərilən zaman məlumatı olmuşdur. Həmin qərarda ona 01.02.2020-ci il tarixdə təyin edilmiş ünvanlı dövlət sosial yardımın Nazirliyin Aparatının daxili nəzarət və audit şöbəsi tərəfindən ünvanlı dövlət sosial yardımı alan ailənin 07.07.2021-ci il tarixdən 26.07.2021-ci il tarixədək həyata keçirilmiş monitorinq nəticəsində ailə tərkibi barədə məlumatın düzgün verilməməsi komissiya tərəfindən aşkar edilmiş və bu səbəbdən də ona təyin edilmiş ünvanlı dövlət sosial yardım 01.08.2021-ci il tarixdə dayandırılmışdır. Ona təyin edilmiş ünvanlı dövlət sosial yardım ləğv olunmuş və 31.07.2021-ci il tarixədək 3975,84 manat artıq alınmış vəsait yaranmışdır. Əlavə olaraq qeyd edir ki, qaynatasının ölüm haqqında ölüm haqqında şəhadətnaməsinin surəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının Göygöl rayon şöbəsinə təqdim edilmiş və hətta dəfn üçün müavinət də verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının tələbin icraya yönəldilməsi haqqında 14 sentyabr 2021-ci il tarixli, **********4 nömrəli qərarı ilə razı deyil və məhkəmədən ləğv olunmasını xahiş edir. Gəncə İnzibati Məhkəməsinin 15.03.2022-ci il tarixli, 2-1(114)-903 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə- Daşkəsən Regional Ərazi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 12.04.2022-ci il tarixli, 2-1(114)-903 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair Gəncə İnzibati Məhkəməsində iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Aparatının daxili nəzarət və audit şöbəsi tərəfindən ünvanlı dövlət sosial yardımı alan ailələrin 07.07.2021-ci il tarixdən 26.07.2021-ci il tarixədək həyata keçirilmişdir. Aparılmış monitorinq nəticəsində vətəndaş X1 ailə tərkibi barədə məlumatın düzgün verilməməsi komissiya tərəfindən aşkarlanmış və bununla əlaqədar olaraq 14.09.2021-ci il tarixli **********4 nömrəli qərar qəbul edilmişdir. Qeyd olunan qərarla vətəndaş İddiaçı 01.02.2020-ci il tarixdən təyin edilmiş ünvanlı dövlət sosial yardım 01.08.2021-ci il tarixdən dayandırılmış və ona ödənilmiş 3975,84 manat vəsaitin Fondun Maliyyə və mühasibatlıq üzrə mərkəzinin filialının hesabına qaytarılması haqqında 06.08.2021-ci il tarixli **********9 nömrəli bildiriş iddiaçıya göndərilmişdir. Artıq ödənilmiş 3975,84 manat vəsaitin bərpası təmin edilməmişdir. Cavabdeh orqan tərəfindən “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” 14.09.2021-ci il tarixli, **********4 nömrəli qərar qəbul edilərkən iddiaçının razılıq ərizəsi alınmamışdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 14.09.2021-ci il tarixli, **********4 nömrəli qərarının surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 12.04.2021-ci il tarixli, **********5 nömrəli etiraz məktubu. Həmin sənədlərin məzmununa istina edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya 01.02.2020-cu il tarixdən ünvanlı dövlət sosial yardımın təyin edilmişdir. Aparılmış monitorinq nəticəsində vətəndaş İddiaçı ailə tərkibi barədə məlumatın düzgün verilməməsi əsas gətirilərək ona ödənilmiş artıq 3975,84 manat vəsaitin qaytarılması barədə 14.09.2021-ci il tarixli **********4 nömrəli qərar qəbul edilmişdir. İddiaçı hazırki tələbi ilə məhkəməyə müraciət edərək həmin qərarı mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbinə görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Lakin hazırda mübahisələndirilən qərarın qəbul edilməsi ilə bağlı toplanmış sənədlərdən müəyyən olunur ki, inzibati orqan tərəfindən artıq ödənilmiş pul vəsaitinin tutulması barədə iddiaçının razılığının olub – olmaması aydınlaşdırılmamış və birbaşa qərar qəbul etmək səlahiyyəti olmadan hazırkı qərar qəbul edilmişdir. Ümumiyyətlə, inzibati orqan tərəfindən belə bir qərarın qəbul ediləcəyi barədə iddiaçıya məlumat verilməmiş, yalnız mübahisələndirilən qərar qəbul edildikdən sonra artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə məlumat verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. -62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması barədə əmək pensiyaçısının razılığı olmadığından, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq 14.09.2021-ci il tarixli, **********4 qərar qəbul edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, iddia təmkin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” 14.09.2021-ci il tarixli, **********4 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına “artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması haqqında” 14.09.2021-ci il tarixli, **********4 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-903/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-903/2022
25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver