Məhkəmə qərarları › İş №2-1(114)-905/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-905/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-905/2021 07.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı cərimənin ləğv edilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Barat MMC-nin təsisçisidir və həmin MMC-ni baş etibarnamə ilə idarə edilməsi üçün vermişdir. Etibarnamədə həmin şəxs tərəfindən konkret görəcəyi iş göstərilsə də, həmin şəxsə göstərdiyi xidmətə görə Azərbaycan Respublikası dövlət orqanları tərəfindən İnzibati protokol tərtib edilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5 və 18.6-cı maddələri ilə baxılması üçün aidiyyatı üzrə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 87-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüququ vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə görə inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ-hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qəbul edildiyi vaxtadək törədilmiş xətalara da şamil edilir. Yuxarıda qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Xidməti tərəfindən MARAT MMC-nin barəsində yazılmış cərimənin ləğv edilməsini cavabdehə həvalə edilməsi barədə qərar çıxarmasını xahiş etmişdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı təsisçisi olduğu məhdud məsuliyyətli cəmiyyətin (iddia ərizəsində bir yerdə Barat MMC, digər yerdə isə Marat MMC olaraq göstərilmişdir) barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola uyğun cərimənin ləğv edilməsini xahiş etmiş və cəmiyyət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun nəticələrini mübahisələndirmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsipləri və qaydaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların dəqiq siyahısı müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, inzibati xətalar ilə əlaqədar münasibətlər repressiv xarakterli olduğundan “İnzibati icraat haqqında” Qanunla tənzimlənən münasibətlərdən fərqlidir. “İnzibati icraat haqqında” Qanunun 3.2.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. “Məhkəmələr və hakimlər haqqında” Qanuna görə inzibati xətalara dair işlərə birinci instansiya qismində baxmaq səlahiyyəti rayon (şəhər) məhkəməsinə verilmişdir. Göründüyü kimi hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında deyil, inzibati xətalara dair işlər üzrə icraatda həyata keçirilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində təsbit edilmişdir ki, işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli 4 №-li Qərarının 15.3-cü bəndində, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 №-li qərarın 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddələrinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 40.0-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan), müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Bundan başqa, məhkəmə qeyd edir ki, ərizədə tələb qeyri-müəyyən olmaqla, iddiaçının tələbinin konkret olaraq nədən ibarət olmasını, hüquqlarının məhz hansı inzibati orqan tərəfindən pozulmasını, qeyd olunan inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunmasını da qeyd etməmiş, cərimə yazıldığını qeyd etdiyi məhdud məsuliyyətli cəmiyyət haqqında məlumatları və lazımi sənədləri də ərizəsinə əlavə etməmişdir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı cərimənin ləğv edilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia mümkün sayılmamalıdır. Sonda məhkəmə onu da qeyd edir ki, hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında hazırki məhkəmə tərəfindən baxılmalı olmadığından iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyək lüzümsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə isə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 16.3, 35 və 80-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı cərimənin ləğv edilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar