Məhkəmə qərarları › İş №2-1(114)-91/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-91/2020

07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-91/2020 07.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinə qarşı səhhətinə vurulmuş mənəvi ziyanla bağlı 6000 (altı min) manat və maddi ziyanla bağlı 2700 (iki min yeddi yüz) manat məbləğində maddi zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır və həkim komissiyasının müayinəsindən keçmişdir. Onun müayinələrdən keçərkən anadangəlmə sol böyrəyinin olmaması aşkar edilmiş, lakin yenə də həqiqi hərbi xidmətə yararlı olmağı qeyd edilməklə hərbi xidmətə getməyi barədə əmr verilmişdir. O, hərbi xidmətdə olarkən, yəni xx.xx.2012-ci il tarixdə xəstəliyi ilə əlaqədar ağrıları olduğundan hospitala müraciət etmiş və xx.xx.2012-xx.xx.2012-ci il tarixədək intensiv terapiya, xx.xx.2012-xx.xx.2012-ci il tarixədək isə SQ BKH-na pulmonologiya bölməsində müalicə olunmuşdur. Bundan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx xxxxx 2012-ci il tarixli, 998 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Cavabdeh tərəfindən həqiqi hərbi xidmətə çağırıldıqdan sonra müayinələrdən keçərkən anadangəlmə sol böyrəyinin olmaması aşkar edildiyi halda o hərbi xidmətə yararlı kimi göstərilmiş və səhətti buna yol vermədiyi halda 6 (altı) ay müddətində hərbi xidmət çəkmişdir. Bundan da açıq-aşkar görünür ki, o, cavabdeh təşkilatın qanunu pozan işçilərinin günahı ucbatından əziyyət çəkmişdir. Bu isə onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki o, ağır əzab və istirab içərisində 6 (altı) ay müddətində hərbi xidmətdə olmuşdur. O, hərbi xidmətə getməmişdən əvvəl fəhləliklə məşğul olurdu və gündəlik 10-15 manat gəliri olurdu. Bu isə ay ərzində 300-450 manat deməkdir. Ona görə də hesab edir ki, həmin müddət ərzində işləmiş olsaydı qazanacağı 2700 (iki min yeddi yüz) manat məbləğində maddi və hərbi xidmətə yararlı olmadığı halda 6 (altı) ay müddətində hərbi xidmət çəkdiyi üçün mənəvi zərər olaraq 6000 (altı) min manat Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən ona ödənilməlidir. İddiaçı məhkəmə iclaslarında izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində cavabdeh orqan tərəfindən onun xəstəliyinin müəyyən edilməsini bildirsə də, xəstə olması, yəni anadangəlmə sol böyrəyinin olmaması barədə müayinədən keçən zaman hərbi-həkim komissiyasına məlumat verməmiş, məqsədinin hərbi xidmətə yararlı olmaqla hərbi xidmət keçmək olmuşdur. İstər ilkin şəhadətləndirilmə zamanı, istərsə də hərbi hissədə təkrar yoxlanılarkən xəstəliyi barədə heç bir məlumat verməmişdir. İlkin şəhadətləndirilmə zamanı yoxlanılmış və hərbi-həkim komissiyasından keçirilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamədə çağırışçıların ultrasəs müayinəsindən (USM) keçməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının 1 böyrəyinin olması faktı Gəncə şəhər Kəpəz rayon Hərbi Komissarlığı tərəfindən müəyyən edilə bilməmiş, adı çəkilən əsasnaməyə uyğun olaraq bütün sorğular verilmiş və müayinələr aparılmışdır. Lakin şəxs tərəfindən hər hansı məlumat verilmədiyindən onun xəstəliyinin müəyyən edilməsi mümkün olmamışdır. Bununla yanaşı saxlama müddəti 3 il olduğundan və həmin müddət bitdiyindən iddiaçının şəxsi işi məhv edilmişdir. Cavabdehə və üçüncü şəxsə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, cavabdeh və üçüncü şəxs onlara təqdim olunmuş bildirişdə nümayəndələrinin məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdur (Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsi). Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddiadır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.7 maddəsi). Belə ki, İddiaçı hərbi xidmətə yararlı olmadığının cavabdeh inzibati orqan tərəfindən müəyyən edilməsinə baxmayaraq yararlı hesab edilərək hərbi xidmət keçdiyini və bunun nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə cavabdeh orqana müraciət etmiş, orqan tələbin təmin edilməsindən imtina etdiyindən iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir Belə ki, iş materiallarında olan: - xx xxxxxxxx 2009-cu il tarixli arayışın surətindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı xx.xx.2009-cu il tarixdə tibbi komissiyadan keçmiş, hərbi xidmətə yararlı olduğu müəyyən edilmiş və Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz rayon çağırış məntəqəsinə təhkim olunmuşdur. - xx xxxxxxx 2011-ci il tarixli, AO ******* nömrəli hərbi biletin və xx xxxxxxx 2012-ci il tarixli, 12976440 nömrəli xidmət-uçot kartoçkasının surətlərindən görünür ki, İddiaçı hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və xx xxxxxxx 2011-ci il tarixdə hərbi hissəyə göndərilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx xxxxx 2012-ci il tarixli, 998 nömrəli xəstəlik haqında şəhadətnaməsi, “Xəstəliklər cədvəlinin 80 b maddəsinin İİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olduğu üçün “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxıldığı üçün xx xxxxx 2012-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan, pul təminatından isə xx xxxxx 2012-ci il tarixdən çıxarılmış və hərbi uçota durmaq üçün SHXÇDX-nin Kəpəz RŞ-nə göndərilmişdir. - xx xxxxx 2012-ci il tarixli, 998 nömrəli “Xəstəlik haqqında” şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı anadangəlmə inkişaf qüsuru: sol böyrəyin ageneziyası, vahid sağ böyrəyin ifrazat funksiyasının pozulmaması ilə, paravüzial kista (ümumi xəstəlikdir), sol ağ ciyərin aşağı payının krupoz pnevmoniyasından sonrakı vəziyyət (xəstəlikdir. Hərbi xidmət dövründə alınmışdır) kimi şəhadətləndirilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1564 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamədə çağırışçıların ultra-səs müayinəsindən (USM) keçməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının 1 böyrəyinin olması faktı Gəncə şəhər Kəpəz rayon Hərbi Komissarlığı tərəfindən müəyyən edilə bilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx xxxxxx 2020-ci il tarixli, 686 nömrəli məktubundan görünür ki, hərbi qulluqçu hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra onun tibbi şəhadətləndirilmə kartı (3 nömrəli qoşma) və tibbi kitabçası N (üç) il ərzində hərbi hissənin tibb məntəqəsində saxlanıldıqdan sonra müəyyən olunmuş qaydada məhv edildiyindən faktla bağlı hərbi hissədən tələb olunan sənədin göndərilməsi mümkün deyildir. - Gəncə şəhər Səhiyyə İdarəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, akademik Z.Məmmədov adına Gəncə şəhər X5 Xəstəxanasının rəhbərliyinin bildirdiyinə görə xx.xx.1993-cü il təvəllüdlü İddiaçı adlı iddiaçı xəstəxanaya ambulator və stasionar müraciət etməmişdir. - Gəncə şəhər X4 Səhhət adına 1 nömrəli şəhər Xəstəxanasının xx xxxxxx 2020-ci il tarixli, 129 nömrəli məktubundan görünür ki, A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının rəhbərliyinin bildirdiyinə görə, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı hər hansı bir xəstəliklə xəstəxanaya müraciət etməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx xxxxxx 2020-ci il tarixli, 686 nömrəli məktubundan görünür ki, hərbi qulluqçu hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra onun tibbi şəhadətləndirilmə kartı (3 nömrəli qoşma) və tibbi kitabçası N (üç) il ərzində hərbi hissənin tibb məntəqəsində saxlanıldıqdan sonra müəyyən olunmuş qaydada məhv edildiyindən faktla bağlı hərbi hissədən tələb olunan sənədin göndərilməsi mümkün deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və «Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-Həkim ekspertizasının keçirilməsi qaydaları haqqında» Təlimatın və «Hərbi –həkim ekspertizası haqqında» əsasnamənin müddəalarına uyğun olaraq həkim komissiyasının müayinəsindən keçmişdir. O, müayinələrdən keçərkən anadangəlmə sol böyrəyinin olmaması barədə hər hansı məlumat verməmiş, hərbi xidmətə yararlı olması üçün bunu inzibati orqandan gizlətmiş (məhkəmədə verdiyi izahatında qeyd etmişdir), müayinələr nəticəsində isə onun xəstəliyi aşkar olunmamış və hərbi xidmətə yararlı hesab edilmişdir. İddiaçı hərbi xidmətdə olarkən, yəni xx.xx.2012-ci il tarixdə xəstəliyi ilə əlaqədar ağrıları olduğundan hospitala müraciət etmiş və xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək intensiv terapiya, xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək isə SQ BKH-na pulmonologiya bölməsində müalicə olunmuşdur. Bundan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx xxxxx 2012-ci il tarixli, 998 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. İddiaçı ərizəsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırıldığını və həkim komissiyasının müayinəsindən keçərkən anadangəlmə sol böyrəyinin olmaması faktının aşkar edildiyini, lakin yenə də həqiqi hərbi xidmətə yararlı hesab edildiyini qeyd etmiş, inzibati orqanın hərəkəti nəticəsində vurulmuş maddi və mənəvi ziyan ödənilməsini tələb etmişdir. İşin mübahisəsiz halı iddiaçının anadangəlmə böyrək xəstəsi olması və bunun «Hərbi–həkim ekspertizası haqqında» əsasnaməyə uyğun olaraq şəxsin həqiqi hərbi xidmətə sülh dövründə yararsız, müharibə dövründə məhdud yaralı hesab edilməsinə əsas olmasıdır. Mübahisəli hal iddiaçının iddia etdiyi kimi inzibati orqanın həmin halı aşkar etməsinə baxmayaraq onu şəhadətləndirərək hərbi xidmətə yaralı olması barədə qərar qəbul etməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli, 59 № qərarı ilə təsdiqlənmiş «Hərbi–həkim ekspertizası haqqında» əsasnamənin; 1.2. bəndinə əsasən hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azər-baycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublika-sının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmə-lərdə, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası-nın Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Döv-lət Mühafizə Xidməti, gömrük və feldyeger rabitəsi orqanlarında Azərbaycan Respublikası vətəndaşlarının sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmalann, travmaların, kontuziyaların), xəs-təliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçmək-lə səbəb əlaqəsini (bundan sonra xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.3. bəndinə əsasən hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra - şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdan-kənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. Bəzi hallarda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə ra-zılaşdırılmaqla, hərbi xidmətə könüllü (kontrakt üzrə) daxil olmuş, ça-ğırış üzrə hərbi xidmət keçən (bundan sonra - hərbi qulluqçular) və or-qanlarda xidmət keçən vətəndaşların tibbi müayinəsinin və müalicəsi-nin aparıldığı dövlət səhiyyə sistemi müəssisələrində də hərbi-həkim komissiyaları yaradıla bilər. 1.5. bəndinə əsasən tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbiuçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmə-tə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Bu əsasnamədə nəzərdə tutulmuş hallardan başqa, qiyabi (sənədlər üzrə) şəhadətləndirilmə qadağandır. 2.1. bəndinə əsasən ilkin hərbi uçota götürülərkən vətəndaşların şəhadətləndirilməsinin təşkil edilməsi vətəndaşların hərbi uçota götürlməsi üzrə rayon, şəhər (rayon bölgüsü olmayan) komissiyasına, hərbi xidmətə çağırılarkən isə rayon, şəhər (rayon bölgüsü olmayan) çağırış komissiyasına həvalə olunur. 2.2. bəndinə əsasən ilkin hərbi uçota götürülərkən şəhadətləndirilməyə qədər vətəndaşlara hər il tibbi baxışlar, müayinələr (müşahidələr), habelə müalicə-sağlamlıq tədbirləri keçirilir və proflaktik peyvəndlər edilir. «Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-Həkim ekspertizasının keçirilməsi qaydaları haqqında» Təlimatın;

54. bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində vətəndaşların şəhadətləndirilməsi aşağıdakıların - hərbi xidmətə (hərbi toplanışa keçməyə) yararlılıq kateqoriyasının, silahlı Qüvvələrin növündə, qoşun növündə xidmətə, hərbi-uçot ixtisası üzrə təhsilə (xidmətə) yararlılığın - təyin edilməsi məqsədilə aparılır.

61. bəndinə əsasən hərbi komissarlıqlar vətəndaşları ilkin hərbi uçota götürənədək və hərbi xidmətə çağıranadək aşağıdakıları tələb edir: - təşkilati-hüquqi formasından asılı olmayaraq tibb müəssisələrin-dən - psixi pozuntulara, narkomaniyaya, alkoqolizmə, toksikomaniya- ya, narkotik və psixotrop maddələrdən sui-istifadəyə, insanın immun çatışmazlığı virusu (bundan sonra İİÇV) ilə yoluxmaya görə uçotda (nəzarətdə) olub-olmaması haqqında məlumatları, diaqnozu və uçota götürülmə tarixi göstərilməklə digər xəstəliklərə görə dispanser nəza-rətində olubolmaması haqqında məlumatları; ambulator xəstələrin tibbi kartlarını və vətəndaşların sağlamlıq vəziyyətini səciyyələndirən digər tibbi sənədləri (stasionar xəstələrin tibbi kartlarından çıxarışları, rentgenoqramları, xüsusi müayinə metodlarının protokollarını və s.); - əhalinin sosial müdafiəsi orqanlarından - əlil hesab edilmiş şəxslər haqqında məlumatları; - daxili işlər orqanlarından - hüquq pozuntularına, dilənçiliyə, narkotik vasitələrdən, psixotrop maddələrdən, alkoqoldan və tibbi preparatlardan qeyri-tibbi məqsədlərlə istifadəyə görə uçotda olub-olmaması haqqında məlumatları.

62. bəndinə əsasən ilkin hərbi uçota götürülən və hərbi xidmətə çağırılan vətəndaşlara şəhadətləndirilmədən əvvəl, bir aydan tez olmayaraq aşağıdakı müayinələr aparılır: -döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi; -qanın ümumi analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin təyini); -sidiyin üzmumi analizi (xüsusi çəkisi, zülal); Şəhadətləndirilmə günündə isə bədən çəkisi və boyu ölçülür. Hərbi xidmətə çağırılanlara isə bundan əlavə, elektrokardioqrafiya (bundan sonra- EKQ) müayinəsi keçirilir, zərurət olduqda planlı profilaktiki peyvəndlər aparılır. Flüoroqrafıya, laborator və EKQ müayinələrinin nəticələri, bədən çəkisi və boy haqqında, habelə profilaktiki peyvəndlər, dərman və digər maddələrə allergiya (yüksək həssaslıq) haqqında məlumatlar, hərbi xidmətə çağırılmalı olan vətəndaşın qeydiyyat kartına (bundan sonra-qeydiyyat kartına) və hərbi xidmətə çağırılan vətəndaşın tibbi şəhadətləndirilmə kartına (bu Təlimata 3 nömrəli qoşma) yazılır. Flüoroqramlar, şəhadətləndirilənin şəxsi işində şəxsi işin saxlanma müddəti bitənədək saxlanılır, bundan sonra müvafiq tibb müəssisəsinə qaytarılır. Göründüyü kimi, ilkin hərbi uçota götürülərkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şahadətləndirilməsi «Hərbi–həkim ekspertizası haqqında» əsasnamədə nəzərdə tutulan müddəalara uyğun həyata keçirilir və «Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-Həkim ekspertizasının keçirilməsi qaydaları haqqında» Təlimatda qeyd olunan qaydada aparılır. Adıçəkilən təlimatda ilkin hərbi uçota götürülən və hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsindən əvvəl barəsində təşkilati-hüquqi formasından asılı olmayaraq tibb müəssisələrin-dən, əhalinin sosial müdafiəsi orqanlarından və daxili işlər orqanlarından məlumatların toplanması və bir aydan tez olmayaraq döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi, qanın ümumi analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin təyini) və sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal) müayinəsinin aparılması, həmin müayinələr üzrə qeydlərin hərbi xidmətə çağırılan vətəndaşın tibbi şəhadətləndirilmə kartına yazılması müəyyən edilmiş, hərbi xidmətə çağırılan şəxsin ilkin şəhadətləndirilməsi zamanı yuxarıda qeyd olunan müayinələrin siyahısında qarın boşluğu orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi nəzərdə tutulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx xxxxxx 2020-ci il tarixli, 686 nömrəli məktubundan görünür ki, hərbi qulluqçu hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra onun tibbi şəhadətləndirilmə kartı (3 nömrəli qoşma) və tibbi kitabçası N (üç) il ərzində hərbi hissənin tibb məntəqəsində saxlanıldıqdan sonra müəyyən olunmuş qaydada məhv edildiyindən faktla bağlı hərbi hissədən tələb olunan sənədin göndərilməsi mümkün deyildir. Gəncə şəhər Səhiyyə İdarəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, akademik Z.Məmmədov adına Gəncə şəhər X5 Xəstəxanasının rəhbərliyinin bildirdiyinə görə xx.xx.1993-cü il təvəllüdlü İddiaçı adlı iddiaçı xəstəxanaya ambulator və stasionar müraciət etməmişdir. Gəncə şəhər X4 Səhhət adına 1 nömrəli şəhər Xəstəxanasının xx xxxxxx 2020-ci il tarixli, 129 nömrəli məktubundan görünür ki, A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının rəhbərliyinin bildirdiyinə görə, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı hər hansı bir xəstəliklə xəstəxanaya müraciət etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1. maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 14.3. maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2 maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsi). Tələbin iddiaçıya mənəvi zərər vurulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddiaçı ona kompensasiya verilməməsi nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi və bu sarsıntı və iztirabların nədə ifadə olunmasını sübut edən hər hansı dəlil və sübut təqdim etməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 nömrəli qərarında Plenum məhkəmələrə izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və X2 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Beləliklə inzibati orqan tərəfindən idiaçının ilkin şəhadətləndirilməsi zamanı hər hansı hərəkətsizliyi məhkəməyə tərəfindən müəyyən edilməmiş, əksinə məhkəmə iclasında verdiyi izahatında iddiaçı ilkin şəhadətləndirilmə zamanı bütün müayinələrdən keçirildiyini, xəstəliyi ilə bağlı heç bir tibb müəssisəindən qeydiyyatda olmadığını, istər hərbi-həkim komissiyasında, istərsə də hərbi hissədə müayinə olunan zaman xəstəliyi barədə bilərəkdən məlumat vermədiyini bildirmişdir. Odur ki, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7. maddəsinin tələblərinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.

N ə t i c ə v i h i s s ə:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar