Məhkəmə qərarları › İş №2-1(114)-909/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-909/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-909/2023 07.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması, fərqin ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1955-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla Gəncə şəhəri, Üçbulaq sahəsi, ev 14 ünvanda yaşayır. xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Göygöl Rayon Məhkəməsində sədr vəzifəsində işləmiş və əmək haqqı almışdır. İddiaçı qəyyum kimi xx.xx.2014-cü il tarixdə ailə başçısını itirməyə görə təyin edilmiş 458,26 manat pensiyanı alır. xx.xx.2017-ci il tarixdə isə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - cavabdeh) müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərarı ilə iddiaçının yaşa görə əmək pensiyası yenidən hesablanmışdır. Həmin zaman iddiaçıya 2.801,16 manat pensiya məbləği ödənilirdi. Qərara əsasən vəzifə maaşı – 1.733 manat, 45 faiz qulluq stajına görə əlavə - 779,85 manat, 400 faiz maddi yardım - 418,81 manat, 25 faiz pul təminatı – 433,25 manat olmaqla, cəmi 3.364,91 manat dövlət məvacibinin 79,25 faizi miqdarında - 2.666,69 manat məbləğində pensiya xx.xx.2019-cu il tarixdən müəyyən edilmişdir. Həmin qərarın açıqlamasından görünür ki, iddiaçının ümumi stajı 44 il 09 ay 26 gün, qulluq stajı 24 il 09 ay 29 gün hesablanmış, dövlət məvacibinin hesablandığı dövr xx.xx.2015-xx.xx.2017 əhatə etmişdir. Daha sonra iddiaçının artıq, əksik ödəmə barədə ərizəsinə əsasən cavabdehin xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərarı ilə pensiya məbləği yenidən hesablanaraq xx.xx.2019-cu il tarixdən 3.364,91 manat dövlət məvacibinin 80 faizi miqdarında - 2.691,93 manat məbləğində pensiya təyin edilmişdir. İddiaçı artıq ödənilmiş pul vəsaiti və əmək pensiyasının yenidən hesablanması haqqında ərizə ilə cavabdehə müraciət etmiş, sonuncu müraciətləri xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə qeydiyyata alınmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubla bildirmişdir ki, aparılan araşdırma nəticəsində pensiya məbləğin cari ilin iyul ayından qanunvericiliyə uyğunlaşdırılaraq 2691,93 manat məbləğində müəyyən edilib, həmçinin iddiaçıya xx.xx.2017-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 9695,59 manat artıq pul vəsaitinin ödənildiyi aşkar olunmuşdur. Sözügedən məsələ haqqında iddiaçıya 25 avqust 2022-ci tarixli **********3 nömrəli məktubla ətraflı məlumat verilmişdir. Eyni zamanda, hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixindən iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2485,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1118,25 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 621,25 manat, digər növ əlavələri 600,54 manat olmaqla orta aylıq əmək haqqı 4825,04 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiya "Məhkəmələr və hakimlər haqqında" Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 24 il 9 ay 29 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqınızın (4825,04 manat) 80 faizi-3860,03 manat məbləğində müəyyən edilib, həmçinin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə iddiaçıya ödənilməli olan, ümumilikdə 3504,30 manat fərq məbləği hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya ödənilməli olan 3504,30 manat pul vəsaiti artıq ödənilmiş 9695,58 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan 6191,28 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Məlumat üçün bildirilmişdir ki, cari ilin oktyabr ayından etibarən iddiaçının əmək pensiyası 3860,03 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Bundan başqa, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya "Əmək pensiyasına qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinizin 10 faizi miqdarında maddi yardım ödənilir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən "Əmək pensiyaları haqqında" Qanunun 20-ci maddəsində göstərilən "sonrakı artımlar" müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, "Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanlara əsasən, müraciətinizdə göstərilən vəzifə maaşının bir misli həcmində vəzifə maaşına əlavə əmək pensiyanızın hesablanması zamanı əsas götürülən dövr ərzində sizə ödənilmədiyindən həmin əlavənin əmək pensiyanıza tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı"nın 31-ci abzasına (sonuncu) əsasən "istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya" orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Bu səbəbdən də müraciətinizə əlavə etdiyi iddiaçıya vaxtilə ödənilmiş əmək haqqıya dair cədvəldə göstərilən "kompensasiya" ödənclərinin əmək pensiyasının hesablanması zamanı orta aylıq əmək haqqının müəyyən edilərkən nəzərə alınması mümkün deyil. Buna görə də ərizədə göstərilən dövr əsas götürülməklə pensiya hesablandıqda iddiaçıya ödənilən aylıq pul vəsaitində dəyişiklik olmur. İddiaçı cavadehə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə xx.xx.2011-xx.xx.2015-ci illərdə aldığı əmək haqqı haqqında arayışda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarına cəlb olunan kompensasiyalar da daxil orta aylıq əmək haqqında ibarət gəlirdən pensiyanın hüququ yarandığı xx.xx.2017-ci il tarixdən yenidən hesablanması, yığılmış məbləğin bir dəfəyə hesabına köçürülməsi və qanunsuz tutulmuş 3.504,30 manat məbləğin hesabına qaytarılması vəzifəsinin qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ilin avqust ayından sabiq hakim kimi yaşa görə əmək pensiyası alır. Pensiyaya çıxarkən son 24 ayın əmək haqqı arayışını təqdim etmişdir. İlkin olaraq təqdim olunmuş sənədlərə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial X3 rayon şöbəsində təyinat aparılmış, DSMF-də aparılmış struktur dəyişikliyinə əsasən pensiya işləri mərkəzləşdirilmiş qaydada cavabdehə verilmişdir. xx.xx.2019-cu il tarixdən Hakimlərin əmək haqlarına edilmiş bir aylıq vəzifə maaşı həcmində əlavənin pensiyasının hesablanmasında nəzərə alınması üçün müraciət etmiş və həmin vaxtdan pensiyanın hesablanıb ödənilməsində dalğalanmalar başlamışdır. Pensiyanın artırılması bir tərəfə, orta aylıq əmək haqqında nəzərə alınmış kompensasiyadan məcburi dövlət sosial sığorta haqlarının (əslində esosial alt sistemi vasitəsi ilə fərdi şəxsi hesabına baxmaq imkanları mövcuddur, ancaq nədənsə baxmırlar, orada isə iddiaçıya ödənilmiş vəsaitlərin hamısının məcburi dövlət sosial sığortasına cəlb olunduğu əks olunub) tutulmamasını səbəb gətirərək hesablanmış pensiyası 2022-ci ilin iyul ayından 2801,16 manatdan 2691,93 manata azaldılıb, həmçinin xx.xx.2017-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində, ümumilikdə 9695,58 manat artıq pul vəsaitinin iddiaçıya ödənildiyi bildirilmişdir. Ona görə də, iddiaçı məcbur olaraq Ədliyyə Nazirliyindən xx.xx.2011-xx.xx.2015-ci illərdə aldığı əmək haqqı haqqında arayış alaraq yenidən təqdim etmişdir. Məktuba fərdi şəxsi hesabından çıxarışı da əlavə etmişdir. Hesab edir ki, təqdim etdiyi yeni sənədə əsasən bu hal təkrarlanmaz, pensiyası düzgün hesablanacaqdır. Lakin 3504,30 manat qanunsuz tutma da aparıldı. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu müəyyən edir. Qanunun 20.1ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər. Qanunun 20.7.- maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları"nın 9-cu bəndinə əsasən dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır. Beləliklə, cavabdeh pensiya təyinatı və ödənişində iddiaçının konstitusonal hüquqlarını bilərəkdən pozmuşdur: 1.Pensiyamı qüvvədə olan qanunvericiliyə ("Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 20.7.-ci maddəsi) və qaydalara ("Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları") uyğun hesablamamış; 2.Pensiyadan qanunsuz tutmalar aparmışdır ("Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 39.1.-ci maddəsinin tələblərini pozmudur). İddiaçı hesab edir ki,cavabdeh pensiya hesablanması üçün orta aylıq əmək haqqı müəyyən edilərkən məcburi dövlət sosial sığorta haqları hesablanmayan kompensasiyalarla(o cümlədən işdən çıxarkən istifadə olunmamış məzuniyyət üçün kompensasiya), Hakimlərin maddi və sosial təminatını yaxşılaşdırmaq məqsədi ilə Hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət və iki aylıq əmək haqqı məbləğində verilmiş kompensasiyanı qarışdırır və ya bilərəkdən səhv salır.Çünki birinci halda həmin ödənc işdən çıxarkən istifadə etmədiyi və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunmayan kompensasiyadır. İkinci halda bu Hakimlərin maddi və sosial təminatını yaxşılaşdırmaq məqsədi ilə məzuniyyətə çıxıb çıxmamasından asılı olmayaraq müəyyən olunmuş qaydada və məbləğdə məcburi dövlət sosial sığorta haqlarına cəlb olunmuş hır il üçün verilən ödəncdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə etmiş, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, 3-17-1/2-30925/2023 nömrəli etirazını təqdim etmişdir. Etirazda qeyd olunur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçıya Dövlət Sosial X3 rayon şöbəsi tərəfindən 1 avqust 2017-ci il tarixdən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı sabiq hakim kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, 1 avqust 2017-ci il tarixdə iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1449,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 652,05 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavə 217,35 manat, digər növ əlavə 350,18 manat olmaqla orta aylıq əməkhaqqı 2668,58 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005- ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 24 il 9 ay 29 gün (xx.xx.1992-xx.xx.2000- ci il, xx.xx.2000-xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər) sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (2668,58 manat) 80 faizi-2134,86 manat məbləğində hesablanmalı olduğu halda, 2450,02 manat məbləğində müəyyən edilməklə xx.xx.2017-xx.xx.2018-cu il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 2836,44 manat artıq pul vəsaiti ödənilib. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 may 2018-ci il tarixdən vaxtilə işlədiyi vəzifə üzrə iddiaçının vəzifə maaşı 1596,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 718,20 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavə 239,40 manat, digər növ əlavə 385,70 manat olmaqla iddiaçının orta aylıq əmək haqqı 2939,30 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası "Məhkəmələr və hakimlər haqqında" Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 24 il 9 ay 29 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əməkhaqqının (2939,30 manat) 80 faizi-2351,44 manat məbləğində hesablanmalı olduğu halda, 2581,64 manat məbləğində müəyyən edilməklə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 3683,20 manat artıq pul vəsaiti ödənilib. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixdən iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1733,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 779,85 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 433,25 manat, digər növ əlavə 418,81 manat olmaqla orta aylıq əməkhaqqı 3364,91 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası "Məhkəmələr və hakimlər haqqında" Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 24 il 9 ay 29 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əməkhaqqının (3364,91 manat) 80 faizi-2691,93 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 91525,62 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 94701,56 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 3175,94 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2017xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ümumilikdə 9695,58 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Eyni zamanda bildiririk ki, hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixdən iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2485,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 1118,25 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 621,25 manat, digər növ əlavələr 600,54 manat olmaqla orta aylıq əməkhaqqı 4825,04 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası "Məhkəmələr və hakimlər haqqında" Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 24 il 9 ay 29 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əməkhaqqının (4825,04 manat) 80 faizi-3860,03 manat məbləğində müəyyən edilib, həmçinin xx.xx.2022- xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə iddiaçıya ödənilməli olan ümumilikdə 3504,30 manat fərq məbləği hesablanıb. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya ödənilməli olan 3504,30 manat pul vəsaiti artıq ödənilmiş 9695,58 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Qalan 6191,28 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə iddiaçının əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə təqdim etməsi barədə məktub ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, 2022-ci ilin oktyabr ayından etibarən iddiaçının əmək pensiyası 3860,03 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Bundan başqa, 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla iddiaçıya "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilir. Əlavə olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən "Əmək pensiyaları haqqında" Qanunun 20-ci maddəsində göstərilən "sonrakı artımlar" müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, "Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanlara əsasən, iddiaçının vəzifə maaşının bir misli həcmində vəzifə maaşına əlavə əmək pensiyasının hesablanması zamanı əsas götürülən dövr ərzində iddiaçıya ödənilmədiyindən həmin əlavənin əmək pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı"nın 31-ci abzasına (sonuncu) əsasən "istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya" orta əməkhaqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Bu səbəbdən də iddiaçıya vaxtilə ödənilmiş əmək haqqıya dair cədvəldə göstərilən "kompensasiya" ödənclərinin əmək pensiyasının hesablanması zamanı orta aylıq əməkhaqqı müəyyən edilərkən nəzərə alınması mümkün deyil. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarına iddiaçının pensiya işi materialları, cavabdehin etirazı əlavə edilmiş və həmin sənədlərə istinad edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra pensiya xx.xx.2022ci il tarixdə pensiya məbləği yenidən hesablanmış və 2801,16 manat məbləğində aldığı pensiya məbləği 2.666,69 manat, xx.xx.2022-ci il tarixli qərarı ilə isə 2.691,93 manat müəyyən edilmişdir. Cavabdeh iddiaçıya pensiya təyinatı zamanı pensiya məbləği vəzifə maaşı, 45 faiz qulluq stajına görə əlavə, maddi yardım, 25 faiz pul təminatı əsasında hesablanmışdır. Hazırda iddiaçı cavabdehin hesablaması ilə razılaşmayaraq məhkəmədən tələb edir: 1) xx.xx.2011-xx.xx.2015-ci illərdə məcburi dövlət sosial sığorta haqlarına cəlb olunan gəliri nəzərə alınmaqla pensiyanın xx.xx.2017-ci il tarixdən yenidən hesablanması, 2) yığılmış məbləğin bir dəfəyə hesabına köçürülməsi, 3) qanunsuz tutulmuş 3.504,30 manat məbləğin hesabına qaytarılması. Tələbin ilk hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-cü maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Bu Qanunun 20.7-ci maddəsinə görə, həmin qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: Qanunun 20.7.2-ci maddəsinə görə, 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Həmin Qərarda qeyd edilmişdir ki, “...şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.” İddia tələbində qeyd edilən əmək haqqı arayışındakı vəzifə maaşına əlavə və hakim məzuniyyətə çıxarkən ona ödənilən məzuniyyət haqqı yalnız o vaxt əmək pensiyasına əlavə ödəniş kimi hesablana bilər ki, iddiaçı hakim kimi işlədiyi dövrdə vəzifə maaşına əlavəni və məzuniyyət haqqını almış olsun. İşdəki xx.xx.2022-ci il tarixli, 8/967 nömrəli (Maliyyə və təminat idarəsinin rəis müavini – baş mühasib Cümşüd Cəfərov tərəfindən imzalanmış) arayışın surətindən görünür ki, iddiaçıya xx.xx.2011-xx.xx.2015-ci il tarixlərdə Göygöl Rayon Məhkəməsində sədr vəzifəsində işləyərkən 2011-ci ilin noyabr, 2012-ci ilin iyul ayı, 2013-cü ilin iyun ayı üzrə 3.105,90 manat, 2014-ci ilin iyul ayı, 2015-ci ilin avqust ayı üzrə 4.202,10 manat müalicə üçün pul, 2011-ci ilin dekabr ayı üzrə 2.329,50 manat, 2015-ci ilin avqust ayı üzrə 2.101,20 manat məzuniyyət üçün ödəniş, 2011-ci ilin dekabr ayı üzrə 1.847,50 manat, 2012-2013-cü illərin dekabr ayı üzrə 3.105,60 manat, 2014-cü ilin dekabr ayı üzrə 4.202,10 manat, 2015-ci ilin dekabr ayı üzrə 2.101 manat kompensasiya ödənişi edilmiş, həmin müavinət və ödənişlərdən 3% miqdarında məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Qeyd edilənlərə əsasən, iddiaçının yuxarıda ödənilən əlavələrə görə pensiyanın yenidən hesablanmasını tələb etməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyə zidd deyildir. Başqa sözlə, iddiaçı 2011-2015-ci illərdə sözügedən əlavələri aldığından və onlardan müvafiq qaydada məcburi dövlət sosial sığorta haqqı tutulmaları həyata keçirildiyindən həmin məbləğlər onun pensiyasının hesbalanmasında nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli 3/2020 nömrəli Qərardadı ilə qərara alınmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Hazırkı iş üzrə iddiaçı xx.xx.2019-cu il tarixdən sonra yenidən hesablama ilə bağlı cavabdeh orqana müraciət etdiyini bildirsə də, bu hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarında isə iddiaçının xx.xx.2021-ci il tarixli müraciəti mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq pensiyanın yenidən hesablanması müraciət edilən tarixdən yalnız əvvəlki 3 il üçün hesablana bilər. Digər tərəfdən, iddiaçı yenidən hesablanmış məbləğin birdəfəyə ödənilməsini xahiş etsə də, əmək pensiyaları haqqında qanunvericilikdə belə bir norma nəzərdə tutulmadığından, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Tələbin sonuncu hissəsi ilə məhkəmə qeyd edir ki, həmin mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olubolmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır. Hazırki mübahisə üzrə də cavabdeh inzibati orqanın iddiaçının razılığını almamaqla yanaşı artıq ödənilmiş məbləğin tutulması barədə qərar - inzibati akt belə qəbul etməmişdir. Başqa sözlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq cavabdeh inzibati orqan öz təşəbbüsü ilə araşdırma apararaq “əmək pensiyasının məbləğinin düzgün hesablanmaması, artıq ödəmələr” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, onun razılığını almadan, ayrıca inzibati akt qəbul etməmiş, bu barədə faktiki hərəkətlər – iddiaçıya təyin edilmiş əmək pensiyasından hər ay birbaşa tutulmalar haqda iddiaçını məlumatlandırmamış, yalnız iddiaçının (pensiyasının düzgün hesablanmaması barədə) müraciətlərindən sonra məlumat verməklə kifayətlənmiş, bununla da pensiya təyinatı üzrə artıq ödənişin dövlət büdcəsinə tutulması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın “artıq ödənilmiş 3.504,30 manat pul vəsaitinin əmək pensiyasından tutulması” barədə faktiki xarakterli hərəkətləri qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Buna görə də, iddia həmin hissədə də əsaslıdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, qismən təmin edilərək cavabdeh orqanın qeyd edilən normalara əsasən pensiyanın yenidən hesablanmaması nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, məhkəmənin mövqeyi nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən iddiaçının pensiyasının yenidən hesablanması və qanunsuz tutulmuş 3.504,30 manat məbləğin iddiaçıya qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. İddiaçın xx.xx.2011-xx.xx.2015-ci illərdə aldığı əmək haqqı haqqında arayışda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarına cəlb olunan kompensasiyalar da daxil olan orta aylıq əmək haqqında ibarət gəlirləri nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən yenidən hesablanması və qanunsuz tutulmuş 3.504,30 manat məbləğin hesabına qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar