Məhkəmə qərarları › İş №2-1(114)-904/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-904/2021

02.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-904/2021 02.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Tovuz Rayon İcra Hakimiyyəti) fərdi yaşayış evinin qeyriyaşayış sahəsi kimi qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 06.04.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 25.09.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan fərdi yaşayış evinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Tovuz rayonu Cəlilli kəndində 0.41 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 262.2 kv.m olan əmlaka dair fərdi yaşayış evi kimi çıxarış əldə etmişdir, hal-hazırda həmin torpaq sahəsi və üzərində olan tikili onun mülkiyyətindədir. İddiaçının müvafiq müraciətinə əsasən Tovuz Rayon İcra Hakimiyyətinin 16.11.2020-ci il tarixli 92 nömrəli sərəncamı ilə həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Bundan sonra iddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədilə bütün sənədləri DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə təqdim etmiş, lakin cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, obyekt 2 mərtəbəlidir, 1-ci mərtəbədə 4 otaq, ikinci mərtəbədə isə 8 otaq var, obyekt ilkin tikilişidə qeyri-yaşayış binası kimi inşa olunub, hələ istifadəyə verilməmişdir. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, əgər keçirilən sahədə yenidənqurma və ya yenidən planlaşdırma və digər işlərin görülməsi tələb edilmirsə tikilinin mülkiyyət hüququna dair sənəd, texniki pasport, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və ya qeyri-yaşayış sahəsin yaşayış sahəsinə keçirilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2009-cu il tarixli, 200 nömrəli qərarı ilə təsdiq edilmiş yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildiriş əsasında həyata keçrilir. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -25.09.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Tovuz rayonu Cəlilli kəndində 0.41 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. -Tovuz Rayon İcra Hakimiyyətinin 16.11.2020-ci il tarixli 92 nömrəli sərəncamının surətindən görünür ki, Tovuz rayonu Cəlilli kəndində yerləşən İddiaçı məxsus 0.41 ha torpaq sahəsində ümumi sahəsi 262.90 kv.m olan iki mərtəbəli fərdi yaşayış evinin qeyriyaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. -Tovuz Rayon İcra Hakimiyyətinin 16.11.2020-ci il tarixli “Yaşayış sahəsinin (qeyriyaşayış sahəsinin) qeyri-yaşayış sahəsinə (yaşayış sahəsinə) keçirilməsi (keçirilməsindən imtina) haqqında” bildirişinin surətindən görünür ki, Tovuz rayonu Cəlilli kəndində yerləşən İddiaçı məxsus 0.41 ha torpaq sahəsində ümumi sahəsi 262.90 kv.m olan iki mərtəbəli fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə qabaqcadan heç bir şərt qoyulmadan keçirilməsi barədə qərar qəbul edilmişdir. -DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin 27.01.2021-ci il tarixli, **********81 nömrəli məktubunun məzmunundan görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Tovuz rayonu Cəlilli kəndində 0.41 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsası kimi qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin tam şəkildə təqdim edilməməsi qeyd olunmuşdur. Məhkəmə cavabdehin imtinası ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikasında mənzil münasibətlərinə dair məsələlər Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:- -2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. -20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. -20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. -21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. -21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: -sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir) -keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti) -keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu) -keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. -21.3-cü maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. -22.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: -bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə; -bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; -yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. 22.2-ci maddəsinə əsasən sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. 22.3-cü maddəsinə əsasən sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 24 may 2010-cu il tarixli 272 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. Yuxarıda istinad olunan qanunvericilik normalarının məzmunundan da göründüyü kimi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanlarının qərarı əsasında həyata keçirilir. Həmçinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı sənədlərin yoxlanılması, eləcə də yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtinaya dair halların müəyyən edilməsi həmin orqanın səlahiyyətlərinə aid edilmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, Tovuz Rayon İcra Hakimiyyətinin 16.11.2020ci il tarixli “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” bildirişinə əsasən Tovuz rayonu Cəlilli kəndində yerləşən İddiaçı məxsus 0.41 ha torpaq sahəsində ümumi sahəsi 262.90 kv.m olan iki mərtəbəli fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə qabaqcadan heç bir şərt qoyulmadan keçirilməsi barədə qərar qəbul edilmişdir və buna müvafiq olaraq Tovuz Rayon İcra Hakimiyyətinin 16.11.2020-ci il tarixli 92 nömrəli sərəncamı ilə həmin fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Deməli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı qərar səlahiyyətli dövlət orqanı tərəfindən artıq qəbul edilmişdir. Həmçinin Tovuz rayonu, Cəlilli kəndində yerləşən iddiaçıya məxsus tikiliyiə yerli baxış zamanı müəyyən edilmişdir ki, tikili 2 mərtəbədən ibarətdir, 1-ci mərtəbədə 3 otaq, 1 mətbəx və 1 ümumi sanitar qovşaq mövcuddur, 2-ci mərtəbədə isə 8 otaq mövcuddur, hər otağa 2 ədəd 1 nəfərlik çarpayı qoyulmuş, həmçinin hər otaqda ayrıca sanitar qovşağı var. İddiaçının deməsinə görə 2-ci mərtəbədən mehmanxana kimi, 1-ci mərtəbədən isə mehmanxanada qalan müştərilər üçün yeməkxana kimi istifadə etmək niyyəti var. Tikili xarici görkəminə və daxili layihə elementlərinə görə qeyri-yaşayış binasına uyğun gəlir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqanın Mənzil Məcəlləsinin 21-ci maddəsinə istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunsuz olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək 25.09.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin qeyriyaşayış sahəsi kimi qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 25.09.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Tovuz rayonu Cəlilli kəndində 0.41 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi qeydə alınması öhdəliyi Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar