Məhkəmə qərarları › İş №2-1(114)-905/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-905/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-905/2025 23.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür.

2. İddiaçıya məxsus xx.xx.1973-cü il tarixli БУ 064525 nömrəli hərbi biletə əsasən İddiaçı, xx.xx.1973-xx.xx.1975-ci illərdə hərbi xidmətdə olmuşdur.

3. İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli A-İ 012165 nömrəli diploma əsasən o, 1972-ci ildə S.Ağamalıoğlu adına Şərəf nişanı ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş və 1979-cu ildə Aqranomluq ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının xx.xx.1979-cu il tarixli qərarı ilə ona Alim aqronom ixtisası verilmişdir.

4. İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 24 nömrəli arxiv arayışına əsasən İddiaçı 1989-1990-cı illərdə İsmayıllı rayon Soltankənd A.Ələsgər kolxozunda işləmişdir.

5. Göygöl rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 294 nömrəli arayışına əsasən İddiaçı 1990-cı ildə 9 ay, 1991-ci ildə 12 ay, 1992-ci ildə 12 ay, 1993-cü ildə 12 ay, 1994-cü ildə 4 ay, 1995-ci ildə 5 ay və 1996-cı ildə 10 ay əmək haqqı almaqla 1990-1996cı illərdə Xanlar rayon “Lenin” (sonradan M.Ə.Rəsulzadə) adına kolxozda işləmişdir.

6. İddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli 3-17-1/2-İ-89794/2024 nömrəli imtina cavabı ilə ona bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, həmçinin 1989-1990-cı və 1990-1996-cı illər üzrə əmək fəaliyyəti zamanı adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla) 8 il 7 ay 20 gün təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib və hazırda ödənişi 220 manat olmaqla davam etdirilir. "Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.1-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, Qaydaların 4.1.2-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1- dən sonrakı dövr üzrə isə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, əmək kitabçasını və ya əmək fəaliyyəti barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarını yaşayış yeri üzrə Fondun Gəncə-Daşkəsən regional fialialına təqdim etməklə təkrar müraciəti əsasında yaşa görə əmək pensiyası hüququna qanunvericiliyə uyğun olaraq yenidən baxılacaqdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. II. Məhkəmədə icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, onun 1971-1988-ci ilər üzrə Ermənistan Respublikasının Vardenis rayonu Qoşa-Bulaq kəndində yerləşən “Qoşa Bulaq” adına kolxozda işlədiyi müddətin əmək stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1954-cü ildə Azərbaycan Respublikasının Tərtər rayonun Borsunlu kəndində anadan olmuşdur. Ermənistan Respublikasının Vardenis rayonun Qoşa-Bulaq kəndində yerləşən orta məktəbin 10-cu sinifini 1971-ci ildə bitirərək, 1971- ci ilin iyun ayının 10-u günündə həmin kəndə yerləşən "Qoşa-Bulaq" adına kolxoza naxırçı vəzifəsinə işə qəbul olunmuşdur. 1972-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakultəsinə qiyabi olaraq qəbul olunmuş, 1979-cu ildə həmin institutu bitirmişdir. 02 may 1973-cü ildə Ermənistan Respublikasının Vardenis rayon Hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmağı ilə əlaqədar kolxozdan işdən azad olunmuşdur. 1975-cı ilin may ayında hərbi xidmətini başa vuraraq, hərbi komissarlıqda qeydə alınmış, 1975-ci ilin iyun adından 1979-cu ilə kimi Qoşa-Bulaq kəndində yerləşən "Qoşa-Bulaq" adına kolxozun fermasında naxırçı vəzifəsində işləmişdir. 1979-cu ilin mart ayından göstərilən kolxoza baş aqronom vəzifəsinə təyin edilmiş, 1988-ci ilin sonuna kimi həmin vəzifədə çalışmışdır. 1988-ci ildə məlum hadisələrdən sonra Azərbaycan Respublikasının İsmayıllı rayonuna köç edərək rayonun Sultan kəndində yerləşən kolxoza çölçülük briqadiri vəzifəsinə təyin edilmişdir. 1990-cı ilin aprel ayından işdən azad olunaraq, keçmiş Xanlar, indiki Göygöl rayonun "Lenin" daha sonra "M.Ə.Rəsulzadə" adına sovxoza briqadir sonra baş aqronom vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə islahatın obyekt və subyektlərinə, islahatı aparan orqanlara, onların səlahiyyətlərinə, sovxozların və digər dövlət təsərrüfatı istehsalı müəssisələrinin əmlakının özəlləşdirilməsinin ümumi qaydalarına, kolxozların əmlaklarının bölüşdürülməsinə, kənd təsərrüfatında müxtəlif növlü müəsisələrin yaradılmasına, islahatın təminatına dair və sair məsələlərlə əlaqədar 1997-cı ildə işdən azad olunaraq fərdi təsərrüfatla məşğul olmuşdur. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiyə Fonduna müraciət edərək əmək pensiya təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 03-17-1/2-i-89794/2024 saylı cavab məktubunda xx.xx.2006-cıil tarixdən xx.xx.2018-ci il tarixədək, əmək kitabçası olmaması və iş stajı sosial sığorta stajına daxil edilmədiyindən sosial sığorta stajının minimum pensiya təyin edilməsi imkan xaricində olması, bunun aradan qaldırılması üçün məhkəməyə müracət olunması məsləhət görülmüşdür.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

10. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.

11. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

12. Cavabdeh tərəfindən məhkəmə iclasında etiraz təqdim olunmuşdur. Etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (bu qərardadın 6-cı bəndi).

13. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz edərək, onun mümkün sayılmamasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

14. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

15. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

16. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

18. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.

19. İddiaçının xx.xx.1954-cü il tarixdə doğulması, xx.xx.2019-cu il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.

20. İddiaçı hazırki tələbində 1971-1988-ci illərdə Ermənistan Respublikasının Vardenis rayonu Qoşa-Bulaq kəndində yerləşən “Qoşa Bulaq” adına kolxozda işlədiyini idia edərək, həmin müddətin sosial sığorta stajına daxil edilməsini xahiş edir.

21. Cavabdeh orqan tərəfindən həmin dövr mübahisələndirilərək, iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Buna əsas kimi isə İddiaçı 1971-1988-ci illərdə işləməsini təsdiq edən sənədin olmaması göstərilmişdir (həm imtina məktubunda, həm yazılı etirazda).

22. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X3) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.

26. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

27. Göründüyü kimi, əmək pensiyalarının təyin olunması sahəsində mövcud olan Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən sosial sığorta stajının müəyyən olunmasında əsas sənəd əmək kitabçası hesab olunur.

28. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

29. Hazırkı iş üzrə iddiaçının 1971-1988-ci illərdə işləməsinə dair əmək kitabçası, əmrlər, əmək haqqı cədvəlləri və arxiv arayışı mövcud deyildir.

30. Qanunvericiliyin tələblərinə əsasən, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir.

31. Bu halda iddiaçı hüquqi marağına uyğun olaraq 1971-1988-ci illərdə kolxozda işləməsi faktının müəyyən edilməsi barədə iddia qaldırmalıdır. Lakin, bu cür iddialara xüsusi icraat qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxıldığından və inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərinə uyğun olmadığından hazırkı tələbə inzibati icraat qaydasında baxıla bilməz.

32. İddiaçının həmin ərizəsi təmin ediləcəyi halda, qətnamənin qüvvəyə minməsi nəticəsində sözügedən illər iddiaçının sosial sığorta stajı kimi qəbul ediləcəkdir və iddiaçı hüquqi marağına bu yolla nail olacaqdır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə görə: Maddə 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır.

34. Beləliklə, hazırkı mübahisənin aidiyyəti mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmələrə aid olduğundan və inzibati prosessual qanunvericilikdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulmadığından iddia mümkün sayılmamalı və iddiaçıya hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir.

35. Məhkəmə onu da qeyd edir ki, məhkəmə tərəfindən iddiaçıya tələbin düzgün qeyd edilməsi barədə hüquqi yardım edilməsinə baxmayaraq, o, tələbini dəqiqləşdirməmişdir.

36. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar